525.Az

Bilal Alarlı və onun Rəsul Rza haqqında araşdırması


 

Bilal Alarlı və onun Rəsul Rza haqqında araşdırması<b style="color:red"></b>

ADPU Cəlilabad filialının müəllimi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü Bilal Alarlının "Rəsul Rza yaradıcılığında novatorluğun folklor qaynaqları" adlı araşdırması indiyədək öyrənilməmiş bir mövzuya - semantik poeziyada şifahi xalq ədəbiyyatı motivlərinə həsr olunub. Kitabda, həmçinin, Bilal Alarlının Rəsul Rzaya həsr etdiyi iki şeiri də verilib.
 
Beynəlxalq Nobel İnformasiya Mərkəzinin Azərbaycan üzrə təmsilçiliyi tərəfindən "Elm və təhsil" nəşriyyatında çap olunmuş kitabın ön sözünü oxuculara təqdim edirik.

Müstəqilliyimizin ilk onilliyində yaranan Azərbaycan ədəbiyyatında layiqli yeri olan Bilal Alarlı çoxsahəli ədəbi-bədii fəaliyyəti ilə diqqəti çəkir. Onun şeir, poema, mənzum oçerk və hekayələri ilə yanaşı, xeyli publisistik yazısı, folklor araşdırması, həmçinin, müasirləri haqqında ədəbi-tənqidi yazısı vardır.

Azərbaycan dili və ədəbiyyat müəllimi işləyən, eyni zamanda, ADPU Cəlilabad filialında ixtisasına uyğun fənləri tədris edən Bilal Alarlı ötən yüzilliyin 90-cı illərindən başlayaraq fəal ədəbi fəaliyyət göstərir. "Qaraçuxamın yuxuları" adlı poema yazır, "Çeçen etüdləri" mənzum gündəliyi üzərində işləyir. Şəhidlərə həsr olunmuş "Qarabağ şahini" (Rauf Quliyev haqqında), "Mətanət" (Cəmaləddin Əliyev haqqında) və "Şəhid anası" (Şamil Nəzərov haqqında) mənzum oçerkləri çap olunur. Ədəbi orqanlarda 37-ci il hadisələrindən söhbət açan "Balakişinin qızılları" povesti (1992), "Üç yanğın" (1989), "Qobu əhvalatı" (1989) və "Ölüm" (1992) hekayələri işıq üzü görür. Ədəbi axtarışlarını davam etdirən Bilal Alarlı 1997-ci ilin mart ayında yaşadığı kənddə "Nöqtələr" ədəbi qrupunu yaratmaqla sonrakı fəaliyyətini ədəbiyyatla bağlayır. Ədəbi qrupda birləşən Böyükxan Bağırlı, Misir Alarlı, Hacıbala Əmir, Əlizadə Sərdaroğlu, Ələddin Əzimov, Yusif Cəfər, Faiq Hüseynbəyli, Dövlət Quliyev, Mehman Quliyev, Şakir Xanhüseynli, Misir Rəsulov, Veysəl Seyfullayev, Afiq Hüseynbəyli və başqaları "Nöqtələr" toplusunun səhifələrində oxucuların görüşünə gəlirlər. Səkkiz kitabı çap edilən "Nöqtələr" ədəbi toplusu Seyid Miryusif ağanın ədəbi irsinə işıq tutur, istedadlı gəncləri himayə edir, hətta dünya ədəbiyyatından tərcümələr çap edir.

Bilal Alarlı əsasən 1997-ci ildən sonra yazdığı şeir və hekayələri kitab halında çap etdirir. İlk kitabı "Quş dili" (1998) adlanır. Onun söz mətbəxi mürəkkəb psixoloji yaşantılarla zəngindir: 

Sözə enmir kədərim,
Çiynim girir altına.
Yerin ahı bəs edər
Göyün yeddi qatına. 

İçim çölümdən betər,
Astarımdan üz çıxar?
Ciblərimi axtarsan
Pul yerinə söz çıxar. 

Şairin "Nənnim tavansız evdən asılıb" adlı ikinci poetik toplusu 2000-ci ildə çap olunub. Kitabda şeirlər "Quş dili" (1997), "Sözü ağıl əkib, ürək becərir" (1998), "Nənnim tavansız evdən asılıb" (1999) və "İsti dərdimin soyuq üzü" (2000) başlıqları altında toplanmışdır. Buradakı şeirlər, həmçinin, "Qara günün ağ yazısı, yaxud şəklim asılan yaxalıqlar" (1999) və "Yuxuların qar uçqunu" (1999) poemaları ədəbi tənqidin diqqətindən kənarda qalmadı. Bilal Alarlının şeirlərindən lövhə, peyzaj təəssüratına diqqət çəkən Vaqif Yusifli burada "Sözün yaratdığı məcazi çalarlara, poetik rənglərə qüvvətli bir meyl olduğunu" bildirir.

