525.Az

Fədakar olmağın zərərləri - Türkan Turandan yeni esse


 

Fədakar olmağın zərərləri - <b style="color:red">Türkan Turandan yeni esse </b>

Mütəmadi olaraq ona xoş olsun deyə istəmədiyiniz nələrisə edirsinizsə, məmnun etmək üçün dəridən-qabıqdan çıxırsınızsa, qane edə bilmirsinizsə, həyatında heç bir öncələyiniz yoxdursa, hiss etdiyiniz şeyləri deməkdən çəkinirsinizsə, içdən-içə hirslənməyə başlamısınızsa, dərhal dayanın! Təhlükənin ortasındasınız! Özü də tikansız, hamar, yumşaq görünən, amma əslində, dərin quyu olan fədakarlıq təhlükəsinin ortasında.

Ta uşaqlıqdan bu yana fədakarlığı bizə keyfiyyət göstəricisi kimi sırıyıblar. Amma heç vaxt "dozasını qaçırtma" deyən olmayıb. Ona görə də altını çəkirik. Hədsiz göstərilən fədakarlıq insanın içinə darışan qurd kimidir. Müsbət keyfiyyətlər sırasına daxil olduğu üçün bu kəlmənin altında yatan uçurumun insanı necə məhv etdiyini qəbul etmək olmur.

Belə insanlar özündən, ürəyindən, içindən, ruhundan, duyğularından, cibindən verir. Amma çox keçmədən özü yalın qalır. Təəssüf ki, insanın gücünün, enerjisinin, pulunun sərhəddi bir nöqtəyə qədərdir. Həmin nöqtəni keçəndən sonra özünə aid nə zamanı qalır, nə gücü, nə pulu, nə də həyat enerjisi. Beləliklə, tükənmişlik başlayır.

Çox vaxt fədakarlıq edən insanın niyyəti ətrafındakıların sevincindən bəslənməkdir. Yəni qarşısındakını xoşbəxt edərək özünü də xoşbəxt hiss etdiyinə inanır. Di gəl, qarşı tərəf edilənlərlə qane olmayanda, həmişə verdikləri, amma heç vaxt almadıqları təqdirdə özlərini surətlə dəyərsiz hiss etməyə başlayır, dərin xəyal qırıqlığı yaşayırlar. "Niyə başqaları da mənim onlara olduğum kimi davranmırlar" deyə içlərində hirslənir, küsür, hamıdan uzaqlaşmaq istəyirlər. Çünki artıq ağırlığın öz üzərinə düşdüyünün fərqinə varırlar. Bu zaman tarazlıq pozulur və uğrunda möhtəşəm xətalar edilən hər şey dağılıb tökülür.

Həddən artıq fədakarlıq göstərəndə qarşı tərəf üçün bunun çox da əhəmiyyəti qalmır. Onun üçün nələr etməyinə zərrə qədər dəyər vermir. Buna rəğmən fədakar vaz keçmir, davam edir. Öz işini başqaları üçün gecikdirir, yarımçıq qoyur, hətta çox vaxt qarşı tərəf bunu bilərək, sui-istifadə edir. Amma narahatlıq, qorxu, vicdan əzabı, dəyər vermək və çox sevmək insana hər şeyi yarımçıq qoyub çıxıb getməyə imkan vermir. Bu çalınan həyəcan təbili deməkdir. Bir məqamdan sonra özünü dayandırmırsansa, kontrolu ələ almırsansa, vəziyyət pisixi pozuntuya qədər gedib çıxır.

Göstərilən həssaslıq, "qırmayım, üzməyim" demək də fədakarlıqdır. Bəzi insanlar bunu mütəmadi edir, qarşıdakından da eynisini gözləyirlər. Gözləntiləri özünü doğrultmayanda kürəyinə bıçaq sancılmış kimi zərbə alırlar.

Məsələn, münasibətlərdə fədakarlıq üstünə fədakarlıq etmək sevgini gücləndirmir. Əksinə, zərər verir. Alışqanlıqlarımızdan vazkeçmək bizi yavaş-yavaş məhv edir. Özümüzdən uzaqlaşdırır. Çox insan sevdiyi üçün fədakarlıq edir. Bu, normal haldır. Amma etinasızlıq, biganəlik, vecsizlik görəndə olan yenə də sənə olur. Fədakarlıq çiyinlərinə öz əlinlə yığdığın kərpic kimi ağır yükdür. Məsələn, ayrılanda o insanı belə unudursunuz, amma onun üçün elədiklərinizi beyninizdən silə bilmirsiniz. Bu fədakarlıqdan geriyə qalan travmadır. İnsan istəklərindən, özündən vazkeçir. Başqası üçün özünü dəyişir. Bu isə kimliyin içdən-içə silinməsi ilə nəticələnir. Bir gün baxırsan yekə bir heçə dönmüsən. Çıxış yolu isə "yox" deməyi bacarmaqdır.

 





29.02.2020    çap et  çap et