525.Az

Təşəkkür borcu - Hekayə


 

Təşəkkür borcu - <b style="color:red">Hekayə </b>

Az qalırdı, "Səni axtarıram" verilişinə çıxım. "Qalibə, haradasan?" - deyə bütün dünyaya səslənmək istəyirdim.

İlahi, dörd  ilin dostluğu bu qədər güclü, bu qədər unudulmaz ola bilərdimi? Yəqin ki, olurmuş. Quş qanadlı illər bir-birini əvəz etdikcə Qalibəni nəinki unuda bilirdim, əksinə, onun üçün çox darıxırdım. Onu təsadüfən tapdığım kimi, təsadüfən də  itirmişdim. Onu yenidən görmək, boynuna  sarılıb 25 ilin həsrətinə son qoymaq ən böyük arzum idi. Fikirləşirdim ki, görəsən, Qalibə də məni yada salırmı? Harada yaşadığını, nə işlə məşgul olduğunu bilmək istəyirdim. Yadımdadır, bel ağrılarından əziyyət çəkirdi. Tez-tez müalicə olunurdu. Canı ağrısa da, həmişə üzü gülürdü. Çox mehriban, istiqanlı, üzügülər idi. Onunla  tanışlığımız təsadüfən olmuşdu.

Məktəbin yuxarı sinfində oxuyanda artıq  qəti qərara gəlmişdim ki, jurnalist olacağam. Məktəbdə bunu şagirdlər də, müəllimlər də  bilirdilər. Jurnalist olaCağımı xəyal etdikcə, qanadlanırdım. Elə bilirdim, əlimə jurnalist vəsiqəsi alsam, dünyanın ən xoşbəxt insanı olacağam. Jurnalistlərə həsəd aparırdım. Gələcəkdə tanınmış jurnalist olacağıma çox inanırdım. Məktəb yoldaşlarım da, müəllimlərim də buna əmin idilər. Yaxşı oxuyurdum, dərs əlaçısı idim. Hamıdan çox   ədəbiyyat  müəllimim - İsa müəllim buna inanırdı. İnşa yazılarımı çox bəyənirdi.  Özüm də inşa yazmağı çox sevirdim, on iki vərəqli dəftəri sona kimi yazıb bitirirdim. Nöqtəsi, vergülü də yerində. İsa müəllimdən yalnız "əla" alırdım.

Məktəbin divar qəzetinin fəal yazarlarından idim. Ayda bir dəfə çıxan bu qəzetə kiçik hekayələr və şeirlər yazırdım. Qəzet hər dəfə  divardan asılanda uşaqlar mənim yazılarımı maraqla oxuyurdılar. Mən isə dayanıb kənardan onlara tamaşa edirdim. Müəllimlər  də "balaca jurnalistin" yaradıcılığını diqqətsiz qoymurdular, bəzən sinifdə mənim yazılarımı tərifləyirdilər. 

Məktəbi bitirib, böyük qardaşım kimi tibb universitetinin müalicə fakültəsinə daxil oldum. Əlbəttə ki, valideynlərimin arzusu ilə. Amma ruhdan düşmədim. Evdəkilərdən gizlin şeirlər yazırdım. Bunu dərs zamanı, mühazirələrdə də edirdim. Özümdən asılı deyildi. İlham pərisi harada məni haqlasaydı, qələmi çıxarıb yazırdım. Vərdişə çevrilmişdi, istədiyim vaxt istədiyim yerdə şeir yaza bilirdim.

