525.Az

Unutma! Unutdurma! - Fotolar


 

AZƏRBAYCAN VƏ QARABAĞ SƏDALARI TÜRKİYƏ VİLAYƏTLƏRİNDƏ DALĞA-DALĞA YAYILDI

Unutma! Unutdurma! - <b style="color:red">Fotolar</b>

Bakıdan Ankaraya gedəcək təyyarə sərnişinlərin dualarıyla da dolandan sonra havalandı. Ağappaq, qırmızıquyruq təyyarə sülh göyərçini kimi buludlara milləndi. İndi yer görünmürdü, yerdəkilər görünmürdü. Görünmürdü kim kimə necə düşməndi, kim başqasının uğurunu, addımını necə qısqanır, kim kimin qarşısını harda kəsir.

Buludların üstündə, bu ağ səhranın altında nə var görünmürdü, amma orda Günəş var idi. Günəş bizi - İbad Hüseynlini, Gülşən Behbudu və məni məqsədimizə, ünvanımıza ötürürdü. Bizim məqsədimiz də, amalımız da bir idi; vətənimizə olan sevgimizi bizi dəvət edən, bizi gözləyən qardaşlarımıza aparırdıq. Bu vətən sevgisinin, torpaq, yurd sevgisinin canlı nümunəsi Qarabağ qazisi, "Azərbaycan Bayrağı" ordenli İbad Hüseynli idi. Onun zəngin döyüş yolunun bütün gəncliyə örnək olduğunu bilən Türkiyə höküməti də ona "Türkiyənin fəxri vətəndaşı" və "Türk Dünyasının Qəhrəmanı" adlarını verib, xüsusi döş nişanlarıyla təltif edib. Savaşın sərhədlərdə rəsmi olaraq bitdiyi bir vaxtdan bəri İbad Hüseynli hələ də mübarizəsini, savaşını davam etdirir, bu dəfə fərqli səngərlərdə. O həmişə: "Mənim xidmətim bitməyib" deyir.

"Qarabağ müharibəsi, qəhrəmanın gözüylə" layihəsi ilə Türkiyənin bir neçə böyük şəhərində görüşlər nəzərdə tutulmuşdu və bu dəvət, bu təşəbbüs qardaş ölkədən gəlmişdi. Biz buludların üstündə, günəşin şəfəqlərinə bürünüb təyyarəmizdə rahat əyləşdiyimiz vaxtlarda onlar qarlı, ayazlı bir gündə bizi gözləyirdilər. Nəhayət, biz də Günəşdən ayrılıb, buludların altına endik - Ankaraya. Biz yerə endikcə nöqtə boyda olan məntəqələr böyüdü, evlər böyüdü. Adamlar o vaxt böyüdü ki, ayağımız yerə dəydi. Qəribəydi, göydə, o masmaviliyin, o bənbəyazlığın içində yox, ölümün daban-dabana gəzdiyi torpaqlarda adamlar özlərini ölümdən uzaq hiss edirdilər. Hər addımda sənə düşmən ola biləcək, qatilinə çevriləcək adamların arasında təyyarədən enənlər daha rahat idilər.

Günəş yerə sağ-salamat çatdığımızdan əmin olmaq üçün seyrəlmiş buludların arasından bizə boylanırdı, bizi getdiyimiz ünvana ötürürdü. Gölbaşına gedirdik, "İbad Hüseyinli sokağı"na.

Qəribə hiss idi; orada yaşayan hər kəsin sənədində bir Azərbaycan türkünün, bir Azərbaycan qazisinin adı yazılırdı. Xocavəndin Muğanlı kəndində doğulan adi bir kənd uşağı hardan biləydi ki, o böyüyüb adını bir gün Türkiyənin paytaxtında uzun bir küçəyə yazdıracaq?! Kəndi üçün, torpağı üçün silahlanıb döyüşən bir əsgər hardan biləydi ki, döyüşlərdən, xüsusən tank əleyhinə minadan sağ çıxacaq və onun döyüş yolunu nəinki ölkəmizdə, qardaş ölkədə də örnək götürəcəklər?! O, bir gün "Türkiyənin fəxri vətəndaşı", "Türk dünyasının qəhrəmanı" şərəfli adlarını alacaq.

