525.Az

Seyid Camal Əzimbəyli Eldar Mahmudova təşəkkür etdi


 

Seyid Camal Əzimbəyli Eldar Mahmudova təşəkkür etdi<b style="color:red"></b>

Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli “Məşədi Dadaş” məscidinin axundu, ilahiyyatçı Hacı Şahin Həsənlinin həyatına sui-qəsd etmək istəyən və dini ekstremizm yolu ilə ölkədə ayrıseçkiliyə rəvac verən “dindarların” saxlanması istiqamətində görülən işlərlə bağlı milli təhlükəsizlik naziri Eldar Mahmudova təşəkkür edib.

"Yeniufuq.org"un verdiyi məlumata görə məlum hadisə ilə bağlı ünvanladığı müraciətində Seyid Camal Əzimbəyli Milli Təhlükəsizlik Nazirliyinin insanların həyatına yönəlik terrorçuluq hərəkətlərinin törədilməsinin qarşısının alınması ilə bağlı həyata keçirdiyi əməliyyat tədbirlərini yüksək qiymətləndirib:

“Hörmətli cənab nazir!

Dövlətimizin bütövlüyü naminə mücadilə verən bütün mənəviyyat adamları ölkədə siyasi stabilliyin təmin olunmasına, milli mənəvi-əxlaqi, dini dəyərlərin qorunmasına, ən başlıcası, dövlətimizin ərazi bütövlüyünün bərpa olunmasına yönəlmiş işlərinizi daim dəstəkləyib və rəhbərlik etdiyiniz qurumun bu istiqamətdə həyata keçirdiyi son istintaq-əməliyyat tədbirlərini alqışlayır.

Qeyd edim ki, ötən oktyabr ayının axırlarında Sizə etdiyim müraciətdə sosial şəbəkə vasitəsilə ölkəmizdə məzhəblərarası qarşıdurmaya səbəb ola biləcək, müsəlmanların birlik və bərabərliyi, Azərbaycan dövləti üçün həmişə mücadilə verən Hacı Şahin Həsənliyə qarşı sui-qəsd çağırışının yer verilməsinə toxunmuşdum. Belə ki, özlərini “Meşə Qardaşları” adlandıran radikal dini qrupun təmsilçiləri Azərbaycandakı məzhəb dostlarını “mücadilə”yə səsləmişdilər. Onlar sosial şəbəkələrdə biri-biriləri ilə əlaqə saxlayaraq, Azərbaycandakı şiələrə qarşı kütləvi şəkildə terrora çağırış etmişdilər. Bu çağırışlarda şiələrə qarşı hədə dolu ifadələrlə yanaşı, Azərbaycanın tanınmış din xadimi, dövlətçiliyin və milli mənəvi dəyərlərin mühafizəsi istiqamətində illərdir mücadilə verən Hacı Şahin Həsənlini qətlə yetirmək üçün fətva verilməsi də vardı. Bundan narahatlıq keçirən təmsil etdiyim Qarabağ Seyid Ocaqları və Azərbaycanın gerçək din-dövlət münasibətlərində mücadilə verən mənəviyyat adamları adına dərhal tədbirlər görülməsini Sizdən xahiş etmişdim.

Sevindirici haldır ki, milli dövlətçiliyimizə təhlükə yaradan terrorçu qüvvələrin rəhbərlik etdiyiniz nazirlik tərəfindən vaxtinda zərərsizləşdirilməsinə nail olmusunuz. Bu tədbiri tək Hacı Şahin Həsənliyə, yaxud Azərbaycan şiələrinə qarşı deyil, Prezident İlham Əliyevin ölkədə siyasi və sosial stabilliyin təmin olunmasına, milli mənəvi-əxlaqi, dini dəyərlərin qorunmasına yönəlmiş siyasətinə qarşı bir qəsdin qarşısının alınması kimi qiymətləndirirəm.

Təmsil etdiyim Qarabağ Seyid Ocaqları və Azərbaycanın gerçək din-dövlət münasibətlərində mücadilə verən mənəviyyat adamları inanır ki, Azərbaycanda tolerant dini şəraitdən “məharətlə” sui-istifadə edən qüvvələrin bundan sonra da aşkarlanaraq zərərsizləşdirilməsi üçün istintaq-əməliyyat tədbirləri davam etdiriləcək. Milli dövlətçiliyimizə qarşı hər an gözlənilən istər xarici, istərsə də daxili düşmənlərin vaxtında Milli Təhlükəsizlik Nazirliyi tərəfindən aşkarlanaraq zərərsizləşdirilməsi dövlətimizin milli təhlükəsizliyinin olduqca yüksək səviyyədə qorunmasının açıq sübutudur.

Hörmətli cənab nazir!

Sizə təmsil olunduğum Qarabağ Seyid Ocaqları adından bir daha təşəkkür edir, bu Məhərrəm ayında xalqımızın və dövlətimizin inkişafı və sabitliyi naminə fəaliyyətinizdə uğurlar diləyirəm”.

Qeyd edək ki, bir müddət öncə “Məşədi Dadaş” məscidinin axundu Hacı Şahin Həsənli və şiə təriqətinə mənsub şəxslərə qarşı “facebook” sosial şəbəkəsində “cihada başlamaq” kimi çağırışlar səslənib. Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi tədbirlər nəticəsində iki nəfər həbs olunub.

Şahxanım Bəşirqızı

Mənbə: yeniufuq.org

 





25.11.2013    çap et  çap et