525.Az

Ədəbi-ictimai və pedaqoji fikir tariximizdə müstəsna yer tutan ədib - Haqverdiyev-150


 

Ədəbi-ictimai və pedaqoji fikir tariximizdə müstəsna yer tutan ədib - <b style="color:red">Haqverdiyev-150</b>

Azərbaycan ədəbiyyatı ilə yanaşı, məktəb və pedaqoji fikir tarixində də özünə layiqli yer tutan sənətkarlardan biri Əbdürrəhim bəy Haqverdiyevdir.

Əbdürrəhim bəy Haqverdiyevin "Hacı Daşdəmir", "Dağılan tifaq", "Bəxtsiz ca-van", "Pəri cadu", "Millət dostları", "Kimdi müqəssir?", "Ac həriflər", "Xəyalat", "Qadınlar bayramı", "Ağac kölgəsində", "Köhnə dudman", "Çox gözəl", "Padşahın məhəbbəti", "Sağsağan", "Ağa Məhəmməd şah Qacar" və başqa dram əsərləri şirin dili, mənalı gülüşü, aydın təşbihləri, dərin mənası, yüksək ideyası ilə oxucunun nəzərini cəlb edir.

Görkəmli ədibin "Ayın şahidliyi", "Ata və oğul", "Şeyx Şəban", "Pir", "Seyidlər ocağı", "Marallarım" və s. hekayələrində də güclü yumor, tənqidi realizm əsas yer tutur.

Əbdürrəhim bəy Haqverdiyevin həyat və yaradıcılıq yolu o qədər zəngin və rənga-rəngdir ki, bəzən "Molla Nəsrəddin" jurnalının səhifələrində gizli imzalarla "Ceyranəli", "Xortdan", "Həkimi-Nunisəğir", "Lağlağı", "Mozalan", "Süpürgəsaqqal" kimi (1906-1931), bəzən ali məktəb auditoriyasında mühazirə oxuyan müəllim-pedaqoq kimi (1921-1931), gahdan masa arxasında oturan nasir, dramaturq, tərcüməçi kimi, gahdan da rejissor kimi səhnədə, dirijor kürsüsündə (pultunda) özünə mənəvi abidə ucaltmışdır.

Müəllif öz ecazkar qələmi ilə xalqımızı avamlıqdan, cəhalətdən, nadanlıqdan, onu kölgə kimi izləyən mövhumatçılığın, xurafatçılığın təsirindən qurtarmağa çağırmışdır.

Öz sevimli xalqının yeni həyata olan arzu və istəyini bədii yaradıcılığında məharətlə əks etdirən humanist sənətkar dövrünün mütərəqqi ideyalarından ilham almış, müxtəlif imzalarla "Molla Nəsrəddin" jurnlında çıxış edərək xalqını elmə, maarifə səsləmişdir.

Yazıçının qələmə aldığı "Odabaşının hekayəsi" əsəri dövrün yalançı ruhanilərini ifşa edən gözəl sənət əsəridir. Hekayədə varlanmaq üçün şəxsiyyət və vicdanlarını pula satan, öz şəxsi mənafeləri üçün hər cür fırıldağa əl atan qara niyyətliləri, ürəklərində təmiz məhəbbət gəzdirən cavanlarla amansız davranan xurafatçıların üç üzü hərtərəfli təsvir edilmişdir.

Əbdürrəhim bəy Haqverdiyev pedaqoji fikir tarixində bir tərcüməçi kimi də şöhrət tapmışdır. Görkəmli ədib Maksim Qorkinin "İzergil qarı", "Makar Çudra", "Arxip baba və Lyonka", "Xan və oğru", Anton Çexovun "Kontrabas romanı", "Sirr", "Nadinc uşaq", "Dəhşətli gecə", Andersenin "Şahın təzə libası" və "Bülbüllər", Şekspirin "Hamlet" və "Kral Lir", Volterin "Soltan Osman", Şillerin "Qaçaqlar" və "Vilhelm Tel", Emil Zolyanın "Qazmaçılar", İ.Krılovun "At və eşşək" və başqa neçə-neçə qiymətli əsəri tərcümə etməklə, azərbaycanlı oxucuların bu görkəmli yazıçı və şairlərin yaradıcılığı ilə tanış olmasına kömək göstərmişdir.