Küçəyə gəldik - doğma küçəyə. İbad Hüseynlinin gəldiyini eşidən sakinlər də onunla görüşməyə gəldilər. Ərazinin ağsaqqal muxtarından tutmuş arxasınca itini salıb gətirmiş balaca oğlana kimi hamı ya dilində, ya gözlərində öz sevgisini, heyranlığını gətirmişdi. Hava soyuq olsa da, aramızdakı isti münasibətlər bir neçə saat dərdləşməyə imkan verdi. Yadigar qalacaq foto şəkillər çəkdirib ordan ayrıldıq. Maşın bizi Çumhurbaşkanlığına - o möhtəşəm, o əzəmətli binaya gətirdi. Adımız, məqsədimiz əlisilahlı jandarmaya bizdən əvvəl çatmışdı, hərbi salamla içəri ötürdülər  bizi. Yuxarı mərtəbəyə qalxdıq, Cumhurbaşkanının baş müşaviri Yalçın Topçu bizi həmişə hamının üzünə açıq olan qapısının qarşısında qarşıladı. Onun İbad Hüseynliyə olan sevgisi, hörməti bizi də qürurlandırdı. Otağında çay içdik. Aldığı hədiyyələri divar boyu düzülmüşdü, əsasən də türkçülüyü, turançılğı, soyumuzu, kökümüzü danışan fiqurlar, rəsmlər, əşyalar diqqətimi çəkirdi. Bir də bir xalça-tablo var idi: Yalçın Topçu hərbi geyimdə, əlini qarşıya uzatmışdı və başda "Qarabağ" yazılmışdı. Onun əlini uzatdığı yerlərdə işğal olunmuş torpaqlarımız var idi. Bu canlı görünən tablo onun gözünün qarşısındakı divara vurulmuşdu. Qarabağ hər zaman onun gözünün önündəydi və bu hədiyyəni ona İbad Hüseynli vermişdi.

Xocalı soyqırımından danışdıq. Yalçın Topçu İbad Hüseyinlinin sayəsində Qarabağ dərdimizi bizim qədər bilən bir dövlət məmurudur. Bu il də Xocalı faciəsinin anım gününü keçirəcəyinə söz verdi və biz məqsədimizə çatdığımız üçün məmnun halda görüşüb, qucaqlaşıb ayrıldıq.

Təyyarə bizi yenə göylərə qaldırdı, yenə buludların üstünə, yenə günəşin üzünə alnı açıq çıxdıq. Bu dəfə sıramı masmavi göylərdən və ölümdən qorxacaq biriylə paylaşmadım, ölümü öldürən İbad Hüseynliylə yanaşı oturduq. Biletlərimizi özümüz seçmişdik.

Qocaman Adana bizi illərin əsirliyindən gələn qardaşı kimi gözləyirdi. Bizi hava limanından çıxanda Sərdar Günəş qarşıladı. İri cüssəli, varlığına sığışa biləcək bütün sevincini üzündə, gözlərində yansıdan bu adam, qollarını dünya boyda açıb, qarşımızda dayanmışdı. Ardınca üzündən nur tökülən, ədəbi-ərkanı nümunə olacaq Mehmet Sezer gəldi. Az qalırdılar bizi maşınlara qollarının üstündə aparsınlar. O lopa-lopa ağ buludların altında, bir-birinə hər an düşmən ola biləcək insanların arasında adam kimi adamlar da var və onların sevgisi fırladır Yer kürəsini. Həqiqətən dünyanı sevgi xilas edəcək. Amma əvvəl dünyanı xilas edəcək o sevgini qazanmaq, qorumaq və ötürmək lazımdır. Bizi Adanaya dəvət etmiş bu əziz, bu doğma, bu candan qardaşların biri də, birincisi də Fateh Küpəliydi. Onu görmək üçün sabah olmalıydı. Günəş doğmalı, zaman gəlməliydi.

