525.Az

Ədəbiyyatımızın və mədəniyyətimizin unudulmaz Qəmküsarı - Araşdırma


 

Ədəbiyyatımızın və mədəniyyətimizin unudulmaz Qəmküsarı - <b style="color:red">Araşdırma </b>

Azərbaycan ictimai fikrinin, ədəbiyyatının, teatrının, ümumən, mədəniyyətinin inkişafında müstəsna xidməti olan görkəmli şəxsiyyətlərdən biri Əliqulu Nəcəfov-Qəmküsardır (1880-1919). Bu əvəzsiz yaradıcı insan özünün misilsiz xidmətlərilə Azərbaycanda mədəni inkişafa böyük töhfələr verib.

Əliqulu Qəmküsar kimi geniş şöhrət qazanmış məşhur satirik şair, publisist, mədəniyyət xadimi Əliqulu Məşədi Ələsgər oğlu Nəcəfov 1880-ci ildə Naxçıvanda anadan olub. Mənsub olduğu ailə mühitində, şairin tədqiqatçılarından akademik İsa Həbibbəylinin də yazdığı kimi, "atası Məşədi Əlsəgər Nəcəfovun "Səba", əmisi Məmmədhüseyn Nəcəfzadənin "Fani", ana babası Məşədi Əsədin "Məddah" təxəllüsü ilə ictimai ruhlu şeirlər yazması onun böyük ədəbiyyata hazırlanmasında ciddi rol oynaya bilmişdi". Yaxın qohumları Nəsrulla və Fərəculla Şeyxovların da ictimai mühitdə hörmətli adam olmaları, mətbuat və mədəniyyətə açıq fikirli münasibətləri Qəmküsarın savadlı və fəal bir vətəndaş olaraq inkişafında əhəmiyyətli rol oynamışdı. Xüsusilə də, dövrün mötəbər ziyalısı, ədəbi mühitin ağsaqqalı və görkəmli pedaqoq-müəllimi olan Məhəmməd Tağı Sidqinin məşhur "Tərbiyə" məktəbində aldığı yeni üsullu, dünyəvi təhsil onun gələcəyə hazırlanmasında mühüm iz qoymuşdu. O, ailə mühiti və ictimai tərbiyənin fəal daşıyıcısı kimi həm ədəbiyyatçı, mətbuat adamı, mədəniyyət mücahidi olmasından başqa, həmçinin, fəal ictimai xadim də olmuşdu. Dövrün mühüm istiqlal mücahidlərindən olan Səttarxanın başçılıq etdiyi inqilabi hərəkatda fəal iştirakçılardan biri də Əliqulu Qəmküsar idi (1906-1911). Haqlı olaraq tədqiqatçı-alim İslam Ağayev Əliqulu Qəmküsarı "Azərbaycan ədəbi-ictimai fikri tarixində satirik şair, publisist, "Molla Nəsrəddin" satira jurnalının redaktorlarından biri, 1906-1911-ci illər İran məşrutə hərəkatının fəak iştirakçısı, Azərbaycan səhnə sənətinin inkişafı tarixində özünəməxsus yeri olan bir şəxs kimi" səciyyələndirir. Lakin onu daha çox şair, publisist və teatr xadimi kimi tanıyırlar.

