525.Az

"Yüksəliş" istedadlı şəxslər üçün yeni bir imkandır


 

"Yüksəliş" istedadlı şəxslər üçün yeni bir imkandır<b style="color:red"></b>

Prezident İlham Əliyevin sərəncamı ilə təsis edilən "Yüksəliş" müsabiqəsinin onlayn mərhələsinin ümumi biliklər üzrə ilk imtahanı keçirilib.

İmtahanda 7701 şəxs iştirak edib. Onlardan 44 faizi Bakı şəhəri, 56 faizi regionların payına düşür. İmtahan saat 11:00 və 15:00 olmaqla iki növbədə təşkil olunub. İmtahan tarix, coğrafiya, ədəbiyyat və mədəniyyət, hüquq və iqtisadiyyat olmaqla 4 blok üzrə aparılıb. 84 sual üçün 2 saat vaxt ayrılıb. Hər fənn üzrə 21 sual təqdim olunub. Hər sual üçün çətinliyindən asılı olaraq 30-90 saniyə vaxt ayrılıb. Onlayn mərhələnin ikinci hissəsi olan Qabiliyyət imtahanının testlərinin demo variantı fevralın 23-də təqdim ediləcək. Testlərin demo variantı tanışlıq xarakteri daşıdığından onların cavablandırılması tələb olunmur. Onlayn mərhələnin Qabiliyyət imtahanı isə martın 1-də keçiriləcək. Qabiliyyət imtahanı üzrə testlər 3 blok - abstrakt (mücərrəd) düşüncənin, rəqəmsal və verbal məlumatlarla işləmək bacarığının yoxlanılması üzrə aparılacaq.

Qeyd edək ki, "Yüksəliş" müsabiqəsinin qeydiyyat mərhələsi fevralın 2-nə kimi davam edib. Qeydiyyat mərhələsi ərzində müsabiqə ilə bağlı əhalini məlumatlandırmaq, bölgələrdəki şəxslərin müsabiqədə qeydiyyatdan keçmələrinə dəstək olmaq məqsədilə "Yüksəliş" müsabiqəsinin səyyar qeydiyyat avtobusları bölgələrə səfər edib. "ASAN xidmət" mərkəzində "Yüksəliş" İctimai Birliyinin nümayəndələri tərəfindən onlayn təlim keçirilib. Təlimin məqsədi "ASAN xidmət" əməkdaşları və könüllülərini "Yüksəliş" müsabiqəsinin təbliği və qeydiyyat prosedurları haqqında məlumatlandırmaq, bu prosesdə onların fəal iştirakını təmin etmək olub. Təlimlərə "ASAN xidmət"in Bakı və Sumqayıt, o cümlədən, 10 bölgədən olan əməkdaşları və könüllüləri qatılıb. Hər bölgədən 10-a yaxın dinləyicinin iştirak etdiyi təlimlər ikimərhələli keçirilib. Birinci mərhələdə "ASAN xidmət" əməkdaşlarına və könüllülərə "Yüksəliş" müsabiqəsi haqqında məlumat verilib. İkinci mərhələ Sumqayıt və bölgələrdən olan "ASAN xidmət" könüllüləri üçün nəzərdə tutulub. Onlara "Yüksəliş" müsabiqəsinin qeydiyyat proseduru haqqında məlumat verilib. "ASAN xidmət" könüllüləri çalışdıqları bölgələrdə qeydiyyatdan keçmək istəyən şəxslərə necə kömək göstərəcəklərini öyrəniblər.

Müsabiqədə qeydiyyat mərhələsində 21-51 yaş arasında olan, alitəhsilli, ən azı 2 il idarəçilik təcrübəsinə malik Azərbaycan vətəndaşları iştirak edib. İdarəetmə təcrübəsi dedikdə, mülkiyyət formasından asılı olmayaraq işlədiyi qurumda rəhbərlik mövqeyində praktiki təcrübəyə malik, bir və ya daha çox insanın, layihə qruplarının, resursların, podratçıların və digərlərin idarə olunması nəzərdə tutulur.

Müsabiqənin yekunlarına əsasən, qalib elan edilən 20 iştirakçıya müvafiq təlim proqramından keçmək üçün 20 min manat məbləğində qrant təqdim olunacaq. Bundan başqa, onlar idarəedici kadr heyətinin inkişafına dair proqramlara və İdarəçi rəhbərlərin iştirakı ilə mentorluq proqramına qoşulmaq imkanı qazanacaqlar. Qaliblərin adları yaradılacaq kadr ehtiyatı bankına daxil ediləcək.

Müsabiqə Qeydiyyat, Onlayn seçim, Əyani seçim, Yarımfinal və Finaldan ibarət olmaqla 5 mərhələdə keçiriləcək. Onlayn seçim mərhələsində qeydiyyat mərhələsini uğurla başa vuran bütün iştirakçılar iştirak etmək hüququ qazanırlar. Bu mərhələdə iştirakçıların tələb olunan intellektual biliklərə sahib olması, idarəçi olmaq üçün lazımi potensialları əhatə edən şəxsi keyfiyyətləri qiymətləndirilir. Onlayn test tapşırıqları iki hissəyə bölünməklə ümumi biliklər (Azərbaycan dili və ədəbiyyatı, mədəniyyəti, tarixi, coğrafiyası, hüquq və iqtisadiyyat) və qabiliyyət testləri (verbal və rəqəmsal məlumatların təhlili, mücərrəd düşüncə) formatında keçiriləcək.