Tehran Əlişanoğlu adı çəkilən kitabda diqqəti "İthaflar" yazısına cəlb edir, "incə portret müşahidəlirinin iç ağrı və sevinclərinə qatmaqla əməlində ədəbi-mədəni hava yaradan" Bilal Alarlı qələminin epizmə meyl etdiyini yazır. T.Əlişanoğluya görə, "adından prozaizm boylanan" bu kitabda nəsr deyimi ilə sərrast müşahidə və rakurslar çoxdur".

Nazif Ələkbərli də Bilal Alarlının "intensiv poetika axtarışlarında olduğunu" yazır və tənqidin diqqətini onun rəhbərlik etdiyi "Nöqtələr" ədəbi qrupuna cəlb edir.

B.Alarlı poeziyası intellektual poeziyadır. Bilalın qələmində kağız deyil, söz xışıldayır, külək yelkəni deyil, yelkən küləyi yelləndirir.

Şairin bədii axtarışları ziddiyyətli məqamlardan keçir:

Çərçivəsi dardı kirpiklərimin,
Ağlım görənləri gözlərim görmür. 

Onun üçüncü poetik toplusu "Qaraçuxamın yuxuları" (2001) adlanır. Toplunun "Quş urəyitək ovcumda çırpınan istəklərim" (2000) və "Özümü gətirmişəm bir dəstə gül kimi" (2001) adlanan bölmələrində kövrək hissləri ifadə edən şeirləri və beş poeması verilmişdir. Hələ 2000-ci ildə bir və iki misralıq şeirlər yazan Bilal Alarlı müasirlərinə bu janrın imkanlarını genişləndirməkdə körpü rolunu oynadı. Bir-birinin dalınca qısa poetik deyimlər çap etdirən gənc şairlər sonralar bu səpgili şeirləri yapon hoqqularına bənzətdilər. B.Alarlının şeirlərinin mayasında isə milli kolorit var. Cəmi bir cümlədən ibarət şeirə nəzər salaq:

Yenə göz vurur işığım,
ölür... qaranlıqdan ötrü. 

İlk iki topludan fərqli olaraq, "Qaraçuxamın yuxuları"nda yalnız məhəbbət şeirləri toplanıb. "Qırxıncı otağın Qız bürcü" abstrakt poeması şairin öz həyatından bəhs edir. Günümüzün ağrılı problemlərindən söhbət açan "Saçlarını göz yaşıyla yuyub ehtiyacın caynaqları ilə darayanların nəğməsi" poeması isə 2000-ci ildə qələmə alınmışdır. Poemadakı pessimizm məzmunla bağlıdır.

B.Alarlının 2002-ci ildə işıq üzü görən "Yuxularımın qar uçqunu" adlı kitabı tərtibcə əvvəlki toplulardan seçilir. Kitabda üç topludakı şeirlərlə yanaşı, son dövrün poetik nümunələri və hekayələri yer almışdır.

Ötən yüzilliyin doxsanıncı illərində "Nöqtələr" ədəbi qrupunu yaradan, ədəbi qrupun səkkiz toplusunu, qrup üzvlərinin otuzadək kitabını işığa çıxaran Bilal Alarlı 2010-2011-ci illərdə "Cənub bölgəsinin ədəbi inciləri" seriyası ilə də xeyli poetik toplu nəşr etdirmişdir. 2016-cı ildə isə Bilal Alarlının "Qırx ilin tanışlığı" adlı poetik toplusu işıq üzü görmüşdür.

B.Alarlı nəsrini tənqidçi T.Əlişanoğlu daha yüksək qiymətləndirir, onu Xorxe Luis Borxeslə müqayisə edir: "Mənə burda xoş gələn Bilalın öz materialında Borxes manerası, modellərinə cəhd etməsidir, yığcam mündəricə bundan ibarətdir ki, o, süjetdən, əhvalatdan məna almır, əksinə, mənanı situasiyaya oturdur, öz növbəsində məna vurğusu süjet-situasiyanı yaradır". T.Əlişanoğlu "Nöqtələr - proses rəmzidir" məqaləsində ("Ədəbiyyat" qəzeti, 2001, 24 avqust) Bilal Alarlının "Ulduz" jurnalında çap olunmuş hekayələrinin xarakteristikasını verir: "Gəlin" hekayəsində (2003, 3) hələ keçilmiş yolla getdiyindən qələm bir qədər ağır işləyir; hərəsi bir mövzuda, lakin ideya sırası və ritminə görə üçlük yaradan "İnam", "Ümid", "Dəfn" (sənət, insan, cəmiyyət həqiqətləri) kimi yığcam hekayələrdə isə (2000, 9) qələm məharətlə oynayır, mövzuya uyğun stillər təklif edir, özgə stilləri uğurla imitasiyadan çəkinmir".

Bilal Alarlının son hekayələri üslubi baxımdan əvvəlki nəsr əsərlərindən fərqlənir. "Xalturaçı" ("Ulduz", 2007, 4 say) hekayəsində dilin folklor qatına daha çox nüfuz etmişdir. "Zülmə şərik olanlar" (2007) hekayəsinin mövzusu da müasir həyatdan alınmışdır.