Mən bu adamları ilk dəfə görürdüm. İlk dəfə burda bildim ki, kainatda, Günəş sistemində, Yer kürəsində, ağ-səhra buludların altında, bu qədər şəhərlərin içində, Adanada belə bir adamlar doğulub, belə bir adamlar yaşayır. Əslində, bu adamlar özləri deyil, içlərinə doldurduqları vətən sevgisini, millət sevgisini, bayraq sevgisini yaşatmaq, qorumaq, başqalarına ötürmək, şəhər-şəhər daşımaq üçün varlar. Və onların bu sevgisi Türkiyəylə başlayıb bitməmişdi, bir də Azərbaycan var onlar üçün. Bu sevgidən, bu səbəbdən bizi Adanaya dəvət etmişdilər.

İbad Hüseynlinin gözüylə Qarabağı görmək yerli camaata da maraqlıydı, çünki bu qədər təbliğata baxmayaraq, hələ də səsimiz qardaş ölkəmizin, qardaş millətimizin qulağına yetərincə çatmamışdı. Nəinki Xocalının, hətta Qarabağın adını eşitməyən iri şəhərlər var. Heç bir şəxsi mənfəətimizin, maddi qazancımızın olmadığı bu səfərdə, dövlətimiz üçün, Qarabağımız üçün, bütün şərəfli qazilərimiz üçün atdığımız bu addımları, təbliğat və ölkəmizi tanıtmaq, sevdirmək, dərdimizə şərik axtarmaq missiyamızı kaftar nəfəsiylə bulandırmaq, cılız kölgəsində gizlətməyə çalışmaq istəyənlər də yolumuza çıxdı. Təəssüf elədim ki, o ağappaq buludların altında belə insanlar da yaşayır, necə ki, o buludların üstündə olanda yerdə heç nə görünmür, kaş ki, yerdə də o adamlar heç görünməyəydi və bizi qarşılayan, bu görüşləri təşkil edən üç adamın; Fateh Küpəlinin, Sərdar Günəşin  və Mehmet Sezərin insana olan, vətənə olan, qonağa, xüsusən İbad Hüseynliyə, onun timsalında Azərbaycan xalqına olan sevgisindən bir pay alaydılar. Əhalisi həm də ermənilər olan bir ölkədən əlbəttə ki, düşmən gözləməmək sadəlövhlükdür. Biz bunları bilərək yola çıxmışdıq, bizim hədəfimiz, məqsədimiz bəlliydi və yolumuza mətin addımlarla davam elədik. Yollar bizi Kozan qalasına apardı - Çukurovanın parlayan ulduzuna.

Eynən bizim Şuşa qalası kimi əlçatmaz qalaydı. Taleyi də Şuşa qalasının taleyinə bənzəyirdi, orda yaşayan əhalinin qismətinə də Xocalı sakinlərinin qismətinə düşən xəyanət, faciə düşmüşdü. Adlarını türkləşdirən, müsəlmanlaşıb yerli türklərə qaynayıb-qarışan, özlərini onlardan biri kimi göstərən ermənilər günlərin bir günündə, ilk fürsətdə dinc əhalini, qonşularını amansızlıqla qətlə yetirmişdilər. Görk olsun deyə beton novlardan qadınların, körpələrin qanını axıtmışdılar. Azərbaycan ərazilərinə rus çarlarının köçürdüyü həmən erməniydi bu, İrəvan quberniyasında yerimizi, torpağımızı, suyumuzu bölüşdüyümüz, 1905-ci illərdə İrəvanda, Gəncədə, Bakıda, Naxçıvanda, 1918-ci ilin mayından 1920-ci ilin aprelinə kimi Zəngəzurda, 1918-ci ildə Bakıda, Qubada və 1992-ci ildə Xocalıda minlərlə dinc əhalini qətl edən erməni! Bizim illər keçdikcə əməlini unutduğumuz, unutdurduqları erməni! Həmin erməninin iki gənci biz Kozana gəlməmişdən bir neçə gün əvvəl qalanın döşünə qalxıb, erməni bayrağı açıb, çəkdikləri şəkilləri sosial şəbəkələrində paylaşmışdılar. Onlara bu cəsarəti türk bayrağını cıran yunan deputatı vermişdi. Biz də Kozana əliboş gəlməmişdik. İbad Hüseynli həmişə pencəyinin döş cibində gəzdirdiyi Azərbaycan bayrağını, Kozanın məclis üzvü, dövlət adamı Hazım Dağlı türk bayrağını açdı. Bayraqları öpüb, dəyişdilər. "Türkün torpaqlarında yalnız türk bayrağı dalğalana bilər" - sözünün sonunda belə dedi İbad Hüseynli. Bu, bir mesaj idi, bizi izləyən ermənilərə də, cəsarət aldıqları başqalarına da. Atalarımız təəssüf ki, düşmənin xislətini unutmuşdular, yoxsa bu qanlı tarix təkrarlanmazdı.

