525.Az

Münxendə Prezident İlham Əliyev Paşinyana tarix və hüquq dərsi keçdi


 

ERMƏNİ BAŞ NAZİR TARİXİ HƏQİQƏTLƏR VƏ BEYNƏLXALQ HÜQUQUN TƏLƏBLƏRİ QARŞISINDA NECƏ ÇIXILMAZ VƏZİYYƏTƏ DÜŞDÜ?

Münxendə Prezident İlham Əliyev Paşinyana tarix və hüquq dərsi keçdi<b style="color:red"></b>

Fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən panel müzakirələr böyük maraqla qarşılandı və hələ də geniş şərh olunmaqdadır.
 
Həm Azərbaycanda, həm Ermənistanda, eləcə də digər ölkələrdə ekspertlər mövzunu analiz edərkən, yekdil olaraq bu tezisi irəli sürürlər ki, Azərbaycan Prezidenti müzakirələrdə tutarlı arqumentlər səsləndirdi, beynəlxalq ictimaiyyətə bir daha Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri çatdırdı. Paşinyan isə özünün yanlış, rabitəsiz nitqi, tarixi faktları qarışdırması ilə pat vəziyyətinə düşdü.

Prezident İlham Əliyev münaqişənin yaranma tarixinə nəzərə salaraq bəyan edib ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. O, bunun tarixi həqiqət olmaqla yanaşı, beynəlxalq hüququn normalarına əsaslandığını dilə gətirib. Qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır. Prezident İlham Əliyev bildirib ki, BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Bu qətnamələrin tələbləri hələ də yerinə yetirilməyib. Prezident qətiyyətlə bəyan edib ki, sülh danışıqları nəticəsində əldə ediləcək istənilən həll yolu Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün saxlanılmasını təmin etməlidir.

Prezident İlham Əliyev Paşinyana əsl tarix dərsi keçdi. Müzakirələrdən aydın göründü ki, Dağlıq Qarabağın tarixi, müxtəlif dövrlərdə bu ərazilərin mənsubluğu ilə bağlı tarixi həqiqətlər Ermənistan üçün çox ağır mövzudur. Prezident İlham Əliyevin istər Dağlıq Qarabağın Azərbaycana məxsus olması ilə bağlı söylədiyi tarixi həqiqətlər qarşısında Paşinyanın eramızdan əvvəlki dövrə mücərrəd və dolayı ekskursu auditoriyanı çaşdırmaq cəhdindən başqa bir şey deyildi. Əgər Paşinyan həqiqətən də Dağlıq Qarabağın ermənilərə məxsus olduğunu təsbit edən hər hansı bir fakta, sənədə malik olsaydı, mütləq şəkildə bunu açıqlayardı. Bilavasitə göründü ki, Paşinyan Prezident İlham Əliyev tərəfindən səsləndirilən tarixi həqiqətlər və təqdim etdiyi faktlar qarşısında aciz durumda qaldı.

Prezident İlham Əliyevin təqdim etdiyi hüquqi bazaya qarşı Paşinyan İosif Stalinin "qərarı"ndan başqa heç bir dəlil-sübut səsləndirə bilmədi. Prezident İlham Əliyevin Dağlıq Qarabağın Azərbaycana məxsus olması və münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna biləcəyinə dair təqdim etdiyi hüquqi bazanın qarşısında Paşinyan tutarlı heç bir arqument nümayiş etdirə bilmədi. Prezident İlham Əliyev XlX əsrin əvvəlindən başlayaraq 200 il ərzində imzalanmış çoxsaylı saziş və müqavilələrdən danışdığı halda, Paşinyan bir dənə də olsun hüquqi cəhətdən əsaslandırılmış fakt ortaya qoymadı. Prezident İlham Əliyev həm də Dağlıq Qarabağın hüquqi cəhətdən Azərbaycana məxsus olmasını bütün dünyaya bir daha nümayiş etdirdi.

Prezident İlham Əliyev BMT başda olmaqla dünyanın aparıcı beynəlxalq təşkilatlarının qəbul etdiyi qərar və qətnamələrdən danışdı və faktlar əsasında göstərdi ki, beynəlxalq birlik işğal faktını pisləyir, Azərbaycanın ərazi bütövlüyünü və ədalətli mövqeyini dəstəkləyir. Paşinyan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin mahiyyətini təhrif etməkdən başqa çıxış yolu tapmadı.

Dövlət başçısı müzakirələrdə 10 ölkə tərəfindən rəsmən tanınmış Xocalı soyqırımı həqiqətləri barədə danışdı və bir daha bütün dünyaya ermənilərin azərbaycanlılara qarşı qəddarlığını, işğal olunmuş ərazilərdə bütün maddi sərvətlərin talan edildiyini, Azərbaycan xalqına məxsus milli-mədəni irsin məhv olunduğunu göstərdi. Paşinyanın bütün bu faktları və tutarlı arqumentləri Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibovun "Arqumentı i faktı" qəzetindəki müsahibəsi ilə təkzib etmək cəhdi çox uğursuz addım oldu. Ayaz Mütəllibov özü də açıqlamasında belə bir fikir işlətmədiyini dedi.

