525.Az

Yeni müstəqil teatr yaradıldı


 

Yeni müstəqil teatr yaradıldı<b style="color:red"></b>

Fevralın 17-si Teatr Xadimləri İttifaqının "Aktyor evi"ndə aktyor Müşfiq Əliyevin quruluşunda "Teatral komediya" nümayiş olundu.

Səhnə əsərində Əməkdar artist Elnur Hüseynov (qonaq), aktyorlar Kərəm Hadızadə (hersoq), Zümrüd Quliyeva (qrafinya), Elşən Şıxəliyev (qraf) iştirak edirdilər. Valentin Krasnoqorovun əsərini dilimizə Zümrüd Dəniz tərcümə edib. Tamaşanın quruluşçu rəssamı Telman Şıxıyevdir, musiqi tərtibatı Müşfiq Əliyev, döyüşlərin quruluşu Ceyhun Dadaşova aiddir.

Komediyada insanlar arasındakı güvənsizlik, sevgisizlik, münasibətlərin pozğunluğu, hisslərin saxtalığı və bütün bunların səhnəyə, sənətə, nəciblik simvolu olan teatra təsiri öz əksini tapmışdı.

Aktrisa arvadını qısqandığı üçün onunla tərəf-müqabil olduğu tamaşaya çıxmayan aktyor ər həm rejissoru, həm də arvadını pis vəziyyətdə qoyur. Teatra iş üçün müraciətə gələn gənc oğlan isə birdən-birə özünü səhnədə, zal dolusu tamaşaçının önündə tapır. Aktrisa onun rejissor tərəfindən tamaşanı xilas etmək ümidiylə göndərildiyini biləndə vəziyyətdən çıxış yolu üçün əlindən gələni edir. Bütün hadisələr də bundan sonra başlayır. Hərəkətindən peşman olan ər tamaşaya daxil olur. Aktrisanı sevən digər aktyor isə tamaşanın həm rejissoru, həm də iştirakçılarından biridir. Tərslikdən qonaq da aktrisaya vurulur və beləcə, gənc qadın səhnədə, tamaşaçıların gözü qarşısında üç kişinin arasında qalır. Oynadıqları əsər unudulur və hər kəs bir-bir ətəyindəki daşları tökməyə başlayır.

Məlum olur ki, aktrisa bir vaxtlar şöhrət sahibi olan özündən 20 yaş böyük əriylə indi xoşbəxt deyil. Sənətinin qürubunu yaşayan əri onu həm bir qadın, həm də bir aktrisa kimi qısqanır. Kişi isə cavan arvadını itirməkdən qorxur, onu itirməmək üçün hər şeyə hazırdır. Nə yazıq ki, hər birinin zamanla üst-üstə yığılan qorxuları kinə, kini nifrətə çevrilib. Və onlar özləri də bilmədən sevgi hissini çoxdan undublar. Onların hissləri asılılıqdan başqa bir şey deyil. Bu "kvartet"dən sevgini anlayan, həqiqətən duyan isə qonaqdır. Tamaşanın cəmiyyətə ötürdüyü mesaj da sona doğru elə qonaq (E.Hüseynov) tərəfindən çox gözəl şəkildə ifadə olunur. Hazırda bütün dünyada insanlar arasında aqressiya, qəzəb özünü göstərir ki, bu da sadəcə həyatı hədər yaşamaq deməkdir. İnsanların düşdüyü bu bataqlıqdan çıxış yolu isə sevgidə, səmimiyyətdə, anlayışdadır. Ancaq təəssüflər olsun ki, heç kim bu bataqlıqdan çıxmaq, dünyanın qurtuluşu üçün o nəcib addımı atmaq istəmir.

Maraqlı səhnə tərtibatı, dinamik aktyor oyunu, məzəli və bir o qədər də qeyri-adi sujet xətti ilə tamaşa komik ovqat yaratmağı, eyni zamanda, qaldırdığı mühüm məsələlərlə düşündürməyi bacardı.

Tamaşadan sonra qəzetimizə açıqlama verən Müşfiq Əliyev dedi ki, əsər Azərbaycan Teatr Xadimləri İttifaqının gənc rejissorlar üçün yaradıcılıq laboratoriyasında hazırlanıb: "Yeddi tamaşa hazırlanmışdı. Onlardan biri də mənim tamaşam idi. Laboratoriyanın bədii rəhbəri Əməkar İncəsənət Xadimi Bəhram Osmanovdur. Əsərə baxış üç ay bundan öncə olmuşdu. Bu isə ilk premyera idi".

Müşfiq Əliyev həmin premyera ilə yeni müstəqil teatrın da əsasını qoyduqlarını açıqladı. Bu kollektivdən ibarət olan yeni teatr "Tenda teatrı" adlanır. "Tenda" italyan dilində "pərdə" deməkdir. Sənət üçün "əlini daşın altına qoyan", iş görmək istəyən hər kəsi sayğıyla salamlayır, başqa Müşfiq Əliyev olmaqla, yeni müstəqil teatrın kollektivinə uğurlar arzulayırıq!

Şahanə MÜŞFİQ

 





19.02.2020    çap et  çap et