Əliqulu Qəmküsarın geniş ictimai fikrə çıxmasında o dövrün yeni əsrinin ilk anadilli və mütərəqqi mətbuat orqanı olan "Şərqi-rus" qəzetində məqalələr çap etdirməsi böyük yolçuluğun ilk addımları kimi diqqəti cəlb edir. Naxçıvanlı ziyalıların böyük qardaşı kimi hörmət və ehtirama malik olan Məhəmməd ağa Şahtaxtılının "Şərqi-Rus" qəzeti həm də dövrün mötəbər ziyalılarının bir araya gəlməsi və birgə fəaliyyət göstərmələrinə geniş imkanlar yaratmışdı. Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Əliqulu Qəmküsar, Mirzə Ələkbər Sabir, Abbas Səhhət və başqaları üçün məhz bu mətbuat orqanı "yavuqlaşma meydanı" olmuşdu. Məhəmməd ağanın "Şərqi-Rus" qəzetində jurnalistik fəaliyyət göstərərək peşəkar publisistik bacarıqlara yiyələnən Əliqulu Qəmküsar 1906-cı ildə "Molla Nəsrəddin" jurnalının nəşrə başlaması və baş redaktoru həmyerlisi Cəlil Məmmədquluzadəni əvvəllərdən tanıması səbəbilə bu jurnalın redaksiyasına qədəm qoyur. Qəmküsar böyük həvəslə bu jurnalla əməkdaşlıq etmiş və milli ziyalılığın başlıca vasitəsi olan qəzetçilik fəaliyyətini onunla bağlamışdı. Jurnala qoşulan Əliqulu Qəmküsar möhtəşəm qəzetçilik fəaliyyəti göstərərək böyük şöhrət qazanmışdı. Mirzə Cəlilin də xatırladığı kimi, Qəmküsar burada "Xadimi-millət", "O taylı", "Cüvəllağı", "Cüvəllağı bəy", "Sarsaqqulu bəy" və başqa imzalarla yazırdı. Ə.Qəmküsar bu jurnalın ikinci redaktoru kimi də çıxış etmiş, uğurlarına yeni səhifələr yazmışdı. 1913-cü ildə Mirzə Cəlilin təklifi ilə Qəmküsar jurnalın ikinci redaktoru olmuş və bu fəaliyyət jurnala canlanma və fəallıq qazandırmışdı. Təsadüfi deyildi ki, ədəbi dövrün başçısı, "Mollanəsrəddinçi" hərəkatın sərkərdəsi kimi böyük şöhrət qazanan Cəlil Məmmədquluzadə yaxın dostu və silahdaşı Əliqulu Qəmküsarın ölümündən sonra haqqında yazdığı "Əliqulu Nəcəfov" və "Əliqulu Qəmküsar" kimi məqalələrində onun ədəbi istedadı, yeri və çəkisindən ehtiramla söz açıb.

Əliqulu Qəmküsar Azərbaycan ədəbiyyatında daha şox satirik şair və publisist ədib kimi məşhurlaşıb. Hər iki halda Ə.Qəmküsarın bu şöhrətə çatmasında ədəbiyyat və mətbuat tariximizdə Cəlil Məmmədquluzadə kimi şöhrətli, peşəkar, qüdrətli bir sənətkar-ədibin və publisistin adı ilə bağlı olan yenitipli satira və "Molla Nəsrəddin" dərgisi rol oynamışdır. Əliqulu Qəmküsarı, o cümlədən, Əli Nəzmini, Mirzə Ələkbər Sabiri və başqalarını Cəlil Məmmədquluzadənin "əsl "Molla Nəsrəddin" şairini axtarmaq" cəhdinin nəticəsi hesab etmək olar. Ümumiyyətlə, bir çox tədqiqatçı və ədiblərin də etiraf etdikləri kimi, Azərbaycan ədəbiyyatı və mətbuatında Cəlil Məmmədquluzadənin başlatdığı yeni ədəbi, publisist yolun işığında Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi, Üzeyir bəy Hacıbəyov, Əliqulu Qəmküsar və digər şöhrətli ədiblər yetişib ortaya çıxmışdılar.

