525.Az

Kürdəmirdə Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub


 

Kürdəmirdə Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub<b style="color:red"></b>

AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional filialı Atakişili kənd tam orta məktəbi ilə birgə Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş tədbir keçirib.

Tədbirdə Xocalı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan dövlət himni səsləndirilmişdir.

Tədbiri giriş sözü ilə açan AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional filialının müdiri Yaqut Bahadurqızı xalqımıza qarşı törədilən bu faciənin tarixi kökləri haqqında ətraflı məlumat verib.

O, çıxışında 90-cı illərin əvvəllərində ölkəmizdə yaranan xaos və anarxiya nəticəsində bir çox bölgələrimiz kimi Xocalı şəhərinin də nəzarətdən kənarda qalmasından, bundan istifadə edən erməni hərbi birləşmələri 366-cı motoatıcı alayının köməkliyi ilə Xocalıda misli görünməmiş faciə törətməsindən, nəticədə minlərlə Xocalı sakininin qətlə yetirilməsi, yaralanması və əsir götürülməsindən bəhs edib. Bu soyqırım hadisəsi yalnız Ümummilli lider Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra öz həqiqi qiymətini alıb.

Monitorda Xocalı soyqırımının dəhşətlərini əks etdirən kadrların nümayişi, şagirdlərin təsirli çıxışları, dəhşətli soyqırıma həsr olunmuş şeirlər, qəmli musiqilər tədbir iştirakçılarına kədərli anlar yaşadıb.

Sonda Kürdəmir rayon Atakişili kənd tam orta məktəbin direktoru Aytən Əkbərova çıxış edərək şagirdləri xalqın qan yaddaşı olan Xocalı soyqırımını, eləcə də, işğal olunmuş digər torpaqlarımızda törədilmiş qanlı cinayətləri, vəhşilikləri unutmamağa, Vətən, torpaq uğrunda mübarizəyə hər zaman hazır olmağa çağırıb.

Tədbir iştirakçıları Atakişili kənd tam orta məktəbinin şagirdlərinin Xocalı soyqırımına həsr etdikləri əl işləri və rəsmlərdən ibarət sərgi ilə tanış olublar.

 





26.02.2020    çap et  çap et