525.Az

Xocalının "Haray"ı


 

Xocalının "Haray"ı <b style="color:red"></b>

Cəmi iki gün öncə Azərbaycan tarixinin daha bir qanlı səhifəsinin növbəti ildönümünü yaşadıq, Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etdik. Artıq 28 ildir, Azərbaycan xalqının bağrında qanayan yaraya çevrilən Xocalı dəhşəti erməni faşistlərinin bu millətin başına gətirdiyi birinci müsibət olmasa da, özünün ağırlığı, vəhşəti ilə XX əsrin faciəsi hesab olunur.

Aradan 28 il keçməsinə baxmayaraq, Azərbaycan xalqı indi də bu soyqırımı göz yaşları ilə xatırlayır. Bu illər ərzində Xocalı soyqırımı, Qarabağ həsrəti müxtəlif rejissorlar tərəfindən filmlərə mövzu seçilib, ekranlara daşınıb.

Həmin ekran işlərindən biri də "Haray" filmidir. Bir müddət öncə rejissor Faiq Kərimoğlunun  çəkdiyi filmdə Xocalıdan sağ qurtulan, həmin qorxunc gecənin canlı şahidləri xatirələrini bölüşür, ağrılarını dilə gətirirlər. Bunlar qadınlardır. Balasını köksündə düşmənin caynağından, qışın soyuğundan ayaqyalın, başıaçıq qurtarmağa çalışan qadınların xatirələri insanı iliyinə qədər dondurur, o günləri görməsə belə, ürəyinin ən dərinində yaşamasına, hiss etməsinə səbəb olur.

Filmdə Xocalı faciəsinin qurbanları olan qadınların, anaların ümumiləşdirilmiş obrazını jurnalist, aktrisa Esmira Azayeva canlandırır. Onun peşəkarcasına canlandırdığı dözümlü, qürurlu, namusunu və balasını düşməndən xilas etmək üçün bütün qüvvəsini ortaya qoyan, canını təhlükəyə atmaqdan çəkinməyən  Xocalı qadını bütünlükdə Azərbaycan qadınının daxili qüvvəsini əks etdirirdi. Çətin şərtlər daxilində çəkilən film cəmi 14 dəqiqədə dünyanın görmək istəmədiyi, gözlərini və qulaqlarını yumduğu o ağır həqiqətləri bütün bəşəriyyətə hayqırır. Xatırladaq ki, film təmənnasız çəkilən televiziya layihəsidir. 

"Haray" filminin timsalında Azərbaycanın Qarabağ dərdini, həqiqətlərini özündə əks etdirən bütün yaradıcı işlər dəyərdir, dəyərlidir. Bu cür işləri ilə dövlətin Qarabağ həqiqətlərinin dünyada tanıdılması siyasətinə dəstək verən bütün insanlara təşəkkür edir, tezliklə bu dərdlərin tarixə çevrilməsini arzulayırıq!..

 





28.02.2020    çap et  çap et