525.Az

Tanıyaq və tanıdaq: Səid Muğanlı


 

Tanıyaq və tanıdaq: <b style="color:red">Səid Muğanlı</b>

Əziz oxucular, "525-ci qəzet"də "Günümüzün Güney Azərbaycan ədəbiyyatı - Poeziya" adlı guşə açılıb.

Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələmədən onların ana dilində fərqli janr və üslublarda qələmə aldığı şeir və poemalara, yaxud da həmin əsərlərdən müəyyən hissələrə yer verəcəyik.

Bu əsərlər günümüzün Güney ədəbiyyatında baş verən yeniliklərin, ədəbi prosesin incəliklərini bir az da yaxından izləmək, həyata, insanlığa, yazarların ictimai-siyasi və milli məsələlərə baxışlarını öyrənmək baxımından diqqətəlayiqdir...

Türkiyənin ünlü filosof-yazarı Cəmil Meriç "Qərb kültürün vətənidir, Şərq irfanın. Nə Qərbi tanıyırıq, nə Şərqi, ən az tanıdığımız isə özümüz..." deyirdi.

Güney Azərbaycanda son çağın dinamik inkişaf edən ədəbiyyata, özəlliklə poeziyaya nəzər saldıqda burada yaşayan xalqın özünəməxsus kültürü, ədəbiyyatı, kitab mədəniyyəti, sözyaratma qüdrətinin nə qədər yüksək olduğu yansıyır.

Möhtəşəm mədəniyyət yaradan bir xalq, susmayan dili, özünü, kimliyini, tarixini öyrənmək istəyən şairləri olan xalq isə dünya tarixindən heç vaxt silinmir, əbədiyaşarlıq qazanır...

Beləliklə, özümüzü, Güneyimizi daha yaxından tanımaq, həm də daha çox sevmək üçün, dəyərli yazarların yaratdıqları bənzərsiz poetik dünyanın qapıları üzünüzə açılır, əziz oxucular!

Esmira Fuad
Filologiya elmləri doktoru
 
Səid MUĞANLI

1975-ci ildə Muğan bölgəsinin Üngüt mahalında anadan olub. İlk təhsilini orada başa çatdırdıqdan sonra Qum və Tehran şəhərlərində 10 ilə yaxın islami biliklər öyrənib. Həmin illərdə yaradıcılığa başlayıb. İlk şeir və məqalələri “Yol”, “Təmaşayi zendgi”, eləcə də “Varlıq” jurnallarında nəşr olunub. 2000-ci illərdə yaxın dost və fikirdaşları ilə birgə “Yaşmaq” ədəbi yayım evini yaradıblar. Sonra əməkdaşları ilə birgə “Sonay” ədəbi (hekayə) festivalı və “Azərbaycan kitablar kitabı” festivalının təməlini qoyub. 
2014-də Azərbaycan Yazıçılar Birliyi tərəfindən “Səməd Bəhrəngi” ədəbi ödülünü qazanıb. 2008-ci ildə Təbrizdə “Heydərbaba nəşriyyəsi və müəssisəsi” tərəfindən bərpa edilən Azərbaycan seçkinləri və yazıçı-şairləri içində ən çalışqan gənc seçilib. Təbrizdə “Qızıl alma” şeir festivalının birinciliyini qazanıb. Nəşr etdiyi əsərlərin içində Azərbaycan və Türkiyə şair və yazıçılarının əsərləri xüsusi yer tutur.


Sənsiz o gecə...

Öpüşsüz otaq
Gülüşsüz divar
Mən əllərini bir itik kimi axtarıram...
Və yalqız-yalqız ağlayıram...
Ac, susuz, vodkasız, parasız
Yalqızlığımla qəhvə içirəm!
Qaranlıqla siqar çəkirəm!
Şeirlərimi qırmızı ləçəyinə bükürəm
Və qəzetləri başmağının üstünə yığıram!
Sənin əllərin olmayanda
nə çətindir həyat...
Payızlı gözlərin
bağırmayanda
dodaqlarım üşüyür...
Fişəngim nəm çəkir...
Qələmim sükut...
Sən olmayanda susuz qalıram,
Ac qalıram,
Sən olmayanda sənsiz qalıram!!!

***

Buranı yox,
Burada yaşaya bilmədim
Başqa bir vətən axtarıram
Ölmək üçün!
Səni yaza bilmədim
Bağışla dilim,
Məni bağışla
Başqa bir dil öyrənirəm
yaza bilmək üçün!
Dağılıram bu şəhərdə
Sevirəm, sevilə bilmirəm
Xırdaca mahna gəzirəm getmək üçün!
Bağışla anam,
Səni sevə bilmədim
Başqa bir qadın axtarıram sevmək üçün!..

