525.Az

Dünyanı bürüyən virus: koronavirusa qarşı hansı tədbirlər görülür?


 

Dünyanı bürüyən virus: <b style="color:red">koronavirusa qarşı hansı tədbirlər görülür?</b>

Məlum olduğu kimi, ötən ilin dekabr ayından başlayaraq Çinin Uhan şəhərində aşkarlanmış yeni növ koronavirus daha sonra digər ölkələrə də yayılmağa başladı.

Əvvəlcə virusun mahiyyəti barədə dərindən məlumat olmadığı üçün onun qarşısını da almaq mümkün deyildir. Buna görə də ölənlərin sayında artım müşahidə olundu. Lakin daha sonra aparılan araşdırmalar nəticəsində virusla mübarizə üçün müəyyən önləyici tədbirlər görülməyə başladı. Çində, o cümlədən, dünyanın digər ölkələrində koronavirusdan sağalanların sayı artmağa başlayıb. Çin Dövlət Səhiyyə Komitəsinin dünən yaydığı məlumatda deyilir ki, ölkədə koronavirusa yoluxma halları azalmaqdadır. Hubeyin xaricində son bir gün ərzində ölkə daxilində yalnız 9 yeni yoluxma hadisəsi aşkarlanıb, sağalmış xəstələrin sayı isə min nəfəri keçib. Vyetnamda isə virusa yoluxmuş 16 nəfərin hər biri sağalıb.  İnfeksiyanın İranda aşkarlanması isə istər-istəməz qonşu dövlətlərin narahatlığına səbəb olub.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi koronavirusla bağlı İrana səfər edən vətəndaşlara xəbərdarlıq edib. Xəbərdarlıqda deyilir ki, son zamanlar yeni növ təhlükəli virusun (coronavirus 2019-nCoV) yaxın bölgəmizdə yayılması təhlükəsini nəzərə alaraq və İran İslam Respublikasının rəsmi qurumlarının bu xüsusda yaydığı xəbərdarlığa istinad edərək, Azərbaycan Respublikasının vətəndaşlarını İran İslam Respublikasına səyahət edərkən, xüsusilə də ziyarət səfərləri zamanı son dərəcə ehtiyatlı olmalarını, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əməl etmələrini tövsiyə edir.

Onların hər hansı problemlə üzləşdikləri zaman Azərbaycan vətəndaşlarından Azərbaycanın Tehran şəhərindəki səfirliyinə və ya Təbriz şəhərindəki Baş Konsulluğuna müraciət etmələri tövsiyə olunur: "Azərbaycan Respublikasının xarici ölkələrdəki bütün səfirlik və konsulluqlarının ünvanları Xarici İşlər Nazirliyinin internet səhifəsində (www.mfa.gov.az) yerləşdirilib. Xarici ölkələrdə daimi, müvəqqəti yaşayan və olan Azərbaycan Respublikasının vətəndaşlarına fövqəladə hallar və digər təhlükələr zamanı lazımi kömək göstərilməsi üçün səfirlik və konsulluqlarla əlaqə saxlamaları, konsulluq qeydiyyatına durmaları tövsiyə olunur".

Azərbaycan Prezidentinin tapşırığına əsasən xəstəliyin ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə bir sıra addımlar atılıb. Belə ki, Prezident İlham Əliyevin tapşırığı ilə fevralın 24-də Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin, Daxili İşlər, Fövqəladə Hallar, Səhiyyə Nazirliklərinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Qida Təhlükəsizliyi Agentliyinin rəhbər vəzifəli şəxsləri və mütəxəssislər İran İslam Respublikası ilə dövlət sərhədində yerləşən "Astara" və "Biləsuvar" buraxılış məntəqələrinə səfər ediblər.