Bir gün propedevtika müəllimimiz Sabir müəllim dərs vaxtı başımı aşağı salıb, özümə qapanaraq nəsə yazdığımı görüb,   dəftəri gətirməyi tələb etdi. Elə bil, cinayət başında yaxalanmışdım. Tər məni basdı. Çox utandım. "Sizin dediklərinizi yazıram", dedim. Deyəsən, mehribanlığı və insanpərvərliyi ilə müəllim və tələbələr arasında hörmət qazanmış Sabir müəllim mənim yalan danışdığımı anladı. Ayağa qalxıb özü mənə yaxınlaşdı. Dəftəri stolun üstündən götürüb vərəqləməyə başladı. Doğrudan da dəftərin əvvəlində daxili xəstəliklər haqqında mühazirələri yazmışdım. Nə fikirləşdisə, dəftərin arxa səhifələrini vərəqlədi. Dəftərin arxasına şeirlər yazmışdım. Bir neçə dəqiqə dayanıb diqqətlə oxumağa başladı. Başını yelləyib dəftəri stolun üstünə qoydu. Üzünü mənə  tutub "tənəffüsdə mənə yaxınlaşarsan", dedi və yeni mövzunu danışmağa başladı. Dərd məni götürdü. "Yəqin məni danlayacaq.  İmtahana buraxmayacaq. İşim bitdi" deyə,  çox narahat oldum. Tənəffüsdə cəsarətimi toplayıb, Sabir müəllimə yaxınlaşdım.

- Sabir müəllim... -  bir neçə dəqiqə danışmağa tərəddüd etdim. Sonra özümü ələ alıb: - Bağışlayın, bir də dərsinizdə şeir yazmayacağam, - deyib başımı aşağı salıb  susdum.

Sabir müəllim eynəyini gözlərindən çıxarıb stolun üstünə qoydu.

- De görüm nə vaxtdan şeir yazırsan?

- Məktəbdə oxuyandan.

- Başqa nə yazırsan?

- Hekayələr yazıram.

- Bəs, niyə sənədlərini ədəbiyyat fakültəsinə vermədin?

- Belə alındı, Sabir müəllim.

- Demək, valideynlərinə qarşı çıxmadın mənim kimi.

- Xeyr, - deyib susdum.

- Görürsənmi, istedad özünü harda olsa göstərir. Oxudum. Şeirlərin xoşuma gəldi. Qəzetə vermək istəyirsənmi?

- Düzü, şeirlərimi heç kimə göstərməmişəm, - dedim.

- Sabah səni bir xəstəmlə tanış edəcəyəm. Bel ağrılarından bizdə müalicə alır. "Xalq" qəzetində çalışır. Yazılarını oxumuşam. Çox istedadlı jurnalistdir. Gözəl yazır. Qalibə Eynullayevadır imzası.

Sevincimdən bilmədim ki, nə edim. Gecə səhərə kimi yata bilmədım. Gözümə yuxu   getmədi. Dərslərimi də oxumadım. Səhərin açılmağını həyəcanla gözlədim. Səhər  açılan kimi yemək yemədən geyinib evdən çıxdım. Dərslərimiz 5 nömrəli şəhər kliniki xəstəxanasında idi. Hamıdan tez gəlmişdim.  Dəhlizdəki oturacaqlardan birində oturub şeir dəftərini çıxardım. Diqqətlə oxumağa başladım. Nə qədər vaxt keçdiyini bilmədim. Tələbələrin ikibir, üçbir gəldiyini görüb dəftəri çantama qoymaq istəyirdim ki, qrup yoldaşım Gülarə mənə yaxınlaşıb  bərkdən çiynimə vurub dedi:

- Halal olsun, deyəsən, dərs oxuyursan. Əla, bugünkü dərsi sən danışarsan. Biz də qulaq asarıq. Dərsə hazır deyilik.

- Yox, sən nə danışırsan? - deyib vurduğu yerin ağrısından ufuldamağa başladım.   Mən də hazır deyiləm.

Qızlar bizə yaxınlaşdılar, deyə-gülə dərs otağına getdik. Dərs başlasa da, mənim  həyəcanım keçmədi. Tələbə yoldaşlarımın gözü məndə idi.

- Dərsə kim hazırdır? - Müəllimin sualına cavab olaraq, qrupumuzun nümayəndəsi Gülarə əli ilə məni göstərərək adımı çəkdi. Sabir müəllim "buyursun", deyərək, eynəyini çıxarıb, stolun üstünə qoydu. 

