525.Az

Səhnəmizin yeni Əsgəri - Foto


 

"ARŞIN MAL ALAN" TAMAŞASINDAN TƏƏSSÜRATLAR

Səhnəmizin yeni Əsgəri - <b style="color:red">Foto</b>

Üzeyir bəy Hacıbəylinin "Arşın mal alan" operettası ilk dəfə 1913-cü il oktyabr ayının 25-də Bakıda Tağıyev Teatrının binasında tamaşaya qoyulub.

"Nicat" truppasının hazırladığı tamaşanın quruluşçu rejissoru və Əsgər rolunun ifaçısı Hüseynqulu Sarabski idi. Qısa müddətdə operetta Qafqazda, Orta Asiyada, İranda, Türkiyədə və digər xarici ölkələrdə də populyarlıq qazanıb. Sarabskidən əlavə, müxtəlif illərdə Əsgər rolunda Opera və Balet Teatrında Bülbül, Hüseynağa Hacıbababəyov, Məmmədtağı Bağırov, Lütfiyar İmanov, Rauf Atatkişiyev, Azər Zeynalov, Fərid Əliyev, Həsən Enami, Musiqili Teatrda Kamal Kərimov, Lütfiyar İmanov, Mobil Əhmədov, Pərviz Bağırov, Fərid Əliyev, Anar Şuşalı, Səməd Xasiyev və Atəş Qarayev çıxış ediblər. 1945-ci ildə ekranlara çıxan "Arşın mal alan" filmində Əsgər roluna dünya şöhrətli müğənni Rəşid Behbudov çəkilib və misiqi nömrələrini də özü ifa edib.

Azərbaycan Dövlət Opera və Balet Teatrının "Arşın mal alan" operettasına verdiyi son quruluşun premyerası 1997-ci il sentyabr ayının 18-də göstərilib. Tamaşanın bədii tərtibatını Əyyub Fətəliyev verib. Rejissor Hafiz Quliyevin hazırladığı "Arşın mal alan" bu günə kimi repertuardadır. İyirmi üç il ərzində tamaşada Gülçöhrənin altı, Soltan bəyin altı, Asiyanın dörd, Əsgərin üç, Cahan xalanın üç, Süleymanın üç, Vəlinin bir ifaçısı olub. Telli rolunda Gülyaz Məmmədovanın əvəzedici roldaşı yoxdur. Bu günlərdə tamaşaçılara təqdim olunan səhnə əsərində üç yeni vokalçı-aktyor çıxış edib: Sadiq Məlikov (Vəli), Aysel İbrahimova (Asya) və Ramil Qasımov (Əsgər). Tamaşanın dirijoru istedadlı musiqiçi Eyyub Quliyev idi.

Məlahətli, ürəyəyatımlı, şaqraq lirik tenor səsə malik olan Ramil Qasımov romans və mahnılar ifa etməklə yanaşı, bir neçə ildir opera tamaşalarında da çıxış edir. İndiyədək o, Opera və Balet Teatrının səhnəsində Koroğlunun ("Koroğlu", Üzeyir bəy Hacıbəyli), Balaşın ("Sevil", Fikrət Əmirov), Vaqifin ("Vaqif", Ramiz Mustafayev) partiyalarını uğurla ifa edib. Hər üç rolda aktyor-vokalçının ifaları özündən əvvəlkilərindən fərqli və orijinal təsir bağışlayan uğurlu səhnə surətləridir. Onun Əsgər obrazı da cazibəli və yaddaqalandır, səsinin həzinliyi, emosional lirizmi, həssas musiqi duyumu ilə Üzeyir bəyin partiturasının professional tələblərinə tamamilə cavab verir. Ramil ariya və ariozaları son dərəcə yükəsək peşəkarlıqla, emosional coşqunluqla oxumaqla bərabər, yüksək aktyorluq istedadı da nümayiş etdirir. Onun aydın və ifadəli danışığı, mətnin psixoloji və yumorlu mahiyyətini dərindən duyması Əsgər obrazının cazibəsini təravətlə artırır, təsir gücünü daha da şiddətləndirir.

Əsgər obrazının ifasında aktyorun uğurunu daha ifadəli edən cəhətlərdən biri də Ramil Qasımovun yöndaşları ilə emosional ünsiyyət yaratmaq qabiliyyətindən bacarıqla istifadə edə bilməsindədir. Əsgər - Ramil Qasımov Cahan xala (Gülüstan), Vəli (Sadiq Məlikov), Süleyman (Tural Ağasıyev), Soltan bəy (Cahangir Qurbanov), xüsusən Gülçöhrə (İnarə Babayeva) ilə dialoqlarında fərqli ifadə vasitələrindən, müxtəlif səs ahənglərindən, zərif və lirik yumor elementlərindən məharətlə bəhrələnir.

Ramil Qasımov səhnədə sərbəst olduğu qədər də diqqətli və cazibəli, həssas və emosional, təbii və real təsir bağışlayır. İnanırıq ki, Ramil Qasımov yaxın illərdə dünya klassiklərindən Cakomo Puççininin "Toska" (Kavaradossi), "Bohema" (Rudolf), Cüzeppe Verdinin "Aida" (Radames), "Traviata" (Alfred), "Otello" (Otello), "Riqoletto" (Hersoq), Rucero Leonkovallonun "Məzhəkəçilər" (Kanyo), Dmitri Şostakoviçin "Yevgeni Onegin" (Onegin), Sergey Raxmaninovun "Aleko" (Gənc qaraçı), Coakkino Rossininin "Sevilya bərbəri" (Almaviva), Jorj Bizenin "Karmen" (Xoze) və digər dünya şöhrətli bəstəkarların ölməz operalarında da bir-birindən maraqlı partiyalar ifa edəcək. Bunun üçün gənc sənətkarda coşqun ehtiras, inamlı cəsarət, yüksək peşəkarlıq, tükənməz yaradıcılıq eşqi, səngiməyən axtarış qətiyyəti və özünə qüvvətli, əzmkar inam gücü var. Bütün bu yaradıcılıq keyfiyyətlərinə güvənərək Ramil Qasımova yeni-yeni və bir-birindən parlaq yaradıcılıq uğurları arzulayırıq.

İlham ƏZİZOĞLU

 





20.02.2020    çap et  çap et