525.Az

Ali Attestasiya Komissiyası ilə bağlı narazılıqlar səngimir - Araşdırma


 

Ali Attestasiya Komissiyası ilə bağlı narazılıqlar səngimir - <b style="color:red">Araşdırma </b>

"525-ci qəzet"in 15 fevral sayında çap olunan "Ali Attestasiya Komissiyasının qərarı niyə narazılıq doğurur?" məqaləmiz qısa zaman ərzində böyük rezonansa səbəb oldu.

Məqalə AAK-ın doktorant və dissertantlar arasında narazılığa səbəb olan qərarı ilə bağlı idi. Belə ki, Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 13 dekabr 2019-cu il tarixli qərarına əsasən 11 iyun 2018-11 iyun 2019-cu il aralığında ilkin müzakirədən keçmiş işlərdən başqa, bütün dissertasiyalar yenidən ilkin müzakirədən, 11 iyun 2019-cu il tarixinədək elmi seminardan keçmiş hər bir dissertasiya işi isə yenidən seminardan keçirilməlidir. Bu o deməkdir ki, respublikadakı bütün seminar vermiş iddiaçılar bunu yenidən etməlidir, çünki Dissertasiya Şuraları Ali Attestasiya Komissiyası tərəfindən buraxılıb və iddiaçıların işləri dayandırılıb (Azərbaycan Dillər Universitetində sonuncu seminar 2018-ci ilin dekabr ayının 7-də keçirilib).

Məqalədə narazı iddiaçıların redaksiyamıza göndərdikləri etirazları və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ünvanladıqları məktublarından əlavə, AAK-ın şöbə müdiri, professor Asif Rüstəmli və professor Cahangir Məmmədlinin fikirlərini də işıqlandırmışdıq.

