525.Az

Vahid Əzizin şeirləri


 

Vahid Əzizin <b style="color:red">şeirləri</b>

BEH...

 

Əbədi sevgidir bizim sevgimiz,

bir ömrə  ortağıq, bir eşqə möhtac,

Vətənlə ər-arvad deyilik ki, biz-

savaşıb ayrılaq, peşman qayıdaq.

 

Doğuldum, torpağım ana olunca

adımı çiçəyə, gülə yazdırıb,

zərif göbəyimi kəsən mamaça

Vətən torpağını dərin qazdırıb.

 

Yazılar həm yalan, həm ki, gerçək,

tarixim tələsib, geriləyibdir,

canımnan kəsilib dəfn olan göbək

məzar yerim üçün beh verilibdir.

 

Bir az Kürünküyəm, bir az Arazın,

Vətən məhəbbəti qəribə ovsun,

qəbrimi dağların döşündə qazın-

göylərin dayağı başdaşım olsun.

 

Burdan izim getməz, adım silinməz

Vətən savaşlarda məni qırmadı,

torpağım məzarlıq yer əsirgəməz-

dünyaya gələnnən behim ordadı...

26.X.2013

 

İLLƏR-GÖZƏLLİK QƏNİMİ...

 

... bilmir, yoxsa bilə-bilə

əhvalımı sənsiz pozur?

adını qumlu sahilə

mən yazıram, dəniz  pozur.

 

eşidərmisən ünümü,

hayana tutum yönümü?

İllər-gözəllik qənimi,

saç ağardır, bəniz pozur.

 

tərk edəndə Vətənini

yedik quşların dənini,

Tanrım, Yerin düzənini

burdakı bəndəniz pozur!

 

daşıyar el çiyinləri

bu dünyadan köçənləri,

bəzən-yaxşı keçənləri

ağır illərimiz pozur.

 

sevgi məndə çiçək əkir,

Hicranlardan zülmət çökür,

kor taleyim qələm çəkir-

görmür: "Vahid Əziz" pozur...

14.XI.2013

 

AĞLIMA GƏLMƏZDİ

"YETMİŞƏ" ÇATAM...

 

... yaxası əlimə keçmir ki, tutam-

vaxt məni heyimnən niyə salar ki?

Ağlıma gəlməzdi "Yetmişə" çatam-

ikicə  ilim var, nəyim qalar ki!

 

Gənclik köhlənimin boşaldı tərki -

üzümə qayıtdı, çatırmış ərki!

Saç gedib, saqqalın dəyişdi rəngi.

özümnən savayı nəyim solar ki?

 

Bizlər - bu cahana mehman olanlar,

Hardasız, "Dünyanı satın alanlar?",

Duydumu sevgini ələ salanlar -

adamı özünnən elə alar ki!

 

Sən deyən dəyməsəm- gülüm, "kal" demə,

"Axirət" bəyənməz-bezə "şal" demə!

İlandı - "dostumdu koramal" demə,

bassan quyruğunu-elə çalar ki!

 

Həyat uzandıqca qısalar boyu,

dönər körpəliyə, dəyişər huyu,

insan-öz içinnən quruyan quyu,

can sulu olmasa necə dolar ki?

 

Dünyada səadət hökümran olsun,

sərvət, Vahid Əziz, sağlam can olsun,

qızıldan hörülmüş xaniman olsun,

nəfsin viran etsə, elə olar ki...

16.XI.2013

 

O VAXTDAN...

 

Məndən taleyimə kim qeybət qırıb?-

su içmir gözünnən-gözüm o vaxtdan,

kardı, ya özünü karlığa vurub?-

çatmır qulağına səsim o vaxtdan.

 

Gəzirəm-duyğular deyir: "Arama!",

susmağı hirsimi çəkir tarıma,

sazım da uyuşmur barmaqlarıma

mizrab o vaxtdan, sim o vaxtdan.

