525.Az

"Bir uşaq gözündəki kədər kimi ağıram..." - Kəmalə Abiyevanın şeirləri


 

"Bir uşaq gözündəki kədər kimi ağıram..." - <b style="color:red">Kəmalə Abiyevanın şeirləri </b>

Bayrağım

Ey bayrağım,
varlığıma inam yerim,
Azadlığa güman yerim.
Səni necə əzizləyim,
nələr deyim?
Nə söyləsəm,
nə qədər tərif eyləsəm
Mən olduğum ucalıqda,
Mən olduğum zirvədəsən.
Özüm olmadığım yerə
səni necə aparım mən?

İrəvanda, Xocalıda,
Zəngəzurda, Qubadlıda,
O tayımda, bu tayımda
dalğalanan torpaq ahım,
Ey bayrağım, səcdəgahım,
Mən hayana üz çevirim,
mən səcdənə hara gəlim?
Sənə necə üz tutum mən
tapmadığım qibləgahım?

Şuşa adlı ağrım mənim,
Təbriz adlı cəzam mənim,
Aldandığım pənahımsan,
"Vətən" adlı məhəbbətim,
"Vətən" adlı günahımsan.

Yoxa çıxıram daha

Bir uşaq gözündəki
kədər kimi ağıram.
Bir uşaq gözündəki
kədər tək ağrıyıram.

Bir az bənövşə kimi
kol dibində qalmışam.
Bir az İrəvan kimi
boynubükük olmuşam.

İtən bir iz kimiyəm
axtarıb tapmaq olmur.
Bir az Təbriz kimiyəm,
gedirsən, çatmaq olmur.

Yaşamaqçün savaşan
Ağlar gözlü yalanam.
Dərdi boyunu aşan
bir az da Savalanam.

Qanadları yaralı
laçın kimiyəm bir az.
Vüqarından asılı
Laçın kimiyəm bir az.

Oda düşən istəyəm,
Xocalıda yanıram.
Nəmli qalan ürəyəm -
Arazdan boylanıram.

Bir az bulud kimiyəm,
Yağa bilmirəm daha.
İsa bulağı kimi -
axa bilmirəm daha.

Bir az şüşə kimiyəm,
sınıram, dağılıram.
Bir az Şuşa kimiyəm,
dərdimlə dağ oluram.

Urmu gölüyəm daha
özümdə boğuluram.
Yoxa çıxıram daha
dözümə yığılıram.

Vətən dərdidi yüküm,
necə daşıyım, Allah.
Bu vətən yükü ilə
necə yaşayım, Allah?

Qurtar məni özümdən
başqa bir can olum mən.
Dözümümü al məndən
Azərbaycan olum mən.

Cahillərə

Cordano Bruno,
sən də insan axtardın,
kamilliyə inandın -
səni yandırdılar.
Səndən öncə Nəsimi vardı -
o da inandı,
kamil insan axtardı -
dərisin soydular.
Hərdən həqiqət ağır olur,
özündən ağır cəza alır.
Cahillər həqiqətin dərisin soyar,
odda yandırar.
Cordano, hələ də səni yandırırlar,
Nəsiminin dərisini soyurlar.

Həyat

Bu həyat həmişə gülməz üzünə,
Bəzən də arxanca gülər, bilməzsən.
Bəzən göz yaşı tək dolar gözünə,
Bəzən təbəssümə dönər, bilməzsən.

Bəzən bu dünyanın bədbəxti edər,
Qoparar başında min bir fırtına.
Bəzən də dünyanın xoşbəxti edər,
Dəlicə vurulub doymazsan ona.

Bəzən yanlışların üzünə durar,
Həyatı qınayıb haqsız deyərsən.
Bəzən də susarsan haqsızlıqlara,
Bəzən də sən onun haqqın yeyərsən.

Bəzən "həyat" deyə haray salarsan,
Bəzən də o səni gəzər, bilməzsən.
Bəzən də sən ondan bezar olarsan,
Bir gün də o səndən bezər, bilməzsən.

İtirdim

Xoşbəxtlik, mən səni tapa bilmədim,
Elə həsrət qoydun özünə məni.
Yatmış gözəl oldun, öpə bilmədim,
oyada bilmədim yuxudan səni.

Təpəgözlər səni tilsimə saldı,
Daşlara döndərdi, saçından asdı.
Divlərin önündə çarəsiz qaldım,
Neçəsi, neçəsi yolumu kəsdi.

Sehrli çubuğum olmadı mənim,
nə də ki, qılıncım, qurtaram səni.
Qovuşa bilmədim, bilmədim sənə,
gedər-gəlməzlərdə itirdim səni.

Sənsiz olanda

Bu gecə darıxdım ulduzlar kimi,
bu gecə göylərdən asılıb qaldım.
Ovuda bilmədim öz ürəyimi,
eləcə gecəyə qısılıb qaldı.

Darıxdım, bir azca küləklər kimi
bir nəğmə oxumaq istədim yenə.
Göylərin əlləri yağışlar kimi
bir azca toxunmaq istədim sənə.

Ay göyün yaxasın açmışdı yenə,
həsrətlə boylandı aya ümidim.
Bu gecə göylərdən ayın yerinə
bir az ümidimi asmaq istədim.

İstədim həsrətli darıxan gecə
ümid işığına boyansın bir az.
İstədim gözümə yıxılan gecə
səhərə ümidlə boylansın bir az.

Hardasa bir tənha qadın darıxar

Boylanıb illərin uzaqlığına  
bir qadın özünə təsəlli arar.
Donar xatirələr soyuqluğunda
qar kimi üstünə yağar hər nə var.

Qar kimi üstünə yağar hər nə var,
hardasa bir tənha qadın darıxar.
Dərdli arzuların göz yaşlarında
ürəyi boğular, özü boğular.

