525.Az

Münxen debatı Paşinyanın reytinqinə növbəti zərbə oldu


 

Münxen debatı Paşinyanın reytinqinə növbəti zərbə oldu <b style="color:red"></b>

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən Dağlıq Qarabağa dair Azərbaycan və Ermənistan rəhbərlərinin debatı hələ də müzakirə olunmaqdadır. Xüsusilə, Ermənistanda politoloqlar, ekspertlər, həmçinin, xarici ölkə şərhçiləri Paşinyanın Münxendə çıxılmaz vəziyyətə düşdüyünü, faktlar qarşısında aciz qaldığını deyirlər.

Ermənistan mətbuatı yazır ki, Paşinyan məqamı qaçırdı və bununla yanaşı, o, Münxendə rüsvay olmağı da bacardı. Qeyd olunur ki, Nikol yerində olmadığını və dövlət başçısı vəzifəsinin onun üçün çox ağır yük olduğu bir daha sübut etdi. Həmçinin bildirilir ki, Ermənistanın şounun bir predmeti olması, bir oyuncağa, alətə çevrilməsi təhlükəli deyil, Paşinyanın Qarabağ problemini anlamaması, danışıqlar prosesini hələ də başa düşməməsi təhlükəlidir.

Ermənistan mediası onu da etiraf edir və vurğulayır ki, Paşinyan inqilabi görkəm almaq üçün hansısa düstur ortaya qoysaydı, bu, gülməli olardı, amma Paşinyanın Münxendəki halı, özü kimi Ermənistanı da gülüş hədəfinə çevirməsi artıq gülməli deyil, faciədir.

Nikol Paşinyanın rüsvayçılığını və bunun bir Ermənistan faciəsi olduğunu etiraf edən erməni mediası, eyni zamanda, erməni baş nazirinin Əliyev, Məmmədyarov və Poroşenkonun gülüşləri altında Münxendə barışmaq üçün yalvardığını da yazır.

"Münxen Nikol üçün bir dərs, erməni xalqı üçün bir ibrət olmalıdır" yazan Ermənistan KİV-ləri bu ölkənin belə bir lideri, rəhbəri ola bilməz fikirlərini yayırlar. Xüsusilə vurğulayırlar ki, Nikolun psixoloji, peşəkar, idarəetmə və digər keyfiyyətləri, daha doğrusu, keyfiyyətsizliyi ilə dövlət başçısı vəsifəsi, postu uyğun gəlmir.

Mövzunu şərh edən millət vəkili Tahir Rzayev deyib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin dəlillərlə, faktlarla Ermənistan baş naziri Nikol Paşinyanı Münxendə susdurması əlbəttə ki, onun uzaqgörən siyasətindən, beynəlxalq aləmdə baş verən hadisələrə yanaşmasından, hadisələri düzgün qiymətləndirməsindən irəli gəlir. Çünki cənab Prezident bir siyasətçi kimi dünyada baş verən hadisələri düzgün qiymətləndirməyi və ona lazımi qiymət verməyi bacarır.

Onun sözlərinə görə, elə Paşinyanla söhbətində də dövlətimizin başçısı bu faktlara, dəlillərə istinad etdi və Azərbaycanın, Qarabağın tarixini dəqiq, düzgün bildiyini aydın sübutlarla şərh etdi: "Bir sözlə, cənab Prezident Paşinyana bir dərs keçdi. Əlbəttə ki, bu, mükəmməl bir dərsdir və xalqa, torpağa, Qarabağ məsələsinə olan məhəbbətdən irəli gələn dərsdir. İlk növbədə dövlət başçısı nəinki dəlillərə, faktlara arxalandı, həm də beynəxalq aləmin Azərbaycana olan münasibətini diqqətə çatdırdı. Göstərdi ki, Qarabağ əzəli Azərbaycan torpağıdır və nəinki Qarabağ əraziləri işğal olunub, eləcə də Qarabağa qonşu olan yeddi rayon erməni təcavüzkarları tərəfindən işğala məruz qalıb. Cənab İlham Əliyev həm də danışıqların gedişi prosesindən söz açdı ki, artıq beynəxalq aləm - BMT, bir çox mötəbər təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır, təsdiqləyir və Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə bağlı əldə çox mühüm sənədlər var. Təəssüflər olsun ki, erməni rəhbərliyi bu faktlara, sənədlərə lazımi məhəl qoymur və yenə də Qarabağ torpaqları işğal altındadır. Prosedur qaydalarına gəldikdə isə cənab Prezident beynəxalq hüquq normalarına əsaslandı və göstərdi ki, bu normalar beynəlxalq təşkilatların verdiyi qərarlardır və bu qərarlara, qətnamələrə sözsüz əməl olunmalıdır".

