525.Az

Xocalı: Susmayan harayımız


 

Xocalı: <b style="color:red">Susmayan harayımız</b>

Hələ yeniyetmə çağlarımdan yaşadığım bir hiss məni indinin özündə də tərk etmir: elə ki qışın sərt, qarlı-şaxtalı, sazaqlı, yağmurlu havalarında təbiət buz nəfəsilə hər yanı dondurur, o zaman qəlbimə aramsız yağış kimi yağan nisgil çökür, gözlərimin qarşısında məzarlıq canlanır, orda uyuyan, əbədi yuxuya gedən ölülərə yazığım gəlir...

Qalın kürkdə, dizəcən isti çəkmələrin içində olsam belə, bu məkanın lal sükutu üşüdür, dondurur məni. Öz-özümə deyirəm, indi gör torpağın altında əbədi sakin olan bu insanlar necə donur... Belə fikirləşəndə qəlbimi şər çağının qəribliyi, tənhalığı sarır, özümü bu gen dünyada atılmış, unudulmuş, kimsəsiz kimi hiss edir, lap düzü, cismimi sanki dünyasını dəyişənlərin arasında görürəm. Bu iki həyat arasında qıvrıla-qıvrıla sürünən düşüncələr elə yandırır, elə sızladır ki məni...

Eyni hissləri Xocalı soyqırımının fəcini yaşadığımız 28 ildə, qışın sərt, həm də üzü yaza gedən günlərində daha çox və aramsız gələn acılarla yaşayıram. Yaddaşımıza qanla yazılmış Xocalının soyqırımı tarixində düşüncələrim bir başqa duyğularla göynədir, ağrıdır məni. Necə ağrıtmasın, necə göynətməsin, axı 28 ildir qəlbimizdə bir Xocalı harayı səslənir, heç vəchlə ağzı bağlanmayan yaralarımızdan hələ də qan damır, torpağın bitirib-yetirdiyi nə varsa, çörəyimiz, suyumuz qan tamı verir. Deyirəm, bəlkə o zamandan Xocalıya gələn qar, yağış indinin özündə də qırmızı yağır...

Soyqırımı gecəsində körpələrin çığırtısı, yaşlıların ah-naləsi beynimdə guruldayır. Elə bilirəm, indicə oraya yürüş etsək, yenə xocalıların harayını eşidərik, qarın içində çabalayan günahsız insanları dəlmə-deşik eliyən düşmən güllələrinin yerindən axan qanın çölləri boyadığını, üzü dağa sarı uzanan qırmızı ləpirləri görərik... O zaman onların ərşə ucalan harayları qulaqlarımızı, beynimizi dələr: Ehey, insanlar, qardaşlar, hardasınız, öldürdülər, qırıb-çatdılar bizi bu qaniçənlər! Gəlin, xilas edin bizi... Çatdıqmı, yetə bildikmi haraylarına...

Bu səsin, düşüncələrin içində Xocalının qarlı düzü, dağı gözümə ağla qırmızının yaratdığı vahiməli, tükürpədici bir rəngdə görünür. Bu rənglərin harmoniyasında qanla yazılan yaddaşım, ürəyim ağrıyır... Taykeş uşaq çəkmələrini, xırdaca əlcəkləri, papaqları qaçaraq topalayıb, qucağıma basıb bax elə indicə, lap bu anda uçan ruhlarının arxasınca yüyürüb, təzədən əyinlərinə geyindirmək istəyirəm... Kaş ki çata biləydim!

Bunlar dəli bir istək, acı bir xəyal olsa da, tarixin yaşatdığı Xocalı faciəsinin qəlbimdə açdığı və unutdura bilmədiyi həqiqətin avand üzüdü. Özgə rəng, hava götürməyən, üzündə heç bir ləkəsi olmayan, dünyanı lərzəyə salan Xocalı həqiqəti! Yer üzündə başqa xalqların yaşadığı faciələrə bənzəri olsa da, xalqımızın taleyinə bir özgə müsibətlə, amansızlıqla gəldi bu dəhşətlər. Yaşadıq, çəkdik bu ağrıları, unutmadıq, amma sinəmizi köz kimi yandırılan yaramızı hələ də sağalda bilmirik...