Qəmküsar həm də fədakar teatr xadimi kimi tanınıb. Naxçıvanda teatrın yaranıb kamala yetməsində bu fədakar şəxsiyyətin misilsiz xidmətləri var idi. Hər şeydən əvvəl Əliqulu Qəmküsarın adı çəkiləndə Cəlil Məmmədquluzadənin dünyalarca məşhur "Ölülər" əsərinin baş qəhrəmanlarından olan Şeyx Nəsrullahın ölməz obrazını yaradan bacarıqlı bir aktyor yada düşmüş olur. "Ölülər" əsərinin tamaşa həyatına ölməzlik qazandıran amillərdən biri də onun məşhur Şeyx Nəsrullah obrazının ifaçısı Əliqulu Qəmküsar idi. "Ölülər"in Naxçıvanda, Bakıda, Gəncədə və Azərbaycandan kənarda - Aşqabadda, Daşkənddə, Səmərqənddə, Kazanda, Həştərxanda, Vladiqafqazda və Dərbənddə tamaşaya qoyulması Şeyx Nəsrullahın mahir ifaçısı kimi Əliqulu Qəmküsara böyük şöhrət gətirmişdi. Özünün yaradıcı təxəyyülü, böyük satira ustası və mollanəsrəddinçi ədib, bənzərsiz ziyalı olmasından irəli gəlirdi ki, qüdrətli şair obrazını oynadığı tipin bütün psixoloji, mənəvi keyfiyyətlərinə hali idi və xarakterin yaradılmasında da mükəmməl nümunə göstərmişdi. Dövrün görkəmli dramaturqlarından olan Nəcəf bəy Vəzirov "Kaspi" qəzetində dərc olunan məqaləsində Ə.Qəmküsarın "Şeyx Nəsrullah" obrazını yaradarkən sərgilədiyi məharəti nəzərdə tutaraq yazmışdır: "Özümü güc ilə saxladım. Az qalmışdı qışqıram: Əclaf!" O dövrün "Açıq söz" qəzetində də tamaşa barədə bəhs olunaraq deyilirdi: "Belə təsirli səhnələrin nəticəsi idi ki, hər pərdənin arxasında müəllif cənabları alqışlarla səhnəyə çağırılır və təbrik edilirdi". Ə.Qəmküsarla birlikdə Naxçıvanda "Ölülər"in tamaşaya qoyulmasında iştirak edən İsgəndər rolunun ifaçısı məşhur teatrşünas və rejissor Rza Təhmasib də yazacaqdı ki: "Şeyx Nəsrullah rolunun mən bir çox ifaçılarını görmüşəm. Lakin açıq deməliyəm ki, heç kəs islamiyyəti dərindən bilən, mollaların həyat və psixologiyasına yaxşı bələd olan bu xırda cüssəli adamdan üstün tutula bilməz". Ümumiyyətlə, Şeyx Nəsrullah rolunun ifasındakı məharətin bənzərsizliyini çoxsaylı simalar görmüş və heyranlıqla təsdiqləmişdilər. Sənətşünas Ə.Qəhrəmənovun yazdığı kimi, "bu alqışların əsası Mirzə Cəlilin qələminin sayəsində idisə, digər tərəfdən Şeyx Nəsrullah rolunu bənzərsiz şəkildə oynayan Əliqulu Qəmküsarın və tamaşanın digər iştirakçılarının müvəffəqiyyəti idi". Şairin qızı Qəmər Salamzadənin də böyük şairin dilindən deyilənləri xatırladığı kimi, Şeyx Nəsrullah obrazının məharətli ifası elə bir əks-səda yaratmışdı ki, ruhanilərin fitvası ilə Əliqulu Qəmküsar küçədə möhkəmcə döyülüb Bazarçayına atılmışdı. Bundan əsla narahat olmayan şair dilə gətirmişdi ki, mən elə bilirdim ki, məni döymürlər, başımı tumarlayırlar. Əliqulu Qəmküsarın, teatrın inkişafındakı xidmətləri misilsiz idi. Onun təşəbbüsü ilə 1917-ci ildə Naxçıvanda yaranan "El güzgüsü" dram cəmiyyəti də bu sahədə böyük işlərə imza atmışdı. Ümumiyyətlə isə, akademik İ.Həbibbəylinin də yazdığı kimi, Ə.Qəmküsar 1910-cu ildə Culfada teatr truppasına rəhbərlik etmiş, M.F.Axundzadənin "Müsyö Jordan və Dərviş Məstəli şah" komediyasını, Ə.Haqverdiyevin "Bəxtsiz cavan", "Dağılan tifaq" faciələrini tamaşaya qoymuşdur. 