Əbdürrəhim bəy Haqverdiyev Maksim Qorkidən tərcümələr etməklə yanaşı, bu dahi yazıçı haqqında həm də böyük bir məqalə yazmışdı.

"Maksim Qorkinin həyat və yaradıcılığı" adlanan bu məqalədə müəllifin Qorkinin həyat və yaradıcılığına dərindən bələd olduğunu çox aydın göstərir. Haqverdiyev məqalədə Maksim Qorkinin zəhmət və məşəqqətlə keçən həyatını təsvir etməklə bərabər, yazıçının həyat idealını, yaradıcılıq qaynaqlarını üç dövrə bölərək faktlar əsasında işıqlandırır və elmi şəkildə ümumiləşdirir.

Ə.Haqverdiyevin pedaqoji fikir tarixindəki mövqeyi bunlarla məhdudlaşmır. İctimai xadim Haqverdiyev Azərbaycan mədəniyyəti tarixində istedadlı alim kimi də tanınmış və şöhrət qazanmışdı. O, 1924-cü ildə Rusiya Elmlər Akademiyasının ölkəşünaslıq bürosuna üzv seçilmiş, 1928-ci ildə isə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdü. Onun mətbuatda ədəbiyyata, dilə və incəsənətə dair bir sıra elmi məqalələri dərc olunub. Bunların sırasında "Müsəlmanlarda teatro", "Azərbaycanda teatr", "Molla Nəsrəddin haqqında xatiratım", "Mirzə Fətəli və ərəb əlifbası", "Axundovun həyatı və fəaliyyəti", "Mirzə Fətəlinin faciəsi", "Ədəbi dilimiz haqqında", "Bizim yabılığımız" və sair elmi-publisist əsərləri diqqəti cəlb edir.

Azərbaycan dramaturgiyası Haqverdiyevin simasında özünün ən istedadlı nümayəndələrindən birini tapıb. Məhz bu xüsusiyyətlərinə görədir ki, məşhur fransız ədibi Lui Araqon "Qərb və Şərq divanının zəruriliyi" adlı əsərində bir neçə Azərbaycan yazıçısı ilə yanaşı, Əbdürrəhim bəy Haqverdiyevin də adını çəkir və onun sənətkarlığını yüksək qiymətləndirir.

Məlumdur ki, Əbdürrəhim bəy Haqverdiyevin həm də bir rejissor, səhnə xadimi kimi Azərbaycanda teatrın yaranması və inkişafı sahəsində əvəzolunmaz xidmətləri var. Bu baxımdan, Haqverdiyevi, eyni zamanda, milli teatrın tarixçəsini çox müfəssəl və nəzəri şəkildə, həm də xronoloji ardıcıllıqla keçdiyi inkişaf yolunu ilk dəfə qələmə alan müəllif kimi, başqa sözlə, ilk Azərbaycan teatrşünas-alim kimi də qiymətləndirsək, ancaq həqiqəti təkrar etmiş olarıq. O, "Azərbaycanda teatr" adlı məqaləsində belə bir cəhəti nəzərə çarpdırır ki, Azərbaycan teatrı öz tarixi inkişafı yolunda səhnəni "şeytan yuvası" adlandırıb, xalqı ondan uzaqlaşdıran xurafatçılarla üz-üzə gəlmişdi. Görkəmli səhnə ustaları isə hər cür təhqir və hədələrə dözmüş, əyilməmişdilər. "Azərbaycanda teatr" məqaləsi bu sözlərlə bitir: "O teatr ki, bir zaman yanından keçərkən camaat az qala gözünü yumardı, indi ağzına qədər dolur... Bir zaman hamıya avara və müftəxor görünən dramaturq və artistlər indi şərəf və hörmətlə qarşılanırlar".