Məqalə yayımlandıqdan sonra yazıda fikirləri verilən, eləcə də ölkə rəhbərliyinə ünvanlanmış məktubda imzası olan 52 doktorant-dissertantdan biri - Almaz Həsrət məsələnin artıq öz həllini tapdığını, bu problemin bir ay öncəyə aid olduğunu deyərək etirazını bildirdi. Onun bu etirazını bəzi doktorantlar Almaz Həsrətin "AAK-la sövdələşdiyi üçün onlara mane olması kimi" dəyərləndirdilər. Bununla bağlı Almaz xanımla görüşüb açıqlamasını dinlədik. O, əvvəlki fikirlərinin sonra tamamilə dəyişməsini bu cür izah etdi: "Yanvar ayında həmkar doktorantlardan mənə müraciət gəldi ki, AAK-ın yeni qərarı var. Qərara əsasən, bizim işlərimiz köhnəldiyi üçün geriyə dönməli, müzakirə və seminarları yenidən keçməliyik. Mən də qərarla maraqlandım, oxudum, gördüm ki, həqiqətən də belədir. Çox narahat oldum, əsəbiləşdim. Sual yarandı ki, nədən 1 ilimizi itirməyimiz ucbatından mən geri qayıtmalıyam? Axı bu 1 il mənim şəxsi istəyimlə gözləmədə olmağım demək deyildi. Dedilər ki, sosial şəbəkədə etirazçı doktorant və dissertantların qrupunu yaratmışıq. Hamımız sözü bir yerə qoyaq, həm də qrup vasitəsiylə yeniliklərdən xəbərdar olaq. Mən də həmin qrupa qatılmağa razılıq verdim. Qrupa qatılan 34-35-ci adam idim. Məndən sonra da qatılanlar oldu. Mən özüm də tanışlarımı əlavə etdim. Təxminən 60 nəfər idik. Oradakı söhbətlərdən biri bu idi ki, narazı iddiaçılar AAK-a gedib, etirazlarını bildirmək istəyiblər. Amma onları nəinki dinləməyib, heç qapıdan içəri də buraxmayıblar. Qrupda elə hey "AAK sədrinin qəbuluna düşmək olmur. Mühafizəçi kobud davranır, bizi içəri buraxmır" kimi sözlər deyirdilər. Mən də düşündüm ki, yəqin mən xəbər tutana qədər həmkarlar gediblər AAK-a, şikayət ediblər, amma onları eşidən olmayıb. Mən hətta deyirdim ki, biz efirə də çıxaq. Sosial şəbəkələrdə, mətbuatdakı etirazlarla bərabər, efirə də çıxıb sözümüzü deyək, onda müvafiq qurum və ekspertlər tərəfindən aydınlıq da gətirilər, sözümüz eşidilər. Sonra qərara gəldilər ki, ölkə rəhbərliyinə məktub ünvanlasınlar. Mən də dedim ki, əgər AAK-a getmisiniz, fikirlərinizi dinləməyiblərsə, onda başqa əlacımız yoxdur, yazın məktubu, mənim də adımı daxil edin. Dedilər ki, məktub yazılıb, hazırdır. Biz də şəxsiyyət vəsiqəmizin nömrəsini, telefon nömrəmizi yazıb verdik ki, anonimlik olmasın. Beləcə, 55 nəfərə yaxın etirazçıdan imza toplandı, məktub göndərildi. Amma sən demə, məktubu yazan, qrupu yaradan xanım orada ünvan qoymayıb ki, cavab həmin ünvana gəlsin. Cavab göndərilən ərəfədə, şikayət məktubunda göstərilən şikayətçi doktorantlardan 3-4 nəfərə zəng olunub, məktubu göndərmək üçün ünvan istəyiblər. Nədənsə, onlar ünvan verməkdən çəkiniblər. Növbəti zəng mənə gəldi və mən böyük məmnuniyyətlə cavab məktubunun göndərilməsi üçün öz ev ünvanımı dedim. Mənə cavab məktubu gəldi. Təbii, şikayət edən 55 nəfərə yaxın doktorantların cavabı tək mənim adıma gəlmişdi. Yaradılmış, dəvət aldığım "Gənc alimlər" "WhatsApp" qrupuna gələn cavab məktubunun şəklini belə çəkib atdım ki, hamı tanış olsun. Şəxsən adıma gəldiyi üçün səhər AAK-a gedəcəyimi bildirdim. Başqa xanım da qrupda mənim səhər AAK-a gedəcəyim barədə yazdı. Fevralın 7-si səhər məktubu da götürüb getdim AAK-a. 1-ci mərtəbədə məni qəbul etdilər. Etirazın nədən qaynaqlandığını danışdım, elmi katiblikdən məni mədəni şəkildə dinlədilər. AAK sədri ilə görüşmək istəyimizi bildirdim, bizi qəbul etmədiyini dedim. Elə həmin an mənim söylədiyim fikirlərimi AAK sədrinin özünə deyə biləcəyimi söylədilər, şansım oldu, ya nədəndisə, bir neçə dəqiqə sonra AAK sədri məni qəbul etdi. Ona təkrar qərara qarşı nədən etiraz etdiyimizi bildirdim. Çox diqqət və səbirlə sona qədər dinlədi. Mənim üçün qaranlıq məsələlərə aydınlıq gətirdi. Məlum oldu ki, bəzən diqqətsizliyimiz və anlaşılmazlıq ucbatından nahaqdan "üsyana" qalxırıq. Yeni qərara görə, əksinə, çoxlu güzəştlərin olduğunu öyrənmiş oldum. Yüngülləşdirici yönlərini öyrəndim. İllərlə deyil, qısa müddətdə işimizi bitirə biləcəyimizi bildim. Öyrəndim ki, müdafiəyə qədər seminardan keçməli olduğumuz aparıcı müəssisə ləğv olunub, şuralar yenilənib. Hər kəsin ixtisasına uyğun şuralar yaradılıb ki, orda da cəmi 5-6 nəfər alim olacaq. Qərar yeni iddiaçılara tam şamil olunacaq, köhnələrə isə kifayət qədər güzəştlərlə. İmtahanlar minimuma endirilib. Mən müzakirəni və seminarı keçmişəm. Aparıcı müəssisənin seminarı və müdafiə qalıb ki, aparıcı müəssisə də ləğv olunub. Onun yerinə yeni şuradan seminardan keçəcəm. O da yeni şuranın elmi işimlə tanış olması üçündür. Bizim üçün