***

Səni sevirəm... Səni sevmirəm....
Səni sevirəm... Səni sevmirəm...
Səni ...
Qurtarmasaydı bu təsbeh dənələri.
Sevmirəm yalqızlığı sənsiz
Sevirəm qalabalığı səninlə yalqız
Yalqızlığım qalabalığındır
“Tərbiyət” ağzında “Ərk” qabağında.
Mən gözlərinin
Səid Muğanlılığı yaşıldan maviyə çalarkən
yar-yar dedim,
Yardım ol, nə olar
Əllərim uzanıb saçlarına Günəşin
Yandır məni, yax
Yar məni, a....x....
Ya gözlərin olmasın, ya dünya
Kefim belə çəkdi bax!
Dön İmamiyyədən, Vağzala gəl.
“Alma atdım nar gəldi,
Kətan köynək dar gəldi,
Qapıya kölgə düşdü,
Elə bildim yar gəldi”.
Qır düymələrini...
Qır düymələrini
“Məni” də götür Tehrana gəl,
“Evin”ə gəl, evimə gəl.
Bir cüt gözlərini,
Bir cüt başmaqlarını
Bir paket qəhvə şokoladı
Bir cüt kitab gətir... yar,
Qurdlar və qaranquşlar
ən sevdiyim insanlar...

Ohebbo  dedim, it qapdı məni

(ixtisarla)

Buraxma əllərimi, satən  köynəklim,
Ərdəbil küçələrində itərəm birdən.
Yumma gözlərini, kətan köynəklim,
Baxışının havası başımda gəzir.

***

Səsini torağaylar oxuyur,
Qatarlar tormoz edir,
Maşınlar toy siqnalı çalır,
Səsini şeir yazıram,
Səsini sevişirəm.
- Bağışlayın xanım, səsizi itirmişəm,
Sizin mobilin nömrəsi zindana düşüb
Adınız sarayın döşlüyünün cibində getdi
Çayı tullana bilmədi,
Eşqə vurdu özünü...
Adınızı Xançoban bazar ağzında
yeralma çörək satır.
Adınızı isti sımışqa  kimi çırtdayıram
Adı nə idi... sizin?
Hə klassik şeir, flaş fikşin,
Yox, ad sığmır ədəbiyyata
Səsizi yaşayıram sadəcə
Axı sellulum kiçikdi bir az
Siz sığışmırsız
yumruğumda yerləşən qəlbimə.
Yumruğum açılsa,
Bütün qəzetlər xəbərdən daşar,
Daşmasaydı Arpa çayı
Daşma... daş...

***

Qaşsız üzüyümün qaşlısından
cibimdə olsaydı
barmağıza nə yaraşır üzük
Yoxdu məndə üz...
Yanı, deməli, siz haralısız?
Şorabil  sizə oxşayır
Siz yox...
Axı tərbiyəsizdi atları
Ağ balıqları ancaq
Yanı siz ağ balıq
Neor gölü  sizdən
Siz gözəlsiz deyirəm mütləq
Gerçəkdən.

Türküstan adlı xatın

(ixtisarla)

Doğulur şərəfdən türkün günəşi
Tanrı türkü qorusun deyə.
Və addım atanda
Heç xışıldamır quru yarpaqlar
Və xiyaban xiyabana pıçıldayır,
- Öz gözünü sil bir xatın gəlir -
Asfaltlar döşənir ayaqlarına.
O ağaclar qolu boynunda dayanırlar
Meydan çıraqları qızarır utandığından.
Və yaşıl cıraqlar gözləşirlər (ehmal-ehmal)
Və xatın demə Təbriz
Gəncə-Qarabağ.
Daş kəndidir-İstanbul
Oraldı-göy güldür
Qara dənizdir
Dəli Kürdür
Gülüşü türkmən atlarının kişnəməsi
Baxışı Anadolu dağlarının dəli boz qurdu.
Duzluğunda bizim bu Urmu gölü
Dəliliyində Xəzər
Həsrətində Araz
Bir kişiyə göz atanda
Min kişinin dayanır ürəyi.
Ah xatın... ah xatın... ah xatın!
Ürəyimiz ocaqda bişir,
Ciyərlərimiz dustaqda
Dilimiz ağzımızda qovrulur
Bir xatın kəlməsi təkrar olanda.

Ah xatın...
əllərini boz qurda uzat
və oxu....
Oxu Əşhədi “Qarabağın şikəstəsi”lə oxu,
Və ula.
Altı minarələrindən ula
Su nərgizləri yaralanmasın denən.
Amin!
Və bağırmayanda çiçəklər
Qur etməsin dodaqları
Amin...
Və insanlar kimi
Partlamasın Allahın ürəyi tamarzıdan
Amin...
Xatın amin...
Ah xatın...
Qarabağda qurdlar ulamır sənsiz.
Babəkin qalası ağlayır yalqız
Buyur addım qoy
Sənindir ürəyimiz.
Sənindir, vallah sənindir Təbriz...

 





21.02.2020    çap et  çap et