525.Az

Bir gecənin əfsanəsi - 2 hekayə


 

Bir gecənin əfsanəsi - <b style="color:red">2 hekayə </b>

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 8-ci ildönümü ilə əlaqədar gənclər arasında keçirilən vətənpərvərlik mövzulu hekayə müsabiqəsi böyük maraqla qarşılandı. Təsadüfi deyil ki, müsabiqəyə ümumilikdə 137 müəllif qatılmış, ilkin seçimdən sonrakı əsas mərhələyə isə 73 hekayə buraxılmışdı. 

"525-ci qəzet" olaraq, hərbi vətənpərvərlik mövzusunun xüsusi önəmini nəzərə almaqla, müsabiqə qaliblərinin hekayələrini dərc etmək qərarına gəldik. Bu hekayələr, aydındır ki, peşəkarlıqdan, ciddi ədəbi-bədii meyarlardan uzaq təsiri bağışlayır. Ancaq onlar müəlliflərin mövzuya həssas yanaşmaları, hərarətli duyğuları, səmimi düşüncə tərzi ilə diqqəti çəkir və məhz bu yönlərinə görə qiymətləndirilib. Digər tərəfdən, bu hekayələr yeniyetmə gənclərin vətənə, doğma torpağa bağlılıq hisslərinin ifadəsi baxımından diqqətəlayiqdir.

Müsabiqədə 2-ci yeri tutmuş Famil Orucov və 3-cü mükafatın sahibi Səkinə Şahverdiyevanın hekayələrini təqdim edirik.

Famil ORUCOV
Bakı şəhəri Suraxanı rayonu A.Səfərov adına 114 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi

Bir gecənin əfsanəsi  

Aydınlıq bir gecə. Hələ təzə olan, xarlamamış qar çöl-biyabanı soyuq süd gölünə çevirmişdi, buz nəfəsi ilə göyün tavanını da yalayıb ağartmış, gecənin bət-bənizini avazıtmışdı. Bu bəyaz gecənin səssizliyini inadla yara-yara, nəhəng dəvə beli kimi qarşıda tutqun-tutqun ağaran təpəyə tərəf, yeniyetmə bir oğlan irəliləyirdi. Oğlanın əynində nimdaş, bozarmış sırıqlı, qara uzunboğaz çəkmələrin içinə salınmış tünd göy rəngli qalın şalvar, başında tükləri qırov bağlamış qulaqlı papaq, boynunda əldə toxunma yun şarf vardı. Sağ əlində tutduğu qoşalülə tüfəng soyuqdan donub kilidlənmiş barmaqları arasında məngənəyə salınmış kimi idi. Sırıqlının üstündən çarpaz salınmış patrondaşda yeddi-səkkiz ayı, qaban gülləsi gözə dəyirdi və boş patron çuxurları dişləri tökülmüş kaftar qoca ağzı kimi mırıq görünürdü.

Oğlan yaxınlıqdakı Sarıyel kəndindən idi, düşmən mərmisinin bir tərəfini xaraba qoyduğu orta məktəbin sonuncu sinfində oxuyurdu. Ondan beş yaş böyük qardaşı Səyavuş gavurlarla döyüşlərdə qəhrəmanlıq göstərib şəhid olmuşdu və indi o, babasından miras qalmış ov tüfəngini evdəkilərdən xəbərsiz götürüb işğalçılardan, qatillərdən qisas almağa gedirdi.

Hələ bu ilin yazında, aprel ayında çağırışçı kimi hərbi xidmətə çağırışla bağlı komissarlıqda tibbi komissiyadan keçən zaman şəxsən hərbi komissarın özü - mayor Mehdiyev onun soyadını oxuyarkən qardaşı haqqında xeyli qürurverici sözlər söyləmiş, onu daha da ruhlandırmışdı.

İndi də o duyğuların təsirində olan Seymur buz bağlamış yamacı kobud uzunboğaz çəkmələri ilə termos şüşəsi kimi xırçıltıylə əzə-əzə əyribel təpəyə tərəf gedirdi.

