525.Az

İnsanlığı olduğu kimi sevmək... - Şəfa Vəli yazır


 

ŞAHANƏ MÜŞFİQİN TÜRKİYƏDƏ ÇIXMIŞ ŞEİRLƏR KİTABI HAQQINDA DÜŞÜNCƏLƏR

İnsanlığı olduğu kimi sevmək... - <b style="color:red">Şəfa Vəli yazır </b>

İl başladı, əli qələm tutanların hamısı bir-birinə "yeni yaradıcılıq uğurları arzulayıram" dedi, bir də baxdıq ki, ilin ikinci ayındayıq...

Yaratdıqlarımızı yeni yaradacaqlarımızla yan-yana düşüncə tərəzimizə qoyub gözləyirik ki, görəsən, hansı tərəf ağır gələcək? Yaradıcılıq prosesinin bu "gözləmə rejimində" anlayırıq ki, baharın ilk nəsimi telimizi daramasa, heç nə yazası deyilik, ən yaxşısı, indiyədək yazdıqlarımızla könlümüzü ovundurmaqdır...

Tarix boyu bədii yaradıcılığa iki bucaqdan baxılıb: "Yaratmaq" və "yaradılmaq". İncəsənəti yaradanlar yaratdıqlarının həmişə əsiri olub. Bunu belə əsaslandırıblar: "İnsan hissləri ilə yaradır, bu, inkaredilməzdir!" İnsanı ağıl aqil, hisslər dahi edir. Odur ki, hisslərə əsaslanan sənət nümunələri tarixə qələbə çalmaqda haqlıdır. Haqsızlıq isə yaradıcılığı həzin duyğulardan ayrı hesab etməkdir.

İlin ikinci ayında, fevralın soyuğunda duyğularımızı dilləndirən, üzümüzü güldürən, könlümüzü ovudan bir xəbər aldıq: "Şahanenin masalı" Türkiyədə, "Bengü" nəşriyyatında Ülkü Taşlıovanın çevirisində işıq üzü gördü.

Gel, sana masal anlatayım,
Bu masalın iki kahramanı olsun:
Biri sen ol, biri ben...
Sen bana inan, ben masalıma...

- deyən Şahanənin bütün "masalları"nın şahzadəsi də özüdü, cadugəri də, çoban qızı da... Çoban qızının bayatılarında eşqi oxuyuruq, cadugərin cadularında ayrılığı... Şahzadə isə ovcundakı "qızıl alma"sını - "bəxt alması"nı heç kimə qıymır, büküb ovcunda saxlayır, hər şeirində, hər hekayəsində, hətta, yazdığı hər publisistik məqalədə belə bu almanın dəyərindən bəhs etməyə çalışır. Çalışır, amma sonuncu uğura - özünü bütünlüklə eşqə təslim etmək məqamına çatıbmı?! Bu sualın cavabını bir özü bilir, bir onu Yaradan... Bizə təxmin etmək düşür... Mənim təxminimə görə isə, hə... Şahanənin ən böyük eşqi insanlıqdır; o, insanlığı olduğu kimi sevir... Yoxsa niyə yazardı ki:

Gel sana masal anlatayım;
Cenneti de, cehennemi de
göstereyim sözlerimle,
Allahdan, İblisten söz açayım...

Yazmaqda haqlıydı; cənnət də, cəhənnəm də insanın ovqatıdır, iblis də, mələk də insanın içindəki sonsuz savaşın qəhrəmanlarıdır... Və Şahanənin böyük eşqi bu savaşın hakimi olmaq yerinə, qurbanına çevrilməyə hazırdır... Amma, onun "dostu olan yıldızlar" "sevda denizinde" bir-birinə gülümsərkən "gülücüklere boğduğu dünya"nın sakini olmaq xoşbəxtliyin ən incə halıdır... Bu incəliyin saflığında güzgülənən eşq özünü qurban desə də, niyyət duası heç vaxt qəbul olmur; müqəddəslərin müqəddəsini qurban demək günah sayılır...

Şahanənin "Deniz sevgisi" şeirində Xəzəri görməmək mümkün deyil... Əminəm ki, "Şahanenin masalı"nı oxuyan türkiyəli oxucular əlləri çatmasa da, xəritədə Xəzəri axtaracaqlar, internetdə Xəzərin dalğalanmasına baxmağa tələsəcəklər... Çünki Şahanə Xəzərə olan sevgisini bu şeirdə əsl butalı aşiq kimi anladıb... Sevgisinin ünvanını dünyanın ən gözəl mavisinə - Xəzərin rənginə bənzədib.