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistanın silahlı qüvvələri Rusiyanın 366-cı motoatıcı alayı ilə birgə bu şəhərdə misli görünməmiş faciələr törətdilər. Qaniçənlər yaşlılara, qocalara, qadınlara, uşaqlara belə rəhm etmədən onları amansızcasına qətlə yetirdilər. Bu, XX əsrin ən böyük soyqırımı faciəsi idi. Bu faciədə qəddar ermənilər beynəlxalq hüquq normalarına zidd olan, ən başlıcası, insanlığa yaraşmayan vəhşiliklə meyitləri qeyri-insani cəza üsulları ilə tanınmaz hala salmışdılar.

Statistik məlumatlardan bildiyimiz kimi, tarixin səhifəsinə dağ kimi basılmış həmin hadisələrdə 613 Xocalı sakini qətlə yetirildi. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmuşdur. 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. Hələ əsir götürülən, yaralanan insanları, bu günədək taleyindən xəbərsiz olduğumuz qadınları, uşaqları düşünəndə o hadisələrin acı və soyuq havası qəlbimizi titrədir. Beləcə, hər il Xocalı soyqırımının anım günlərində yaxın bir tarixdə insanların başına gətirilən faciələr kino lenti kimi gözlərimizin önündən keçəndə qəlbimiz necə odlanmasın...

Dünya necə fikirləşir, fikirləşsin, yaşadığımız bəlaya nə ad verir, versin (yaxud da heç verməsin!), bu, bir həqiqətdir ki, bəşər tarixində ən dəhşətli, ağır faciələrdən biri erməni işğalçılarının və onların havadarlarının Xocalıda böyük amansızlıq və qəddarlıqla, vəhşiliklə törətdikləri soyqırımı faciəsidir. Bu gün həmin faciədən 28 il ötsə də, o məşum gecədə yüzlərlə soydaşımızın qanına qəltan edilməsi hələ də qaysaq bağlamamış yaramızı göynədir. Şaxtalı-boranlı bir qış gecəsində sağ qalanların top-tüfəngin ölüm saçan alovundan xilas olmaq ümidilə çöllərə, dağlara sarı qaçmasını indi də təsəvvürdə canlandırmaq belə, insanı sarsıdır. İnanmıram ki, sağ qalanlar bu dəhşəti xatırladıqca ölüb, təzədən dirilməsin... Bu həqiqətə hələ də soyuq nəzərlərlə baxan, ona siyasi qiymətini verməyən, dünya dövlətlərinin mövqesizliyi Azərbaycan xalqının düşüncəsində acı bir təəssüf doğurur...