Yaşadığı bölgənin gənclərinə münbit ədəbi şərait yaradan Bilal Alarlı 2010-cu ildə Respublikada ilk dəfə olaraq "Yaradıcı uşaqlar" layihəsi çərçivəsində poetik toplu nəşr etdirmişdir. 2016 və 2017-ci illərdə işlədiyi ADPU Cəlilabad filialında təhsil alan tələbələrin yaradıcılıq nümunələrindən ibarət "Sənə uçmağı öyrədəcəyəm" adlı iki elmi-ədəbi toplu çap etdirən Bilal Alarlı istedadlı gənclərin ayrıca kitablarının nəşrinə də yardımçı olmuşdur. Onu da qeyd etməyi vacib bilirəm ki, Bilal Alarlı nəşrinə yardımçı olduğu kitabların hamısını, hətta folklor toplularını, şagirdlərinin və tələbələrinin kitablarını şəxsi vəsaiti ilə çap etdirmişdir.

Bilal Alarlının folklor araşdırmaları içərisində yazılı ədəbiyyat və folklor mövzusu da diqqət çəkir. Belə araşdırmalardan biri "Abbasağa Azərtürk poeziyasında folklor motivləri" adlanır.

Bilal Alarlının ikinci belə yazısı Rəsul Rza yaradıcılığına həsr olunmuşdur. "Rəsul Rza yaradıcılığında novatorluğun folklor qaynaqları" adlanan bu araşdırma mübahisəli bir mövzuda, sərbəst şeirlər yazan yenilikçi şairin yaradıcılığında folklor motivləri haqqındadır. Müəllif mövzunun öhdəsindən məharətlə gəlmiş, Rəsul Rzanın təkcə şeirlərini deyil, onun əməli fəaliyyətində foklorla bağlı işləri tədqiqata cəlb edə bilmişdir. Əslində, bu mövzu fəlsəfə doktorluğu üçün yararlı bir mövzudur. Bilal Alarlı novator şairin milli kökdən uzaq düşməsi haqqında olan mifi öz araşdırması ilə alt-üst edir.

Bilal Alarlı haqlı olaraq yazır ki, Rəsul Rza Azərbaycan xalqının milli söz sərvətinə, o cümlədən, folklora milli şüurun inkişafının nəticəsi kimi baxırdı: "Onun yaradıcılığında folklor önəmli yer tutur. O, folklora formal münasibət bəsləmir, həm folklor sərvətinin qoruyucusu kimi çıxış edir, həm də ondan yaradıcı şəkildə bəhrələnirdi". Bilal Alarlı R.Rza yaradıcılığının folklor qaynaqlarını iki qrupa bölür və bu prinsiplə araşdırma aparır. O, ilkin olaraq xalqın folklor sərvəti haqqında olan əsərləri təhlilə cəlb edir, sonra mövzusunu şifahi xalq ədəbiyyatından alan əsərlərə diqqət çəkir.

Bilal Alarlı yazır ki, şairin mübarizliyi ictimai və ədəbi fəaliyyətinin bütün sahələrini, xüsusən Azərbaycan dilinin və dilçiliyinin inkişafı ilə bağlı məsələləri, şifahi xalq ədəbiyyatının öyrənilməsi problemlərini əhatə edir. Rəsul Rza haqqında olan bu araşdırmanın dəyəri onun yaradıcılıq fəaliyyətinin istiqamətlərinin müəyyənləşdirilməsi və həmin istiqamətlər üzərində qruplaşdırılması ilə bağlıdır. Milli şüurun formalaşması, milli mənliyin dərki uğrunda mübarizə öndə gəlir, sonra dilin aydınlığı və təmizliyi uğrunda mübarizə aparılır. Şair belə hesab edirdi ki, folklor nümunələrimizin toplanılması və araşdırılması vacib şərtlərdən biridir. Rəsul Rza özü isə yeniliyin ənənə üzərində inkişafı uğrunda mübarizəyə qoşulur.

Bədii əsər üçün forma yeni olsa da, mövzu milli köklərə bağlanmalıdır. Rəsul Rza poeziyası məhz belə bir zəmin üzərində dayanır. Təsadüfi deyil ki, Bilal Alarlının Rəsul Rzaya həsr etdiyi və bu kitabda oxuculara təqdim olunan şeirlərindən birində şairin Azərbaycan poeziyasındakı yeri yüksək dəyərləndirilir: 

Ya şaha çevrilmiş piyadasan,
ya da piyada qalanların şahısan
şeirdə şahlıq edənləri
mat qoyandan bəri.

Bilal Alarlının qaldırdığı mövzu Azərbaycan ədəbiyyatşünaslığı üçün yenidir.

Bəybala ƏLƏSGƏROV
Beynəlxalq Nobel İnformasiya Mərkəzinin vitse-prezidenti, tarix üzrə elmlər doktoru

 





20.02.2020    çap et  çap et