Onlayn seçim bitdikdən sonra müvafiq video müraciəti Şəxsi Kabinetdə yerləşdirmiş iştirakçı Əyani mərhələdə iştirak hüququ qazanır. Bu mərhələdə iştirakçıların ümumi erudisiyaları ilə yanaşı, sosial intellekti, düşüncə sürəti və danışıq qabiliyyətləri də yoxlanılır. İştirakçılar daha öncədən təyin olunan ünvana gələrək, sözügedən mərhələdə əyani şəkildə iştirak edirlər.

Üçüncü mərhələdən uğurla keçən iştirakçılar yarımfinal mərhələsində iştirak etmək hüququ qazanırlar. Bu mərhələdə iştirakçıların idarəetmə, komanda və fərdi şəkildə işləmək bacarıqları məşğələ və tapşırıq üsulu ilə yoxlanılacaq. İştirakçılar üçün fərdi inkişaf planının hazırlanması məqsədilə iştirakçılar ekspertlərin, insan resursları üzrə mütəxəssislərin və öz sahəsində peşəkar sayılan insanlar tərəfindən müsahibə olunacaq.

Nəhayət, yarımfinal mərhələsindən uğurla keçən iştirakçılar final mərhələsinə vəsiqə qazanırlar. Final mərhələsi çərçivəsində keçirilən tədbirlərdə iştirakçıların idarəetmə bacarıqları xüsusi tapşırıqların (işgüzar oyunlar, sosial layihələr və onların həlli, eskpertlərlə iş, müsahibələr) köməyi ilə qiymətləndirilir. Bu mərhələdə iştirakçılar İdarəçi rəhbərlərlə görüşəcək, onlarla birgə işgüzar müzakirələr, dəyirmi masalar təşkil olunacaq. Qaliblər müsabiqə bitdikdən sonra İdarəçi rəhbərlərlə fərdi inkişaf proqramı çərçivəsində birbaşa işləmək imkanı əldə edəcəklər.

Qeyd edək ki, "Yüksəliş" müsabiqəsi Prezident İlham Əliyevin iyulun 26-da imzaladığı sərəncamla intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva deyib ki, "Yüksəliş" müsabiqəsində qarşıya qoyulan məqsədlərdən biri yeni nəsil idarəçilərin müyyənləşdirilməsidir. Bu müsabiqə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar kursunun bir halqasıdır: "Fikrimcə, kadr ehtiyatı bankının yaradılması üçün bu müsabiqə ən əlverişli müsabiqələrdən biri olacaq. Azərbaycanda idarəçilik vərdişləri olan və öz potensialına inanan hər kəs bu müsabiqədə iştirak edə bilər. Müsabiqə Azərbaycanda kadrların bilik və bacarıqlarının inkişaf etməsinə mühüm töhfə verəcək".

Təşkilat Komitəsinin üzvü, Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə isə "Yüksəliş" müsabiqəsinin tarixi bir müsabiqə olduğunu bildirib: "Yüksəliş" müsabiqəsi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin edəcək. Bu, yeni bir sahədir: "Biz bu prosesdə ən müasir alətlərdən istifadə edəcəyik. Azərbaycanda 20 il ərzində topladığımız təcrübə bizə bu məsələdə kömək edəcək. Bizim bütün insan potensialımız və ekspertlərimiz bu prosesə qoşulacaqlar".

Təşkilat Komitəsinin üzvü, Təhsil naziri Ceyhun Bayramov bildirib ki, ölkədə istedadlı uşaqlarla iş ümumtəhsil müəssisələrindən başlayır: "Onların seçilməsi və sonrakı inkişafının təmin edilməsi dövlətin təhsil sahəsindəki hədəflərindən biridir. Məhz bu işin nəticəsidir ki, ölkəmizi nüfuzlu beynəlxalq bilik yarışlarında və olimpiadalarda uğurla təmsil edənlərin belə gənclərin ölkəmizə gətirdikləri medalların sayı ilbəil artır. İstedadlı gənclər üçün təhsilin növbəti pillələrində də geniş imkanlar yaradılır. Onların tam və hərtərəfli inkişafı üçün müxtəlif proqramlar təklif edilir".

C.Bayramov deyib ki, "Yüksəliş" müsabiqəsi dövlətin istedadlı şəxslərlə işin təşkilində növbəti addımı və onların inkişafına yönələn tədbirlərin davamıdır: "Bu müsabiqə istedadlı, hazırlıqlı, XXI əsrin tələbləri səviyyəsində bacarıqlara sahib gənclər üçün çox böyük imkan yaradır. Müsabiqənin məqsədi intellektual səviyyəsi və idarəetmə bacarıqları yüksək olan perspektivli rəhbərlərin müəyyən edilməsi, onların inkişaf etdirilməsi, dəstəklənməsi və bununla da ölkədə peşəkar kadr ehtiyatının artırılmasıdır". Nazir vurğulayıb ki, müsabiqənin qalibi olan şəxslər fərdi inkişaf proqramı və təlimlərdə iştirak edəcək, tam idarəçi kimi yetişəcək və ölkənin gələcək inkişafında bilavasitə iştirak edəcək şəxslərdən biri olmaq imkanı əldə edəcək: "Yüksəliş" istedadlı şəxslər üçün yeni bir imkandır. "Yüksəliş"ə qoşulun, yüksəliş sizinlə başlasın".

Sevinc QARAYEVA

 





19.02.2020    çap et  çap et