Burda deyiblər, yaxşı yerdə axşamladım. Dünənki söhbətdən sonra sevincimdən dərs  oxumamışdım. Mən başımı qaldırıb   rəfiqəmə baxdım və gülümsündüm. O da gülümsəyirdi. Sonra isə dişimi dodağıma bərk-bərk sıxıb, ürəyimdə "eybi yox, hesablaşarıq" deyib, tənbəl-tənbəl ayağa qalxdım. Elə ağzımı açıb "dərsə hazır deyiləm" demək istəyirdim ki, qapı açıldı və tibb bacısı "Sabir müəllim, 5-ci palatadakı jurnalist xanım özünü yaxşı hiss eləmir", dedi. Sabir müəllim cəld ayağa qalxıb  otaqdan çıxdı. Tələbələrin səsi bir-birinə qarışdı. Mənsə ayaq üstə donub qalmışdım. Bu nə möcüzə idi? Deyəsən, Allahın imtahanqabağı mənə yazığı gəlmişdi.  Dərindən nəfəs alıb yerimə əyləşdim. Gözüm rəfiqəmdəydi. Deyəsən, o da donub qalmışdı. Əllərimi havada açıb çiynimi çəkdim. "Dərsi danışacaqdım. Alınmadı. Heyf, qulaq asa bilmədiniz. İndi əziyyət çəkib siz oxuyarsınız", deyib acıq verdim. Rəfiqəm isə pərt halda üzünü qızlara çevirdi.  Mən sevinirdim. Dərsə hazır olmadığımı, deyəsən, məndən və Allahdan başqa heç kim bilmədi...

Sabir müəllim çox gec gəldi. Yeni dərsi  danışdıqdan sonra bizi palataya, xəstəsinə baş çəkməyə apardı. Biz palataya daxil olanda o, çarpayısında uzanıb kitab oxuyurdu. Bizi görüb yerində dikəldi. Bu qısa saçlı, orta boylu, bir az dolu bədənli yaraşıqlı xanım bizi gülərüzlə qarşıladı. Sabir müəllim ona yaxınlaşıb:

- Yaxşısan deyəsən? Bayaq bizi çox qorxutdun, - dedi.

- Sağ olun, Sabir müəllim, ağrıkəsicidən sonra bir az yaxşıyam, - deyib oturmağa çalışdı.

- Yox, sənə dikəlmək olmaz, uzan, - deyib həkim jurnalist xanımın uzanmasına kömək etdi. Sonra məni göstərib: - Qalibə,  gör sənə kimi gətirmişəm, gənc şairəni! Tanış ol, mənim tələbəmdir, vaxtın olanda yazılarına baxarsan. Mənim xoşuma gəldi, - deyib gülümsəyərək üzümə baxdı.

- Yaxşı, Sabir müəllim, bircə bu bel ağrılarım getsəydi... - deyib susdu.

- Gedəcək, inşallah, darıxma, müalicələrə başlamışıq. Hər şey yaxşı olacaq.

- İnşallah, Sabir müəllim, - deyib  köks ötürdü.

Bir anlıq onun halına çox acıdım.  Düşündüm  ki, yaxşı oxuyub Sabir müəllim kimi savadlı həkim olacağam. İnsanların sağlamlığı keşiyində duracağam. Onların sağalması üçün əlimdən gələni edəcəyəm. Bir xeyli söhbətdən sonra biz sağollaşıb  çıxanda Qalibə arxadan səsləndi:

- Sabah yazılarını gətir baxım.

- Yaxşı, - deyib otaqdan çıxdım.

Həyəcanım yox olmuşdu. Ona görə ki, bu sadə, mehriban, gülərüz qız ilk gündən  hamının sevimlisi oldu. Onun yaşı da çox deyildi. Demək olar ki, yaşıd idik. Səhəri gün mən ona şeir və hekayələrimi  göstərdim. Oxudu, bir qədər fikrə getdi.

- Xoşuma gəlir. Amma səndən gözəl jurnalist olardı. Hekayələrini qəzetimizin  ədəbiyyat bölməsinə verərəm.

