525.Az

Moskvadakı Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzində Xocalı qurbanları anılıb


 

Moskvadakı Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzində Xocalı qurbanları anılıb<b style="color:red"></b>

Moskvadakı Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Xocalı soyqırımı qurbanlarının anım mərasimi keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Heydər Əliyev Fondunun və Azərbaycanın Rusiyadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Rusiyanın tanınmış ictimai və siyasi xadimləri, bir sıra xarici ölkələrin səfirləri, hərbi attaşeləri və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Anım mərasimində çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Xocalı faciəsinin xüsusi qəddarlıqla törədilən əsl soyqırımı olduğunu söyləyib. Xocalı soyqırımının tarixi haqqında ətraflı məlumat verən diplomat bu tarixdən 28 il keçməsinə baxmayaraq Azərbaycan xalqının yaralarının hələ də sağalmadığını vurğulayıb: "Azərbaycan xalqının tarixindəki bu faciəvi səhifəni silmək, qapatmaq mümkün deyil. Əgər kimsə ümid edir ki, vaxt keçdikcə bizim dövlətin mövqeyi dəyişə bilər, bu gözləntilər əbəs yerədir".

Səfir bir müddət öncə Münhen Təhlükəsizlik Konfransında Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın debatını da xatırladıb: "Bu debat bir daha sübut etdi ki, Azərbaycan xalqı qələbə qazananadək öz maraqlarını müdafiə edəcək. Cənab prezident Dağlıq Qarabağın Azərbaycana məxsus olması ilə bağlı inkar olunmaz faktlar gətirdi və öz tesizlərini tarixi məlumatlar və çoxsaylı beynəlxalq hüquqa istinad edən sənədlərlə təsdiqləmiş oldu. Bu gün biz sizinlə danışıqlar masası ətrafında əyləşməmişik. Bu gün Azərbaycanın Xocalı şəhərində soyqırımına məruz qalmış insanlarımızın xatirəsini anırıq. 26 fevral bizim xalqın tarixindəki ən faciəvi tarixdir. Baxmayaraq ki, bu soyqırımı aktı sənədlərlə təsdiq olunub, bu faciəni törədən cinayətkarlar adbaad məlumdur və həmin cinayətkarlar törətdiyi əməli etiraf ediblər, hələ də onlardan heç biri dünya ictimaiyyətinin gözü önündə soyqırımı aktını törətdiklərinə görə məsuliyyətə cəlb olunmayıblar. Biz həmin tarixi geri qaytara, həlak olmuş insanları dirildə bilmərik, lakin bütün dünya ictimaiyyətinə Xocalıda baş vermiş həqiqətləri çatdıra bilərik və bunu etməliyik ki, bir daha belə faciə heç yerdə yenidən təkrarlanmasın".

Səfir Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycanda "Xocalıya ədalət" beynəlxalq kampaniyasının yaradıldığını da xatırladıb: "Bu kampaniya çərçivəsində dünyada yüz minlərlə gənc bir amal, bir məqsəd uğurunda birləşib. Məqsəd Xocalı soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır. Artıq dünyanın bir sıra ölkələri Xocalı faciəsini soyqırımı aktı kimi tanıyıb".       

Tədbirdə çıxış edən Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, tanınmış politoloq Sergey Markov ölkə ictimaiyyəti adından Xocalı soyqırımının 28-ci ildönümü ilə Azərbaycan xalqına dərin hüznlə baş sağlığı verdiyini bildirib: "Ümid edirik ki, bundan sonra heç vaxt nə Azərbaycan xalqının tarixində, nə də digər xalqların tarixində belə faciə təkrarlanmayacaq. Bu gün Xocalı qurbanlarının Moskvanın Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzində anılmasının xüsusi anlamı var. Məlumdur ki, yəhud xalqı da soyqırımına məruz qalıb. 28 il bundan öncə Xocalıda baş verənlər həqiqətən soyqırımı idi. Xocalıda şüürlu olaraq təşkilati şəkildə dinc insanlar milli mənsubiyyətinə görə qətlə yetirilmişdilər. Bu qanlı cinayətin təşkilatçılarının çoxsaylı müsahibələri var. Onlar müsahibələrində qəddarcasına törətdikləri vəhşiliklərdən çəkinmədən danışırlar. Ümid edirik ki, Xocalıda ədalət bərpa olunacaq".

Rusiyalı tanınmış hərbi ekspert, "Milli Müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko çıxışında Xocalı faciəsinin XX əsrin sonunda törədilən qanlı soyqırımı aktı olduğunu söyləyib: "Müdafiəsiz, dinc sakinlərin qətlə yetirilməsinə heç vaxt və heç cür haqq qazandırıla bilməz. Beynəlxalq hüquq normaları, Cenevrə konvensiyası mülki əhalini hər cür hərbi güc formasından müdafiə edir. Təəssüflər olsun ki, baş verənlər Xocalıda kütləvi şəkildə günahsız dinc əhalinin qırğınına, soyqırımına səbəb olub. Onların günahı Xocalıda yaşamaq və azərbaycanlı olmaq olub. Məlumdur ki, bəşəriyyətə qarşı törədilmiş cinayətin müddəti olmur. Ona görə də, ədalət normasından çıxış edərək, bu faciənin günahkarları mütləq cəzalarını almalıdırlar. Bu cinayətin əmrini verənlər, bu əmri icra edənlər mütləq məhkəməyyə verilməli, cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Xocalıda baş verənləri sanksiyalaşdıran siyasətçilər də cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Xocalıya ədalət hər şeydən öncə ona görə lazımdır ki, bir daha bu cür faciələr heç yerdə təkrarlanmasın. Biz yəhudi və azərbaycan xalqının əzablarını yaxşı xatırlayırıq. Ona görə ki, məhz bu vəhşi soyqırımı aktı nəticəsində Sovetlər xalqı deyilən məfhum məhv oldu. Beynəlmiləlçilik öldü. Milli zəmində törədilən kütləvi qətl, soyqırımı aktı qəbul olunmazdır. Biz bu gün buna görə Xocalıya ədalət tələb edirik, bu soyqırımını törədən qatillərin cəzalandırılmasını tələb edirik. Xocalı soyqırımı aktı heç vaxt unudulmayacaq. Əminəm ki, Xocalıda ədalət bərpa olunacaq".

İ. Korotçenko Rusiyanın ekspertləri adından Azərbaycan xalqına bu faciəvi tarixin ildönümü ilə bağlı sağlığı verdiyini də bildirib.

Daha sonra anım mərasimində yazıçı Günel Anarqızı və şairə Leyla Bəyimin müəllifləri olduqları İsraildə çap olunan "Krik" ("Fəryad") kitabının təqdimatı keçirilib. Müəlliflər Qarabağ müharibəsindən bəhs edən kitab haqqında və bu kitabın İsraildə təqdimatı haqqında məlumat veriblər.

Tədbir Günel Anarqızının Azərbaycanın xalq artisti Fəxrəddin Manafov tərəfindən səsləndirilən "Ataya məktub" adlı söhbəti və Xocalı faciəsi haqqında kiçik həcmli filmin nümayişi ilə başa çatıb.  

 





26.02.2020    çap et  çap et