Təəssüflər olsun ki, bu günə qədər yerli əhalinin əksəriyyəti Qarabağ savaşının, Xocalı faciəsinin sədasını o qədər də aydın eşitməmişdilər. Səsimiz, harayımız buralara gəlib çatmamışdı. İbad Hüseynli Qarabağ müharibəsini, Xocalını danışdıqca adamlar bu vəhşiliyin onlara nə qədər tanış olduğunu deyirdilər.

Bir neçə saata sığan görüşdə onlar İbad Hüseynlinin gözüylə Qarabağı gördülər, onlardakı yaranın biri də bizdə olduğunu bildilər. Kədərlər, dərdlər adamları bir-birinə doğmalaşdırır. Bir də öyrəndim ki, burda erməni kökünü, adını hətta daşlardan, kilsələrdən, qəbiristanlıqlardan söküb atmağı bacarıblar. Bizdən fərqli olaraq burda düşməni daha yaxşı tanıyan adamlar olub. Kaş ki, biz də bu təmizləmə, torpağımızı arındırma, durulama işlərinə başlasaydıq.

Dolama yolları enib Osmaniyəyə gəldik. Mədəniyyət mərkəzində bizi izdiham gözləyirdi. Bizdən əvvəl sosial dəvətlər, maşınların, lokantaların şüşələrinə vurduqları posterlər çoxlarının marağına səbəb olmuşdu. Burda əsl qardaşlığı, doğmalığı hiss etmək olurdu. Məsafələrə, sərhədlərə baxmayaraq, burda hamını eyni soya, eyni kökə olan sevgi birləşdirirdi. Bizi uzaqdan gəlmiş doğmaca qardaş kimi bağırlarına basır, baş toqquşdururduılar.

Onu da xatırladım ki, burdakı görüşə, tədbirə İbad Hüseynlinin adını eşidən Zorlu Törə gəlmişdi - Kipr Türk Cümhuriyyətinin Məclis Başqan yardımcısı, Azərbaycan sevdalısı bir adam. Kiprdə hər il Xocalı soyqırımını anan tədbirlərin təşkilatçısı. İşğal olunmuş torpaqlarımızı bizim qədər tanıyan bir türk oğlu, türk.

Burdakı görüşü Avşarlar dərnəyinin başqanı Şərəf Kocakaya təşkil etmişdi. Salona Azərbaycan, Qarabağ tanıdılırdı. Gülşən Behbudun çıxışı ayaqda alqışlandı. Sonra İbad Hüseynli kürsüyə qalxdı. Həmişə: "Mən danışmağı deyil, savaşmağı öyrəndim" deyən İbad Hüseynli bu dəfə, bəlkə də ömründə ilk dəfə, bu qədər danışdı və bu qədər emosiyayla, bu qədər həyəcanla Qarabağı, Xocalını tanıtdı, müharibə dövründə xalqın, əliyalın ordunun vəziyyətini epizodlarda göstərirdi. Hər kəsin sualına cavab verdi.

