525.Az

AMEA-da Ali Attestasiya Komissiyasının sədri ilə görüş


 

AMEA-da Ali Attestasiya Komissiyasının sədri ilə görüş <b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayevlə görüş keçirilib.

Görüşdə AMEA rəhbərliyi, akademiyanın elmi müəssisə və təşkilatlarının elmlər doktoru və fəlsəfə doktoru dissertasiyalarının müdafiəsini keçirən Dissertasiya şuralarının sədrləri və bu şuraların elmi katibləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev açaraq müxtəlif qurumlarla keçirilən görüşlərin Prezident İlham Əliyev tərəfindən ölkədə aparılan quruculuq prosesinə fəal şəkildə dəstək verməyə xidmət etdiyini bildirib. Çıxışında Ali Attestasiya Komissiyasının yeni rəhbərliyinin fəaliyyətinə də toxunan akademik Ramiz Mehdiyev komissiyanın işinin möhkəmləndirilməsi və nüfuzunun artırılması istiqamətində Prezident sərəncamı ilə görülən işlərdən, bu sahədə tətbiq olunan yeniliklərdən danışıb.

Sonra Ali Attestasiya Komissiyasının sədri təqdimatla çıxış edib. Famil Mustafayev insan kapitalının əsası olan elm və təhsilin vəhdətinə xidmət edən görüşlərin, o cümlədən, bundan öncə elm və təhsil müəssisələrində tədbirlərin təşkilinin və elm qurumları ilə əlaqələrin möhkəmləndirilməsinin ölkəmizdə elmi potensialın yüksəldilməsinə bir töhfə olduğunu vurğulayıb, işgüzar müzakirələr şəraitində keçəcək faydalı görüşə görə akademiya rəhbərliyinə minnətdarlıq edib.

Sədri olduğu komissiyada atılan bütün addımların Prezident İlham Əliyevin rəhbərliyi altında və maksimum bu işə dəstəyi ilə həyata keçirildiyini bildirən Famil Mustafayev rəhbərlik etdiyi müddət ərzində 2500-yə yaxın elmi işə baxıldığını və bunun əsasında aparılan müşahidələrlə prosedur qaydalar, normativ sənədlər və mexanizmlərin yeniləndiyini, sənədlərdəki mücərrədliyin layihələrlə aradan qaldırıldığını diqqətə çatdırıb. Elmi dərəcə və elmi adların verilməsi prosesindən söz açan sədr yenilənmiş normativ sənədlər, əlavə və dəyişiklik edilmiş qaydalar və dövri elmi nəşrlər barədə geniş məlumat verib. Prezidentin müvafiq fərmanı ilə təsdiq olunan "Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə"yə toxunan F.Mustafayev elmi dərəcələrin verilməsində Rusiya, Belarus, Qazaxıstan, Ukrayna, o cümlədən, Avropa ölkələrinin təcrübəsindən yararlandıqlarını bildirib.

Elmi dərəcə və elmi adların verilməsi prosesindən söz açan sədr yenilənmiş normativ sənədlər, əlavə və dəyişiklik edilmiş qaydalar, eləcə də dövri elmi nəşrlər barədə də geniş məlumat verib. F.Mustafayev Prezident İlham Əliyevin müvafiq fərmanı ilə təsdiq olunan "Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə" haqqında danışaraq, elmi dərəcələrin verilməsində beynəlxalq təcrübədən yararlandıqlarını bildirib. O, həmçinin, elmi dərəcə və adların verilməsi üçün elmi məqalələrin dərc olunması tövsiyə edilən beynəlxalq, yüksək istinad indeksli nüfuzlu jurnallar, eləcə də Azərbaycan nəşrləri barədə məlumat verib.

Görüşdə məqalələrin, konfrans, konqres və simpoziumla bağlı tələblərin sayının azaldıldığını vurğulayan Famil Mustafayev dissertasiya işlərinin tərtibi, həcmi, təqdim olunma müddəti, dissertasiya şuralarının səsvermə qaydaları, səlahiyyət müddəti, xaricə göndərilən avtoreferatların yazılma dili, seminarlar, plagiat baş verən hallarda tətbiq olunan qaydalarla əlaqədar tətbiq olunan yeniliklər və dəyişiklikləri diqqətə çatdırıb.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası əməkdaşları və dissertasiya şuralarının sədrlərinin, elmi katiblərin sualları cavablandırılıb. Suallar ətrafında geniş müzakirələr aparılıb.

Sonda akademik Ramiz Mehdiyev görüşdə iştirakına görə Famil Mustafayevə AMEA əməkdaşlarının adından minnətdarlığını bildirərək elmi potensialın gücləndirilməsinə və səsləndirilən fikirlərlə bağlı mühüm nəticələrin əldə olunacağına əminliyini ifadə edib.

Tədbirdə AMEA-nın elmi müəssisə və təşkilatlarının elmlər doktoru və fəlsəfə doktoru dissertasiyalarının müdafiəsini keçirən Dissertasiya şuralarının sədrləri və dissertasiya şuralarının elmi katibləri iştirak ediblər.

Sevinc QARAYEVA

 





21.02.2020    çap et  çap et