Səfər çərçivəsində son vaxtlar İran İslam Respublikasında müşahidə olunan "koronavirus" epidemiyasına qarşı dövlət sərhədindən buraxılış məntəqələrində həyata keçirilən qabaqlayıcı tədbirlərin gücləndirilməsi, bu xəstəliyə yoluxmalarına şübhə yaranan şəxslərin vaxtında aşkarlanması və tibbi təxliyəsi üzrə hazırlığın vəziyyəti nəzərdən keçirilib.

Gücləndirilmiş iş rejimində fəaliyyət göstərən dövlət sərhədindən buraxılış məntəqələrində ölkə ərazisinə daxil olan şəxslərin bədən hərarətinin xüsusi avadanlıqlar vasitəsilə yoxlanılması, əlavə tibbi personalın və təcili tibbi yardım avtomobillərinin birbaşa postların ərazisinə cəlb olunması və 24 saat növbəli rejimdə fasiləsiz olaraq fəaliyyət göstərmələrinin monitorinqi keçirilib.

Müzakirələr zamanı bu günədək xəstəliyə yoluxma ilə bağlı şübhə-lərin olmaması nəzərə alınmaqla gələcəkdə ehtimal olunan riskli hallarda birgə fəaliyyətin koordinasiya edilməsi məsələləri üzrə fikir mübadiləsi aparılıb, dövlət sərhədindən keçən şəxslərin bu epidemiya barədə maarifləndirilməsi istiqamətində müvafiq tapşırıqlar verilib.

Azərbaycanda bu istiqamətdə çox ciddi tədbirləri davam etdirilir və aidiyyatlı rəsmi qurumlar ölkədə koronavirusa yoluxma halının olmadığını bəyan edir. Amma təəssüf ki, sosial şəbəkələrdə əhali arasında ajiotaj yaradacaq bir sıra doğru olmayan xəbərlər yayılmaqdadır. Səhiyyə Nazirliyi bununla bağlı ölkə vətəndaşlarına müraciət edib. Nazirlik vətəndaşlardan məsələyə həssas yanaşılmasını xahiş edib. Müraciətdə bildirilib ki, süni ajiotaj yaratmaq məqsədi ilə sosial şəbəkələr vasitəsi ilə yayılan yalan məlumatlara etibar etməsinlər.

Rəsmi məlumatlara əsasən, Azərbaycanda koronavirusa yoluxma halı qeydə alınmayıb. Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə biri Azərbaycan, digərləri isə İran İslam Respublikası vətəndaşları olmaqla 6 nəfər yerləşdirilib. Onlar bədənlərinin hərarəti normadan yüksək olduğu üçün xəstəxanaya müraciət ediblər. Həkim müşahidəsinə götürülənlərdən 3-nün vəziyyəti normaldır, səhhətlərində hər hansı problem aşkarlanmayıb. Digər 3 nəfərdə zökəm əlamətləri var.

Mütəxəsislər isə virusdan qorunmaq üçün əhalinin gigeyenik qaydalar ciddi əməl etmələrini tövsiyə edir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Britaniyanın Milli Səhiyyə Xidməti (MSX) yeni "COVID-19" xəstəliyindən özümüzü və başqalarını necə qoruya biləcəyimizə dair dərc etdiyi təlimatda vurğulanıb ki, yeni tip koronavirusdan qorunmaq və onun yayılmasının qarşısını almaq üçün əlləri sabun və su ilə tez-tez yumaq və ya alternativ olaraq dezinfeksiya edici gel ilə təmizləmək əlin səthindən virusları və bakteriyaları yox edəcək. Virusa yoluxmusunuzsa, əllərinizin içinə asqırarkən və ya öskürərkən kənara çıxan hava damcıları əllərinizin səthinə yapışacaq. Bu o deməkdir ki, əşyalara və ya insanlara toxunarkən siz virusu yaya bilərsiniz. Bunun əvəzində, asqırarkən və ya öskürərkən ağzınızı yaylıq, salfet, paltarın qolu və ya bükülmüş dirsəyinizlə bağlamaq məsləhət görülür.

