525.Az

Cavid irsinin tədqiqinə möhtəşəm töhfə - Vaqif Yusifli yazır


 

Cavid irsinin tədqiqinə möhtəşəm töhfə - <b style="color:red">Vaqif Yusifli yazır </b>

Böyük şair, dramaturq və mütəfəkkir Hüseyn Cavidin yaradıcılığı, sənət dünyası bir əsrdən artıqdır ki, araşdırılır və təbliğ olunur.

Onun adını daşıyan Ev Muzeyi cavidsevərlərə iyirmi cilddə araşdırmalar toplusu təqdim edib. "Yaşayan və yaşadılan tarix" missiyasını yerinə yetirən bu Ev Muzeyi 1912-2012-ci illər ərzində Hüseyn Cavidin yaradıcılığı, zəngin bədii irsi və şəxsiyyəti, pyeslərinin səhnə həyatı, ölməz sənətkar haqqında xatirələr və internet materialları illər üzrə - xronoloji qaydada bu cildlərdə cavidsevərlərin ixtiyarına verib. Bu çətin, amma son dərəcə şərəfli iş Azərbaycan ədəbiyyatşünaslığında birinci belə təşəbbüsdür. Bundan sonra Hüseyn Cavid sənəti ilə bağlı kimsə bir tədqiqat əsəri yazmalı olsa, məhz "Cavidşünaslıq araşdırmalar toplusuna" üz tutacaq.

Layihənin rəhbəri akademik Teymur Kərimli, elmi məsləhətçisi akademik İsa Həbibbəyli, tərtibçi-müəllif isə filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlıdır. Heç şübhəsiz, Cavid Ev Muzeyinin direktoru Gülbəniz xanımın   və muzey əməkdaşlarınının on beş illik yorulmaz fəaliyyəti öndə dayanır. Yeri gəlmişkən qeyd edək ki, Gülbəniz Babaxanlı "Azərbaycan ədəbi fikri və Hüseyn Cavid" adlı iki kitabdan ibarət (2010 və 2017-ci illərdə) bir sanballı monoqrafiyanın da müəllifidir. Məhz onun səyi və təşəbbüsü ilə Cavid yaradıcılığının ayrı-ayrı problemlərinə aid neçə monoqrafiyanın, biblioqrafik səciyyəli nəşrlərin hazırlanması da xüsusi qeyd edilməlidir.

Yetmiş il xalqları mənəvi əsarətdə saxlayan bir quruluşun tərənnümçüsünə çevrilməyən Hüseyn Cavidin ömrünün dörd ili istintaq otaqlarında və sürgündə keçdi. Amma elə bir zaman gəldi ki, Cavid yenidən sevildi, təbliğ olundu və əsl sənətkar kimi həqiqi qiymətini aldı. Repressiya rejiminin yaratdığı qorxu və vahimə sindromu aradan qaldırıldıqdan sonra Cavid və onun əsərləri bəraət qazandı. Həm də Cavidşunaslıq bir elm kimi formalaşmağa başladı. Burada Ümummilli lider Heydər Əliyevin Cavid irsinə qayğısı müstəsna rol oynadı. Məhz Ulu öndərin təşəbbüsü və diqqəti nəticəsində Cavidin anadan olmasının 100 illiyi ilə əlaqədar qərar qəbul edildi. Böyük sənətkarın məzarı qarlı Sibirdən, Tayşet rayonundakı Şevçenko kəndindən doğma Naxçıvana gətirildi.

"Cavidşünaslıq araşdırmalar toplusu" da XXI əsrdə - artıq Cavidşünaslıq bir elm kimi formalaşdıqdan sonra  meydana gəldi. Biz bu iyirmicildliyin hər cildi və ayrı-ayrı problem səciyyəli məqalələri barədə söz açmaq fikrində deyilik. Lakin onun Cavid fenomeninin öyrənilməsindəki rolunu nəzərə çarpdırmaq istəyirik.