Böyük satira ustası Əliqulu Qəmküsar 1919-cu ilin martın 14-də mübhəm bir hadisə nəticəsində dünyaya gözlərini yumub. Hansısa xain bir sifarişin nəticəsində açılan "qorodovoy gülləsi" böyük şair, qüdərtli satirik, məharətli aktyor, ölməz teatr xadimi, xalqına və millətinə bağlı bir şəxsiyyətin ölümünə səbəb olmuşdu. Akademik İsa Həbibbəylinin fikirlərilə desək, bu qüdrətli satirik şairin taleyi də ömürlərini oxşar hadisələrlə başa vurmuş Firidun bəy Köçərli, Məhəmməd Hadi, Abbas Səhhət, Hüseyn Ərəblinski və başqalarınkı kimi tamamlanmışdı. Amma bir məqam dəqiqdi ki, onun ictimai fikirdəki, ədəbi mühitdəki, mədəni səviyyədəki istisnasız nəhəng yeri, xidmətləri və təsiri onu çəkə bilməyənlərin qərəzi ilə qarşılanmışdı. Çünki onun fitri istedadı ilə bərabər, fəal, qətiyyətli və kəskin mövqeyi çox qüvvələri narahat etmişdi.

Böyük ədəbiyyatşünas alim A.Zamanovun da dediyi kimi, "Əliqulu Qəmküsar böyük ədəbi irs qoyub getməsə də, xalq səadəti uğrunda fədakar mübarizəsi və təvazökar yaradıcılığı ilə XX əsr ədəbiyyatımızın tarixində müəyyən izlər buraxmışdı. XX əsr Azərbaycan ədəbiyyatının tarixində, xüsusən, "Molla Nəsrəddin" jurnalının nəşri və mübarizəsi tarixində Əliqulu Qəmküsarın adı həmişə hörmətlə yad ediləcəkdir". Mollanəsrəddinçilikdə malik olduğu nüfuz və fəallığına görə idi ki, qocaman yazıçı, "Molla Nəsrəddin"in Mozalan bəyi Əbdürrəhim bəy Haqverdiyev Qəmküsar haqqında hörmətlə yazırdı: "Nəcəfzadə qabil, mövzu təbli, dərin iltifatlı və son dərəcədə hafizəli idi ki, uşaqlıqdan o günə kimi oxuduğu cəmi əşar onun hafizəsində idi. Onun ikinci redaktor olması jurnalı ("Molla Nəsrəddin" jurnalı nəzərdə tutulur - R.Q.) daha da ruhlandırdı... Əliqulu Nəsəfzadəyə dəyən güllə "Molla Nəsrəddin" məcmuəsinin ürəyinə dəydi. Ona mən "Molla Nəsrəddin" məcmuəsinin ürəyi adı qoymaqda səhv etmirəm və cürətlə də bu sözü deyirəm. Heyf olsun bivaxt əlimizdən gedən rəfiqimizə ki, həmişə qədirşünas dostlarının ürəyində diridir". Elə nakam şairin yaxın dostu və silahdaşı görkəmli fikir adamı Cəlil Məmmədquluzadənin bu fikirləri də Əliqulu Qəmküsar haqqında təəssüratları bu nikbin, ümidverici ruhla tamamlayır: "Nə qədər ki məcmuəmizin adı söylənilir, onun əziz və qiymətdar qələm yoldaşlarının qabaq sırasında Əliqulu Qəmküsarın - Cüvəllağı bəyin adı həmişə zindəbad alqışları ilə zikr olunacaq".

Ramiz QASIMOV
AMEA Naxçıvan Bölməsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent

 





27.02.2020    çap et  çap et