525.Az

Ölkədə ilk dəfə: UNEC-də distant tədrisə başlanılıb


 

Ölkədə ilk dəfə: <b style="color:red">UNEC-də distant tədrisə başlanılıb</b>

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) distant təhsillə bağlı pilot layihə həyata keçirilir. Artıq humanitar fənlərin tədrisi alternativ kimi distant formada da təşkil olunub.
 
UNEC Externdə ilk olaraq Maliyyə və mühasibat fakültəsində 2019-2020-ci tədris ilinin yaz semestrində "Multikulturalizmə giriş" və "Sosiologiya" fənlərinin distant formada tədrisinə başlanıb. 1-ci kursda əyani təhsil alan tələbələrdən könüllülük prinsipi əsasında 24 tələbə seçilərək, distant formada təhsilə cəlb olunub. 

Həmin fənləri distant formada dinləmək istəyən tələbələrin adları EDUMAN sistemində distant formada tədris üçün yaradılan fənn üzrə qruplara daxil edilib. Müəllimlər studiyalardan onlayn apardıqları dərslərdə öncədən EDUMAN sisteminə yüklənən tədris materiallarından istifadə edirlər. Tələbənin davamiyyəti və qiymətləndirilməsi isə müvafiq qaydalara uyğun elektron jurnalda aparılır.

Sonda imtahanlar adi qaydada, tələbələrin fiziki iştirakı ilə təşkil olunacaq. Distant qrupun imtahan nəticələri digər qrupların imtahan nəticələri ilə müqayisə olunacaq və nəticələr təhlil ediləcək. 

UNEC-in PROFESSOR-MÜƏLLİM HEYƏTİ ÜÇÜN DİSTANT TƏLİMLƏR 

"UNEC Extern"də UNEC-in Zaqatala filialının professor-müəllim heyəti üçün distant təlimlər keçirilib. UNEC Eksterndə təşkil olunan təlimin məqsədi tədris materiallarının keyfiyyətinin yüksəldilməsi, müasir standartlara uyğun hazırlanması və filialın professor-müəllim heyətinin Elektron Universitet modelindən istifadə qaydaları barədə biliklərinin daha da artırılması olub. UNEC-in Tədrisin keyfiyyətinə nəzarət şöbəsinin təşəbbüsü ilə keçirilən təlimləri TKQİM-in direktor müavini, dosent Söhrab İsayev, "Rəqəmsal iqtisadiyyat və İKT" kafedrasının dosenti Təranə Əliyeva və "Elekrton universitet" şöbəsinin böyük mütəxəssisi Qumral Hüseynova  keçiblər. Maraqla izlənilən təlimin yekununda Zaqatala filialının professor-müəllim heyətinin sualları cavablandırılıb. 

DİSTANT TƏHSİL NƏDİR VƏ ONUN NƏ KİMİ XÜSUSİYYƏTLƏRİ VAR? 

Distant təhsil universitetlərin öz tələbə kontingentini artırmağa, çox az xərclə daha çox tələbəyə ali təhsil imkanı verməyə, xarici ölkələrdən çoxlu sayda tələbə cəlb etməyə imkan verir. Bu, universitetlərin maddi vəziyyətinin düzəlməsinə, öz müəllimlərinin əmək haqqını əhəmiyyətli dərəcədə artırmasına şərait yaradır. Həmçinin, distant təhsil başqa ölkələrdə çalışan tanınmış elm adamlarını Azərbaycana gəlmədən yerli universitetlərlə əməkdaşlığa cəlb etməyi, onların bizim gənclərimizə də dərs deməsini mümkün edir. Mütəxəssilərin fikrincə, distant təhsil daha çox əyani təhsilin alternatividir. İnternetə çıxışı olan hər yerdə bu təhsil formasını almaq mümkündür. Dərslər onlayn keçirilir. Distant təhsil müəyyən obyektiv səbəblər üzündən ali təhsil almaq imkanı olmayan və ya yeni ixtisas almaq arzusunu həyata keçirə bilməyənlər üçün  real təhsil imkanları təqdim edir. Distant təhsilin üstünlüklərindən biri də övladları bu təhsil formasını seçmək imkanı əldə edən  ailələrin əlavə xərclərdən (kirayə haqqı, nəqliyyat xərcləri və sair) azad olmasıdır. Bu da təbii ki, maddi durumu aşağı olan ailələrin övladlarının daha az xərc çəkməklə ali təhsil almasına imkan verir. Distant təhsil almaq üçün ödənilən məbləğ də təhsilin digər formaları ilə (əyani, qiyabi) müqayisədə olduqca aşağı olur. Distant təhsil forması həmçinin, əlilliyi, sağlamlıq durumu zəif olan gənclərimiz, vətəndaşlarımız üçün  də əvəzolunmazdır.

