525.Az

İstanbulda “Qarabağın işğalı və Xocalı soyqırımı” mövzusunda konfrans keçirilib


 

İstanbulda “Qarabağın işğalı və Xocalı soyqırımı” mövzusunda konfrans keçirilib<b style="color:red"></b>

İstanbulda “Qarabağın işğalı və Xocalı soyqırımı” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, “Aydınlar ocağı”nın təşkilatçılığı ilə baş tutan tədbirdə ermənilər tərəfindən Azərbaycanda törədilmiş vəhşiliklər, o cümlədən Xocalı soyqırımı barədə geniş məlumat verilib.

Xocalı mövzusunda geniş məruzə ilə çıxış edən Anadolu Aydınlar Ocağının rəhbəri, professor İbrahim Öztek deyib: “Faciənin törədilməsindən xeyli əvvəl artıq Xocalıda humanitar vəziyyət gərginləşmişdi. Ciddi ərzaq və dərman çatışmazlığı yaranmışdı. Buna baxmayaraq, Xocalı sakinləri şəhəri əldən vermək fikrində deyildilər. Avtomat və ov tüfəngləri ilə silahlanmış yerli sakinlər, milis qüvvələri şəhəri erməni quldurlarından qorumağa çalışırdılar. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər müxtəlif döyüş silahlarının və canlı qüvvələrin köməyi ilə qəflətən şəhərə güclü hücum edib və Xocalını top atəşinə tutdular”.

O qeyd edib ki, həmin gecə şəhərin bütün infrastrukturu, tarixi abidələri dağıdıldı. Bu faciə nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər erməni vandalları tərəfindən misli görünməmiş amansızlıqla qətlə yetirildi. Bir gecənin içində səkkiz ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. “Biz Xocalı faciəsini və insanlığa qarşı törədilmiş bu kimi soyqırımları unutmamalıyıq”, - deyə professor əlavə edib.
Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən panel müzakirələr haqqında danışan İ.Öztek bildirib: “Bu tədbirdəki müzakirələr zamanı Ermənistanın baş naziri olduqca gülünc vəziyyətə düşdü. Azərbaycan Prezidenti isə bir daha bütün dünyaya Azərbaycanın haqlı tərəf olduğunu sübut etdi”.

Konfrans müzakirələrlə davam etdirilib.

 





22.02.2020    çap et  çap et