O mavi gözlerde
Sevgisizliyi unuttu,
Kendini kaybetti,
Onu sevdi...

... Ünvanı mavi olan bir sevginin özü nə rəngdədir, görəsən?.. Elə bu sualı düşünüb gülümsəyirdim ki, "Şahanenin masalı"nın növbəti səhifəsində "Aşkın rengi"ni oxudum. Hər gün yaşadığımız eyni hadisələr bəzən o qədər adiləşir ki, əslində, həyatımızın önəmli nəsnələri olduğunu unuduruq. Məsələn, hər gün eyni dayanacaqda avtobus gözləyirik, eyni qapıları açırıq, barmaqlarımız eyni nömrəni yığır... Adlarını sadalamağa belə ərindiyimiz bu kiçik epizodlar, əslində, hər gün səhifələrində cızma-qara etdiyimiz ömür kitabımızın var oluşunun səbəbləridir... "Aşkın rengi" şeirindəki avtobus dayanacağı da Şahanənin şair kimi qəfil "kəşf etdiyi" ipucudur. O, bu ipucuna inanıb yumağı-gününə məna qatan hər şeyi axtarmağa çıxır. Tapdığı isə nəinki gününü, bütün ömrünü mənalandıran eşqdir... Və onun "pembe rengi"dir...

Bana sorarsan
Pembedir benim aşkım...
Hangi pembe mi?
Bilmem,
Pembe işte...
Mesela, beyazın saflığını
içinde barındıran bir pembe...

"Gözü kara", "kırmızı gibi çılğın", "gökyüzü kadar duru", "sarı ihtiraslı" sevgisini "Aşka name" şeirində danlayan Şahanənin ərkini bir oxucu kimi duymamaq eyib olar. Şeiri oxuduqca Şahanəyə mesaj yazmaq istədim... İstədim yazam ki, öz eşqini danlamağı sənə kim öyrətdi, ay başına dönüm? Adam adama bunu qıymazdı, sən eşqi tanıyan oxucuna bunu qıyırsan ha... Amma yazmadım o mesajı. Bilirdim ki, bütün cavablar şeirin içindəki misralarda şifrələnib. Odur ki, "Aşka name"ni iki dəfə, üç dəfə, sayını unutduğum qədər oxudum. Şifrəni sındırdığım andakı xoşbəxtliyimi çılğınlığıma qatıb Şahanənin misralarını ucadan söylədim:

Ve ne acayip iş be...
Mutluyuz çılğınlar gibi...

"İstanbulu anarken" Orhan Veli üçün darıxmaq da şair qəribliyiymiş, deyəsən... 2017-ci ildəki İstanbul səfərindən ona yadigar qalan duyğuları, xatirələri dəstələyib bir şeirə yığıb Şahanə. İki il sonra Bayburtda dilinə gətirib və dinləyənlər xəyalən İstanbulda "yalnızların balıkçı türküsü"nü söyləməkçün darıxıblar... Fikirləşirəm ki, görəsən, heç Şahanəyə bu sualı verən olubmu: "İki ildi hisslərinin ağuşunda əzizlədiyin qoca İstanbula hansı ninniləri söyləyirsən uyutmaq üçün?" Yox, bu sualı da Şahanəyə də mesajla göndərməyəcəyəm. Qoy cavabı da iki il sonraya qalsın...

Və Şahanənin o möhtəşəm, o doğma şeiri: "Bir kızım gelecek dünyaya..."

Bütün mermilere cevap ateşi olacak
Mırıltıları,
Ve bütün tankları ezip geçecek
Korkak adımları...

Dünyadakı bütün müharibələrə qarşı göyərçin əlləri olan bir qızcığaz... Bütün ataların ölümünə üsyan kimi doğulan övlad... Böyümədən anasının şeirlərini əzbərləyən ikinci ömür...

... Hər baxdığım güzgüdə özümə söyləyəcəyim ümid müjdəsidir Şahanənin "bir kızım gelecek dünyaya" misrası... Bu ümidin "pembe aşklara yazılan name" olduğundan da əminəm... Bir gün bu əminlik üçün qollarımızı açacağıq və bütün dünyanı qızımız kimi qucaqlayacağıq. Axı, hər ikimiz - Şahanə də, mən də bütün ümidlərin nazını çəkməkdə çoxdan finiş xəttindəyik, qalıb mükafatımızı almaq...

... Əllərini qoru, Şahanə... Bütün sevgilər əllərdə günəşlənir...

 





19.02.2020    çap et  çap et