Beləliklə, mənim Qalibə ilə tanışlığım Sabir müəllimin sayəsində  oldu. Sonrakı günlər  biz onunla tez-tez görüşməyə başladıq. Mən yazılarımı ona göstərir, o isə oxuduqdan və bəyəndikdən sonra öz qəzetlərində və digər qəzetlərdə dərc etdirirdi. Ona o qədər öyrəşmişdim ki, darıxanda iş yerinə gedirdim. Oturub ordan-burdan söhbət edirdik. Bir gün planlarından danışdı. Dedi ki, sabah müğənni Flora Kərimovadan müsahibə almağa gedəcək. Həsədlə ona baxdım.

- Sənə həqiqi mənada qibtə edirəm. Kaş mən də sənin kimi jurnalist olaydım, maraqlı insanlardan müsahibə almağa gedəydim. Bu peşəni çox sevirəm.

- Sən nə danışırsan? Kənardan baxana asan gəlir. Bu, çox çətin peşədir. Gecəsi-gündüzü yoxdur. Bəzən olub ki, gecələr yatmamışam. Materialları gecəynən yazıb mətbəəyə çatdırmışam. Rayonlara ezam olunmuşam. Məqaləni yazıb vaxtından əvvəl mətbəəyə vermişəm. Tədbirlərə getmişəm,  material yazmaq üçün. Evə bəzən gecə 2-də, 3-də gəlmişəm. Yorğun olmuşam. Səhər isə tezdən durub material yazmaq üçün göndərilən yerə getmişəm. Düzdür, mən peşəmi çox sevirəm. Amma bu bel ağrıları ilə mənə çox çətindir işləmək. Mənə mane olur bu ağrılar, - deyib susdu. Sonra: -  Məyus olma, sən də təhsilini bitirib yaxşı həkim olacaqsan. Çoxlu pasientlərin olacaq.  Mən də səınin yanına gələcəyəm. Onda Sabir müəllim kimi müalicə edib,  sağaldarsan məni. Hə, nə deyirsən, razısan? - deyib, tez də könlümü aldı, gülümsədi.

- Hə, razıyam. - dedim.

Mən onu özümə dost hesab edirdim. İlahi, o, ağrıları olanda belə danışıb-gülərdi. Çox zarafatcıl, mehriban, səmimi ürəyində paxıllıq olmayan bir insan idi. Gözəl rəftarı  və xasiyyəti ilə özünə çoxlu dost qazanmışdı. İşdə də onu çox istəyirdilər. Hörmət edirdilər.

Bizim dostluğumuz cəmi dörd il çəkdi. Bu dövr 1992-1995-ci illəri əhatə edirdi. Həyatımızın ən ağır dövrünü - torpaq, vətən, millət anlayışını yeni anladığımız bir dövrü.  Qarabağ uğrunda döyüşlər başladı. Neçə-neçə tələbəmiz torpaqlarımızı düşmənlərimizdən qorumaq üçün Qarabağda döyüşməyə getdi. Məhz o dövrdə mətbuatda  yazılarım çıxdı. Biz tələbələr Qarabağda qızğın döyüşlər zamanı, keçmiş Semaşko, indiki 1 saylı şəhər kliniki xəstəxanasına   gətirilən yaralı əsgərlərimizə həkimlərlə bərabər yardım edirdik. Onların yaralarını yuyub təmizləyir, tikiş və sarğı qoyurduq. Qarabağ döyüşlərində qəhrəmanlıq göstərən dörd yaralı əsgərimiz barəsində məqalə də yazmışdım. Qrup yoldaşlarımla bərabər Hematologiya və qanköçürmə institutuna gedib yaralı əsgərlərimiz üçün dəfələrlə   qan vermişdik. Heç yadımdan çıxmaz, analarımızın bişirdiyi ev yeməklərini, dükandan aldığımız mer-meyvəni  palatalardakı yaralı əsgərlərimizə paylamışdıq. Çalışırdıq ki, yaralılarımız tez sağalsınlar, onlara az da olsa, köməyimiz dəysin.

