525.Az

Qalatasaray Universitetində Xocalı paneli - Fotolar


 

Qalatasaray Universitetində Xocalı paneli - <b style="color:red">Fotolar</b>

Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı Türkiyədə səfərdə olan Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli, “525-ci qəzet”in redaktoru Seyfəddin Hüseynli və Milli Qəhrəman Vahid Quliyevdən ibarət nümayəndə heyətimiz İstanbulda daha bir önəmli görüşün iştirakçısı olub.

Fevralın 24-də onlar təkcə Türkiyənin deyil, Avropanın da ən önəmli elm və təhsil qurumlarından olan Qalatasaray universitetində Xocalı ilə panelin iştirakçısı olublar. Universitetin konfrans zallarından birində keçirilən paneldən öncə bu universitetdə Xocalı soyqırımına dair afişa və plakatlar yayılıb. Təhsil ocağının tələbə və müəllim heyəti bu barədə məlumatlandırılıb. Xeyli sayda iştirakçını qatıldığı paneldə Emin Həsənli, Seyfəddin Hüseynli və Vahid Quliyev mövzuya dair fikirlərini, bilgi və xatirələrini paylaşdıqdan sonra iştirakçıların suallarını cavablandırıblar. Tarixi hadisələrin, milli keçmişlə bağlı mühüm olayların, xüsusən üzləşdiyimiz faciə və müsibətlərin, ağır dönəmlərin unudulmamasının vacibliyi vurğulanıb.

İştirakçılar, xüsusən tələbələr Xocalı haqqında əvvəllər yalnız ümumi bilgiləri olduğunu, bu tədbir sayəsində daha geniş məlumat əldə etdiklərini, daha ətraflı təəssürata yiyələndiklərini bildiriblər. Seyfəddin Hüseynli Xocalı, Azərbaycan-Türkiyə tarixi, Qarabağ müharibəsilə bağlı nəşrləri, kitab və dərgiləri panel təşkilatçısına hədiyyə edib.

Paneldə Emin Həsənli tələbələrə gələcəkdə də bu mövzunu diqqətdə saxlamalarını, daha dərindən maraqlanmalarını tövsiyə edib. Vahid Quliyev savaş xatriələrini bölüşüb, tələbələri milli ruhu daim qoruyub-saxlamağa çağırıb.

Panelin təşkilində əməyi olan vaxtilə Bakıda ali-təhsil almış türkiyəli həkim və ictimai xadim Xalid Gökalp Küçük bu toplantının tələbələrin hafizəsində, Qalatasaray Universitetinin tarixində unudulmaz iz buraxdığına inandığını bildirib.

Nümayəndə heyəti həmin gün İstanbuldakı Rumeli Balkan Stratejik Araşdırmalar Mərkəzinin ofisini də ziyarət edib. Mərkəzin sədri, istefada olan polkovnik Süheyl Çobanoğlu çıxış edərək Xocalı soyqırımının ağrılarını Türkiyə və Balkan türklərinin də dərindən hiss etdiyini vurğulayıb.

Görüşün təşkilatçısı və qurumun sədr müavini Xalid Gökalp Küçük Xocalının Azərbaycan və Balkan türklərinin ortaq dərdi olduğunu önə çəkib. Emin Həsənli, Seyfəddin Hüseynli və Vahid Quliyev Xocalı soyqırımı və eləcə də Qarabağda erməni faşistlərinin törətdikləri dəhşətlərlə bağlı ətraflı məlumat verəndən sonra görüş sual-cavab şəklində davam etdirilib, ətraflı fikir mübadilələri aparılıb.

Sonda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub. “525-ci qəzet”in redaktoru Seyfəddin Hüseynli qurumun kitab fonduna Xocalı soyqırımı və Qarabağ həqiqətləriylə bağlı nəşrlər hədiyyə edib.

Xatırladaq ki, nümayəndə heyətimizin Xocalı soyqırımı ilə bağlı İstanbuldakı görüşləri davam edir. Bu səfər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, eləcə də QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilib.

Şahanə MÜŞFİQ

 





25.02.2020    çap et  çap et