525.Az

"Ədəbiyyat biliciləri" müsabiqəsinin şəhər mərhələsi keçirilib


 

"Ədəbiyyat biliciləri" müsabiqəsinin şəhər mərhələsi keçirilib<b style="color:red"></b>

Əsas məqsədi şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini artırmaq, mütaliə sahəsində xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarıb rəğbətləndirmək olan "Ədəbiyyat biliciləri" müsabiqəsinin şəhər mərhələsi keçirilib.
 
Müsabiqənin şəhər mərhələsində Bakı şəhərinin 12 inzibati rayonu üzrə VIII-XI sinif şagirdləri 3 saat vaxt ərzində yazılı tapşırıq yerinə yetiriblər. Tapşırıqların cavabları müvafiq meyarlar əsasında qiymətləndiriləcək. Müsabiqənin yekun turu isə mart-aprel aylarında Bakı şəhərində təşkil olunacaq. Finalda müsabiqə iştirakçıları 3 variantda təklif olunmuş mövzulardan birini seçərək inşa yazmalı və sorğu vərəqində onlara təqdim olunmuş 10 sualı yazılı cavablandırmalıdırlar. İnşa yazı 10 ballıq şkala üzrə, 10 sualın hər biri isə maksimum 10 balla qiymətləndiriləcək. Hər bir iştirakçının yekun balı hər iki tapşırığa verilən ballar əsasında müəyyən olunacaq. Müsabiqədə I, II, III yerlərə layiq görülmüş iştirakçılar mükafatlandırılacaq.

Təhsil naziri Ceyhun Bayramov deyir ki, əsas hədəfi şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini üzə çıxarmaq olan müsabiqə  gənc nəsildə mütaliə həvəsini gücləndirmək və bu sahədə xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarıb qiymətləndirmək baxımından mühüm rola malikdir.

Müsabiqə ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə keçirilir. Müsabiqədə iştirak könüllü xarakter daşıyır. Müsabiqə məktəb, rayon (şəhər), ölkə üzrə olmaqla 3 mərhələdə təşkil edilir. Müsabiqə, bir qayda olaraq, dərs ilinin noyabr ayında başlayıb aprel ayında yekunlaşdırılır. Mərhələlər həmin müddətə uyğun olaraq müəyyənləşdirilir. Məktəb mərhələsi, rayon (şəhər) mərhələsi, ölkə mərhələsi və məktəb mərhələsi. Sonuncu mərhələdə əsasən, bədii əsər oxumağa meyl və maraq göstərən, Azərbaycan və dünya ədəbiyyatı nümunələrini davamlı mütaliə edən şagirdlərin aşkara çıxarılmasına həsr edilir.

Şagirdlər tərtib olunmuş sorğu vərəqlərindəki müvafiq sualları oxuduqları əsərlər, onların müəllifləri, hər bir əsərin mövzusu, ideyası, tərbiyəvi əhəmiyyəti və s. yazılı cavablandırır, təəssüratlarını qısa qeyd edirlər.

Şagirdlərin cavabları məktəb direktorunun əmri ilə yaradılmış işçi qrupu tərəfindən təhlil olunur, eyni adlı əsərlər üzrə ümumiləşdirmə aparılır, daha çox mütaliə etmiş şagirdlərin adlı siyahısı hazırlanır. Siyahıdakı şagirdlərin adının qarşısında mütaliə etdikləri əsərlər müəllifləri göstərilməklə qeyd olunur.

Göstərilən əsərlərin şagirdlər tərəfindən həqiqətən mütaliə olunduğunu dəqiqləşdirmək üçün zəruri hallarda işçi qrupu tərəfindən bu əsərlər üzrə müvafiq suallar hazırlanır və onların əsasında məktəbdə viktorinalar, test yoxlamaları və s. bu kimi tədbirlər təşkil olunur. Həyata keçirilən tədbirlərin nəticəsi olaraq, hər məktəbdən ən çoxu 3 nəfər şagird seçilərək onların adlı siyahısı təqdim edilir. Müsabiqənin yekun turu Bakı şəhərində təşkil olunur

Təhsil eksperti Kamran Əhmədov deyir ki, orta ümumtəhsil məktəblərində tədris aparılan fənlər üzrə şagirdlər həmin məlumatları tam olaraq mənimsəyə bilmirlər. Yəni hər hansı bir fənn üzrə bu və ya digər formada dərinləşmiş biliyə malik deyillər. Ona görə də müəyyən fənlər üzrə xüsusi bilik yarışlarının, tədbirlərin bu və ya digər formada əlamətdər günlərin keçirilməsi şagirdlərə həmin sahələr üzrə dərinləşmiş biliklərin öyrədilməsinə xidmət edir: "Nəzərə alsaq ki, Azərbaycan Şərq ölkəsidir, bu səbəbdən şagirdlərimizin özünüifadəetmə bacarıqları çox aşağı səviyyədədir. Yəni onların daha çox əzbərçiliyə önəm vermələri şagirdlərin əlavə oxu marağının aşağı salınmasına səbəb olur.

