525.Az

Azərbaycan və Türkiyə münasibətlərində yeni hədəflər


 

Azərbaycan və Türkiyə münasibətlərində yeni hədəflər<b style="color:red"></b>

Azərbaycanla Türkiyə arasında münasibətlər yüksək səviyyədədir. "Bir millət, iki dövlət" prinsipinə əsaslanan bu münasibətlər bütün sahələri əhatə edir. Hər iki dövlət əməkdaşlıq istiqamətlərini daha da genişləndirməkdə və inkişaf etdirməkdə maraqlıdır.

Fevralın 25-də Bakıda keçirilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 8-ci iclası, əldə edilmiş razılaşmalar, ticarət sazişinin imzalanması bu əlaqələri yaxın gələcəkdə daha üst səviyyəyə qaldıracaq.

Bakıya səfərdən əvvəl mətbuat konfransı keçirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara və Bakı arasında yüksək səviyyəli səfərlərin həyata keçirilməsi strateji tərəfdaşımız olan Azərbaycanla münasibətlərin səviyyəsini göstərir. Bu günə qədərki toplantılarda alınan qərarlarla TANAP, Bakı-Tbilisi-Qars dəmiryolu kimi strateji layihələri həyata keçirilib.

"Ötən il ticarət dövriyyəmiz artaraq 4,4 milyard dollara çatıb. Amma 2015-ci ildəki 5 milyard dollar həddinə çata bilməmişik. İkitərəfli ticarəti 2023-cü ilə qədər 15 milyard dollara çıxarmağı hədəfləyirik. Bundan əlavə, ilin sonuna qədər Azərbaycanın ölkəmizə sərmayələrinin 20 milyard dollara çatacağını gözləyirik. Türkiyənin Azərbaycana birbaşa investisiyaları isə 11 milyard dollara çatır. Türkiyə şirkətləri Azərbaycanda 14,2 milyard dəyərində 414 layihə həyata keçiriblər. Bundan sonra da Azərbaycanın inkişafına töhfə verməyə davam edəcəyik".

Bakıda Ərdoğanla Azərbaycan Prezidenti arasında təkbətək və geniş tərkibdə görüş keçirilib. Ərdoğan 9 fevral parlament seçkilərinin sakit şəraitdə keçməsindən məmnunluq duyduğunu ifadə edib. Bildirib ki, Azərbaycan liderinin rəhbərliyi ilə həyata keçirilən islahatları qardaş ölkə izləyir və dəstəkləyir: "Hər bir sahədə təcrübəmizi bölüşməyə hazır olduğumuzu bəyan edirk". Türkiyə Prezidenti iki ölkənin gerçəkləşdirdiyi mühüm ortaq layihlərdən də söz açıb.

Mövzu ilə bağlı danışan politoloq Qabil Hüseynli deyib ki, Azərbaycanla Türkiyə arasında strateji əməkdaşlığa dair planlama müqaviləsi var. İldə bir dəfə strateji planlama məsələləri müzakirə edilir, görülən işlərə yekun vurulur, yeni hədəflər müəyyənləşdirilir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana növbəti səfəri də məhz strateji planlama ilə bağlıdır. O bildirib ki, Türkiyə Prezidentinin Azərbaycana səfəri zamanı ikitərəfli əməkdaşlığın müxtəlif formaları müzakirə edilərək, müvafiq qərarların qəbulu mühüm əhəmiyyət kəsb edir. Politoloq söyləyib ki, hər dəfə bu istiqamətdə qəbul olunan qərarlardan sonra Azərbaycanla Türkiyə arasında əlaqələrin daha yeni-yeni spektrlərinə toxunulur, ticarət dövriyyəsinin ümumi həcmi və onlara çatmaq üçün konkret hədəflər müəyyənləşdirilir: "Budəfəki səfərdə də əsas məqsədlərdən biri məhz bundan ibarətdir". Q.Hüseynli vurğulayıb ki, səfər zamanı təkcə iqtisadi məsələlər deyil, həm də Azərbaycan-Türkiyə arasında siyasi, xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələr aparılıb: "Artıq 11-ci ildir ki, iki ölkə arasında strateji görüş keçirilir. Digər görüşlərdə olduğu kimi, bu dəfə də Dağlıq Qarabağ münaqişəsinin həlli, eləcə də hərbi əmkdaşlıq sahəsində fikir mübadiləsi aparılıb".

Politoloq Elxan Şahinoğlu isə hesab edir ki, Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının məqsədi və mütəmadi toplantılarının keçirilməsinin hədəfi iki ölkə arasında əməkdaşlığın mövcud vəziyyətini təhlil etmək və yeni istiqamətləri müəyyənləşdirməkdir. "Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığımız gündən-günə inkişaf edir" - bu Ərdoğanın Azərbaycana səfərindən əvvəl keçirdiyi mətbuat konfransında dediyi sözlərdir. "Atlas" Araşdırmalar Mərkəzinin hələ ötən ilin sonunda yaydığı analizində vurğulanmışdı ki, Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığı üst səviyyəyə qaldırmağa ehtiyac var, hərbi-sənaye komplekslərinin birgə istehsala başlamaları vacibdir. Ayrıca, qarşılıqlı investisiyaların həcmi artır. Türkiyənin Azərbaycana yatırdığı investisiyaların həcmi 11 milyard, Azərbaycanın Türkiyəyə yatırdığı investisiyanın həcmi 20 milyard dollara yaxınlaşır. Bunlar öz yoluyla gedir. Önəmli olan, yenə də təkrar edirəm, iki ölkə arasındakı hərbi əməkdaşlığın miqyasını artırmaqdır. İndiki vəziyyətdə bu, bizim üçün daha vacibdir".

PƏRVANƏ

 





26.02.2020    çap et  çap et