525.Az

"Vətən sevgisinin düsturu olmur..." - İbad Hüseynov ilə müsahibə


 

MÜSAHİBİMİZ QARABAĞ MÜHARİBƏSİNDƏ CƏSUR KƏŞFİYYAT KOMANDİRİ KİMİ TANINMIŞ "AZƏRBAYCAN BAYRAĞI" ORDENLİ İBAD HÜSEYNOVDUR

"Vətən sevgisinin düsturu olmur..." - <b style="color:red">İbad Hüseynov ilə müsahibə </b>

- Bu günlərdə Türkiyədən qayıtmısınız. Səfəriniz nə ilə bağlı idi?

- Ümumiyyətlə, məni Türkiyəyə tez-tez dəvət edirlər, sağ olsunlar, çox yüksək qiymətləndirirlər. Adım iki küçə, bir park, bir kitabxanaya verilib, "Qızıl Şərəf" ordeni, "Türk dünyasının qəhrəmanı" medalına layiq görüblər. Həmişə deyirəm ki, biz döyüşən vaxt bunları gözləmirdik. Vətənimiz üçün vuruşurduq, canımızı, qanımızı qoyurduq. Şəxsən mən düşünmürdüm, heç xəyalıma da gətirmirdim ki, nə vaxtsa Türkiyəyə gedərəm, orda bu qədər sevilərəm, hörmət görərəm. Müharibə vaxtı döyüş yolumuzu, adımızı eşidib görməyə gələnlər olurdu. Bir də görürdük, neçə maşın adam məni görməyə gəlib. Mən də utanırdım, qabağa çıxmırdım. Axı mənim gördüyüm heç də qeyri-adi iş yox idi. Sadəcə döyüşürdüm. Hərdən komandirimiz deyirdi ki, səni soruşurlar, çıx görsünlər. O vaxt mənim 21-22 yaşım vardı. İndi isə deyə bilərəm ki, Azərbaycandan başqa, Türkiyədə də çox tanınıram. Oraya o qədər dəvətlər olur ki, hamısında iştirak etsəm, gərək Azərbaycana gəlməyəm. Ora gedəndə özüm də bu sevgidən təəccüblənirəm. Hava limanından başlamış hər yerdə bu diqqəti, hörməti görürəm. Son səfərimizdə Adanada mənimlə görüşlər keçirildi. Türkiyəli dostlarımız bizi tarixi yerlərə apardılar. Eləcə də Kozan qalasında olduq. Bir müddət öncə bir neçə erməni həmin qalada Ermənistan bayrağını gizlincə açıb şəkil çəkdirib, tez də yığışdırmışdılar. Onlar dedi ki, sənin bir türk dünyası qəhrəmanı olaraq burada bayraqlarımızı qaldırmağın hər kəsə cavabdır. Həmin qalaya çıxdıq, orada Azərbaycan və Türkiyə bayraqlarını qaldırdıq. Bu, oranın insanlarına çox xoş gəldi, duyğulandılar.

Mən heç zaman Türkiyəni özümüzdən ayırmamışam. Çünki ermənilər bizimlə məhz "türksüz" deyib vuruşublar. Hətta 70 ildən çox Sovet imperiyası bizə türklüyümüzü unutdurmağa çalışsa da, biz bunu unutsaq da, erməni heç vaxt unutdurmadı. Onlar həmişə bizə türk deyiblər. Mən də türk olduğumuz üçün ayırmıram özümüzdən.

- Bilirik ki, müharibədə yaralanmısınız, sağlamlığınız ciddi zədələnib və davamlı müalicə lazımdır. İndi necədir səhhətiniz?

- Əslində, yaxşı deyil, amma özümü qorumağa, ayaqda qalmağa çalışıram. Özüm üçün deyil, yenə də yarımçıq qalan addımlarımız üçün. Vətənimizin, torpağımızın dar günləri üçün qorumalıyam səhhətimi. Biz hələ torpaqlarımızı geri almalıyıq. Mən başımdan çox ağır yaralanmışam, ona görə də tez-tez başımda ağrılar olur. Amma eybi yox, o başı da, bədəni də qorumaq borcumuzdur. Mənim kimi savaşın odundan, alovundan çıxmış, döyüş texnikasını bilən adamlar vətənə sağlam lazımdır. Hər zaman gənclərlə görüşlərimdə deyirəm ki, qələbənin də, qəhrəmanlığın da başında duran sağlam bədən, sağlam ruhdur. Sağlam olmasan, heç bir iş görə, cəsarətli addım ata bilməzsən.

