525.Az

İstanbul Universitetində Xocalı soyqırımı konfransı - Fotolar


 

TÜRKİYƏDƏ XOCALI HƏFTƏSİ ÇƏRÇİVƏSİNDƏ İSTANBULDAKI "AVRASİYA-BİR" STRATEJİ ARAŞDIRMALAR MƏRKƏZİNDƏ DƏ XÜSUSİ PANEL TƏŞKİL EDİLİB

İstanbul Universitetində Xocalı soyqırımı konfransı -<b style="color:red"> Fotolar</b>

Türkiyədə "Xocalı həftəsi" çərçivəsində bu ölkənin ən nüfuzlu təhsil ocaqlarından olan İstanbul Universitetində soyqırım qurbanları anılaraq, geniş konfrans keçirilib.

Fevralın 25-də universitetin nəzdindəki professor Fuad Sezgin adına Mədəniyyət Mərkəzində keçirilən konfransın təşkilində Azərbaycan-Türkiyə Qardaşlıq və həmrəylik qrupunun rəhbəri Toğrul Xıdırlının mühüm rolu olub. Konfransda universitetin müəllimləri, tanınmış Azərbaycan və Türkiyə ziyalıları, eləcə də yüzdən artıq tələbə iştirak edib.

Tədbirdə Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Emil Həsənli, Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyev və "525-ci qəzet"in baş redaktor müavini Seyfəddin Hüseynli məruzələrlə çıxış edib, Xocalı soyqırımın mahiyyəti, törədilmə səbəbləri, dünyada tanıdılmasının vacibliyi və bu yöndə atılan addımlar, gələcəkdə görülməli olan işlər barədə ətraflı danışıblar.

Konfrans diskussiya, fikir mübadiləsi şəklində davam etdirilib. Nümayəndə heyəti iştirakçıların çoxsaylı suallarını əhatəli şəkildə cavablandırıb.

Xocalı soyqırımına dair digər konfrans isə həmin gün İstanbuldakı Avrasiya-Bir Strateji Araşdırmalar mərkəzində təşkil edilib. Konfransda Azərbaycan nümayəndə heyətilə bərabər, Rumeli Balkan Strateji Araşdırmalar mərkəzinin sədr müavini, doktor Xalid Gökalp Küçük, azərbaycanlı alim və yazar Aygün Həsənoğlu, Xocalı soyqırımının təbliği ilə bağlı İstanbulda fəal şəkildə çalışan azərbaycanlı gənc ziyalı Elvin Allahverdiyev, eləcə də Avrasiya-Bir qurumunun rəhbərliyi və çox sayda qonaqlar iştirak ediblər.

Konfransda əvvəlcə Xocalı soyqırımına dair video-kadrlar, fotolar, sənədlər nümayiş etdirilib, daha sonra Aygün Həsənoğlunun, Seyfəddin Hüseynlinin və Vahid Quliyevin məruzələri dinlənilib. Türkiyəli iştirakçılar Xocalı soyqırımının onların da ağrı-acısı olduğunu bildirib, Azərbaycana bu soyqırımın dünyaya tanıdılması ilə bağlı hər cür dəstəyi verməyə hazır olduqlarını bəyan ediblər.

Qeyd edək ki, "Xocalı həftəsi" çərçivəsində keçirilən bu səfər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, həmçinin, QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirilib.

Şahanə MÜŞFİQ

 





27.02.2020    çap et  çap et