525.Az

"Yolagələn və tez də yolagətirən olsam da, qəlizliyim, kürlüyüm də var" - Müsahibə


 

SƏYYARƏ SƏYYAF: "SEVİNİRƏM Kİ, BU DÜNYAYA GÖNDƏRİLƏNDƏ YARADANIN QANIQARA VAXTINA DÜŞMƏMİŞƏM"

"Yolagələn və tez də yolagətirən olsam da, qəlizliyim, kürlüyüm də var" - <b style="color:red">Müsahibə </b>

Müsahibimiz tanınmış jurnalist, "Könül dünyamız" verilişinin aparıcısı Səyyarə Səyyafdır.

- Səyyarə xanım, sizi o qədər ədəbi verilişlərin aparıcısı kimi görmüşük ki, görüşümüzə bir aparıcı, jurnalistlə deyil, ədəbiyyatçıyla söhbət kimi hazırlaşdım. Hardan gəlir bu ədəbiyyat sevgisi?

- Hardan gəlir ədəbiyyat sevgim?.. Mənə elə gəlir ki, sevgi hardansa, necəsə, sonradan gəlmir, o, sənlə doğulur və hardasa baharda çiçək açan kimi açılır, üzə çıxır. Gözümü açandan dünyanı başqa cür görmüşəm. Nə görmüşəmsə onu mənalandırmağa çalışmışam. Uşaqlıq illərimin xatirələri Qarabağla bağlıdır. Yadımdadır, Ağdam şəhərindəki evimizdə qonaq otağı dediyimiz otaqda stolun üstündə qırmızı məxməri süfrə vardı. Beş-altı yaşlarımda süfrənin kənarına yaylıq bağlayıb içinə girirdim. Bura öz aləmimdə mənim səhnəm idi. Əlimdəki taxta parçasını mikrofon bilib elə hey şeir deyər, nağıl danışardım. Atam həmişə işdən evə qayıdanda öz otağına çəkilib saatlarla bədii əsərlər oxuyardı. Təbiətcə az ünsiyyətcil idi. Elə bilirdim kitablar ona bizdən, həyatdan daha maraqlıdır. Bilirsiniz, bəzən nəyisə təlqin etmək üçün uzun-uzadı söz demək, danışmaq lazım gəlmir, kiçik müşahidələr səndə təsəvvür və qənaət yaradır. Altıncı sinifdə oxuyanda ilk oxuduğum bədii əsər Salam Qədirzadənin "Hər gün ömürdən gedir" kitabı oldu. Ağdamda nənəmgilin həyətində qollu-budaqlı bir alça ağacı vardı. "Qobusnamə"ni, "Min bir gecə" nağıllarını, Rəşad Nuri Güntəkinin "Dodaqdan qəlbə" əsərini orda - o ağacın altında oxumuşdum. Musa Yaqubun poeziyasını 7-ci sinifdə əzbər bilirdim. O ağacın altı mənim kitabxanam, oxu yerim idi. Nə tapırdımsa, oxuyurdum, ardıcıl olmasa belə. Ədəbiyyat peşə deyil, məncə, zamanın axmasıdır, sudur, çaydır. Əslində, zamanın necə axıb getməsinə baxmağı öyrənmək istəyərdim. O proses həmişə mənə maraqlı olub. Bir vaxt da ayıldım ki, artıq ədəbiyyat mənim iliyimə işləyib. Xaqani Şirvaninin sözüdür, deyir ki, bütün elmlər mənim qarşımda hicab və divar kimidir. Ö üzdən hamısını ürək dəftərindən sildim. Çünki özümü öyrənməyə, məni öyrənməyə mane olurlar. Yəni maraq sonradan sevgi yaradır. Qayə budur...

- Şounun, maqazin proqramlarının, tok-şouların reytinqinin at oynatdığı zamanda belə bir verilişi illərdir davam etdirməyinizin sirri nədir?

- Mənim müəllifi olduğum proqram konyuktura xarakterli deyil. Soy-kökümüzə, milli bağlarımıza, neçə minillikdən gələn mədəniyyətimizə, Azərbaycançılığa söykənir. Bilirsiniz, gələcəyin olmaması elə də qorxulu deyil. Amma keçmişi olmayan gələcək əsl faciədir. Çünki keçmiş gələcəyin gələcəyidir! Efirlər unudub bu həqiqəti. Hamısı olmasa da, çox qismi belədir. Bir dəfə Ulu öndər Heydər Əliyev Şamaxıda aşıqlarla görüşdə olur. Aşıq Şərbətə üz tutub deyir ki, aşıq, nə qəşəng papağın var, harda tikdirmisən? Aşıq da qürrələnib, tez papağını çıxarıb ki, qurbandır sizə. Ulu öndər təmkinini pozmadan deyib: "Aşıq, yaxşı-yaxşı yadında saxla, bir torpaqdan, bir də papaqdan peşkeş olmaz". Bu fikrin davamı kimi deyim, dəyərlərdən uzaqlaşdırılırıq zorla. Niyə, hara, nə üçün? Televiziya çox güclü təbliğat maşınıdır. Bu cür verilişlər reytinq xatirinə zorla sırınır tamaşaçıya. Senzura yox, nəzarət yox. Məqsəd, elə bil, yaddaşı itirmək, inamı öldürmək, düşüncəni ağrıtmaqdır. Fikrət Sadıq şeirlərindən birində deyir: "O daşları yığın bir yerə, Bir hasar çəkin - yaddaş hasarı". Belə çağırış niyə gərəklidir? İnsanın yaddaşı hər zaman ona şəhadət verər. Mənim fikir bayrağım budur: ölümə getməyək, ölümdən qayıdaq.