"Qarabağda silahsız bir xalq, kənd adamları dünyayla savaşırdı, təkcə ermənilərlə deyil. Biz türklər olaraq Qarabağda təklənmişdik. Buna baxmayaraq, döyüşdük, iyirmi faiz torpaqlarımız getsə də, səksən faiz torpağımızı qanımız, canımız bahasına qoruduq. Mərhum Prezidentimiz Heydər Əliyevin sayəsində nizamlı bir ordu və güclü Azərbaycan dövləti quruldu. Ermənilər məqsədlərinə çata bilmədilər, onların dənizdən dənizə planları suya düşdü. Bu gün bizim qüdrətli ordumuz var..." İbad Hüseynli bütün Azərbaycanın şərəfli qazilərini bu zalda, bu qədər adamların qarşısında təmsil edirdi. Bizim vətənə, torpağa olan sevgimizi, dövlətə olan inamımızı sərgiləyirdi. Tədbirin sonunda bayraqlarımız öpülüb dəyişdirildi, fotoşəkillərlə günümüz tarixə çevrildi. Yol aldıq Karataşa. Ağdaşın qardaşlaşmış şəhəri ola biləcək Karataş - Qaradaş portağal, qreyfrut, limon ağaclarıyla zəngindi. Küçələrdən portağal ətri gəlirdi. Karataşın kaymakamı da, qarnizon komandiri də, əmniyyət müdiri də bizi iqamətgahlarında hörmətlə, sevgiylə qarşıladılar, hər kəsin dodağında portağal çiçəkləri açırdı. Görürdüm ki, onların gözündə İbad Hüseynli bütöv bir Azərbaycandır, onunla qucaqlaşanda, özlərini Azərbaycanı qucaqlamış kimi hiss edirdilər. Hörmətlə dinlədilər, adını eşitdikləri Qarabağı bu dəfə içdən tanıdılar. Söz verdilər ki, 26 Fevral günü bizim Xocalı soyqırımı kədərimizə burda şərik olacaqlar.

Yolumuz uzun, səfərimiz uğurluydu, Karataşdan Muta gəldik, - Mehmet Sezərin doğulduğu şəhərə. Mut qonaqlarını bələdiyyə binasının önündə davul-zurnayla, iki qurbanlıq qoçla qarşıladı.

Türkün özünə xas qonaqpərvərliyi hər yerdə görünürdü. Bizi birləşdirən hisslərimiz, bizi bir-birimizə bağlayan ortaq milli mənəvi dəyərlərimiz ilk dəfə qarşılaşdığımız, gördüyümüz adamları bizə, bizi də onlara doğma, əziz, ailədən biri kimi hiss etdirirdi.

Mehmet Sezərin ailəsinə qonaq olduq. Səhəri gün yolumuz Kırşehirə düşdü. Bura da xüsusi dəvət olunmuşduq. Şəhərin mərkəzi küçəsində, şəhərin adı yazılan iri lövhədən sonra bir də iri bir qaya parçası var, üstünə "İbad Hüseynli sokağı" yazılıb. Bələdiyyə sədri və onun köməkçisiylə görüşüb, elə onlarla birlikdə şəhəri, "İbad Hüseyinli" küçəsini gəzdik.

Bələdiyyə sədri əziz qonaqlarının şərəfinə  ziyafət verdi. Necə qarşılamışdılarsa, eləcə də sevgiylə yola saldılar.

Canımızın boxçasına görüşdüyümüz adamların sevgisini yığmışdıq, bu dəfə sevgiylə dolub havalanan təyyarə bizi Bakıya gətirirdi. Məqsədimizə çatmışdıq; geridə qoyduğumuz adamlara ölkəmizi sevdirmişdik, Qarabağı tanıtmışdıq, şəhid olan igidlərimizə bir dəqiqəlik sükut həsr etmişdik, dua oxutmuşduq. Ən əsası, ən önəmlisi düşməni xatırlatmışdıq. Onu unutmaq olmaz!

 





20.02.2020    çap et  çap et