Bəzən insanlar inanmırlar ki, necə olur, müharibənin əvvəlindən axırına kimi İbad iştirak edir və ölmür. Hərdən mən də keçmişə baxanda inanmıram ki, o insan həqiqətən mən idim. Çox sağlam, döyüşkən biriydim. Bunun hamısını uşaqlıqdan məşğul olduğum idmanda görürəm. Döyüşdə ani qərarlar verirdim və bütün qərarlarım doğru olub, hamısı qələbəyə aparıb. Mən torpağı qoyub çıxmadım, mənim ordan az qala cəsədimi çıxartdılar. Heç vaxt gizli döyüş aparmadım. Düşmənlə hər zaman ayaq üstə döyüşdüm. Məndən arxada gələn yoldaşlarım şəhid olurdu, ama mənə heç nə olmurdu. Hərdən öz-özümü qınayırdım ki, axı niyə mənə güllə dəymir. Bizim hərbi hissəmizdə şəhidlərin şəkillərindən ibarət böyük lövhə vardı, öz şəklimi də böyüdüb ora vurdum. Hərbi geyimim güllədən deşik-deşik idi, amma güllə ordan keçib bədənimə dəymirdi. Düşünürəm ki, məni gözəgörünməz qüvvə qoruyurdu. Elə döyüşlərdən çıxırdım, heç kim inanmazdı ki, ordan sağ qayıtmaq olar. Məsələn, bir dəfə dağda döyüşdə idik. Hər kəs çıxdı, mən qaldım. Yoldaşlarım gəlib deyiblər ki, İbadı öldürdülər. Bir neçə saatdan sonra isə mən çıxıb gəlmişdim. Bütün bunlar mənə də möcüzəvi görünür.

- İndi isə başqa bir cəbhədə - Qarabağ həqiqətlərinin yayılması mübarizəsindəsiniz. Nə kimi işlər görürsünüz bu yöndə?

- İlk dəfə Türkiyəyə gedib İstanbulda mənimlə bağlı böyük konfransa qatılmışdım. Nə yazıq ki, qardaş Türkiyədə əvvəllər bizi torpağını qoyub qaçmış kimi tanıyırdılar. Orda döyüş yolum haqqında bir video göstərildi. Sonra mən çıxış elədim. Mən tribunadaykən biri qalxdı ki, qəhrəman, əgər siz belə döyüşmüsüzsə, bəs niyə bir ovuc erməni sizin torpaqları işğal edə bildi? Bu sual mənə çox pis təsir elədi. Dedim ki, mənim kimi qəhrəmanlar təkcə ermənilərə deyil, dünyaya qarşı vuruşurdu. Bütün dünya ermənilərə kömək edirdi. Bizim arxalandığımız türk qardaşlarımız belə bizə lazımınca kömək etmədi. Ondan sonra ordakı bələdiyyə başqanı dedi ki, qəhrəman haqlıdır, biz dövlət olaraq Azərbaycana kömək etmədik. Sonralar Türkiyənin çox yerini gəzdim və sübut elədim ki, əslində, onların düşündüyü kimi deyil. Son görüşümüzdə belə dedim ki, bu gün Türkiyə Suriyada terroristlərə qarşı döyüşür. 30 il öncə Rusiyanın silahlandırdığı həmin terroristlərlə biz çox zəif təchizatla Qarabağda döyüşürdük. Heç kimin köməyi olmadan. Əgər biz ermənilərin özüylə vuruşsaydıq, nəinki Qarabağı itirmək, keçmişdə itirilmiş torpaqlarımızı belə qaytarardıq. Əgər bu gün geriyə qalan torpaqlarımız bizdədirsə, adi, sadə, zəif silahlarla döyüşənlərin sayəsindədir. Bu torpaqlar bizdədirsə, minlərlə şəhidin qanı bahasınadır. Yəqin həm də bu fikirləri demək, sübut etmək üçün yaşayıram mən.

- İndiki gəncliyin vətənpərvərlik duyğuları haqqında nə fikirdəsiniz?

- Bəzən mənim fikrim gənclərin acığına gedir, amma heyf ki, vətənpərvərlik duyğuları arzuladığımız səviyyədə deyil. Görünür, bu sahədəki təbliğatla da bağlıdır. Vətənpərvərlik elə duyğudur ki, hər kəsin içində var, sadəcə onu qıcıqlandırmaq, oyatmaq lazımdır. Onu da elə eləməlisən, gənc bilməlidir ki, vətəni sevmək təkcə gedib səngərdə döyüşmək deyil, onu hər sahədə təbliğ etmək, qorumaqdır. Uşaqlarımız savadlı böyüməlidir. Vətəni təkcə sərhəd daxilində yox, kənarda da qorumalı, tanıtmalıdır. Vətən elə məfhumdur ki, onun üçün ölənlər əbədi yaşayırlar. Vətən sevgisinin vahid düsturu olmur. Bu sevgini hər kəs öz sahəsində, bacardığı tərzdə ifadə edir.

- Haqqınızda rəğbətlə söz açanlar olduğu kimi, əleyhinizə danışanlar da var. Sizcə, bu, nədən qaynaqlanır?