"Cavidşünaslıq" topluları həm böyük sənətkarın yaradıcılığı, bu yaradıcılığın ayrı-ayrı mərhələləri, həm də Azərbaycan ədəbiyyatşünaslığının, tənqidi fikrinin Cavidlə bağlı 100 illik mənzərəsini əks etdirir. Cavid  yaradıcılığını ilk dəfə "Hüseyn Cavid" monoqrafiyasında akademik Məmməd Cəfər Cəfərov mərhələlərə ayırıb.

Birinci mərhələ: İlk ədəbi təcrübələri, ilk dramları, "Şeyx Sənan" faciəsi. İkinci mərhələ: "Cavidin imperialist müharibəsi əleyhinə ilk çıxışları, "Şeyda" faciəsi, "Uçurum", "İblis". Üçüncü mərhələ: Məfkurəvi tərəddüd illəri, "Peyğəmbər" və dini modernizə etmək cəhdləri, "Afət", "Topal Teymur" və onun tənqidi. Dördüncü mərhələ: "Azər" dastanı, "Knyaz", "Səyavuş", "Xəyyam", "İblisin intiqamı".

"Hüseyn Cavid" monoqrafiyası elə bir dövrdə yazılmışdı ki, H.Cavid yaradıcılığı ilə bağlı bəzi stereotiplər hələ aradan qaldırılmamışdı, məsələn, "Topal Teymur" və "Peyğəmbər" pyesləri iyirminci-otuzuncu illərin marksist tənqidində olduğu kimi, hələ də düzgün qiymətləndirilmirdi. Amma Cavid yaradıcılığını mərhələr üzrə bölgü həqiqətə uyğun idi, sadəcə, "Məfkurəvi tərəddüd illəri" yerinə düşməyən bir ifadə idi, onu başqa bir ad əvəz edə bilərdi, həm də hər iki əsərə elmi yanaşmada markisist tənqidin hökmü əsas olmamalıydı. Amma illər keçəcək, "Peyğəmbər" də, "Topal Teymur" da Cavidin köhnə mövzular axtarışı kimi deyil, "ümumi məhəbbət" idealına və fəlsəfəsinə sədaqətin ifadəsi idi.

Təsəvvür etmək çətin deyil ki, istər iyirminci-otuzuncu illərdə, istərsə də altmışıncı illərdən üzü bəri həm yaradıcılığı, həm də şəxsiyyəti barədə ən çox danışılan, tədqiq olunan sənətkarlardan biri və bəlkə də birincisi Hüseyn Caviddir. Gülbəniz Babaxanlı haqlı olaraq yazır ki: "Cavidşünaslığın bir elm kimi formalaşması məhz Cavidin "qayıdışından" sonra başladı". Təbii ki, iyirminci-otuzuncu illərdə Cavid yaradıcılığı ilə bağlı yazılan bəzi məqalələri də unutmaq olmaz. Xüsusilə Hənəfi Zeynallının, Abdulla Şaiqin yazılarını...

Cavidşünaslığın bir elm kimi formalaşması isə bizim fikrimizcə, üç mərhələni əhatə edir. 1958-ci ildə H.Cavidin seçilmiş əsərləri, 1963-cü ildə seçilmiş pyesləri, 1971-ci ildə isə üç və elə həmin il iki cildliyi nəşr olunandan sonra Cavid yaradıcılığına maraq getdikcə artır və təbii ki, ədəbiyyatşünaslıqda sözün həqiqi mənasında Cavidşünaslıq bir elm kimi formalaşmağa başlayır. Monoqrafiyalar yazılır, məqalələr çap edilir. 60-70-ci illəri bu mənada Hüseyn Cavidin təbliği, ədəbi ictimaiyyətə və geniş oxucu kütlələrinə tanıtmaq mərhələsi kimi səciyyələndirmək olar.