Seymurun qəti qənaətinə görə, vətən, el, oba, millət, torpaq, azadlıq, müstəqillik müqəddəs məfhumlardı, bunlarsız insan kimi yaşamaq, yer üzünün heç yerində, hətta ən cənnət guşəsində də xoşbəxt olmaq mümkün deyildi.

Seymur parovoz kimi töyşüyə-töyşüyə, şaxtanı, sazağı odlu nəfəsiylə qətiyyətlə yara-yara yeriyirdi. Kərkicahan uğrunda ağır döyüşdə qəhrəmanlıqla şəhid olmuş iyirmi dörd yaşlı qardaşı Səyavuşun milli bayrağımıza bükülmüş cənazəsini sübh tezdən qapılarında qəbul eləyəndə ata-anasının nə hallar keçirdiklərini, bacılarının fəryadlarını xatırladıqca qəzəbdən dişləri qıcanır, qisas almaq hissi ilə irəli dartınırdı.

Seymur məktəbdə pis oxumurdu, mərdliyi, dürüstlüyü, sözübütövlüyü, yaşına xas olmayan  ciddiyyəti ilə müəllimlərin sevimlisi idi. Ancaq son aylarda xasiyyəti sərtləşmiş, əsəbi olmuşdu. Namərd qonşular tərəfindən vətənin, xalqın, ən nəhayət, ailəsinin başına gətirilən müsibətlər onun kövrək qəlbini didirdi. Qardaşının ölümündən sonra isə onun üçün yaşadığı hər gün əməlli-başlı məşəqqətə çevrilmişdi. Axı, bu millət, bu xalq, dişiylə-dırnağıyla özünə gün-güzəran düzəldən, ev-eşik quran əli qabarlı bu insanlar hansı günahın sahibi idilər ki, indi onların ev-eşikləri başlarına uçurulur, yurd-yuvaları, od-ocaqları viranə qoyulur, gün-güzəranları tarimar edilirdi?! Hər saat qisas almaq üçün fürsət gözləyən Seymur axır ki, buna imkan tapmışdı. Rayon polis şöbəsindən, yerli orqanlardan çox çətinliklə gizlədib saxlaya bildikləri qoşalülə ov tüfəngini zirzəmidən götürüb evdən çıxmışdı. Bir zamanlar babasının bu dağlarda qaban, ayı ovladığı qoşalülə tüfənglə indi Seymur düşmənin - ikiayaqlı vəhşilərin üzərinə gedirdi.

Əyribel təpənin lap iki addımlığına gəlib çatdı. Təpənin o üzündə silahlı gavurlar vardı. Seymur yaxşı bilirdi ki, təpənin sağ tərəfində, yaxınlıqda öz doğma əsgərləri də post qurub keşik çəkirlər. Odur ki, onlar hiss etməsinlər deyə ehtiyatla, səs salmadan əyribel təpənin sol tərəfinə keçdi. Qoşalüləni sağ əlindən sol əlinə vermək istədi ki, daşın dalında mövqe tutub düşmənin istehkamını müşahidə eləsin. Amma barmaqlarının "kilid"ini aça bilmədi. Sol əlinin köməyi ilə birtəhər barmaqlarını açıb ovxaladı, nəfəsi ilə hovxurub isitdi və daşın arxasına keçib qoşalülənin qundağını sağ döşünə dayadı.

Aha! İki gavur rəqs edirmiş kimi ayaqlarının birini götürüb, birini qoya-qoya astaca söhbət edir, papiros çəkirlər. İki zəif közərti tez-tez görünür və yox olur. Seymur düşmənin ikisini də nişan alıb çaxmağı çəkdi. O iki zəif közərti əbədi söndümü, yaxud həmin iki gavur qəfil qopan gurultunun dəhşətdən bayılıb üzüquylu yerdə qaldımı, Seymur bilmədi. Bir də gördü ki, qarşı tərəfdən güllə onun başına yağış kimi yağır. Ancaq Seymur onu da görürdü ki, düşmən bir qarış belə irəliləyə bilmir. Baxdı ki, onun başı üzərindən düşmən tərəfə də dolu kimi güllə yağır. Sonra Seymur bu dağların xınalı kəklikləri kimi qaqqıldaşan avtomatların sürəkli nəğməsini də eşitdi.