Bir gün atam təsadüfən qəzetdə mənim  Qarabağda döyüşən əsgərlərin qəhrəmanlığı barəsində yazdığım məqaləni oxudu və təbrik etdi:

- Sən insanlara iki tərəfdən xeyir verəcəksən. Həkim kimi insanların sağlamlığı keşiyində duracaqsan, yazılarınla isə insanların ürəyinə yol tapacaqsan, - dedi.

Düzü, atamın bu sözlərindən sonra daha da həvəsləndim. Dərslərimi daha da yaxşı oxuyub onun etimadını qazanmağa çalışırdım. Amma sən saydığını say, gör fələk nə sayır. 1995-ci ildə atamı qəfil  itirdim. Atamla bütün ümidlərim, arzularım öldü. Elə bildim, qanadlarım qırıldı. Başımın tacı düşüb itdi. Tənha qəlbim daha da tənhalaşdı, həyatdan küsdüm. Bu, bir  tələbə qız üçün çox ağır idi. Gecə-gündüz atasız dünyama ağladım. Atam üçün şeirlər yazmağa başladım. Ürəyimi yalnız bununla ovutmağa çalışırdım. İnistitutu bitirib, iş həyatına başladım. Ailə qurdum. Övladlarım oldu. Başım uşaqlara qarışsa da, vaxt tapanda yeni şeirlər yazırdım. Kitablarım işıq üzü gördü. Dövri mətbuatda yenidən çıxışlar etməyə başladım. Mən jurnalist olmadım, həkim oldum. Amma buna heç də peşman deyildim. Hər dəfə xalatı əynimə geyəndə xalatımı öpürəm. "Ruhun şad olsun, ata. Bu peşəni sən mənə sevdirdin", deyirəm. Mən peşəmi çox sevirəm, Hər gün müxtəlif xasiyyətli insanlarla ünsiyyətdə oluram. Dərdlərinə şərik oluram. Xəstələrin müalicədən sonrakı sağlam vəziyyətini  görəndə isə qürur duyuram. Məncə, peşəni  yaxşıya, pisə ayırmaq olmaz. Axı peşənin  pisi yoxdur. Mən iki peşə ilə məşğul oldum və hər ikisini də sevdim. Çalışdım ki, hər ikisinə layiq olum. Hər ikisi gözəldir, maraqlıdır, şərəflidir. Yetər ki, peşəni sevəsən və işinin ustası olasan.

İllər keçdi. Qalibəni bir an belə yadımdan çıxara bilmədim. Axı ona bir təşəkkür borcum var idi. Axı onun mənim üzərimdə  əziyyəti böyük idi. Mənim yazılarımın ilk oxucusu olmuşdu. Çətin günlərimdə mənə həyan olmuşdu. Xoş günlərimdə də yanımda olmağını çox istəyirdim. Onun barəsində  fikirləşirdim. Onun redaksiyada işləmədiyi barədə məlumatım var idi. Lakin harada işləməsini bilmirdim. Gözlərim onu hər yerdə axtarırdı. Əmindim ki, iyirmi beş il keçməyinə baxmayaraq, onu görən kimi tanıyaram.

Təsadüf zərurətdən doğur. Mən təsadüflərə,  möcüzələrə inanan insanam. Mən Qalibəni tapacağıma inanırdım. Belə də oldu.

Yaxın dostların sayəsində onu tapdım. "Xalq" qəzetinin müxbiri onu tapmaqda mənə kömək etdi. Ona təşəkkür edirəm. Qalibə ailə qurub Türkiyəyə köçmüşdü. Gözəllər-gözəli bir qızı var. Nömrəsini alıb zəng vurdum. Səsimdən tanıdı, çox sevindi. O da məni unutmamışdı. Demək, quş qanadlı illər bizdən nə qədər uzaqlara uçsa da, bu sevgini qəlbimizdən qopara bilməmişdi. Mən ona həyatıma yazılmış dörd illik dostluğa, qoyub getdiyi gözəl xatirələrə görə iyirmi beş ildən sonra ürəyimdə qoruyub saxladığım borcu qaytardım. Bu, bir təşəkkür borcu idi...

 





27.02.2020    çap et  çap et