 

Dolanmır bağımda - səs, səmir,

bahar yada salmır, payız istəmir,

bilirəm, heç harda, heç kəs gözləmir-

solan şəkillərdir bəsim o vaxtdan.

 

Özümmü bəlayam, daşımmı ağır,

adımmı qorxulu, bəxtimmi fağır?

Gördüm ki, ümid birtəhər baxır -

söz verdim; hər şeyə dözüm o vaxtdan.

 

Beləcə-aradan keçib neçə il,

bəxt mənim olsa da vaxt mənim deyil!

Yox, gülüm, çırağım işıqsız deyil-

tutub şüşəsini hisim o vaxtdan.

 

Vaxt olur coşuram, sığmıram yerə,

arxamca daş atır bir cürə hərə!

O qədər dağ aşdım, o qədər dərə-

Səpilib dünyaya izim o vaxtdan.

 

Dindir, Vahid Əziz, dərdimi bölüm,

dünya seyrangahım, göylər mənzilim,

barı siz dönməyin, ay obam-elim,

Vətən ocağında közəm o vaxtdan...

08.X.2013

 

SƏNİN "KƏRƏMİNNƏN"

OLMAZ, ƏDALƏT...

 

Ustad sənətkar qazaxlı aşıq Ədalət Nəsibova

 

... neynək, keçmiş olsun özgə dinindən-

qan salar sevginin qırdığı qələt!

Əsliyə yazıqlar, Keşiş cəhənnəm,

sənin "Kərəmindən" olmaz, Ədalət!

 

Dağlar huşa gedib, Ay bədirlənib,

o qədər başlara havalar gəlib!

Sən olan məclisdə cəsarət edib

abırlı "Kərəmi" çalmaz, Ədalət!

 

Baxma ki, yerlərdən göyə zənn edər-

bayılıb  özünnən Göyəzən gedər,

yaşlar həm ürəknən, həm üznən gedər,

Fələk biganə qalmaz, Ədalət.

 

Ustad, qüdrətinə o vaxtdan matam-

Huri mələkmiydi sinənə yatan!

Meydan sulayanda hər mizrab tutan-

kim səni yadına salmaz, Ədalət?!

 

Vurğun qalmadısa, hər gələn-gedər,

yandı Vahid Əziz Kərəmnən betər,

Fələkdir, məni bəlkə itirər,

səni bu millətdən almaz, Ədalət.

"Yanıq Kərəmi"ndən olmaz, Ədalət...

16.XI.2013

 

OĞUL...

 

Qoymayın hər yetən barını dərsin,

hər cür olsa da-Vətəndi, oğul.

sevən ürəklərdə buğda göyərsin,

vələmir hər yerdə bitəndi, oğul.

 

Adı hər kişinin daşda oyulmur,

hər kəsin heykəli başda qoyulmur,

çoxdandı bülbülün səsi duyulmur -

o vaxt Qarabağda ötəndi, oğul.

 

Dünyaya vaxtında gələnmi xoşbəxt,

yoxsa, çıxarını bilənmi xoşbəxt?

Sən bilən, Vətəndə ölənmi xoşbəxt,

yoxsa, baş götürüb gedəndi, oğul?

 

Yenə qayğılarda açdım səhəri,

hər an bir sınaqmış mənnən ötəri!

Torpağa güc verən zəhmətin təri,

yoxsa ki, gərəksiz bədəndi, oğul?

 

Yadlar bilmədiyi sirrim qalmadı,

vaxt oldu başbilən dirim qalmadı!

Daha bölünməli yerim qalmadı -

günahkar hardakı "dədəndi", oğul?

 

Gördün, haralardan keçmədi yolum?

cür qəhərləri içməli oldum!

Gözəl millətimin qurbanı olum -

məni Vahid Əziz edəndi, oğul...

03.03.2013

 

BU...

 

Özü çinar boylu, çiçək ətirli,

röyamı, gerçəkmi-hardan gəldi bu?