- (gülür) Mən uğurlu döyüşlərin adamıyam. Bütün döyüş yolum qələbədən ibarətdir. Əlbəttə, bununla razılaşmayanlar da olmalıdır (gülür). Bir də bəziləri inanmır ki, həqiqətən də bu qədər uzun döyüş yolum var. Müharibə başlayandan son günə kimi döyüşmüşəm. Çox maraqlıdır ki, bütün od-alovun içərisində, kəşfiyyatda, düşmənin arxasında ol, amma yenə də sağ qal. Məndən nə qədər kitablar yazılıb, film çəkilib, hələ də istənilən səviyyədə deyil. Çünki yazılmayan, deyilməyən çox şeylər var. İstəməyənlərim, mənə qarşı qəzəblilər də çoxdur. Onları da cəbhədə "qazanmışam". Məsələn, yüzdən çox adam gətirirdilər cəbhəyə, bir döyüşdə hamısı qaçırdı. Gecəylə onları döyə-döyə səngərə gətirirdim. Axı vətəni qorumaq lazım idi. Ya əvvəldən gəlmə, ya da gəlmisənsə niyə qaçırsan? İndi əksərən elələridir əleyhimə danışanlar. Həm də az deyillər, bir xeyli var (gülür). Məni həvəsdən salmağa çox çalışdılar, üstümə gəldilər. Mənsə hamısına sadəcə güldüm, cavab vermədim. Çünki bilirəm ki, lazım olanda xalqımız onların layiqli cavablarını verir. Nə etdiyimi, nə yaşadığımı, kim olduğumu mən bilirəm. Əslində, onlar özləri də bilirlər mən kiməm. Elə onun xainliyini çəkirlər. Əsas odur ki, özlüyümdə kim olduğumu yaxşı bilirəm. Qəhrəmanlığı kağız üstündə deyil, əvvəlcə öz içində qazanmaq lazımdır. Mən onu qazanmışam. İndi ətrafımdakıların hamısı keçmiş döyüşçülərimdir. Onlar mənim kim olduğumu bilməsələr, bu gün yanımda olmazdılar. Mən kəşfiyyatçı idim. Kəşfiyyatçıların döyüş texnikası sirdi, onu ancaq yanındakı kəşfiyyatçılar bilirdi. Mənim də 36 nəfər kəşfiyyatçım vardı və hər şeyə onlar şahiddilər.

- Geriyə baxanda peşmanlıq keçirdiyiniz hansısa məqam var?

- Bircə peşmanlığım var ki, kaş, bugünkü düşüncələrim o vaxt olardı. Peşmanam ki, gücümdən lazımi qədər istifadə etməmişəm. Mənim gücüm yazılanlardan, deyilənlərdən daha çox idi. İndi anlayıram ki, mən nələr edə bilərmişəm. Düzdür, etdiklərimin Azərbaycana xeyli faydası olub. Bunu ən yaxşı bilənlərdən biri Ulu öndərimiz Heydər Əliyev idi. Amma daha çox şeylər edə bilərdim. Heyf mənim gəncliyimə, gücümə...

Ancaq yenə də hər zaman fəxr edirəm ki, o cür qüvvətli gəncliyimi, gücümü vətən yolunda qoymuşam. O vaxtlar indiki kimi deyildim (gülür). Kimsə mənim yorulduğumu, yatdığımı, yemək yediyimi görməzdi...

- Ən ağır döyüşlərinizdən biri haqqında danışmağınız maraqlı olardı...

- Bir gün düşmənin içərisində kəşfiyyatda idik, erməni tərəfdən baxdım ki, olduğumuz yerdən qabaqda ermənilərin səngəriylə üz-üzə, təxminən 300 metrlikdə yaxşı bir mövqe var. Sonra gecəylə əsgərlərimə dedim ki, yığışın getdik. Heç kim məndən soruşmazdı hara gedirik, niyə gedirik. Həmin dediyim yerə gəldik, səngər qazdıq, postumuzu yerləşdirdik. Əsgərlərimiz bizdən arxada idi, kəşfiyyatçıları önə gətirdim. Səhər komandanlığa məlumat verəndə çığır-bağır saldılar ki, tez geri qayıdın, təhlükəlidir. Dedim yox, olmaz, biz lazım olanı etdik. Səhər ermənilərin xeyli texnikası yığıldı qarşımıza. Əsgərlərə dedim, nə qədər atsalar da, cavab verməyin, buraxacağıq yaxına. Ermənilər nə qədər atəş açdı cavab vermədik. Yenə də komandanlıq bizi çağırırdı. Uşaqlara dedim, siz dayanın, gedim onları başa salım ki, ən yaxşı mövqe buradır, burdan çıxmaq olmaz. Maşına mindik, mən tərəfdəki qapı bağlanmırdı, arasına ağac salıb örtürdük. Şofer maşını işə saldı, az getmişdik, ağac düşdü, qapı açıldı, dedim dayanma, sür. Elə o anlarda maşın düşür tank əleyhinə minaya. Dedilər, maşın darmadağın olubmuş. Qapının açılmağı məni xilas edir, zərbə məni tullayır çölə. Ağır yaralanmışdım. "Öldü" adıyla götürüb Ağcabədi xəstəxanasına gətirirlər. Orda baxırlar ki, hələ nəbzim var. Helikopterlə Bakıya gətirirlər. 28 gün komada, aylarla da xəstəxanada yatdım. Sonradan baxıb qiymətləndirmişdilər ki, mövqeyimizi irəli çəkib həmin yerdə səngər qazdırmaqla düz iş görmüşəm və həmin ərazilər bu gün də bizdədir.

Şahanə MÜŞFİQ

 





22.02.2020    çap et  çap et