Əlbəttə, distant təhsil üçün universitetlərdə müvafiq infrastrukturun olması vacibdir. Belə infrastruktura malik olan universitetlərimiz isə var. Azərbaycan Dövlət İqtisad Universitetində - UNEC-də bunun üçün hər bir şərait yaradılıb.

14 NƏFƏRLİK İNZİBATİ HEYƏTLƏ İL ƏRZİNDƏ 20 MİNDƏN ARTIQ TƏLƏBƏYƏ ALİ TƏHSİL VERMƏK İMKANI 

"UNEC Extern" Mərkəzində distant təhsil üçün hətta Qərbin ən reytinqli universitetlərindən belə daha mükəmməl infrastruktur yaradılıb. Ən müasir texnoloji avadanlıqlarla təchiz edilən, dünyanın aparıcı universitetlərinin təcrübəsi əsasında hazırlanan "UNEC Ekstern"in üstünlükləri sırasına onlayn dərsə istənilən yerdən qoşulmaq, tələbələrin mövzunu daha dərindən mənimsəmək üçün müəllimə sual vermək, müzakirələrdə iştirak etmək, dərslərin video bazasına istənilən vaxt və istənilən yerdən yenidən baxmaq imkanları daxildir. Burada elə bir şərait yaradılıb ki, müəllim və tələbə ayrı-ayrı məkanlarda olmasını belə hiss etmir.

"UNEC Extern"də 6 tədris studiyası, 12 inzibati və 1 müzakirə otağı mövcuddur. Mərkəz cəmi 14 nəfərlik inzibati heyətlə il ərzində 20 mindən artıq tələbəyə distant formada yüksək keyfiyyətli təhsil vermək mümkündür. Halbuki bu qədər tələbəyə əyani və qiyabi formada təhsil vermək üçün ən azı 1200-1300 inzibati heyətə (müəllimdən əlavə) ehtiyac var.

Bu isə o deməkdir ki, tədris studiyalarının və inzibati heyətin sayını bir qədər artırmaqla il ərzində 50 min, 60 min, hətta 100 min tələbəyə distant formada yüksək keyfiyyətli təhsil vermək mümkündür.

TƏLƏBƏLƏR ONLAYN DƏRSƏ İSTƏNİLƏN YERDƏN QOŞULA BİLƏR 

UNEC rektoru, professor Ədalət Muradov deyir ki, müasir texnoloji avadanlıqlarla tam təchiz edilən "UNEC Extern"nin üstünlükləri sırasına onlayn dərsə istənilən yerdən qoşulmaq, tələbələrin mövzunu daha dərindən mənimsəmək üçün müəllimə sual vermək, müzakirələrdə iştirak etmək, dərslərin video bazasına istənilən vaxt və istənilən yerdən yenidən baxmaq imkanları daxildir: "Mərkəzdə elə bir şərait yaradılıb ki, müəllim və tələbə ayrı-ayrı məkanlarda olmasını belə hiss etmir. Studiyalardakı bütün tədris prosesi xüsusi kameralar vasitəsilə çəkilir ki, bu da sonradan tələbələrə istədikləri dərsə yenidən baxmağa imkan verir. Belə ki, dərslər yazılır, xüsusi proqramla formatlaşdırılır və keçir arxivə. Qeyd olunduğu kimi, tələbələr istənilən vaxt hər hansı bir dərsi yenidən dinləmək və ya izləmək imkanı qazanırlar. Tələbələrin arzusu olarsa, şənbə və bazar günlərində də müəyyən dərs saatları salmaq olar".

BÖYÜK İŞ 

Təhsil üzrə tanınmış ekspert, professor Şahlar Əsgərov Azərbaycanda distant təhsilin tətbiqini çox vacib hesab etdiyini, bu ideyanın reallaşdılması üçün hər cür şəraitin mövcud olduğunu deyir: "Artıq Azərbaycanda distant təhsil formasının tətbiqi üçün kifayət qədər baza yaranıb. Yadımdadır, 10-15 il bundan qabaq Azərbaycan məktəblərində 1030 şagirdə bir kompüter düşürdü. İndi hardasa 20-30 şagirdə 1 kompüter düşür. Ölkədə kompüteri olmayan, internetdən istifadə etməyən çox az ailə tapılar. Bu onu göstərir ki, biz informasiya-kommunikasiya texnologiyasından kifayət qədər də yaxşı istifadə edirik. Düzdür, mən internetin Estoniyadakı kimi ya pulsuz, ya da çox ucuz olmasını arzu edərdim. Belə olsa, internet daha kütləvi yayılardı. Ancaq biz bu gün də internetdən ali təhsil bilikləri əldə etmək üçün istifadə edə bilərik. Bunun üçün UNEC-də nümunəvi şərait yaradılıb. UNEC rektoru, professor Ədalət Muradov Azərbaycanda distant təhsilin tətbiqi üçün böyük və uğurlu işlər görüb. Düzdür, əvvəllər də müxtəlif ziyalılarımız, müəllimlərimiz tərəfindən Azərbaycanda distant təhsildən istifadə edilməsinə çağırışlar olub. Hətta bu məqsədlə qrantlar da alınıb. Amma bunlar epizodik xarakter daşıyıb, real iş görülməyib. Hörmətli Ədalət müəllim isə UNEC-də distant təhsili ən yüksək səviyyədə həyata keçirmək üçün nə lazımdırsa edib. Təbii ki, mən bunu alqışlayıram. Çox böyük işdir". Ş.Əsgərov hazırda distant təhsilin Azərbaycan üçün çox böyük əhəmiyyətinin olduğunu vurğulayıb.

