525.Az

"Mədəniyyət biznesi forumu: mövcud vəziyyət və perspektivlər" müzakirələri


 

"Mədəniyyət biznesi forumu: mövcud vəziyyət və perspektivlər" müzakirələri<b style="color:red"></b>

Dünən YARAT Müasir İncəsənət Mərkəzində "Mədəniyyət biznesi forumu: mövcud vəziyyət və perspektivlər" mövzusunda ictimai müzakirə təşkil edilib.

Mədəniyyət Nazirliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı ilə keçirilən tədbirdə mədəniyyət və incəsənət sahəsində biznesin inkişafına dair müzakirələr aparılıb.

Forumu KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov bu günə kimi sahibkarlar üçün təşkil edilən artıq 8-ci forum öz işinə başladığını və ilk dəfədir mədəniyyət sahəsinə həsr olunduğunu bildirib.

Tədbirdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev yaradıcı və mədəniyyət sənayesi ilə bağlı fikirlərini bölüşüb. Nazir bu sahədə görülən işlərdən danışaraq kreativ sənaye ilə bağlı forumun keçirilməsini, internet səhifəsinin və müxtəlif assosiasiyaların yaradılmasını yüksək qiymətləndirib: "Çox sevindirici haldır ki, bu gün biz Kiçik və Orta Biznes nümayəndələri ilə belə bir forumun keçirilməsinə nail oluruq. Azərbaycanda yeni strateji istiqamətlərdən biri olan yaradıcılıq sənayenin formalaşması prioritet məsələdir və bununla əlaqədar Mədəniyyət Nazirliyi digər nazirliklərə birlikdə müxtəlif layihələr həyata keçirir. Bu gün yaradıcılıq sənayesi bazarının müəyyənləşdirilməsi, vahid statistikanın formalaşdırılması, biznes və dövlət qurumları arasında qarşılıqlı fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi olduqca vacibdir. Bu gün KOBİA ilə birgə keçirilən bu forum yaradıcı sənayenin məqsədləri nədən ibarətdir sualına cavab verməyə imkan yaradacaq".

Nazir deyib ki, yaradıcı sənaye anlayışı cəmiyyətimizdə son illərə qədər mücərrəd mahiyyət daşıyırdı: "Bu sahədə heç kim dərindən düşünərək addım atmaq fikrində deyildi. Yaradıcı sənayenin rolu, onun inkişafı barədə düşünənlər də az idi. İnsanlar öz fəaliyyətlərini pərakəndə şəkildə davam etdirirdilər. Mən bu günlərdə "Creativ England" təşkilatının rəhbəri ilə görüşdüm. Müzakirələrimiz zamanı biz Azərbaycanda bu sahə ilə bağlı mənzərəni izah etdik və bildirdik ki, Azərbaycan xalqı öz tarixi boyunca yaradıcı xalq kimi qəbul edilib. Buna ən gözəl misal UNESCO-nun Dünya irs siyahısına daxil olan Qobustandır. Qobustan bu gün ona görə bəşəriyyətin mədəni irsinin bir nümunəsi sayılır ki, burada yaşayan insanlar yaradıcı olublar. Onlar öz yaşayış tərzlərini qədim qayalarda əks etdirərək bunu yaradıcılıq yolu ilə gələcək nəsillərə ötürə bildilər. Bu fakt isə bu gün Azərbaycanın qədim tarixinin, zəngin mədəniyyətinin dünyaya tanıdılmasına xidmət edən qiymətli mirasa çevrilə bildi. Heç də əbəs deyil ki, Azərbaycandan UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil olan faylların sayı digər ölkələrə nisbətdə daha çoxdur. Bu işdə dövlətin, xüsusilə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyətini xüsusi qeyd etməliyik. Onun UNESCO-nun xoşməramlı səfiri kimi təşkilatda Azərbaycanın mövqelərinin möhkəmlənməsi istiqamətində gördüyü böyük işləri mütləq qeyd etməliyik". Əbülfəs Qarayev qeyd edib ki, Azərbaycanın  xalqının əsrlər boyu xalçaçılıqdan tutmuş, bayram mərasimləri, xalq yaradıcılığının müxtəlif istiqamətləri üzrə bacarıqları dövrümüzə qədər gəlib çatıb. UNESCO ilə əlaqələr və təbliğat işləri də məhz bu yaradıcılıq mirası üzərində qurulub. Bu gün UNESCO-nun "Yaradıcı şəhərlər şəbəkəsi"ndə Bakı və Şəki şəhərlərimiz təmsil olunur. Bu da Azərbaycanın apardığı uğurlu xarici mədəni siyasətin nəticəsidir.

Nazir mart ayında bu istiqamətdə növbəti toplantının nəzərdə tutulduğunu diqqətə çatdırıb: "Biz Mədəniyyət Nazirliyi olaraq bu sahənin mədəniyyətə aid olan bütün sahələrinə dəstək verməyə hazırıq. KOBİA yaradıcı sənaye biznesinin hüquqi bazasının yaradılmasına yardımçı ola bilər. Bu mühitin formalaşdırılması üçün lazımi şərait yaratmaq tək dövlətin işi deyil, bütünlükdə biznes strukturlarının da dəstək olacağı bir işdir. Yaradıcı mühitin yaradılması əsas məsələlərdən biridir. Bunun üçün uyğun məkanlar, kreativ adalar anlayışı formalaşmalıdır. Biznes yaradıcı gənclərin inkişafına təkan verməlidir. Uşaqlara kreativ düşüncə aşılamalıyıq. Bu iş ictimai hərəkata çevrilməlidir. Biz bu il cənab Prezidentin elan etdiyi "Könüllülər ili" ilə əlaqədar "Kreativ gənclər" hərəkatını genişləndirməliyik.  Yaxın vaxtlarda bu yaradıcı gənclərlə işlərə başlanılacaq".

Tədbirdə çıxış edən KOBİA-nın İdarə heyətinin sədri Orxan Məmmədov bildirib ki, sahibkarları dəstəkləyən, onların maraqlarından çıxış edən KOBİA yaradıcı və mədəniyyət sənayesi sahəsində biznesin inkişafına dair ənənəvi sahələr üzrə dövlət və özəl sektorun təmsil olunduğu İşçi Qrupunun yaradılmasını, yaradıcı və mədəniyyət sənayesi sahəsində çalışan KOB-ların dövlət dəstək mexanizmlərindən faydalanması üçün maarifləndirilməsi, bu sahədə biznes assosiasiyanın, yeni təşkilati modellərin, o cümlədən, Yaradıcı və Mədəniyyət Sənayeləri üzrə Startap Biznes Mərkəzlərinin, klasterlərin yaradılması və bunun təşviq edilməsini təklif edir.

Mədəniyyət Nazirliyi Aparat rəhbərinin müavini - Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə nazirlik tərəfindən hazırlanmış www.creative.az saytına dair təqdimatla çıxış edib.

Tədbir iştirakçıların müraciət və təkliflərinin dinlənilməsi və müzakirələrlə davam edib.

 





28.02.2020    çap et  çap et