Bu mərhələdə akademik Məmməd Cəfər Cəfərovun "Hüseyn Cavid" və "Azərbaycan ədəbiyyatında romantizm" monoqrafiyaları sonrakı tədqiqatlar üçün mühüm mənbə olur. Əli Sultanlının, Əkbər Ağayevin, Əbülfəz İbadoğlunun, Yaşar Qarayevin, Zahid Əkbərovun, Rəfiq Zəkanın məqalələrini də xüsusi qeyd etmək olar. 70-80-ci illərdə isə Cavidşünaslıq yeni bir mərhələyə daxil olur. Cavidin təkcə ayrı-ayrı əsərləri deyil, onun və ümumən Azərbaycan romantizmi ilə bağlı problemlər, Cavid və teatr, Cavidin bədii üslubu, Cavidin fəlsəfi görüşləri və s. məsələlər tədqiqat obyektinə çevrilir. Məsud Əlioğlunun, Yaşar Qarayevin, Mehdi Məmmədovun, Cəfər Cəfərovun, Elçinin, Timuçin Əfəndiyevin, İsa Həbibbəylinin, Midhət Ağamirovun məqalələri Cavidşünaslığın mətnlərdən problemlərə doğru yönəlməsində böyük rol oynayır. Bu mərhələni qısaca belə səciyyələndirmək olar: Cavidin elmi-professional dərki. Cavidşünaslığın üçüncü mərhələsi isə 90-cı illərdən başlayır, bu günə kimi davam edir.

Bu mərhələni xarakterizə edən iki məqamı qeyd etmək olar. Birincisi, Cavidşünaslığa yeni tədqiqatçılar gəlir, ikincisi, o vaxta qədər Cavidşünaslıqda açıq qalmış və işlənməmiş mövzular üzrə axtarışlar aparılır. Məsələn, Cavid yaradıcılığında hərb mövzusu, Cavid və onun müasirləri, Cavid və Cabbarlı, Cavid və Türkiyə ədəbi mühiti, Füzuli-Cavid poetik bağlılığı, Hüseyn Cavid və irfan,  Cavid və folklor, Hüseyn Cavid və ortaq türk dili, Hüseyn Cavid yaradıcılığında dekadens, poetika məsələləri, Cavid və türkçülük, Cavid irsi və müasir ədəbiyyatımız... Burada qocaman tədqiqatçı Qulam Məmmədlinin "Cavid - ömür boyu" biblioqrafik səciyyəli kitabını da unutmuruq. Bu yeni cavidşünasların əsərlərini izləmək, yeni mövzularla tanış olmaq üçün "Cavidşünaslıq araşdırmalar toplusu"nun XIX və XX cildlərinə nəzər yetirmək kifayətdir. Gülbəniz Babaxanlının "Azərbaycan ədəbi fikri və Hüseyn Cavıid" monoqrafiyasının ikinci cildində dahi sənətkarın 135 illiyinə həsr olunan Beynəlxalq elmi konfransının materiallarından söz açılır və burada  Azərbaycan alimləri ilə yanaşı, İran, Türkiyə, Misir, Özbəkistan alimlərinin də H.Cavid yaradıcılığından söz açan məqalərindən söhbət açılır. Deməli, Cavidşünaslıq elmi milli ədəbiyyatşünaslıq sərhədlərini aşır.