Ə.Haqverdiyev xalqın xoşbəxtliyini maarif toxumu səpən xalq məktəblərində, elmdə, təhsildə görürdü. Qızların məktəbə cəlb olunması məsələsini daim düşünənlərdən biri də Haqverdiyev idi. Qızların məktəbə nə qədər həvəs və marağı olsa da, atalar qızlarını məktəbə yox, səkkiz yaşından ərə verib başdan rədd etməyi düşünürlər. Ə.Haqverdiyevin qızların təhsili üzərində apardığı maarifləndirmə işi öz təsirini göstərməkdə idi. Artıq atalar qızlarının əlindən yapışır və çəkə-çəkə məktəbə aparmaq məc-buriyyətində qalırdılar.

Əbdürrəhim bəy Haqverdiyev nə yolla olursa-olsun, qadını Şərq ətalətindən, qaragüruhçu dinin təsirindən, kölə vəziyyətindən qurtarmağa və ictimai həyata cəlb etməyə çalışmış və azadlıq uğrunda gedən mübarizəni də, mədəni və siyasi tərəqqini də məktəblə əlaqələndirmişdir. Haqverdiyev yazır ki, milyonçu Hacı Zeynalabdin Tağıyev ünas (qadın) məktəbinin əsasını qoyanda "dünyada bir murdar ad qalmadı ki, Bakı camaatı o məktəbə qoymasın. Qulağım elə sözlər eşidirdi ki, bütün bədənim titrəşirdi".

O zaman məktəb adı ilə yaranmış və illər boyu məscidlərdə fəaliyyətini davam et-dirən mollaxanalar və başqa milli tədris müəssisələri dövrün tələblərinə qətiyyən cavab vermir, millətin gələcəyi olan uşaqları şikəst edirdilər. Əbdürrəhim bəy Haqverdiyevin fikrincə isə, dövr dünyəvi elmlərin tədrisini, gənc nəslin hərtərəfli bilik səviyyəsinə malik olmasını tələb edirdi.

Millət övladlarının təlimi, təhsili, tərbiyəsi ilə bağlı yazılar yazan Əbdürrəhim bəy Haqverdiyev həm də bir pedaqoq kimi çıxış edərək xalqın maariflənməsində bənzərsiz xidmətləri ilə pedaqoji fikir tariximizi zənginləşdirmişdi. Haqverdiyev gənc nəslin tərbiyəsi, əxlaqı məsələlərinə həmişə ictimai və mədəni inkişaf baxımından yanaşırdı. O, bu mövzuda yazdığı hekayə, məqalə, felyeton, Azərbaycan xalq pedaqogikası nümunələrində köhnə, çürük təlim-tərbiyə üsullarını tənqid etmiş, uşaqların, gənc nəslin mütərəqqi üsullar əsasında tərbiyələndirilməsinə çalışırdı. Onun ən böyük və nəcib arzularından biri də uşaqları vətənə, xalqın adət və ənənələrinə və ya milli dəyərlərə məhəbbət ruhunda böyütmək, onlara mədəni vərdişlər, müsbət əxlaq normaları aşılamaq və gələcək nəslə ərmağan etmək ideyası idi.

Əbdürrəhim bəy Haqverdiyev yaradıcılığında Cənubi Azərbaycandakı soydaşlarımızı da vətəni sevməyə, onu düşməndən qorumağa, həqiqi vətənpərvər olmağa çağırırdı. Onlara həyatın mənasını başa salmağa çalışır, öz azadlıq və xoş gələcəyi uğrunda vuruş meydanına səsləyirdi.

