525.Az

İsmin 7-ci halı - Allahşükür Ağanın şeirləri


 

İsmin 7-ci halı - <b style="color:red">Allahşükür Ağanın şeirləri </b>

Tüstülərdə göz yaşı

Bacalardan qalxan tüstülər
Meşələrin ahıdır bəlkə.
Ona görə
özlərini dumana bənzətməklə
Ovunmaq istədilər bir az...
Ağacların gələcəyidir tüstülər,
Hər gün
meşələrin üstündə dayanıb,
Əl eləyirlər, bir az susurlar.
Yenə dumanda
bir az göz yaşı var,
Bir az yaşla sevinir adamın gözü.
Amma göz yaşı da yanıb
Bu tüstülərin. 
Adamın gözündən dartıb
Yaşı da çıxarır hələ.
Biz neylədik, insanlar,
Göz yaşlarını yandırıb
Qızınmaqmı olar?

Çiçəklər, əllər

Məncə, çiçəklərin
Ən gözəl xatirəsi sənin əllərindi.
Həm çiçəyə bənzəyir,
Həm də boş qalıb indi
Çiçəklərin yuvası kimi.
Əllər daha çox ağlayır, məncə.
Çünki əllərini bəzəyən güllər
Bir azdan zibil qabını
Eyni ahənglə sevindirəcək.
İndi çiçəkmi vəfasızdı, yoxsa əllər?
Məncə, çiçəklər.
Əvvəl torpağı sevindirdi,
Sonra qonşunun uşağını.
Sonra bülbülü,
Sonra sənin əllərini,
İndi də zibil qabını.
Arxasınca ağlayan xatirələr,
Çiçəklərin ayağının tozudur,
Məncə.

İsmin 7-ci halı 

Gəlin belə düşünək,
Nizələrin qan daman ucu
Əslində, bir parça torpaq deyilmi?

Güllələrin özü də,
Lap qırma düyməciklər -
Başlarında torpaq yaddaşı daşıyırlar.
Ekskavatorla başladı ayrılıqlar,
Zülmlə ayırdılar torpaqdan filizi...
Hələ də ağlayır
anası - torpaq üçün dəmir.
Torpağı axtarır deyə
özünü hər yerə çırpır,
Hər yerə dəyir.

Bəlkə də
insan bədəni də tanışdı ona,
Tanışdı yox, yaddaşdı ona.
Torpaqda bir yaşayırdılar,
Elə ki ayrıldılar,
Hərəsi bir adda
Çağrıldılar.

Biz yaratdıq ayrılıqları,
Torpaqdan dəmir ayırdıq,
Can ayırdıq,
İndi həsrətlilər qovuşanda ölürük,
Dönürük ismin 7-ci halına.

Ağac haqqında nağıl

Bu ağacın kölgəsi
o qədər dərindi ki,
Boğulmaq olar.
Bu ağac o qədər doğmadır ki,
Qoynunda quş kimi
Doğulmaq olar.
Bəlkə, bu ağac qadındı elə,
Öpmək olar yarpağından.
Bəlkə, bu ağac ölümdü elə,
Asılmaq olar budağından.
Bəlkə bu ağac axşamdı,
Şam yandırmaq olar altında...
Bu ağacın kölgəsi yağışdı,
Şamı söndürər onda.
Bu ağac da şəhərdi,
Elə ağac adında...
Biz də onun yadında...
Yaddaşında, huşunda...

Çayda balıq nağılı

Çayların səsi
İçindəki balıqların səsidir,
Balıq tuturam, deməyin,
Səs tuturam çaydan, deyin...
Get-gedə səslər azalır çaydan
Qarmaqlarda səslər atılır göyə,
Çaylar qarmaqla çıxır
Öz yatağından.
Sizin səsinizi boğazınızdan
Qarmaqla çıxartsalar,
Neylərdiniz, ay adam uşağı?
Niyə bir dəfə bilmədiniz ki,
Balıq suyu yaradır,
Su balığı,
Niyə yuxarı çırmalanıb
Şalvarınızın balağı.
Bax, bu çay da qurudu,
Tutuldu balıq səsi,
Bir az da qısaldı
Təbiətin nəfəsi.

 





19.02.2020    çap et  çap et