525.Az

"Mənə cəza verdi sevgini Tanrım..." - İlham Bədəlbəylinin şeirləri


 

"Mənə cəza verdi sevgini Tanrım..." - <b style="color:red">İlham Bədəlbəylinin şeirləri</b>

Moskvada yaşayıb-yaradan istedadlı şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Nilolay Ostrovski adına Ədəbi Mükafatın, Beynəlxalq Rəsul Rza Mükafatının və "Humay" Azərbaycan milli mükafatının laureatı, 10-dan artıq kitabın müəllifi İlham Bədəlbəylinin bu il 75 yaşı tamam olur.

"525-ci qəzet" olaraq, bu yubiley münasibətilə dəyərli sənətkarı təbrik edir, ona ən xoş arzularımızı ünvanlayır və ana dilimizə tərcümə olunmuş bir sıra şeirlərini oxucularımızın diqqətinə çatdırırıq!

İKİ QIŞ ETÜDÜ

I

Ayazlı havada qanad çalırlar
Qışın ağbənizli xəbərçiləri.
Yalın ağaclarda tel-tel saçaqlar
Necə də gözəldir, necə də zərif.

Şaxta, gözəl qız tək, pəncərələrə
Bəyaz işləməli naxışlar salıb.
Bir kraliça kimi ulu Qar Nənə
Bütün yer üzünü əlinə alıb.

II

Açmış qanadını
sanki qu quşu -
Ağappaq örtüyə
bürünmüş yerlər.
Yolunu gözləmiş
bu gözəl qışın
Bəmbəyaz ağaclar,
bəmbəyaz evlər.
 
SEVGİ CƏZASI

Mənə cəza verdi sevgini Tanrım.
Demək, məhəbbətin buydu bədəli -
Bütün sərtliyilə bu qanunların
Dəli olmalıydımsevgidən, dəli.

Hər şeyi qədərdən artığa vurmuş -
Dibsiz dərya kimi məhəbbət camı.
Sevgi sərxoşluğu yaman olurmuş,
Sevinclə bərabər acıymış - tamı.

İtaət edirəm, deyiləm asi,
İlahi şəfqətdir cəza almağım.
Qəribə istəklər oyadır sanki
Sükuta bürünmüş yataq otağım.

Eh, kama yetməyən yersiz diləklər!
Sizin əlinizdən hüzur qalmamış.
Özümü gördüyüm bu aynaməgər -
Büllur tək parlayan göz yaşlarımmış;

Payız - təbiətin yas mərasimi,
Yağır çalın-çarpaz leysan yağışlar.
Nakam ölənlərin dirilər kimi
Toy-büsat eşqinə ixtiyarı var.

Bu sevgi dünyası - çağlayan dəniz,
Bir mələk simalı ruhumda qalmış.
Tanrım məhəbbətlə cəzamı kəsmiş,
Tanrım məhəbbətlə könlümü almış.
 
TANRI DA MƏHKUMDUR

Tanrı da məhkummuş tənhalığına!
Böyüklük üstələr ağır yükləri.
Bəlkə bu kəhanət dərd olmuş ona -
Dünya yaranarkən düşündükləri?..

İmtina edərək böyüklüyündən -
(Hər kəsin boyuna biçilmiş zaman),
İnsan surətində göylərdən enən
Tanrıydımı görən, yoxsa ki insan?!

İNANIRAM!

Varlığına inanıram, deməli,
İnanıram hər işinə, Allahım.
Uğurlarım tükənəndə, bir əlin
Ümid olub gəlişinə, Allahım.

Yuvarlnıb uçurumun başından
Yıxılaram, səsim belə qırılar,
Vaz keçmərəm möcüzədən mən o an:
Sən ki varsan - xilasa bir ümid var!

SONET

Heç zaman demə ki, "ruhum xəstədir",
Dünya işlərilə onun yox işi.
Cahana sığmaz ki, ruhun gərdişi.
Mərəz ruhunda yox, bədənindədir,

Yuxunmu çəkilib ərşə? - darılma,
Sevin, ruhun hələ bayatımamış.
Dünya kamilləşir, dünya yatmamış
Onun pərvazından geriyə qalma.

Ötən illərinin bəyaz dənləri
Ələnəndə saça, əyiləndə bel -
Bədəndir qocalan, ruhun ki deyil!
Ruhun mahiyyəti başqadır ancaq:
O - ülvi hissləri uçuran qanad,
Göylərin həsrəti, ağrı və inad!

YER ÜZÜNDƏ İZLƏRİN

Can verməkdir çətini. Ölmək çətin deyil ki!
Alışmaqdır çətini. Yanmaq çətin deyil ki!

Ölənədək bitərmi xəyalımda olanlar,
Ali bir məqsəd üçün yaranmışlar insanlar.

Tərk eləyib fanini, köçənədək əbədə,
Bir iz qoya bilməmək qəribədir, qəribə.

Hərçənd, iz qoymamaqdan
o qədər də qorxma sən,
Dəhşət odur - dünyanı ləkələyib gedəsən!

SON GÖRÜŞ

Bu son görüş, bilirəm mən,
Çıxmayacaq xatirimdən.
Rütubətli, isti gecə,
O qaranlıq, qəmli küçə...

Pəncərəndən sızan işıq,
Bu söz-söhbət, bu danışıq...
Əllərinin kölgəsi də,
Ayrılığın nəfəsi də...

Başımızın üzərində
Köhnə,əsgər portreti:
Vətən eşqi - gözlərində,
Bir də yaşamaq həsrəti.

... Zamanımız daralırdı,
Sıxılırdı ürəyimiz,
Bir azca ümid qalırdı -
"Ayrılmırıq bəlkə də biz?"

Bir ulduzun soyuq qəmi,
Bir də son ayrılıq dəmi;
Bilirəm mən,bu ağrılar
Bizsiz belə, haradasa
hələ də var...

NƏĞMƏ

Keçəcək bu anlar, unudulacaq,
Hələ susmayıbsa könlün - qəm yemə!
Qismət olmayanlar unudulacaq,
Qismət deyilsə də, heyifdir demə!

Ömründən gedənə heç üzülmə sən,
Uçmaq istəyəni salma qəfəsə.
Ölçülüb-biçilib hər şey əzəldən,
Sevinc də paylanmış, qəm də hər kəsə.

Qəfəsə düşüncə bülbül də susar,
Qəlbində nə varsa nəğməyə çevir.
Ürəyin nəğməylə göylərə uçar...
Kədər tuş gələrsə, onu da dindir.

Səni itirənlə olmasın işin,
Bəxtə yazılmayan - atılmaz qoşa.
Sən burax könlünü şərqilər desin,
Qismətdə nə varsa - gələcək başa.

Ruhun qanad açsın, azad quş təki,
Azadlıq sevənə onu bəxş elə!
Yaşanmayan nə var ürəyindəki
Nəğmə tək çağlasın qoy bundan belə!

Rus dilindən tərcümə etdi:
Afaq ŞIXLI

 





24.02.2020    çap et  çap et