525.Az

Milli Kitabxanada Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib


 

Milli Kitabxanada Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib<b style="color:red"></b>

Dünən Milli Kitabxanada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanası birgə "Xocalı - XX əsrin soyqırımı" mövzusunda kitab sərgisinin açılışı, Səriyyə Müslümqızının "Onlar heç vaxt böyüməyəcəklər" və Meyxoş Abdullahın "Plenniüa…" kitablarının, "Xocalı soyqırımı" adlı elektron məlumat bazasının və Xocalı ilə bağlı hazırlanmış sənədli filmin təqdimatını keçirib.

Xocalı faciəsi qurbanlarının və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq bildirib ki, Xocalı faciəsi tarixdə misli bərabəri olmayan, heç bir ölçüyə sığmayan bir qətliamdır: "Xocalı faciəsinin qurbanları ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda da hər bir azərbaycanlı tərəfindən dərin hüznlə yad edilir. Azərbaycan tarixinin ən qanlı səhifəsi olan Xocalı soyqırımından 28 il ötməsinə baxmayaraq, hər birimiz bu faciənin ağrısını ilk günkü kimi yaşayırıq".

Professor K.Tahirov onu da qeyd edib ki, Xocalı qırğını təkcə Azərbaycan xalqına qarşı deyil, insanlıq əleyhinə törədilmiş cinayətdir: "Xocalı faciəsinin daha geniş miqyasda tanıdılması, soyqırım aktı kimi qəbul olunması istiqamətində mühüm addımlar atılıb, belə addımlardan ən vacibi isə milli ruhda kitabların yazılması və təqdim olunmasıdır. Xocalı faciəsi və onun qurbanları haqqında yüzlərlə kitablar nəşr edilib, yerli və xarici mətbuat səhifələrində yazılar dərc olunub. Bu kitabların xarici dillərə tərcümə olunub təbliğatı mühüm məsələlərdən biridir".

Kitabxananın direktoru onu da qeyd edib ki, hər il "Xocalı faciəsi"nin anım günündə yeni kitabların təbliği Milli Kitabxananın əsas fəaliyyətlərindəndir. Bu il təqdimatı keçirilən Meyxoş Abdullanın "Plenniüa…", Səriyyə Müslümqızının "Onlar heç vaxt böyüməyəcəklər" əsərləri belə kitablardandır. M.Abdullanın "Plenniüa…" romanı rus dilində artıq 32 dünya kitabxanasına göndərilib. Belə kitabların nəşri və təbliği  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan "Xocalıya ədalət" kampaniyasına mühüm dəstəkdir.

Daha sonra Meyxoş Abdulla ilk öncə tədbir iştirakçılarına öz təşəkkürünü bildirib. O qeyd edib ki, "Səidənin faciəsi" bir qəhrəmanlıq simvoludur. Yazıçı üçün torpağın işğalı ən böyük faciələrdən biridir.

Kitabın redaktoru Leyla Qədirzadə çıxış edərək bildirib ki, belə kitabların, qəhrəmanlıq motivli filmlərin çəkilməsi təqdirəlayiq addımdır. O, kitabın ekranlaşdırılmasının vacib məsələ olduğunu qeyd edib.

Gənc şair Sevindik Nəsiboğlu "Xocalı faciəsinə" həsr olunmuş şeirini oxuyub.

Yazıçı-publisist Əli Azəri çıxış edərək romanın Xocalı faciəsini tam dolğun faktlar və əyani hadisələrlə əks etdirdiyinə görə müəllifə, kitabın texniki heyətinə öz təşəkkürünü bildirib.

Tədbirdə "Xocalı soyqırımı" adlı elektron məlumat bazasının və Xocalı ilə bağlı hazırlanmış sənədli filmin təqdimatı keçirilib.

Sonda tədbir iştirakçıları və qonaqlar "Xocalı - XX əsrin soyqırımı" adlı sərgi ilə tanış olublar.

Eyni zamanda, Azərbaycan Milli Kitabxanasının nəzdində fəaliyyət göstərən Açıq Kitabxanada 8 nömrəli tam orta məktəbin 6a sinif şagirdlərinin iştirakı ilə Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib.

 





26.02.2020    çap et  çap et