525.Az

Təhsil Nazirliyi 2266 tələbənin köçürülməsinə müsbət cavab verib


 

Təhsil Nazirliyi 2266 tələbənin köçürülməsinə müsbət cavab verib<b style="color:red"></b>

Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə və təhsilalma formasının dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə nəticələr məlum olub.

Transfer.edu.az portalı vasitəsilə köçürülmək üçün ümumilikdə 3083 nəfər müraciət edib. Onlardan 2266 nəfərin müraciəti müsbət cavablandırılıb.

Ali təhsil müəssisələrindən köçürülmək üçün müraciət edən 2668 nəfərdən 1915 nəfərin müraciəti müsbət cavablandırılıb. Köçürülməsinə icazə verilən tələbələrdən 1858-ni bakalavriat, 17-ni magistratura səviyyəsi üzrə, 40-nı isə xarici ali təhsil müəssisələrindən köçürülənlər təşkil edir. Orta ixtisas təhsili müəssisələrindən köçürülmək üçün müraciət edən 415 nəfərdən 351 nəfərin müraciəti müsbət cavablandırılıb.

Qeyd edək ki, 2016-cı ildən fəaliyyətə başlayan portal vasitəsilə indiyədək ümumilikdə 8 mindən çox tələbənin köçürülməsi həyata keçirilib.

Təhsil Nazirliyindən verilən məlumata görə, tələbələrin köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir. Mövcud qaydalara görə, tələbələrin bir ali məktəbdən digərinə köçürülməsinə yalnız əsaslı səbəblər olduğu halda icazə verilir. Dövlət adından təsisçi funksiyalarını həyata keçirən digər nazirlik, dövlət komitəsi və ya idarələrin tabeliyində olan dövlət ali təhsil müəssisələrinə köçürülməsi və bərpası tabe olduqları qurumun və Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir.

Qaydalara görə, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Həmçinin, tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilmiş eyni ixtisas qrupu daxilində olmalıdır: "Xarici ölkələrin ali təhsil müəssisələrindən Azərbaycanın ali təhsil müəssisələrinə köçürülərkən əsas nəzərə alınan göstəricilər tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələri reytinqlərində yer alması, tələbənin xarici ölkə ali təhsil müəssisələrində əyani təhsil almasıdır. DİM tərəfindən keçirilən imtahanlarda iştirak etmədikləri halda beynəlxalq səviyyəli imtahanlarda qazandığı nəticələr (SAT imtahanından yeni şkala üzrə ən azı 1000 bal (riyaziyyat üzrə ən azı 560 bal), TOEFL İBT imtahanından ən azı 75 bal, İELTS imtahanından ən azı 6.0 bal); qənaətbəxş akademik göstəriciləri; köçürülmə səbəbləri; təhsil aldığı ali təhsil müəssisənin dünyanın ən yaxşı ali təhsil müəssisələri reytinqlərində yer alması. Həmçinin, DİM tərəfindən keçirilən qəbul imtahanlarında iştirak etdiyi halda tələbənin topladığı balın həmin ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmaması və tələbənin akademik göstəriciləridir".

Məlumata görə, xarici ölkələrin akkreditə olunmayan ali təhsil müəssisələri tələbələrinin və digər ölkələrdə qiyabi təhsil alanların köçürülməsinə icazə verilmir. Bununla yanaşı, tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələrinin reytinq siyahısında olması da nəzərə alınan göstəricilər sırasındadır.

Ölkə daxilində bakalavriat səviyyəsində, tibb təhsilinin əsas tibb təhsili üzrə tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsilalma formasını və ya ixtisasını dəyişməsi o şərtlə aparıla bilər ki, topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmasın.

Bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən və tələbələr sırasına bərpa olunan şəxslər (dövlət sifarişi əsasında təhsil alanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər.

Magistratura səviyyəsinin 1-ci tədris ili müddətində tələbələrin öz ixtisası (ixtisaslaşması) üzrə bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi və ya təhsilalma formasını dəyişməsi o şərtlə aparıla bilər ki, DİM tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas (ixtisaslaşma) üzrə minimal keçid balından az olmasın.

