525.Az

Rustavidə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb


 

Rustavidə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb<b style="color:red"></b>

Xocalıda günahsız dinc əhalinin, o cümlədən qocaların, qadınların, uşaqların vəhşicəsinə öldürülməsi erməni xislətinin əsl simasını ortaya qoydu.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Gürcüstanın Rustavi şəhərində keçirilmiş anım mərasimində səslənib.

“Salam” Mədəni Xeyriyyə Cəmiyyətinin təşkilatçılığı və Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə keçirilən tədbirdə Rustavi şəhəri və Qaradabani rayonu ictimaiyyətinin nümayəndələri, ziyalılar, məktəblilər iştirak ediblər.

Əvvəlcə Xocalı faciəsi qurbanlarının və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ruhlarına dualar oxunub.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov çıxış edərək, ermənilər tərəfindən Azərbaycan xalqına qarşı yüz illər boyu həyata keçirilən soyqırımı və deportasiya siyasətindən danışıb. Bildirib ki, mərhələ-mərhələ həyata keçirilən bu siyasət nəticəsində azərbaycanlılar tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalıb, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılaraq viran edilib.
Səfir deyib ki, Azərbaycan dövləti erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir. Bu cür tədbirlərdə tələbələrin və məktəblilərin iştirakını yüksək qiymətləndirən diplomat bildirib ki, tariximizin şanlı və qanlı səhifələri ilə bağlı həqiqətlərin gələcək nəsillərə çatdırılmasında məhz bu gənclər mühüm rol oynayacaqlar.

Sonra “Salam” Mədəni Xeyriyyə Cəmiyyətinin sədri Maya Rəcəbova, professor Mahmud Kamaloğlu, Rustavi şəhər 18 nömrəli məktəbin müəllimi Mədinə Həsənova və başqaları çıxış edərək erməni millətçilərinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdikləri qırğının acı nəticələrindən danışıblar. Bildirilib ki, ermənilərin 28 il əvvəl Xocalıda törətdikləri bu qətliam, amansızlıq və vəhşilik təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş ən dəhşətli vandalizm aktıdır. Diqqətə çatdırılıb ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib.

Tədbirdə 18 nömrəli məktəbin şagirdi Səbinə Yusifova “Xocalı fəryadı” adlı kompozisiya təqdim edib, məktəblilər Xocalıya aid şeirlər söyləyiblər.

Sonda Xocalı faciəsini özündə əks etdirən videoçarx nümayiş olunub.

 





23.02.2020    çap et  çap et