Atışma nə qədər çəkdi, Seymur bunu da bilmədi. Arxası üstə uzanıb gözlərini göyüzünə zillədi. Artıq ulduzlar sönmüşdü, dağlardan, uzaqdan görünən kəndlərinin üstündən qaranlıq pərdə ətəyini yığışdıra-yığışdıra uzaqlaşırdı, üfüqdə günəşin solğun qızılı telləri görünürdü. Seymur başını azacıq sinəsinə əyib patrondaşa baxdı. Patrondaş dişləri tamam tökülmüş daraq kimi bomboş idi...

Bir azdan iki cantaraq əsgər onu sürüyə-sürüyə geriyə - öz postlarına apardı. Hərbi hissənin komandiri, ardınca da əsgərlər Seymurun başına toplaşdılar. Komandir çox ciddi səslə soruşdu:

- Sən kimsən? Hardan gəlmisən? Nə gəzirsən buralarda?

Seymurun dodaqlarında xəfif təbəssüm, üzündə məmnunluq sezilirdi.

Əsgərlərdən biri ona lap yaxınlaşıb diqqətlə baxandan sonra inamlı tərzdə:

- Yoldaş komandir, bu, bizim kəndçidi. Adı Seymurdu, ekonomist Həsənin oğludu, - dedi.

Yalnız indi Seymur hiss etdi ki, sol çiynindən aşağı ilıq maye süzülür. Sağ əli ilə çiyninə toxunanda barmaqları qana bulaşdı. Onun yarasını sarıyıb təcili xəstəxanaya göndərdilər.

Yolboyu Seymur sol çiynindəki yaranın ağrısını hərdən hiss eləyirdi, amma çox qəribədir ki, bu dava başlanandan bəri daima ürəyini ilan kimi sancan ağrılardan əsər-əlamət qalmamışdı.

Səkinə ŞAHVERDİYEVA
Balakən rayon Humanitar və texniki təmayüllü liseyin şagirdi

Sonuncu məktub 

Səlimə xanım evdə təkbaşına oturmuşdu. Ona elə gəlirdi ki, bir il boyunca o, yaşamaq duyğusundan məhrum qalıb. Böyük oğlu Aydının şəhid olmasından bir müddət sonra kiçik oğlu Rəşad da vətən uğrunda vuruşmaq üçün anasını tənha qoymuşdu.

Səlimə xanım tibb bacısı idi. O, öz oğullarını sevgi ilə, ailəsinə, xalqına, vətəninə məhəbbət hissi ilə yetişdirmişdi. Hər bir ana kimi o da övladlarını sevirdi.

Aydın və Rəşadın vətənə sevgisi, yurda bağlılığı hələ kiçik yaşlarından hamını heyrətə gətirirdi. Rəşad 5-ci sinifdə oxuyanda anasına hərbçi olmaq istəyindən bəhs etmişdi. Səlimə xanım oğulları ilə fəxr edirdi.

Ana bu düşüncələrə daldığı vaxt qapı döyüldü. Yenə də o səs. Həmin bu səs ki, bir il boyunca Səlimə xanıma çox şeylər deyirdi. Səlimə xanım qapını açdıqda əlində məktub olan poçtalyonu qarşısında gördü. Üzdən qayğılı görünən poçtalyon saçları ağarmış, üzü azca  qırışmış bu məğrur qadının gözlərində dərin bir iztirab olduğunu duyurdu. Səlimə xanım imza atarkən əlinin titrəməsini hiss etdi. Bunu poçtalyon da sezdi.