Köçürülmək istəyən tələbə tələbənin təhsil müddətində fənlər üzrə topladığı kreditləri və qiymətləri (hərf və balla) özündə əks etdirən sənəd - akademik transkript (xaricdə təhsil alanlar üçün mövcud qaydada leqallaşdırılmış və Azərbaycan dilinə tərcümə olunmuş), təhsil aldığı müddətdə gediş-gəlişi təsdiq edən rəsmi sənəd (xarici pasport), ali təhsil müəssisəsinə qəbul olunarkən topladığı bal və ya DİM tərəfindən keçirilən imtahanlarda iştirak etməməsi haqqında sənəd (xaricdən köçürülənlər üçün), köçürülmə səbəblərini təsdiq edən sənədi (xarici ölkə ali təhsil müəssisələrindən Azərbaycanın ali təhsil müəssisələrinə köçürülərkən) portala müvafiq bölməyə yükləməlidir.

Eyni zamanda, beynəlxalq səviyyəli imtahanlarda (SAT, TOEFL, IELTS və s.) qazandıqları nəticələri təsdiq edən rəsmi sənədlər, təhsil haqqı borcunun olmamasına dair arayış da tələb olunan sənədlər sırasındadır. Köçürülmə üçün sorğu yalnız bir universitet və bir ixtisasa verilə bilər. Seçilmiş məlumatların dəyişdirilməsi üçün cari məlumatlar ləğv edilməlidir.

"Cavab gözlənilir" statusu müəyyənləşdirənədək tələbə göndərdiyi sorğunu ləğv edə bilər. Nəticədən asılı olaraq, sonda iki statusu qeyd edilə bilər, "İmtina edilib" - səbəb göstərilməklə köçürülmədən imtina olunduğu halda.

"Təsdiqlənib" - proses uğurla nəticələndiyi halda. Bu zaman operator köçürülmə haqqında Təhsil Nazirliyinin razılıq məktubunu sistemə yükləyir. Həmin sənəd yüklənə və ya çap edilə bilər.

Tələbə transfer olunduqdan sonra köçürülmədən imtina edə bilməz. Vətəndaşlığı olmayan şəxslərin köçürülmədə iştirak hüququ yoxdur. Tələbə bir semestr ərzində transfer.edu.az saytında yalnız bir dəfə qeydiyyatdan keçə bilər.  Birinci kursda və sonuncu semestrdə heç bir köçürülməyə icazə verilmir.

Transfer.edu.az elektron portalı vasitəsilə köçürülən tələbə Həsənağa Ağaquliyev Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alır. Onun sözlərinə görə, o, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə Türkiyənin Bilkent Universitetindən köçürülüb: "Türkiyənin Bilkent Universitetində təhsil alırdım. Tələbələrin köçürülməsi üçün yaradılan transfer.edu.az portalından istifadə etdim. Tələb olunan sənədləri yüklədim və nəticə müsbət oldu. Hazırda mən Azərbaycan Dövlət Neft və Sənaye Universitetində kompüter elmləri üzrə təhsil alıram. Yaradılan şərait üçün çox təşəkkürümü bildirirəm".

Azərbaycan Dillər Universitetinin tələbəsi Günay Əsgərova deyir ki, öncə Azərbaycan Dövlət Pedaqoji Universitetində xarici dillər ixtisasi üzrə təhsil alıb: "Lakin ixtisasım qədər ürəyimcə deyildi. Transfer.edu.az portalı fəaliyyətə başladıqdan sonra mən də bu imkandan istifadə etmək qərarına gəldim, sənədlərimi yüklədim və köçürülmə ilə bağlı cavab aldım. Hazırda Azərbaycan Dillər Universitetində Regionşünaslıq (Böyük Britaniya) ixtisası üzrə təhsilimi davam etdirirəm. Bizə yaradılan bu imkana görə Təhsil Nazirliyinə minnətdaram".

Azərbaycan Tibb Universitetinin tələbəsi Aysel Mirzəyevanın dediyinə görə, ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi üçün transfer.edu.az elektron portalının yaradılması köçürülmək arzusunda olan tələbələr üçün böyük şans yaratdı: "Mənim üçün çox gözlənilməz oldu. Proses o qədər dəqiqlik, qanunauyğunluqla oldu ki, mən Təhsil Nazirliyinə tələbələr üçün belə bir şərait yaratdıqlarına görə təşəkkür edirəm. Köçürülmənin təsdiq olunması ilə bağlı əmri çıxdıqdan sonra qısa bir müddətdə köçürülmə işləri tamamlandı və mən bir həftədir rahatlıqla yeni qrupla dərsə gedirəm. Əvvəl Azərbaycan Tibb Universitetinin Tibbi profilaktika fakültəsində təhsil alırdım, hazırda təhsilimi Müalicə işi fakültəsində davam etdirirəm. İnanıram ki, bu şansdan istifadə edib, inamları doğrulda biləcəyəm".

Sevinc QARAYEVA

 





28.02.2020    çap et  çap et