525.Az

"Xatirələr işığında"kı işıqlı adam... - Aydın Tağıyevin yazısı


 

"Xatirələr işığında"kı işıqlı adam... - <b style="color:red">Aydın Tağıyevin yazısı </b>

AYB Şabran bölməsinə ayrılmış balaca iş otağımdakı şkafda əvvəlki sahibinə məxsus köhnədən qalma kitabları, qəzet-jurnalları yerbəyer edərkən bir kitab diqqətimi xüsusi cəlb etdi.

"Gənclik" nəşriyyatında hələ 1989-cu ildə Xalq şairi Bəxtiyar Vahabzadənin "Ön söz"ü ilə çap edilən "Xatirələr işığında" adlı bu kitabın müəllifinin imzası mənə yaxşı tanış idi: İmamverdi Əbilov. Özüm də əyalətdə yaşadığımdan, o vaxtlar bir toxtaqlığım da bu idi ki, imzası da, özü də respublikada yaxşı tanınan gözəl ziyalı, görkəmli ədəbiyyatşünas alimimiz İmamverdi müəllim də əyalətdə - Neftçalada yaşayıb-yaradır.

Həcmcə o qədər də qalın olmayan o kitabın yaşıl rəngli üz qabığı bozarmışdı. Kitabın bəzi səhifələri qatlanmışdı. Görünür, kitabın oxucusu o səhifələrdə mütaliəsini yarımçıq saxlayıbmış. Mənsə o kitabı birnəfəsə oxudum. O kitabı çapdan çıxan vaxtında isti-isti oxumadığım üçün özümü qınasam da, burasını da özlüyümdə qət etdim ki, İmamverdi müəllimin memuar janrında yazdığı bu kitab hələ bundan sonra da neçə-neçə otuz il beləcə dəyərli qalacaq, məzmunca köhnəlməyəcək. Həm də otuz il bundan qabaq bu kitabı oxuyanlara qibtə etdim. Mənim oxuya-oxuya indi aldığım mənəvi-ədəbi zövqü onlar otuz il bundan qabaq alıblarmış...

Paytaxta, mərkəzə məsafəcə nə qədər yaxın məkanda yerləşsə də, yenə də "əyalət" adı bir məfhum qalmaqdadır. Hərçənd Neftçala Bakıya ən yaxın bölgələrdən biridir. Mən bilən indi vur-tut bir saata paytaxtdan oraya çatmaq olar. Kitabın qələmə alındığı illərdə isə paytaxtdan əyalətə yolu düşən adlı-sanlı adamların hər gəlişi orada toy-bayram, əsl hadisə idi.

Gələn hörmətli müsafirlərin əyalətdə yaşayanların yaxşı tanıdığı, xətir-hörmət qoyduqları, tanınmış bir ziyalı həmyerlilərinin ocağının qonaqları olması isə təkcə ev yiyəsinə yox, onun doğmalarına, əzizlərinə də necə bir sevinc, fərəh, qürur, məmnunluq bəxş etdiyinin özüm də dəfələrlə şahidi olmuşam (Bütün bu hiss və duyğularımı yazıçı dostum Novruz Nəcəfoğlu haqqımda yazdığı "Nağıl adam" bioqrafik romanında ustalıqla qələmə alıb).

Kitabı oxuduqca həmin anları mənə hər dəfə bir də təzədən yaşatdığından İmamverdi müəllimin ruhuna dua edib salavat çevirdim.

Həzrət Əli (ə.) ilə bağlı belə nəql edilir ki, bir gün o Həzrəti evinin darvazasının ağzında oturub bikef, fikrə getmiş görürlər. Onun bu pərişanlığının səbəbini xəbər alanda imam Əli qəmli-qəmli dillənir:

- Neçə gündür ki, qonağım gəlmir. Qorxuram Cənab Haqq məni yadından çıxarmış ola...

Kitabı oxuduqca fikirləşdim ki, İmamverdi müəllim də, çox güman, qonaq-qarasız vaxtlarında nigaranlıq, narahatlıq keçirib...

Müəllifin "Xatirələr işığın"da kimlər xatırlanmır, kimlər yada düşmür... Tarixdə yeri olan və özləri də tarixi şəxsiyyətlərə çevrilən söz, sənət, incəsənət, elm adamları...