Digər tərəfdən də bu gün orta ümumtəhsil məktəblərində təhsil alan şagirdlərimiz daha çox ali məktəblərə qəbul imtahanlarına hazırlaşırlar. Bu səbəbdən də onlar əlavə oxu materiallarından istifadə etmirlər, mütaliələri zəif olur, əlavə kitablar oxumurlar. Bu səpkidə yarışların keçirilməsi şagirdlərin mütaliə qabiliyyəti və özünüifadəetmə bacarıqlarının formalaşdırılmasına xidmət edir. Təbii ki, "Ədəbiyyat biliciləri" adı altında keçirilən yarışda da ədəbiyyat sahəsi ilə bağlı daha geniş məlumatları əldə etmək üçün şagirdlərə yaradılan bu imkandan maksimum dərəcədə istifadə etmək lazımdır. Bu kimi bilik yarışlarının keçirilməsini yalnız alqışlamaq və müsbət qarşılamaq lazımdır".

Ekspert onu da qeyd edib ki, bu yarışlardan orta ümumtəhsil məktəblərinin heç birinin kənarda qalmamasını da təmin etmək üçün müəyyən profilaktik işlərin görülməsi vacibdir. "Fikrimcə, bura təkcə yuxarı sinif şagirdləri yox, 1,6 milyon şagirdin hamısı cəlb olunmalıdır ki, onlarda bizim istədiyimiz intellektual səviyyənin inkişafı həyata keçirilsin. Çünki ədəbiyyat birbaşa özünüifadəetmə bacarığının formalaşmasına xidmət edən bir fəndir. Yəni şagirdlərin hansısa bədii əsərlər vasitəsi, mütaliə imkanları ilə özünüifadə vərdişinin formalaşmasını da təmin etmək mümkündür. Biz bu gün narahatıq və narazılıq ifadə edirik ki, şagirdlərin bədii ədəbiyyata olan marağı aşağı səviyyədədir. Təbii ki, bunu könüllülük prinsipi ilə həyata keçirmək olar. Əgər biz bunu qəbul imtahanlarına salırıq və salacağıqsa, uşaqlar o zaman oxuyurlar. Biz bununla bağlı nə qədər çox yarışlar, olimpiadalar, tədbirlər keçirsək, bunu qarşımıza hədəf kimi qoysaq, bir o qədər çox şagirdi bura cəlb etmiş olarıq".

Təhsil eksperti Məlahət Mürşüdlü hesab edir ki, şagirdlərin mütaliəsinin yüksəldilməsində müsabiqələrin rolu böyükdür. Təkcə nəsr və nəzm əsərlərinin deyil, həm də dəqiq elmlərlə bağlı mütaliə biliyin əsasıdır, başlanğıc hissəsidir. Mütaliənin gələcəkdə elmin və ədəbiyyatın, ümumilikdə cəmiyyətin inkişafına çox böyük təsir göstərəcəyini vurğulayan ekspert  Təhsil Nazirliyinin bununla bağlı təşəbbüsünü alqışladığını deyib: "Düşünürəm ki, yeniyetmə və gənclərin zehni inkişafını gücləndirəcək və yeni mütaliə mədəniyyətini formalaşdıran müsabiqələrin keçirilməsinə böyük ehtiyac var. Çünki mütaliə dövlətimizin əsasını gələcəkdə təşkil edəcək gənclərin formalaşdırılması deməkdir".

M.Mürşüdlü vurğulayıb ki, insan zəkasının inkişafında müstəsna rol oynayan mütaliə eyni zamanda, onun mənəvi inkişafı, digər insanlarla münasibəti, gündəlik hadisələrə baxış tərzi, qərarların verilməsi və s. məsələlərdə də mühüm rol oynayan əsas amillərdən biridir. Qədim zamanlardan bəri oxuma-yazma bilənlər digərlərindən fərqlənmiş, sayılıb-seçilən olmuşdur. Bu da onların mədəni səviyyələrindən qaynaqlanmışdır. Bu səviyyəni isə onun mənəvi zənginliyi və bu zənginliyi ona qazandıran oxuması, elmi olmuşdur. Cəmiyyətdə oxuma-yazma bilənlərin sayı nə qədər çox olarsa, o cəmiyyət daha çox inkişaf səviyyəsinə malik olar, digər cəmiyyətlərlə təması zamanı öz dəyərləri ilə seçilər.

S.QARAYEVA

 





19.02.2020    çap et  çap et