Haqverdiyev hər cür vətənpərvərlik hissindən məhrum olan, namus, mədəniyyət, insaniyyət, humanizm, səmimiyyət məfhumlarını tapdalayan şöhrətpərəstləri sərt bir şəkildə tənqid atəşinə tuturdu. Bu nöqteyi-nəzərdən Əbdürrəhim bəy Haqverdiyevin "Marallarım"ı çox xarakterikdir. Belə məlum olur ki, Dəccə-labad maralları "məclis qayırıb bir üsuli-cədid məktəbi acmaq" fikrinə düşürlər. Sonra başlayırlar ki, məktəbin adını nə qoyaq? "Biri deyir: "Məktəbi-şamatət", biri - "Ləamət", biri - "Nədamət", biri - "İftizah", biri - "İzmehlal"... Sədr təklif edir: "Mədrəseyi-töhmət". Bu ad məclis tərəfindən qəbul olunduqdan sonra Tehrandan iki müəllim gəlir və dərs deyir. Bunu eşidən Konsul Ağa məktəbə gəlir və müdirdən proqramla tanış olmasını istəyir.

"Müdir başlayır bir-bir oxumağa:

Əvvəlinci: "Vətən - Zavallının əşarından.

Konsul ilan çalmış tək sıçrayır:

- Amandı, nə fikirdəsən?

- Xan, necə?

- Rəhmətlik oğlu, rusun qoşunu Ərdəbildə əyləşib, sən vətən sözünü dilinə gətirir-sən? Bəlkə sabah gəlib məktəbi bağladılar.

- Eybi yoxdur, bu dursun. İkincisi: "Ayıl ey milləti-İran, oyan bu xabi-qəflətdən".

- Ay xanəxarab, dayan!

- Nə oldu, xan?

- Xanəxarab! Rus Təbrizdə əyləşib! Sən milləti-İran sözü danışırsan. Bundan sonra əlbəttə gərək "millət" sözü ortalığa çıxmasın!

- Xub, bu da dursun. Üçüncü:

Bir günü tülkü girdi bir bağa,
Baxdı orda sola, həm sağa,                     
Gördü o bağda üzüm saralıb,
Konsulun bığları əcəb qaralıb.

- Bax budur ha, belə-belə əşardan oxut, xalq da ləzzət aparsın. Və bir də çalış qiyamət, insaniyyət, mürüvvət, həmiyyət, ittihad, namus, qeyrət, mədəniyyət sözləri ortalığa gəlməsin!" ("Molla Nəsrəddin" jurnalı, 1911, №2).

Əbdürrəhim bəy Haqverdiyev Cənubi Azərbaycanda yaşayan türklərin nümunə-sində Şərq xalqlarının cəhalət zəncirini qırmağa, onları vahid bir qüvvə ilə birləşməyə və birləşərək yadelliləri ölkədən çıxarmağa və daxilindəki istismar dünyasını dağıtma-ğa çalışmışdır.

Əbdürrəhim bəy Haqverdiyevin əsərləri təkcə ana dilində Azərbaycanda deyil, dünyanın bir sıra ölkələrində (Rusiyada, Gürcüstanda, Litvada, Tacikistanda, Qırğızıstanda, Bolqarıstanda, Türkiyədə, Almaniyada və s.) müxtəlif dillərdə çap olunub.

Əsrlərdən əsrlərə süzülərək gələn xalq pedaqogikası nümunələri - nağıllar, tapmacalar, bayatılar, xalq mahnıları, mövsüm-mərasim nəğmələri, aşıq şeirləri, dastanlar, xalq tamaşaları və digər nümunələr Əbdürrəhim bəy Haqverdiyevin yaradıcılığında mənəvi keyfiyyətlərin formalaşmasının mühüm vasitələrindən biri olmuş, hələ təlim və tərbiyə haqqında elm olan pedaqogika yaranmazdan əvvəl gənc nəslin milli-mənəvi dəyərlər əsasında tərbiyə edilməsində müstəsna rolunu qeyd etmişdir. Əbdürrəhim bəy Haqverdiyevin yaradıcılığından qidalanan hər bir oxucuya aydın olur ki, gənc nəslin təlim, tərbiyə və təhsili, elmi-pedaqoji fikrin inkişafı, şübhəsiz ki, xalqımızın milli-mənəvi dəyərlərindən, soy kökündən qidalanmışdır.

 





27.02.2020    çap et  çap et