TƏHSİLİN MÜASİR BİR FORMASI 

Təhsil üzrə ekspert Məlahət Mürşüdlü də distant təhsilin tətbiqinin vacib olduğu bildirib: "UNEC-in özündə distant təhsil üçün çox zəngin maddi-texniki baza, müasir tələblərə cavab verən ayrıca mərkəz, təhsil studiyaları, savadlı müəllim heyəti mövcuddur. Bütün bunlar imkan verir ki, Azərbaycanda ilk olaraq UNEC-də bu təhsil formasından istifadə edilsin".

M.Mürşüdlü də distant təhsilin tətbiqinin çoxlu sayda üstünlüklərinin olduğunu vurğulayıb: "Bu, təhsilin müasir bir formasıdır. Həm ölkə daxilində işləyən gənclərə, maddi vəziyyəti aşağı olan ailələrə ali təhsil almaq imkanının yaradılması, həm də xarici tələbələrin bizim universitetlərə cəlb edilməsi baxımından distant təhsil böyük əhəmiyyət daşıyır. Eyni zamanda, universitetlərin maddi vəziyyətini yaxşılaşdıracaq, xeyir gətirəcək bir təhsil formasıdır. Ümumiyyətlə, müasir dövrdə distant təhsil formasından istifadə etmək bizim gənclərimizin də haqqıdır, hüququdur. Bu hüququ onlara vermək lazımdır. Paytaxtdan uzaqda yaşayan, şəhərə gəlib yaşaya bilməyən gənclərimizin də təhsil almasına şərait yaradılmalıdır".

BU NÜMUNƏDƏN DİGƏR UNİVERSİTETLƏR DƏ İSTİFADƏ EDƏ BİLƏR 

Təhsil üzrə ekspert Etibar Əliyevin sözlərinə görə, "UNEC EXTERN" Mərkəzində distant təhsil üçün hər bir şərait yaradılıb: "UNEC İctimai Nəzarət Şurasının koordinatoru kimi universitetdə distant təhsil üçün yaradılmış infrastrukturla tanış olmuşuq. Universitet distant təhsilin həyata keçirilməsinə tam şəkildə hazırdır. Artıq UNEC-də distant təhsillə bağlı pilot layihə həyata keçirilir. Artıq humanitar fənlərin tədrisi alternativ kimi distant formada da təşkil olunub. İlk dəfə olaraq UNEC-də distant formada tədrisə başlanılması məni çox sevindirir. Bu nümunədən digər universitetlər də istifadə edə bilər".

UNİVERSİTETLƏRİN BEYNƏLXALQ REYTİNQİNİ YÜKSƏLTMƏK ÜÇÜN ŞANS 

Tanınmış hüquqşünas, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyevin sözlərinə görə, UNEC-də çox yaxşı bir imkan yaradılıb, bütün infrastruktur qurulub: "Artıq bu təhsil Azərbaycan təhsil sisteminin ayrılmaz hissəsi olmalıdır. Biz dünyada olan trendlərlə ayaqlaşmalıyıq. Nəzərə almalıyıq ki, informasiya kommunikasiya texnologiyalarından istifadə etməklə təhsilin müxtəlif formalarının tətbiqi həm də ölkənin bilik-elm potensialının güclənməsinə gətirib çıxara bilər. Bu gün artıq hansı ölkənin böyük olub olmaması məsələsi ciddi önəm daşımır, əsas məsələ təhsilin, elmin hansı səviyyədə olması, bilikli cəmiyyətin formalaşmasıdır. Ölkənin inkişaf baxımından da bilikli, təhsilli insanların sayının artması önəmlidir".

Ə.Nuriyevin sözlərinə görə, informasiya kommunikasiya texnologiyalarının imkanlarından yararlanaraq, təhsilin müxtəlif formalarının tətbiqi ölkədə ali təhsilin kütləviləşməsinə, universitetlərin beynəlxalq reytinqinin yüksəlməsinə də şərait yaradar.

Sevinc QARAYEVA

 





21.02.2020    çap et  çap et