Paşinyan isə özü-özünü təkzib etdi. Bir tərəfdən Dağlıq Qarabağın münaqişə tərəfi olduğunu, özünün silahlı qüvvələrə malik olduğunu deyən Ermənistanın baş naziri, digər tərəfdən də öz oğlu da daxil olmaqla, Ermənistan vətəndaşlarının Dağlıq Qarabağda hərbi xidmət keçdiyini etiraf etdi.

Ermənistan Müdafiə Nazirliyi Azərbaycan əsgərinin ölümünü inkar etdiyi halda, Paşinyan bunu etiraf etməsi açıq şəkildə onu göstərir ki, Ermənistan münaqişənin həllində maraqlı deyil.

Paşinyanın "mikroinqilabları" isə heç kimi maraqlandırmadı. Ermənistanın baş naziri bir neçə dəfə münaqişənin həllində guya müəllifi olduğu "mikroinqilablar" barədə danışmaq istəsə də, ona müvafiq sual verilmədi. Sonda baş nazir özü niyə bu barədə sual olmadığını soruşmağa məcbur qaldı. Bu faktın özü bir daha təsdiq edir ki, dünya birliyi Ermənistan rəhbərliyinin rasional addımlardan uzaq olduğunu və "mikroinqilablar" tipli mücərrəd məsələlərlə baş aldatdığını bilir və buna görə də belə iddialara diqqət göstərmir.

Fevralın 15-də keçirilmiş müzakirələr göstərdi ki, Prezident İlham Əliyev Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu həm tarixi, həm beynəlxalq hüquq, həm də beynəlxalq birliyin mövqeyi kontekstində dünya ictimaiyyətinə çatdırdı. Ermənistanın baş naziri bu reallığa qarşı heç bir əks-arqument ortaya qoya bilmədi.

Mövzu ilə bağlı danışan politoloq Fikrət Sadıqov deyib ki, Münxen Təhlükəsizlik Konfransında Ermənistanın baş naziri Nikol Paşinyan tələyə düşdüyünü açıq-aşkar nümayiş etdirdi. O bildirib ki, bu debatda Paşinyanın necə çarəsiz qaldığı özünü büruzə verirdi: "Paşinyan bu debatda sadəcə çabalayırdı. Onun tutarlı və sübutedici arqumentlərə qarşı cavab verməsi mümkün deyildi. Prezident İlham Əliyev əsaslı faktlar və rəqəmlər ortaya qoydu. Dağlıq Qarabağ regionu, Azərbaycanın işğal olunmuş 7 rayonu ilə bağlı, oradakı Ermənistanın hərbi birləşmələri ilə bağlı və s. Bu, özü-özlüyündə o demək idi ki, faktiki olaraq Paşinyan tamamilə məğlubiyyətə uğramışdı".

Fikrət Sadıqov əlavə edib ki, hazırda Ermənistan cəmiyyətində Paşinyana qarşı çox xoşagəlməz ifadələr səslənir: "Mədəniyyət xadimləri, jurnalistlər, siyasətçilər, müxalifətçi partiyalardan olan nümayəndələr Paşinyanın ünvanına xoşagəlməz fikirlər səsləndirirlər. Çünki Paşinyan faktiki olaraq Ermənistanı biabır elədi. O, ölkəni rüsvayçı vəziyyətə saldı. Bu, özü-özlüyündə Paşinyanın ölkədəki reytinqini daha da aşağı saldı. Axır vaxtlar onsuz da onun reytinqi elə də yüksək deyildi. Lakin onun Münxendəki debatda çıxışı ölkəsinə siyasi cəhətdən zərbə idi. O, bu vəziyyətdən uzun müddət çıxa bilməyəcək. Artıq Ermənistanda ona qarşı narazılıqlar baş qaldırmaqdadır".

Milli Məclisin deputatı Asim Mollazadə deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Dağlıq Qarabağla bağlı keçirilən müzakirələrdə çıxışı ilə bütün həqiqətləri dünyaya çatdırdı. Onun qarşısında aciz qalan Ermənistanın baş naziri Nikol Paşinyan işğal faktını etiraf etdi. O bildirib ki, Münxendəki müzakirələrlə bütün dünya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri bir daha görməklə yanaşı, erməni mifi dağıdıldı: "Azərbaycan dövlət başçısı bizim haqlı olduğumuzu sübut etməmklə yanaşı, gələcəkdə münaqişənin hüquqi həll planını da dünya ictimaiyyətinin diqqətinə çatdırdı".

A.Mollazadə söyləyib ki, beynəlxalq ictimaiyyət bundan sonra hüququn aliliyinin bərqərar olunması üçün çalışmalı, beynəlxaq təşkilatlar öz təməl sənədlərinə istinadən münaqişənin həllində Azərbaycana kömək etməlidirlər: "Ermənistanın işğalçı siyasəti bölgə üçün ən böyük təhlükədir. İstisna deyil ki, Ermənistan bundan sonra da öz oyunlarını, təxribatlarını davam etdirə bilər. Bölgənin əhəmiyyəti gündən-günə artır. Regionun aparıcı ölkəsi Azərbaycan olduğuna görə, biz beynəlxalq təşkilatlardan, dünyanın nüfuzlu ölkələrinə sabitlik, əməkdaşlıq üçün hüququn aliliyinin bərqərarar olunmasını, BMT-nin qətnamələrinin icrasını tələb edirik".

PƏRVANƏ

 





19.02.2020    çap et  çap et