Gözəllər-gözəli, güllərin-gülü,

Sancsa, bilərəm ki, qızılgüldü bu!

 

Bəxtə neynəmişdim - bu cür abartdı?

Tufanlar çağlatdı, sular qabartdı,

nazlıydı, özünü bir az da dartdı-

heyran olduğumu hardan bildi bu?

 

Qəlbinə boylandım; "sarsimlidir",

adını demərəm - gül isimlidir,

dodağı hələ təbəssümlüdür,

gözümnən yayınıb kimə güldü bu?

 

Payızda yaz ətri duydum havadan,

yanıma qonarmı uçsam yuvadan?

Baş alıb beqafıl getsəm dünyadan,

ağlayan çox olar: "Nədən öldü bu?".

 

Gözəldir, bəlkə - imansız olar,

şimşək baxışları odlara salar,

çoxdandı quraqlıq keçir havalar,

məni alıb gedir -hansı seldi bu?

 

İçimi yeyərəm, can didim-didim,

dindirdi, deyəsən peşman elədim,

halımı soruşdu-iki bənd dedim.

Dedi: "aman Allah, necə dildi bu!".

 

İstisi yazlardan, yaylardan betər,

qış olsa, öpərəm - "əriyib gedər",

payız da soldurmaz məhəbbət qədər;

qəlbim gül açırsa, fəsildi bu...

16.XI.2013

DEYİLSƏ...

 

... yoxsulu bir kimsə yadına salmaz-

dərdin qulaqları şeşi deyilsə,

heç öz-özünə viranə qalmaz -

kim yıxar, fələyin işi deyilsə?

 

Tərəzi düz çəkər, daş olar əyən,

beiman olmasın qapını döyən,

döşünü döyərək: "Kişiyəm!" deyən

mənim günahım kişi deyilsə?!

 

Harınlar görmüşəm var-dövlət boğan,

Haramnan yaxşıdı çörəklə-soğan,

əyri əl-əl çəkməz oğurluğundan-

kəsilən barmağın beşi deyilsə.

 

Yazma,Vahid Əziz, dünya dirənib,

deyirlər Ayda da yerlər behlənib,

görən, qan içməyi hardan öyrənib,

insanın əcdadı vəhşi deyilsə...

16.XI.2013

 

GƏNCLİK XATİRƏMDƏ

BAKI KƏNDLƏRİ...

 

Getdikcə azaldı qəmli baxışlar-

qatarlar daşımaz gəlin qızları,

Şimşək təyyarələr, iti maşınlar

çəkdi vağzallardan "Vağzalıları".

 

Dəmirli yolların altı ağacdı,

gah soyuq, gah qızmar olar vaqonlar,

gördüm neçəsini qoşuldu -qaçdı;

qaçırdan səs-küydü "Elektriçkalar".

 

Hayıf, ötən günlər düşməzmiş ələ,

özgə cür görünər dünya qatardan,

tramvay, "Elektriçka" dostum da belə-

elə bil kinoya baxarıq ordan.

 

O vaxtlar  nağıltək qalar yadımda,

mininnən birində maşın olardı,

ləngərli yam-yaşıl "Elektriçkalar"

yollara duvaqlı kölgə salardı.

 

A gənclik xatirəm, Bakı kəndləri,

hanı səsli-küylü ucuz qatarın,

bahalı maşınlar çıxannan bəri

qaçıb vağzallardan "Vağzalıların!".

 

Siz qızıl ömrümdən yadigar gümüş,

uzaq illərimin xatirələri,

dəniz görkəmin yaman dəyişmiş-

hər yerdə hasarlar sıxar Xəzəri!

 

"Vağzalı", hər evə düşsün ayağın,

Hər yanda sevgiylə gələsən dilə,

içində bu çılpaq unutqanlığın

yaxşı ki, "Vağzalı" yaşayır hələ...

27.X. 2013

 

 





25.11.2013    çap et  çap et