525.Az

Xocalı soyqırımının ildönümü ilə əlaqədar Niderlandda silsilə tədbirlər təşkil olunub


 

Xocalı soyqırımının ildönümü ilə əlaqədar Niderlandda silsilə tədbirlər təşkil olunub<b style="color:red"></b>

Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Niderland Krallığındakı səfirliyinin dəstəyi, ölkədə fəaliyyət göstərən azərbaycanlı və türk diaspor təşkilatlarının təşəbbüsü və təşkilatçılığı ilə silsilə tədbirlər keçirilib.

Niderlanda fəaliyyət göstərən Belçika və Niderland Azərbaycanlılarının Koordinasiya Şurası, Avropa Azərbaycanlılarının Media Qrupunun təşkilatçılığı ilə Xocalı soyqırımına beynəlxalq-hüquqi qiymətin verilməsi məqsədilə Niderland parlamenti və hökumətinə ölkənin bütün azərbaycanlı diaspor təşkilatları adından petisiya təqdim edilib.

Berlinin Brandenburq darvazası önündə təşkil olunmuş Ümumavropa Qarabağ mitinqində Niderlanddan 100-ə yaxın fəal iştirak edib və Xocalı soyqırımına öz etirazlarını səsləndirib. Bundan başqa, Haaqa şəhərinin Kamperfoeliestraat parkında Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin ərazisində Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin təşkilatçılığı ilə anım mərasimi keçirilib. Azərbaycanın Niderlanddakı səfiri Fikrət Axundov tədbirdə çıxış edib.

Niderland Türk-Azərbaycan Mədəniyyət Dərnəyi Ermənistanın bu ölkədəki səfirliyinin qarısında etiraz aksiyası keçirib. Etiraz aksiyasında 80-dən çox fəal iştirak edib. Onlar ermənilər tərəfindən törədilmiş vəhşiliyə etiraz olaraq müvafiq şüarlar səsləndirib, plakatlar nümayiş etdirib və sonda petisiya təqdim ediblər.

Daha bir anım tədbiri Azərbaycanın Niderlanddakı səfirliyində keçirilib.

Səfir F.Axundov çıxış edərək Xocalı faciəsinin acı həqiqətləri barədə məlumat verib, ermənilər tərəfindən törədilmiş bu amansızlığın insanlıq əleyhinə ağır cinayət olduğunu söyləyib. O, soyqırımının beynəlxalq müstəvidə daha geniş tanınması və ona siyasi-hüquqi qiymətin verilməsi məqsədilə dövlət və hökumət rəhbərliyi səviyyəsində aparılan iş və eyni zamanda, Heydər Əliyev Fondu tərəfindən dünyanın müxtəlif ölkələrində həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası barədə məlumat verib.

Anım mərasimində Niderlandda yaşayan rəssam Rasim Hüseynov və Vəfa Rüstəmovanın Xocalı soyqırımına həsr edilmiş rəsmlərinin sərgisi nümayiş etdirilib, Xocalı ilə bağlı film göstərilib.

 





26.02.2020    çap et  çap et