yeni protokol və bir nəfərin rəyi əlavə olunacaq. Sənədləri yığmaq, düzəltmək də artıq bizlik deyil, o da elmi katibliyə həvalə olunub. Növbə məsələsi də olmayacaq. Köhnə iddiaçılar daha tez seminara buraxılacaqlar. Yəni köhnə deyilən seminar elə aparıcı müəssisənin seminarıdır. Bu cür güzəştlərin nəyinə qarşı çıxım mən?! AAK sədrindən biz doktorantların hamısını qəbul etməyini xahiş elədim. Çünki hamımız eyni mərhələdə deyilik. Hərə başqa mərhələdədir, kimi imtahanda, kimi müzakirədə, kimi ilk seminarda və sair və hamı da qərarın öz mərhələsinə təsirini aydınlaşdırmaq istəyir. Heç düşünmədən: "Böyük məmnuniyyətlə, sizin hamınızı sabah saat 12-də gözləyirəm" - dedi. Yəni 8 fevralda, şənbə günü. Şöbə müdirlərinin də iştirakı ilə hamımızı dinləməyə hazır olduğunu bildirdi. Hətta məndən neçə nəfər gələcəyimizi soruşdu. Konfrans zalında, yoxsa adi qəbul otağında görüş keçirilməsini dəqiqləşdirmək üçün. Mən də fikirləşdim ki, 60 nəfərdən rayonlardakıları, işi olanları çıxsaq, təxminən 30 nəfər yığılarıq. Dedi, sabah gəlin, gözləyəcəyik. Sevincək "WhatsApp" qrupuna bu məlumatı yazdım ki, hörmətli doktorantlar, AAK sədri Famil müəllim ilə təsadüfən görüşümüz oldu və özümə aid qaranlıq məqamlara aydınlıq gətirə bildim. Sizlərin hər biriniz də özünüzə dair suallara cavab tapa bilərsiniz. Qrupda artıq sabahkı görüşə gəlmək istəyənlər olan anda birdən-birə ab-hava dəyişdi. 2-3 nəfər söhbəti fərqli tərəfə yönləndirməyə, "AAK yalan deyir, inanmayın, aldadıcı vədlər deyəcək, özümüzü tanıtmaqdan ötrü bizi toplayırlar" kimi cəfəng şeylər yazmağa başladılar. Yazdım ki, tamamilə yanılırsınız, gəlin görüşə, hər biriniz də etirazınızı açıq bildirin, məsələniz bəlkə yerindəcə həllini tapar... Nə xeyri?! Bir də gördüm məni qrupdan çıxartdılar. Əlavə məlumat deyim ki, qrupu yaradan əsl adminin kim olduğunu bilirəm. Say artdıqca, yazdıqları şikayət məktubunun kim tərəfindən dəqiq yazıldığı məlum olmasın deyə, qrupda olan üzvlərin hamısını admin etdi həmin "baş admin". Bu addımı ilə guya izi itirmək niyyəti varmış. Ancaq nahaq belə düşünüb. Gərəksiz addım idi. Zatən bu qrupun kim tərəfindən yaradılması kimsəni maraqlandırmır. Çünki bu, ortaq fikirdə olan adamların toplaşdığı qrup idi. Kimsə də bu qrupa məcbur gəlməmişdi. Qorxursunuzsa, haqqınızı tələb edə bilmirsinizsə, şübhəli addımlar atmağa nə gərək var?! Ədalətli, dürüst, vicdanlı davranmaq gərək! Qısası, qrupdan çıxarıldım. Sonra əvvəl xahişimi nəzərə alaraq sədrin görüşünə gələcəyini bildirən həmin o 3-4 nəfərə yazdım ki, gələcəksinizmi? Dedilər ki, bəli. Ancaq getməsinlər deyə onları "getsəniz, sizi tanıyacaqlar, sonrası pis olar" deyə qorxuya salanların olduğunu bildirdilər. Sabah oldu, saat 12-dir, AAK şöbə müdirlərinin hamısı və sədrin iştirakıyla görüşə 60-dan çox üzvü olan "WhatsApp" qrupundan cəmi dörd adam gəlib. Demək, əsl cürət sahibi olanlar həmin doktorantlar imiş. Sağ olsun AAK sədri və şöbə müdirləri, bizi dinlədilər, suallarımızı cavablandırdılar. Aydınlıq gətirildi bütün anlaşılmazlıqlara. Görüş üçün xahiş eləmişdim, həmin qrupda güclü etiraz sözləri yazan doktorantlardan nədənsə gələn olmadı. Həmin o doktorantlar ki, yazırdılar, AAK-da qapıdan içəri keçə bilmirik, qovuluruq. Tam əksinə şahid oldum. AAK sədrini də cəmi iki dəfə gördüm və çox şəffaf, dürüst, qaydasınca çalışan bir insan təəssüratı bağışladı mənə. Bu, mənim şəxsi fikrimdir. Sonradan eşitdim ki, bizlə gedən və məsələni aydınlaşdıran o doktoranlatları da "WhatsApp"dakı qrupdan kənarlaşdırıblar. Ən pisi odur ki, burdan-bura AAK sədrinə etirazını bildirib açıqlama almadan məsələni Avropa Şurasına qədər aparıb çıxaracaqlarını, etiraz edəcəklərini deyirlər. Mənsə heç vaxt razı olmaram ki, belə xırda, yerində həll olunası məsələdən ötrü ölkəmin adı başqa yerdə hallansın, Azərbaycandan harasa şikayət getsin. Onsuz da başqa ölkələr arasında bizi istəməyənlər çoxdur, niyə belə bir məsələdən ötrü dövlətimizi kimlərəsə nahaqdan şikayət edək? Bütün məsələ bundan ibarətdir. Mən yenə də deyirəm ki, öz mərhələmə aid olan hissəni anladım, başa düşdüm və razılaşdım. Onu da anladım ki, AAK sədri Famil müəllim bu vəzifəyə yeni gəlib və etdiyi işlər öncəki hərc-mərcliyi, qanunsuzluğu, yolverilməz halları aradan qaldırmaq, intizam yaratmaq üçündür. Hətta o bizə dedi ki, bu siyahıda adı olan hər kəsdən sabah müdafiə zamanı problem yaşayan olsa, heç nədən çəkinmədən bizə müraciət edə bilər, hamısına dəstək olacağıq, kiminsə incidilməsinə imkan vermərik. Bizə də bundan başqa nə lazımdır ki?!"