Xəstəliyi olan insanlarla sıx təmasdan çəkinməyə çalışın. ÜST xüsusilə öskürən, asqıran və yüksək hərarəti olan insanlardan ən azı bir metr aralıda durmağı tövsiyə edir.

Əgər yoluxmuş şəxsə çox yaxın məsafədə durmusunuzsa, o, öskürərkən və ya asqırarkən virus nəfəsinizlə orqanizminizə daxil ola bilər.

ÜST bazarlara gedərkən heyvanlara və ya heyvan mənşəli məhsullara toxunduqdan sonra əllərinizi su və sabunla yumağı, eləcə də əllərinizlə gözlərinizə, burnunuza və ya ağzınıza toxunmamağı tövsiyə edir.

Həmçinin, xəstə heyvanlarla və ya heyvan mənşəli korlanmış məhsullarla, eləcə də heyvan tullantıları və ya mayelərlə təmasdan qaçmaq lazımdır.

Çiy və ya az bişmiş heyvan mənşəli məhsulların istehlakından çəkinmək, eləcə də ərzaq təhlükəsizliyi qaydalarına riayət etmək tövsiyə olunur.

Koronavirusin əsas əlamətləri isə öskürək, yüksək temperatur, nəfəs darlığıdır.

Türkiyəli infeksionist, məşhur professor Oğuz Karabay bir neçə gün əvvəl səsləndirdiyi tövsiyələrində koronavirusdan qorunmaq üçün əlləri tez-tez yumağı və spirtli dezinfeksiyaedici maddələrdən istifadə etməyi tövsiyə edib.

Professor qeyd edib ki, odekolon ən asan əldə edilən spirtli dezinfeksiyaedicidir: "Təbii ki, infeksiyası önləmək üçün hər cür tədbirləri almalıyıq. Hər cür tədbirləri yerinə yetirin, əlləri tez-tez yuyun. Hazırda Türkiyədə bu virusa yoluxan yoxdur, amma xəstəlik aşkarlanarsa, maska taxmalı və gigiyenik qaydalara əməl etməliyik. Virusun ən asan yayılma yollarından biri kirli əllərdir. Əllərimizi su və sabunla 20 saniyəyə yumalı və ya spirt əsaslı dezinfeksiyaedici maddələrlə təmizləməliyik. Türk cəmiyyətində çox gözəl bir vərdiş var - əlləri odekolonla silmək. Odekolondan tez-tez istifadə etməyi məsləhət görürəm, lakin təşvişə düşmək lazım deyil. Odekolon bu virusların yayılmasının qarşısını alan təsirli üsuldur. Çünki bunlar zəif viruslardır və alkoqol kimi əl dezinfeksiyaedicilər sayəsində dərhal ölürlər".

Azərbaycanın baş infeksionisti Cəlal İsayev isə bildirib ki, xəstəlikdən qorunmaq üçün insanların kütləvi şəkildə toplaşdığı yerlərdən, xəstə insanlardan uzaq durmaq lazımdır: "Bacardığımız qədər immun sistemini gücləndirməliyik. Parklarda, açıq havalarda gəzmək, yuxu rejiminə diqqət etmək, sağlam qidalanmaq lazımdır. Konservləşdirilmiş, yarımfabrikat qidalardan uzaq durmalı, meyvə-tərəvəzlə zəngin menyuya üstünlük verməliyik. İmmun sisteminin zəifləməsinə səbəb olan nələr varsa, onlardan qaçmalıyıq. Virusdan qorunmağın yollarından biridə respiratorlardan, yəni qoruyucu maskalardan istifadə etməkdir.

Koronaviruslar təkcə hava damçı yolu ilə yoluxmur, bu virusa həm də təmas vasitəsilə də yoluxa bilərik. Bununla bərabər, həm də olduğunuz məkanın havalandırmasına diqqət etmək vacibdir".

PƏRVANƏ

 





26.02.2020    çap et  çap et