Mİlli Məclisin deputatı Kamilə Əliyeva isə vurğulayıb ki, Münxendə baş verənlərdən sonra dünya bir daha işğalçının, işğala məruz qalanın kim olduğunu, Dağlıq Qarabağın hansı ölkəyə məxsus olduğunun şahidi oldu. Artıq dünya ictimaiyyəti, beynəlxalq birlik ölkəmizin işğal altında olan torpaqlarından bir qarış belə keçməyəcəyini, güzəştə getməyəcəyini bildi və duydu.

Azərbaycan Prezidentinin Münxendə münaqişə ilə bağlı panel müzakirələrində ermənilərin ikinci erməni dövləti yaratmaq istəyinin Dağlıq Qarabağ münaqişəsinin həll etməklə dəfn etməli olduğu ilə bağlı fikirlərini xatırladan deputat söyləyib ki, ümumilikdə Münxen müzakirələri ermənilərin, xüsusilə də Ermənistanın fiaskosu, Paşinyanın isə rəzaləti oldu.

Baş verənlərin Dağlıq Qarabağ münaqişəsinin həllinə gəlincə K.Əliyeva əminliklə qeyd edib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Dağlıq Qarabağın işğaldan azad olunacağı gün o qədər də uzaqda deyil: "Bu arzumuz istər diplomatik, istərsə də hərb yolu ilə olsun mütləq gerçəkləşəcək".

Münaqişənin həllində beynəlxalq təşkilatların, ictimaiyyətin ikili standartlara yol verdiyini deyən millət vəkili vurğulayıb ki, indiyə qədər heç bir nəticə çıxarmayan beynəlxalq təşkilatların bəlkə bundan sonra fikirlərində dönüş yarana bilər: "Çox təəssüf ki, Ermənistanın arxasında Azərbaycanı sevməyən qüvvələr dayanır ki, məhz həmin qüvvələrin fəaliyyəti nəticəsində münaqişənin həlli uzanır. Ümid edirəm ki, Münxen debatı münaqişənin həllində dönüş nöqtəsi olacaq və problem tezliklə Azərbaycanın xeyrinə həllini tapacaq".

Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva bildirib ki, Azərbaycanın qəti və birmənalı mövqeyi ondan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında öz həllini tapmalıdır. Çünki Dağlıq Qarabağ həm tarixi, həm də məhz hüquqi baxımdan Azərbaycanın ayrılmaz tərkib hissəsidir.

O bildirib ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır: "Ermənistanın məqsədli şəkildə ərazi bütövlüyünün toxunulmazlığı məsələsini gözardı edərək "xalqların öz müqəddəratını təyin etməsi" prinsipini irəli sürməsi isə manipulyasiyadan başqa bir şey deyil".

S.Fətəliyeva söyləyib ki, Prezident İlham Əliyev fevralın 15-də Münxen Təhlükəsizlik Konfransında Dağlıq Qarabağla bağlı panel müzakirələrdə münaqişənin tənzimlənməsinin beynəlxalq hüquqi aspektlərinə toxunaraq vurğuladı ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir: "BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Bu qətnamələrin tələbləri hələ də yerinə yetirilməyib. Ona görə də sülh danışıqları nəticəsində əldə ediləcək istənilən həll yolu Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün saxlanılmasını təmin etməlidir".

Onun sözlərinə görə, Azərbaycanın xarici siyasət kursunun ən mühüm strateji prioriteti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllidir.

PƏRVANƏ

 





22.02.2020    çap et  çap et