Xocalı soyqırımı haqqında, onun hansı səbəblərdən baş verdiyini düşünəndə xalqımızın 200 ildən də çox, zaman-zaman yaşadığı qanlı hadisələri yada salmaq öz zərurətini doğurur. Hələ 1813-cü ildə Gülüstan və 1828-ci ildə isə Türkmənçay müqavilələrinin imzalanması bu hadisələrin başlanmasına bünövrə oldu. Hər iki müqavilə Azərbaycanın tikələnməsi və parçalanmasına gətirib çıxardı. 1905-1907-ci il hadisələri və sonrakı vaxtlarda milli zəmində baş verən qırğınlar faktların, rəsmi sənədlərin şahidliyi ilə tarixin yaddaşına həkk olunub. 1918-ci ildə İrəvanda, eləcə də Azərbaycanın bir çox bölgələrində ermənilər ixtişaşlar törədərək xalqımıza qarşı soyqırım hadisələri törədiblər. Yüzlərlə soydaşımızın evi yandırılıb, 200-dən çox kənd darmadağın edilib, əhalinin çox hissəsi doğma yurdlarını tərk etmək məcburiyyətində qalıbdır. Bundan sonra 1948-1953-cü illərdə 200 min soydaşımız könüllü köçürülmə adı altında öz iqlimlərindən fərqli olan yerlərə - Kür-Araz ovalıqlarına deportasiya olunublar. 1988-ci ildə Qərbi Azərbaycanda öz dədə-baba yurdlarında yaşayan soydaşlarımız o yerlərdən sonuncu nəfərədək qovulublar. Həmin dövrdə də azərbaycanlılara qarşı vəhşilik və qəddarlıqla müşayiət olunan hadisələr törədilib. Mənfur ermənilər qədim yurd yerlərimiz olan Qərbi Azərbaycanda, İrəvan quberniyasında, Qarabağda yerləşmək, torpaqlarımızı özününküləşdirməkdən ötrü hələ çar mütləqiyyəti zamanında, sonralar SSRİ dövründə öz məqsədlərinə addım-addım yaxınlaşmış, iddialarına həyasızcasına nail olmuşlar... Əlbəttə, yüzillər bundan öncə olduğu kimi, indi də ermənilərə havadarlıq edənlər millətimizə qarşı iyrənc planlar ətrafında birləşənlər bəşəri dəyərlərə, insanlığa, humanizmə qarşı olanlardır...

İndiyə qədər Xocalı faciəmizlə bağlı yüzlərlə məlumat xarakterli yazılar, kitablar, bədii nümunələr, rəssamların təsvirində saysız sənət əsərləri təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində də yayılıb nümayiş olunub. "Tariximizin qanlı səhifələri", "Əsrin qətliamı: Xocalı", "Xocalı soyqırımı dünyanın gözü ilə", "Tariximizin qanlı səhifəsi", "Qanla yazılmış yaddaş tariximiz", ümumən Xocalı faciəmizi ifadə edən mövzularda vətənimizdə və xarici ölkələrdə sərgilər təşkil olunub. Bunlar Xocalı hadisələrində qanına qəltan edilmiş soydaşlarımızın küçələrdə, qarlı dağlarda tökülüb qalmış meyitləri, qaçqın düşmüş, evsiz-eşiksiz qalmış insanların fotolarını, hətta bu müsibətimizi, baş vermiş məşum hadisələr haqqında xarici jurnalistlərin fikirlərini dünya mətbuatına çıxarmağımızı da reallaşdırıb. Əlbəttə, bunlar milli və bəşəri faciələrin unudulmamasına, dünyada haqqımızın müdafiəsinə yönəlmiş cəhdlərimiz, səylərimizdir. Görülən işlər vətənpərvərlik duyğuları, doğma yurd, torpaq itikisinin acıları ilə indi də davam etdirilir...

Tarix hər zaman öz səhifələrində yer almış hadisələri yaddaşda hifz etməyi, onu unutmamağı, xatırlamağı insanlardan tələb edir. Çünki yaddaşa qayıdış hər bir xalqın öz keçmişinə, keçdiyi yola aydın baxışıdır, bəşər tarixinə sadiqliyidir. Bu da bir aksiomadır ki, keçmişin dərslərindən ibrət alan, yaxud səhvlərindən nəticə çıxaran millətin öz gücünü birləşdirməyə, pozulmuş haqlarını bərpa etməyə qüdrəti çatar...

P.S. Bu səhərin alatoran çağı yaxın illərin qarlı bir qış günündə gecədən sabahadək dağlarda, düzlərdə sübhün bağrını dələn insanların səsini, harayını eşitdim: Ehey-y-y, insanlar, hardasınız, qaniçən cəlladlar öldürdülər, qanımıza qəltan etdilər bizi! Eşidirsinizmi?..

 





26.02.2020    çap et  çap et