525.Az

"Üç nöqtə": Şəhidlərin ruhuna ehtiram nümunəsi


 

"Üç nöqtə": <b style="color:red">Şəhidlərin ruhuna ehtiram nümunəsi</b>

O biri tələbələrlə birlikdə tədbirin keçiriləcəyi 300-cü auditoriyaya yollanıram. Tədbirin keçiriləcəyi auditoriyanın qarşısında müəllimlərimi - BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlunu, kafedra müdiri professor Cahangir Məmmədlini, dekan müavinimiz Samir Xalidoğlunu, studiya müdirimiz Ramin Rzayevi görəndə sevinirəm.

Radio- televiziya jurnalistikası kafedrasının müəllimi Natəvan Dəmirçioğluna bir az mübaliğə ilə təqdim edir: "Yaxşı yazır, reportaj ustasıdır".

Çox keçmir ki, hər kəs yerini tutur. Dekan müavini Samir Xalidoğlu tədbiri giriş sözü ilə açaraq Radio-televiziya jurnalistikası kafedrasının müəllimi Natəvan Dəmirçioğlunun rəhbərliyi ilə 039-cu qrupun hazırladığı radiotamaşanın təqdim olunacağını bildirir. Müəllifin eyniadlı povesti əsasında ərsəyə gətirilən və fakültəmizin tədris teleradio studiyasında "Üç nöqtə" radiotamaşası 20 Yanvar şəhidlərinin və Xocalıda qətl edilənlərin xatirəsinə həsr olunub. Hamı diqqətlə dinləyir. Canlı nitqlə birlikdə arabir eşidilən musiqi və səs lövhələri təqdim olunan materialı daha canlı, maraqlı edir.

Radiotamaşa davam etdikcə həm qeydlər götürür, həm də ətrafa göz gəzdirirəm. Heç kim sakitliyi pozmağa cəsarət etmir. Bunun birinci səbəbi şəhidlərimizin ruhlarına etiramdırsa, ikinci səbəbi, heç şübhəsiz, radiotamaşanın maraqlı olmasıdır. Tələbələr öz mətnlərini böyük həvəslə səsləndiriblər.

Səslənən dialoqlarda ötən əsrin 90-cı illərində ölkədəki sosial vəziyyət təsvir edilir. İnsanlar necə də çətinliklə dolanır, məişət sıxıntıları yaşayır, mənəvi əzablar çəkir, talon növbəsinə dayanır, çörək tapa bilmirlər. Şükür, indi müstəqil, suverən ölkədə yaşayırıq. Bu, məhz şəhidlərimizin qanı bahasına mümkün olub.

Bir sıra ciddi, ictimai əhəmiyyətli və dərin psixoloji əsərlər müəllifi olan Natəvan Dəmirçioğlu povesti təsadüfən "Üç nöqtə" adlandırmayıb. Əsərdə dövlətimizin, xalqımızın  taleyüklü problemləri qoyulur, onların çözülməsi yolunda Azərbaycan insanının apardığı sosial, ictimai, siyasi mübarizə psixoloji səpkidə öz əksini tapır. Radiotamaşanın bir üstünlüyü də var idi ki, onu Jurnalistika fakültəsinin tələbələri tədris təcrübəsi kimi təqdim edirdilər.

... Nəhayət, radiotamaşa başa çatır. Söz Natəvan Dəmirçioğluya veriləndə üzünü tələbələrinə tutub ideyanın məhz onlardan gəldiyini bildirir: "Təklif gəldi, mən də onlara dəstək oldum. Bu bir tələbə layihəsidir. Düşünürəm ki, Qarabağın azad olunacağı gün uzaqda deyil. Nə vaxtsa o cənnət torpağa qayıdacağımıza ümid edirəm. Bundan sonra sevinclərimiz çox olsun. Böyük qələbəyə doğru gedək. Bu belə də olacaq. Ali Baş Komandan cənab İlham Əliyevin bütün siyasi və beynəlxalq miqyaslı siyasəti buna yönəlikdir. Biz uğrunda çalışdığımız qələbəyə qovuşacağıq, onda şəhidlərimizin ruhu qarşısında borcumuzu ödəmiş olacağıq. Biz inkişaf edən dövlətdə və daha da sivil cəmiyyətdə yaşayırıq. Bunun göstəricilərindən biri də odur ki, hər kəs ona tapşırılan işdə bacarıqlı və fədakar olmalıdır. Studiyada bizə yaratdığı şəraitə görə fakültəmizin dekanı Vüqar Zifəroğluna, studiyanın rəhbəri Ramin Rzayevə və onun kollektivinə təşəkkür edirəm".

Professor Cahangir Məmmədli də təşəbbüsü yüksək qiymətləndirir: "Düzdür, qüsurlar var idi. Amma tələbələrin hazırladığı iş olduğunu nəzərə alsaq, deməliyik ki, radiotamaşa çox təqdirəlayiqdir. Əsas odur ki, tələbələr həvəs, maraq göstərir, öz bacarıqlarını təkmilləşdirməyə çalışırlar".

Fakültəmizin dekanı Vüqar Zifəroğlunun fikrincə isə, müharibə şəraitində olduğumuz bir vaxtda belə mövzuların  gündəmə gətirilməsi vacibdir: "Bizim gəncliyimiz çox çətin illərə təsadüf edib. Dostlarımızın, sinif yoldaşlarımızın tabutlarını daşımalı olmuşuq. İndi vəziyyət düzəlib. Buna baxmayaraq, gənclərin hərbi-vətənpərəvrlik ruhunda tərbiyə olunmaları baxımından belə layihələr müstəsna əhəmiyyətə malikdir".

Tədris-teleradio studiyasının müdiri Ramin Rzayev radiotamaşanın ərsəyə gəlməsində xidmətləri olan hər kəsə təşəkür edərək, tələbələrə uğurlar arzulayır, müəllif və müəllim Natəvan Dəmirçioğlunu təbrik edir.

Tədbir sona çatandan sonra hər kəs bir-bir otağı tərk edir. Radiotamaşada obrazlardan birinin səsləndirdiyi "Dirilər heç vaxt ölüləri yada salmır" ifadəsi məni düşündürür. Bu fikirlə razı deyiləm. Dirilər həmişə ölüləri xatırlayırlar. Məsələn, ərsəyə gətirilən bu radiotamaşa ilə BDU-nun Jurnalistika fakültəsinin müəllim-tələbə kollektivi yüzlərlə şəhidi andı. Xocalı soyqırımının 28-ci ildönümündə təqdimatı olan radiotamaşa vasitəsilə tələbələr şəhidlərimizin ruhuna ehtiramlarını bildirdilər. Bir də, şəhidlər ölmür, axı. Onlar öz əməlləri ilə əbədi dünyanı çoxdan qazanıblar - eyni ilə "Üç nöqtə"də təsvir edildiyi kimi...

Kənan NOVRUZOV

 





26.02.2020    çap et  çap et