Ana içəri keçib məktubu açdı. Rəşad anasına məktub göndərmişdi. Bir il ərzində Rəşad fürsət düşdükcə anasına tez-tez məktub yollayar, ondan nigaran qalmamasını, vətənin onun üçün hər şey olduğunu bildirərdi. Səlimə xanım oğlunun səliqəli xətlə yazdığı məktubu oxumağa başladı:

"Əziz ana. Bu, mənim sənə son məktubumdur. Çünki düşmən üzərinə gedirəm və bu yoldan salamat dönüş yoxdur. Məktubuma sənin mənə və qardaşıma lap uşaq ikən öyrətdiyin cümlə ilə başlamaq istəyirəm: "Şəhidlər ölməzdir, vətən müqəddəsdir". Vətənin qanımızdan, canımızdan artıq olduğunu, onun şərəf, namus və qeyrətimiz olduğunu bizə sən aşılamısan. Sən bunu oxuyursansa, deməli, mən şəhid yoldaşlarımla bərabər səni cənnətdən seyr edirəm. Cismən səni və qüdrətli xalqımı tərk etsəm də, əminəm ki, qəlbinizdə, yaddaşlarda əbədi yaşayacağam. Biz insanlar unutmamalıyıq ki, şəhidlik kimi uca bir zirvəyə yüksələnlər ən bəxtiyar insanlardır. Artıq mən də onların sırasındayam. Qəhrəman əsgərlərimizin ən ümdə arzusu nə bahasına olursa olsun, vətənə şərəflə xidmət etməkdir. Mən də bu yolu seçdim..."

Səlimə xanım oxuduqca göz yaşlarına hakim ola bilmirdi. Gözlərindən süzülən damcılar məktubu islatmışdı.

"... Əsgər yoldaşım Səlimi yaxşı tanıyırsan. Səlimlə mən bütün dərdimizi, kədərimizi bir-birimizlə bölüşürük. Səlimdən xahiş etdim ki, Allah ona məndən çox yaşamağı nəsib edərsə, yazacağım məktubu sənə çatdırsın. Bunu etdiyimə peşman da deyiləm. Sən də peşman olma. Bizim kimi övladlar böyütdüyün üçün heç vaxt heyfislənmə. Göz yaşı axıtdığını bilirəm, anacan. Ancaq bu, axıtdığın son gözyaşı olsun. Göz yaşlarını sil və cəsur əsgərlərimiz, ləyaqətli şəhidlərimizlə fəxr et. Məni bağışla ana, sənin qəlbində ikinci dəfə övlad yarası açdığım üçün bağışla. Ancaq torpaqlarımız azğın düşmənin əlində qalsa, bu, hər birimizin qəlbində sağalmaz bir yara açar.

Fədakar anam, sən məni adım kimi rəşadətli böyütmüsən. Söz ver ki, sənin kimi milyonlarca fədakar ananın olması üçün çalışacaqsan. Mətanətli xalqımız, müstəqil, bölünməz Azərbaycanımız üçün daim mübarizə aparacaqsan. Səndən son istəyim budur!"

Ananın dodaqları titrədi: "Söz verirəm, oğlum, ruhun nigaran qalmasın..."

Onun qəlbini övlad həsrətindən çox, qürur hissi doldurmuşdu. Əlindəki məktubu rəfin küncündəki məktubların üzərinə qoydu. O, oğlunun yolladığı bütün məktubları burada saxlayırdı. Ancaq bir daha oğlundan məktub gəlməyəcəkdi...

Səlimə xanım cəbhədə şəfqət bacısı kimi fəaliyyətə başladı. O, igid əsgərlərimizə yardım göstərir, onları öz balaları bilirdi. Vətən və torpaq sevgisini indi onlara aşılayırdı. Beləcə, igid oğulların mübarizə yolu davam edəcək, qəhrəmanlıq salnaməsinin yeni səhifələri yazılacaqdı.

 





21.02.2020    çap et  çap et