Ürəyi boğular, özü boğular,
aldanar qapının tıqqıltısına. 
Ümidi asılar yanaqlarından
qarışar yağışın pıçıltısına.

Qarışar yağışın pıçıltısına,
bir qadın yağışla darayar saçın.
Dönər yalnızlığın hayqırtısına
hardasa, hardasa darıxan qadın.

Hardasa, hardasa darıxan qadın
"kaş ki..."lər əlində çarəsizləşər.
Darıxan qadının ümidi adam,
bir gediş, bir mesaj, bir zəng də yetər...

Qisas arzusu

Gecələr qəddar oluram -
Ölən arzularımdan
qisas alıram.
Öldürürəm bir-bir
ağrılarımı - arzu qatillərini,
ən gözəl duyğuları öldürənləri.
Qəddar oluram gecələr.
Amma səhərlər...
Səhərlər onlarla
eyni şəhərdə yaşayıram,
eyni küçələri dolaşıram...
Sonra evimə gedirəm,
Bir az sevinirəm -
Yəni hələ sevinə də bilirəm -
evimiz ayrıdı deyə. 
Gecə yenə
Qatil olmaq keçir könlümdən.
Deyirlər, düşünmək işin yarısıdı...
Bir də deyirlər "dad yarımçıq əlindən".

İzelə

Sevməyə heç nə olmamışdı, elə bil,
Sevməyə heç kim qalmamışdı, elə bil,
Balacam, sən gəldin
qara gözlərində
Günəşi gizləyən işıq gətirdin.
Qaranlığı sevdim. İşığı sevdim...
Səsin elə əziz ki, bütün səsləri sevdim.
Nəfəsin elə təmiz ki,
Nəfəsi sevdim,
Təmizliyə inandım.
kiçik əllərində
ömrümə sığmayan sevinc gətirdin -
kiçikliyi sevdim,
sevinməyi öyrəndim.
Balaca ürəyində
Həyata sığmayan sevgi gətirdin
Sevməyi sevdim.
Hamını, hər şeyi sevmək istədim.
Sevmək...
             Sənintək...

Niyə

Bir dəfə ayrıldıq istəməsək də,
Bir dəfə hərəmiz bir səmtə getdik.
Min dəfə görüşmək biz istəsək də,
bəs niyə yenidən heç rast gəlmədik.
Bəs niyə yenidən heç rast gəlmədik 
Biz eyni şəhərdə yaşadıq axı?
Eyni binaların yanından keçdik,
eyni küçələrdə dolandıq axı....
Eyni küçələrdə dolandıq axı,
Biz eyni torpağın üstündə gəzdik,
Biz eyni günəşlə oyandıq axı,
biz eyni göylərin altında gəzdik.
Biz eyni göylərin altında gəzdik,
Biz eyni gecəylə açdıq sabahı.
Gecələr yuxladı gözlərimizdə,
Biz eyni əzabla oyandıq axı.
Biz eyni əzabla oyandıq axı...
Bircə ayrılığın əsiri olduq?
bütün əzablarla barışdıq axı,
niyə xoşbəxtlikdən küsülü qaldıq?

Vəsiyyət

(Qızıma)

Məndən sonra ağlamazsan,
Ruhumu ağrıtmazsan.
Dünyadan gedişimi yox,
Gəlişimi anarsan.
"Bu gündə doğulan qadın vardı,
Mənim üçün yaşardı" deyərsən.
əylənərsən, gülərsən.
Ad günündə ağlamazlar bilirsən.
Səni necə sevdiyimi,
Məni necə sevdiyini xatırlarsan.
Bir də
Qınamazsan nə özünü, nə məni
bacarsan...
Mənsə ağrılarını özümnən apararam...

O nə vaxtdı?

O nə vaxtdı? -
yelləncəyimiz uçaqdı,
göyün yeddi qatına, xoşbəxtliyə uçardıq,
bəd bəxtlərdən uzaqdıq,
xoş bəxtə inanardıq,
neçə-neçə ümidlə sabaha yollanardıq.

O nə vaxtdı? -
dəlicə vurulardıq,
sevərdik, ağlayardıq,
həm də sevgi çox idi.

O nə vaxtdı? -
yelləncəkdən yıxıldıq,
uçağımız yox oldu,
ürəyimiz qırıldı,
o sevgilər dağıldı.

O nə vaxtdı? -
ümidlər güman oldu,
gümanlar yalan oldu?
O nə vaxtdı? -
gerçəklərdən yorulduq...

Bahalı ağaclar

Bir vaxt Sahil bağında -
("bulvar" deyirdik onda) -
Bir az Bakı ətirli,
bir az Xəzər ətirli
çoxlu söyüdlər vardı.
Sonra Sahil bağında
o söyüdlər azaldı.
Bu şəhərin ətrinə,
bu dənizin ətrinə
yad ağaclar çoxaldı.
Indi sahil bağında
bahalı ağaclar var.
O bahalı ağaclar
Bakı ətrini verməz,
Xəzər ətrini bilməz.
O bahalı ağaclar
nə bu dənizi sevməz,
nə bu şəhəri sevməz.
Bir vaxtlar illər öncə
Vaqif Səmədoğlu da
"Kim sulayacaq - deyə
bulvarda söyüdləri" .
Yaman nigaran idi
Yad ağaclar ruhunu
doğma tək oxşamadı.
Bahalı olsalar da,
doğmaya oxşamadı.
Bir az canı sıxıldı,
bir az ruhu darıxdı.
Yadlıqdan bezdi deyə
bəlkə də, çıxıb getdi
doğmalığı görməyə.

 





26.02.2020    çap et  çap et