525.Az

Xarici dövlətlərin Azərbaycana borcunun reyestrinin aparılma qaydası müəyyənləşib


 

Xarici dövlətlərin Azərbaycana borcunun reyestrinin aparılma qaydası müəyyənləşib<b style="color:red"></b>

Nazirlər Kabineti “Dövlət borcunun və dövlət zəmanətinin reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi barədə” qərarında dəyişiklik edib.

APA-nın məlumatına görə, qaydanın adı dəyişdirilib və   “Dövlət borcunun və dövlət zəmanətinin, habelə xarici dövlətlərin Azərbaycan Respublikasına olan borcunun reyestrinin aparılması Qaydası” olub.

Beləliklə, indiyə qədər bu Qayda dövlət borcunun və dövlət zəmanətinin reyestrinin  tərtib edilməsi və aparılması qaydasını müəyyən edibsə, bundan sonra bu Qayda dövlət borcunun və dövlət zəmanətinin, habelə xarici dövlətlərin Azərbaycan Respublikasına olan borcunun reyestrinin tərtib edilməsi və aparılması qaydasını müəyyən edəcək. Xarici dövlətlərin Azərbaycan Respublikasına olan borclarının rəsmiləşdiyi gündən ən geci 10 iş günü ərzində reyestrə daxil ediləcək.

İndiyə qədər reyestr kitabı və qovluğunun hər biri daxili və xarici dövlət borcları və öhdəlikləri üçün nəzərdə tutulmuş iki hissədən ibarət olub. Bundan sonra isə habelə xarici dövlətlərin Azərbaycan Respublikasına olan borcları üçün nəzərdə tutulmuş hissə də daxil olmaqla, reyestr kitabı üç hissədən ibarət olacaq.

Xarici dövlətlərin Azərbaycan Respublikasına olan borclarına dair müvafiq sənədlər mövcud qanunvericiliyə uyğun olaraq təsdiq edilərək, rəsmi qaydada Maliyyə Nazirliyinə təqdim olunduqdan sonra, Maliyyə Nazirliyi tərəfindən xarici dövlətlərin Azərbaycan Respublikasına olan borclarına qeydiyyat (identifikasiya) nömrəsi veriləcək.

Reyestrdə qeydiyyatda olan borc öhdəliklərinin ləğv edilməsi və ya silinməsi xarici dövlətlərin Azərbaycan Respublikasına olan borcuna xitam verilməsini təsdiqləyən sənədlər rəsmi qaydada Maliyyə Nazirliyinə daxil olduqdan sonra həyata keçirilcək.

Qeyd edək ki, Nazirlər Kabineti “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 oktyabr tarixli  fərmanının icrasını təmin etmək məqsədilə bu qərarı qəbul edib. Həmin fərmanla Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi yaradılıb, Agentliyin Əsasnaməsi təsdiqlənib.  Əsasnaməyə görə, Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi “Dövlət borcu haqqında” və “Büdcə sistemi haqqında” qanunlara, Azərbaycan Respublikası Prezidentinin müvafiq aktlarına uyğun olaraq, dövlət borcalmalarının həyata keçirilməsini təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə olunmasını, dövlət borcunun təkrar maliyyələşdirilməsini həyata keçirən, vahid xəzinə hesabının sərbəst qalığını və “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu”nun vəsaitini idarəetməyə verən və ya idarə edən, dövlət borcunun, dövlət zəmanətlərinin və xarici dövlətlərin Azərbaycan Respublikasına olan borcunun reyestrini aparan, habelə dövlət qiymətli kağızlarının emissiyasını həyata keçirən Maliyyə Nazirliyinin strukturuna daxil olan qurumdur.

 

 





20.02.2020    çap et  çap et