Maraqlıdır ki, bu məsələ ilə bağlı narazılığı olan digər insanlar tamam fərqli mövqedədirlər. Sosial şəbəkələrdəki paylaşımlarında və bizə ünvanladıqları məktublarda onlar problemin hələ də qaldığını, heç bir razılaşma olmadığını deyirlər. Onlardan bəzilərinin fikirlərini təqdim edirik:

Aysel Xanaliyeva: "AAK-ın məlum qərarına göz yumulan bir vaxtda problemimizi gündəmə gətirdiyinizə görə sizə dərin təşəkkürümü bildirirəm. Bu nüfuzlu qəzetin səs-sədasından müsbət nəticə gözləyən, hər an bu ədalətsiz qərarın ləğvi ilə bağlı xəbəri intizarla gözləyən çox sayda gənclər var".

Xəyalə Əhmədova: "AAK-ın gənc alimlərə qarşı verdiyi, Konstitusiyaya zidd qərarı geniş şəkildə işıqlandırdığınıza dərin təşəkkürümüzü bildiririk. Var olun ki, bizə dəstək olursunuz və Azərbaycan elminə sədd çəkənləri ictimaiyyətə çatdırırsınız".

Pərvin Eyvazoğlu: "Bəli, qərar ləğv olunmalıdır. İnsanların əməyi, alimlərin qüruri ilə oynanılmaz!"

Anzulə Pərvizqızı: "525-ci qəzet" tədqiqatçıların narahatlıq keçirdiyi mövzudan yazıb. Tədqiqatçıların, həmçinin, BDU-nun Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri, professor Cahangir Məmmədlinin fikirləri də dərc olunub. Ümid edirik ki, yaxın gələcəkdə ortaq məxrəc əldə olunacaq. AAK-la bağlı onlarla gənc problem yaşayır. Bir ara "525-ci qəzet"in susqunluğu bizi narahat edirdi. Doğrusu, nə qədər sayt, qəzet yazsa da, bizə bu məsələnin məhz "525"də işıqlandırılması daha önəmli idi. Bu qərarın mənə də təsiri var idi, amma iki həftə əvvəl biz cənab Prezidentə məktub ünvanlayandan sonra AAK yeni bir qərar yaydı və beləliklə, mənim kimi bir neçə tədqiqatçının probleminin qismən həll olunacağını dedilər. Amma bu o demək deyil ki, mənim işim həll olunduğu üçün başqalarının probleminə laqeyd yanaşmalıyam. Mən onların da işlərinin bərpasını arzu edirəm".

 





19.02.2020    çap et  çap et