Kimdir onlar? İmamverdi müəllimin halal süfrəsinin qonağı olmuş canlı ünsiyyətdə olduğu, oturub-durduğu Səməd Vurğun, Rəsul Rza, Süleyman Rəhimov, Yusif Məmmədəliyev, Mehdi Hüseyn, Məmməd Rahim, Mirzağa Quluzadə, İsmayıl Dağıstanlı, Mehdi Məmmədov, Adil Babayev, Mirmehdi Seyidzadə, Məsud Əlioğlu, Bəxtiyar Vahabzadə, Xudu Məmmədov, İsmayıl Şıxlı, Mir Cəlal, Əliağa Kürçaylı, Məmmədrza Şeyxzamanov, Valid Sənani, Aydın Qaradağlı... bir xalqın, bir millətin iftixarı, qürur yeri olanlar... Kitabdakı bəzi xatirə-memuarlar isə həm də bir elegiyadır.

İmamverdi müəllimin görkəmli şəxsiyyətlər haqqında qələmə aldıqları təkcə xatirə-memuar deyil, eyni zamanda, tariximizin müəyyən dövrünün ədəbi hadisələridir.

Bu kitabı zəngin, ləyaqətli, mənalı bir ömür yaşamış İmamverdi müəllimin həyat dastanının, necə deyərlər, ayrı-ayrı fəsilləri, boyları da hesab etmək olar. Və hər bir fəsildən-boydan müəllifin yaddaşı boylanır. Yaddaş insana xas və onun xarakterinə xüsusi cizgilər gətirən nemətdir. Yaxşı yaddaş hesabına insan ənənələrə, milli-mənəvi dəyərlərə bağlı, unutqanlıqdan, nankorluqdan uzaq, qədirbilən olur, kəsilən duz-çörəyə qiymət qoyur, əhdə vəfalı, dosta etibarlı, sədaqətli davranır. İmamverdi müəllimin kitabı bunun növbəti və olduqca parlaq təsdiqidir. Kitabdakı hər bir xatirədə müəllif həm də oxucusuna bu günümüzdə daha çox gərək olan həyat "dərslər"i keçir, öyüd-nəsihət, ibrət ünvanlayır, müqəddəs hisslər aşılayır.

"Xatirələr işığında" mən İmamverdi müəllimin özünün işıqlı, nurlu obrazını bir daha gördüm. Həm də mərd, cəsarətli bir ziyalı obrazını, sovet rejimi xofunun hökm sürdüyü illərdə qələmə alınan, o zaman adları yasaq edilmiş xalqımızın görkəmli şəxsiyyətləri - Əli bəy Hüseynzadə, Xudadat bəy Rəfibəylini xatırlatmaq, yada salmaq böyük ziyalı qeyrətinin göstəricisi idi.

Kitabı oxuduqca özümün də görkəmli sənətkarlarımız Mirzə İbrahimov, Süleyman Rəhimov, Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Məmməd Araz, Qabil, Cabir Novruzla bağlı xatirələrim yada düşdü. Uzun müddət ünsiyyətdə olduğum Fikrət Sadıqı, Əlibala Hacızadəni, Məmməd Aslanı, Ağa Laçınlını, Mansur Vəkilovu, Ələkbər Salahzadəni, İsa İsmayılzadəni, Abbas Abdullanı, Nüsrət Kəsəmənlini, Səyavuş Sərxanlını, Camal Yusifzadəni xatırlaya-xatırlaya haldan-hala düşdüm. Görkəmli müğənnimiz Mirzə Babayev, rejissor Tofiq İsmayılov, Xalq artistləri Leyla Bədirbəyli, Lütfəli Abdullayev yaddaşımdan kövrək xatirələrlə boylandılar. Yeri gəlmişkən, onlarla bağlı yaddaş kitabımdan bəzi səhifələri qələmə alıb arabir "525-ci qəzet"də, "Ulduz", "Qobustan", "Yada düşdü..." dərgilərində çap etdirmişəm. Yuxarıda qeyd etdiyim kimi, yazıçı dostum Novruz Nəcəfoğlu isə mənim haqqqımda yazıb çap etdirdiyi "Nağıl adam" bioqrafik romanında dostlarla bağlı unudulmayan xoş xatirələrimi çox gözəl bir üslubla qələmə alıb.

Sonda bir arzumu çatdırmaq istərdim: "Xatirələr işığında" kimi son dərəcə dəyərli kitab müasir qrafikamızla yenidən nəşr edilsin. Bu, həm İmamverdi müəllimin xatirəsinə layiqli ehtiram nümunəsi olar, həm də neçə-neçə oxucu da mənim 30 il sonra aldığım təəssüratları yaşamaq zövqündən məhrum qalmaz.

 





23.02.2020    çap et  çap et