525.Az

"Qəzetin ciddi problemləri var" - Rauf Arifoğlu


 

"Qəzetin ciddi problemləri var" - <b style="color:red"> Rauf Arifoğlu</b> Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) rəhbərliyinə daxil olan şəxslər KİV rəhbərləri ilə görüşləri davam etdirir.

525.az-a qurumdan verilən məlumata görə,növbəti görüş bu gün “Yeni Müsavat” qəzetinin redaksiyasında baş redaktor Rauf Arifoğlu ilə keçirilib.
 
CASCFEN sədri Azər Həsrət “Yeni Müsavat”ın gündəlik populyar bir qəzet olaraq Azərbaycan ictimai rəyində özünəməxsus yer tutduğunu, tənqidçi media nümunəsi olaraq daha çox tərəfsiz mövqedən çıxış etməyə çalışdığını təqdir etdiklərini bildirib. O, qeyd edib ki, başçılıq etdiyi qurum ölkədə mövcud olan KİV vahidlərinin doğru, etik və tərəfsiz xəbərçilik prinsiplərinə sədaqət nümayiş etdirməsini hər zaman alqışlayır.
 
“Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlu da öz növbəsində qeyd edib ki, bir populyar qəzetin baş redaktoru olaraq ölkədə fəaliyyət göstərən jurnalist və söz azadlığı qurumlarının, o cümlədən CASCFEN-in çalışmalarını hər zaman maraqla qarşılayır. “Biz anlayırıq ki, bu cür qurumların fəaliyyət göstərməsi bizim kimi media əhlinin xeyrinədir. İstər hüquqlarımızın qorunması, istərsə də jurnalist peşəkarlığının yüksəldilməsi, əlaqələrin genişləndirilməsi baxımından belə qurumlara həmişə ehtiyacımız olub və inanırıq ki, CASCFEN də hər zamankı kimi bu yöndə fəaliyyət göstərəcək”, - deyə Rauf Arifoğlu bildirib.
 
Rauf Arifoğlu onu da qeyd edib ki, son zamanlar mətbuatın yayımında ortaya çıxan problemlər qəzetin oxuculara çatdırılmasına ciddi əngəl olur. “Belə məsələlərin həllində bizim doğrudan da ciddi ictimai dəstəyə ehtiyacımız var. Bundan başqa, qəzetin reklam sahəsində ciddi problemləri var”, - deyə o, bildirib.
 
Görüşdə iştirak edən CASCFEN sədrinin müavini Rey Kərimoğlu da öz növbəsində ortaya çıxan problemlərin hay-küylə deyil, soyuq başla, jurnalistlərin və bütövlükdə medianın xeyrinə həll edilməsi üçün çalışmağın vacibliyinə toxunub.
 
Görüşün daha bir iştirakçısı, CASCFEN İdarə Heyətinin üzvü və “Yeni Müsavat”ın tanınmış yazarı Elşad Paşasoy isə qeyd edib ki, qurum rəhbərliyinin KİV redaksiyalarını ziyarət edib birbaşa təmasda olması ümumi durumu daha düzgün dəyərləndirmək üçün çox gərəklidir.
 





12.10.2012    çap et  çap et