525.Az

Yeseninin ölümünə "Human" baxışı - Resenziya


 

Yeseninin ölümünə "Human" baxışı - <b style="color:red">Resenziya </b>

Dünya ədəbiyyatında bu günə kimi sirrini, əsrarəngizliyini qoruyan hadisələrdən biri dahi rus şairi Sergey Yeseninin ölümüdür.
 
Bu ölüm hadisəsi artıq bir əsrə yaxındır ki, rəvayətə, əfsanəyə çevrilib bütün dünyanı dolaşmaqdadır. Bir otel otağında asılmış vəziyyətdə tapılan şairin 1925-ci il 28 dekabrda uzun müddət əziyyət çəkdiyi ruhi sarsıntı və həddindən artıq spirtli içki qəbulu nəticəsində bunu etdiyi güman olunur. Başqa bir versiya isə şairin düşmənləri tərəfindən öldürülməsidir. Bu fikrin tərəfdarları da kifayət qədər məntiqli arqumentlər ortaya qoyurlar. Buna görə də bu hadisənin üzərindən sirr pərdəsi hələ də götürülməyib.

Şeirləri, poeziyası ilə təkcə Rusiyanın deyil, bütün dünya ədəbiyyatında önəmli yerlərdən birini tutan şairin ölüm hadisəsini xatırlamağımıza səbəb isə fevralın 17-də müstəqil "Human" teatrının "Anqleter 1925" tamaşası oldu.

Mədəniyyət Nazirliyinin bütün dövlət teatrlarının ayda bir dəfə müstəqil teatrlara öz əsərlərini nümayiş etdirmək üçün şərait yaratmaqları barədəki sərəncamından sonra bu sahədə əsaslı canlanma müşahidə olunur.

Onlardan biri olan müstəqil "Human" teatrı Pantomima ustası, keçmiş "Simsar" teatr-studiyasının yaradıcısı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Univeristetinin baş müəllimi, teatr və kino aktyoru, Xalq artisti Pərviz Məmmədrzayev və teatr və kino aktyoru Şamil İbrahimov tərəfindən 2017-ci ildə yaradılıb.

Teatrın ilk tamaşası Slovomir Mrojekin "Karol" tragikomediyası əsasında hazırlanan "Üçüncü" 29 mart 2017-ci ildə oynanılıb. Teatrın ikinci tamaşası iyulun 14-də Sergey Yeseninin "Qara adam" poemasının motivləri əsasında hazırlanan "Anqleter 1925" tamaşası olub. "Human" teatrı 7-11 avqust 2017-ci il tarixində Türkiyənin Bartın şəhərində keçirilən "11-ci Türkiyə teatrlar görüşməsi İnkumu 2017" teatr festivalında iştirak edib.

"Human"ın budəfəki ünvanı Rəşid Behbudov adına Dövlət Mahnı teatrı idi.

Mono-tamaşa məşhur Rus şairi Sergey Yesenin otel otağında sirli ölümündən bəhs edir. 1925-ci ildə otel otağında son məktubunu yazaraq intihar edən şairin ölümündən 94 il keçməsinə baxmayaraq, bu gün dünyanın ən böyük şairləri sırasındadır. Rəsmi sənədlərdə intihar olaraq qeyd olunsa da, ölüm səbəbi hələ də şayiələr yaradan, ölümü haqqında müxtəlif fikirlərin bəyan edildiyi böyük rus şairi Sergey Yeseninin nəfəs aldığı son yer Angleterre oteli oldu.

Tamaşanın mətni Sergey Yesenin "Qara adam" poemasından, Yeseninin və Yesenin rolunun ifaçısı Şamil İbrahimovun özünün şeirlərindən ibarətdir. Səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Pərviz Məmmədrzayev ("Human" teatrının həmtəsisçisi və bədii rəhbəri), səs rejissoru Rəfiqə Məmmədovadır.

Bu qəhrəman ekzistensial konflikt yaşayan bir adamdı. Ölümünə bir gün qalmış özü ilə üzləşən qəhrəman özündən arınmaq, qurtulmaq istəyir. Onun keçirtdiyi ruhi sarsıntı pərakəndə danışığında, sözlərində, qəribə hərəkətlərində özünü göstərir. O, elə hey hansısa qara adama müraciət edir. Həqiqətən də Yeseninin ömrünün son zamanlarında qara kabusdan əziyyət çəkdiyi bəllidir. "Qara adam" povesti də bunun bir nəticəsidir. Burada aktyor Şamil İbrahimov Yeseninin diliylə onun kabusuna çevrilmiş qara adamı da canlandırır (sol əlinə qara əlcək taxaraq). Bu sayədə şairin ölümüylə bağlı hər iki versiyanı səhnədə görmüş oluruq.

Cəmi yarım saat müddətində tamaşa böyük bir şairin illərlə içində gəzdirdiyi qorxunu, narahatlığı, əzabı, ağrını, onu dəlilik həddinə çatdıran ruhi sarsıntılarını əks etdirməyi bacardı. Sadə dekoru, yarıqaranlıq işıqlandırması, həzin, bəzən vahiməli musiqisi və təknəfərlik oyunu ilə "Anqleter 1925" tamaşaçını sevimli şairlərinin əzablarına ortaq etməyi bacardı.




 





20.02.2020    çap et  çap et