"Cavidşünaslıq araşdırmalar toplusu"nda, xüsusilə son otuz ildə, yəni cavidşünaslığın üçüncü mərhələsində böyük sənətkarın yaradıcılığına yeni baxış hiss olunurmu? Axı, həm iyirminci-otuzuncu illərdə, həm də altmış-səksəninci illərdə Hüseyn Cavid sənəti ilə bağlı çox qiymətli, dəyərli əsərlər yazılıb, o əsərlər indi də aktuallığını itirməyib. Hənəfi Zeynallının "Peyğəmbər" və "Şeyx Sənan" əsərlərinin təhlilinə həsr olunmuş məqalələri, Abdulla Şaiqin "İblis əsəri", Məmməd Cəfərin "Hüseyn Cavid", Əkbər Ağayevin "Hüseyn Cavid və onun "Şeyx Sənan" əsəri, Əli Sultanlının "Hüseyn Cavidin faciələri", Yaşar Qarayevin "Romantizmin Cavid yaddaşı", Məsud Əlioğlunun "Hüseyn Cavidin romantizmi", Cəfər Cəfərovun "Cavid və teatr", Midhət Ağamirovun  "Hüseyn Cavidin fəlsəfi görüşləri" əsərlərini və digər sanballı yazılar Cavid yaradıcılığını öyrənmək və mənimsəmək, Cavidi Cavid kimi tanımaq baxımından ən dəyərli elmi əsərlər hesab edirik. Yeni cavidşünasların əsərlərindən hansıları bu sıraya daxil edilə bilər və bu əsərlərdə Cavid sənətinə yeni baxış hiss edilirmi? Məsələ burasındadır ki, Cavid yaradıcılığına kütləvi müraciət bir tərəfdən yeni mövzularla Cavidşünaslıq "repertuarı"nı zənginləşdirirsə, digər tərəfdən sadəcə, məlum və işlənmiş mövzuların təkrar-təkrar tədqiq olunması faktına çevrilir. Amma biz "yeni baxış" dedikdə, Rafael Hüseynovun, Səlahəddin Xəlilovun, Gülbəniz Babaxanlının, Kamran Əliyevin, Möhsün Nağısoylunun, Azər Turanın, Tahirə Məmmədin Cavid sənəti ilə bağlı monoqrafiya və məqalələrini nəzərdə tuturuq. Bu "yeni baxış" nədən ibarətdir? Təkcə mövzularlamı bağlıdır? Təbii ki, "yeni baxış" Cavidə müasir elmi təfəkkürün işığında boylanmaq kimi izah edilə bilər. Rafael Hüseynovun "Cavidlər" kitabında Cavid və onun mühiti tədqiq olunur. Səlahəddin Xəlilovun "Cavid fəlsəfəsi" kitabını xüsusilə qeyd etmək lazımdır. Bu əsərdə Cavid Şərq filosofları ilə müqayisə edilir, S.Xəlilov cavidşünaslıqda ilk dəfə olaraq Cavid yaradıcılığının Orta əsrlər Şərq poeziyasında təsəvvüf fəlsəfəsi ilə bağlılığını nəzərə çarpdırır. Azər Turanın "Cavidnamə"sində Cavidin tərcümeyi-halının bir sıra saçılmamış səhifələri ilə tanış oluruq.

"Cavidşünaslıq araşdırmalar toplusu" həm də böyük sənətkarın şəxsiyyəti haqqında tam və dolğun təsəvvür yaradır. İyirmicildlikdə bu xüsusda çoxlu xatirələrlə tanış oluruq. Cavid haqqında, yəni onunla bir dövrdə yaşayan söz adamları, həm də tələbələri söz açırlar. Cavidin əfəndiliyi, geniş dünyagörüşü, sənətə, sözə bağlılığı, teatr sevgisi, ailə-məişət qayğıları, lakin hər şeydən əvvəl bir insan kimi möhtəşəmliyi bu xatirələrin özəlliyini təşkil edir. O, dostluqda sədaqətliydi. Əziz Şərif, Abbas Mirzə Şərifzadə, Mikayıl Müşfiq, A.Şaiqlə dostluğu sadəcə, ünsiyyət üçün deyildi, əməl, əqidə dostluğuydu. Cavidin dərs dediyi tələbələr sonralar Azərbaycanın görkəmli şəxsiyyətlərinə çevrildilər - Adil İskəndərov, Mehdi Məmmədov kimi...

G.Babaxanlının "Azərbaycan ədəbi fikri və Hüseyn Cavid" ikicildliyində "Cavid xatirələrdə" bölməsi var. Onları oxuyun və görəcəksiniz ki, Hüseyn Cavid şəxsiyyəti insanlığa nümunədir.

Nəhayət, "Cavidşünaslıq araşdırmalar toplusu"nun hələ bitmədiyini nəzərə çarpdıraq. Nə qədər ki, Cavid sənəti hər yeni dönəmdə böyük sevgilərlə qarşılanacaq, nə qədər ki, bu böyük sənətkarın əsərləri müasir dövrümüzdə də bizim fikir və düşüncəmizi ölməz ideyalarla süsləyəcək, Cavidşünaslıq da bir elm kimi yoluna davam edəcək.

 





24.02.2020    çap et  çap et