- Hər dəfə başqa ədəbi sima və ya bölgə haqqında söhbət edirsiniz və hamısı ilə bağlı məlumatlılığınız diqqət çəkir. Bir verilişə nə qədər hazırlaşırsınız?

- Vaxtımı ən çox verilişin içi yox, çölü alır. Verilişin içinə girənəcən fikrim elə hey yeni məzmun, yeni həftə, yeni mövzu, yeni qonaq, yeni ünsiyyət, yeni qapı və yeni açar soraqlayır. Asan deyil, əlbəttə ki. Naxışın biri yanlış getdisə, təsvir pozulur. Molla Nəsrəddin deyir, tarın bir pərdəsinə barmağını qoyub 40 il eyni havanı çalmaq olmaz. Fikri də hərdən gərək budayasan ki, çılpaq görünsün.

- Bayaq dediniz ki, kitablara münasibətiniz yaxşıdır, mütaliəlisiniz. Əsas hansı janrda, kimləri oxuyursunuz?

- Bütün kitabların öz çağırışı, öz dedikləri var. Orijinal kitabların əlbəttə ki. Janr fərqi qoymuram. Yeni fikir önəmlidir. Məna yükü, fəlsəfi yük əsasdır mənim üçün. Adi bir misal çəkim: təbiətdə ağaclar, yarpaqlar bir-birinə oxşasa da, çox vaxt meyvələri fərqli olur. Son bir həftədir filosof yazıçı Oşonu oxuyuram. Sağlığında qəbul olunmasa da, indi kitabları əl-əl gəzir. Onun azad düşüncələrini, emosiyalarını, inqilabi inadkarlığını, el diliylə desək, ruhuma içirəm. Hansı daha vacibdir: özün olmaqmı, özünü tanımaqmı? Sadə sualların mürəkkəb cavablarını sevirəm. Bunlar da kitablarda var.

- Uşaq vaxtı şairləri, yaradıcı insanları, az qala, ilahi qüdrətə sahib varlıqlar kimi təsəvvür edərdik. Sizdə necə, təsəvvür etdiyiniz kimi olublar?

- Bəzən təsəvvür etdiyim kimi olur, bəzən isə əksinə. İstənilən halda o görüşlərin xatirələri hamısı ömürdən yadigardır.

- Ədəbi proqramın əsas çətin tərəfləri nədir?

- Çətin deməyək, yumşaq dillə desəm, nigarançılıq yaradan tərəfləri olur. Ünsiyyət zamanı enerjinin düzgün ötürülüb, yanlış qəbul olunması halları olur bəzən.

İki uşaq söhbət edir, biri o birindən yaşına görə daha ağıllı, daha ötkəm olur. Həmin uşaq o birindən soruşur: "Böyüyəndə nə olacaqsan?" Xarakteri qəzəl janrının rəməl bəhrində bərq vuran yoldaşı deyir ki, mən futbolçu olacam, bəs sən? O isə deyir ki, mən böyüyəndə xoşbəxt olmaq istəyirəm. İkinci uşaq deyir, sən sualı başa düşmədin. O isə deyir ki, sən sualı hiss etmədin. Yəni qonaq səmimiyyətdən uzaq, heysiyyətdən xəbərsiz olanda ünsiyyət ağırlaşır. Sizin dediyiniz məsələ yəni. Bilirsiniz də düz qarın doyurmaz, amma iştahı artırar. Ünsiyyətdə də qarşılıqlı iştah olmalıdır ki, könül danışa bilsin. 

- Qonaqlarınızda hansı keyfiyyətə üstünlük verirsiniz?

- Mənim müəllimim, jurnalistikada yol göstərənim Valid Sənaninin ruhunu hər zaman rəhmətlə anıram. Onun bir fikri həmişəlik qulağıma sırğa olub. 2002-ci il idi, ilk dəfə efirə çıxacaqdım. Efir öncəsi Valid müəllim dedi ki, özün ol, nə kamera, nə mikrofon qarşısında oynama. Elin gözü tərəzidir. Sevgi qazanmaq istəyirsənsə, səmimi ol. Düzdür, həmin vaxt onun dedikləri mənə bugünki kimi tam aydın olmamışdı. Amma sonralar bu fikirlər zamanla həm beynimdə, həm ürəyimdə qərarlaşdı. Nə qədər özüm olduğumu tamaşaçı daha yaxşı bilir. Mənim üstünlük verdiyim əsas cəhət yalnız səmimiyyətdir.

- İllərdir qonaqlarınız ədəbiyyatçılar, xanəndələr, musiqiçilərdir. Onları, sizcə, nə birləşdirir?

- Birləşdirən birinci növbədə ruh, isti münasibət, mövzu və könül ziyarətidir. Sonra ünsiyyət hamını bir yerəcən aparır. Nəticədə son olaraq fikirlər ya qohumlaşır, ya da yadlaşır.

- Nə zamansa bu verilişi bitirməli olsanız, hansı məzmunda proqram hazırlayarsınız?

- Nöqtə yox, təzə sətir haqqında düşünürəm həmişə. Allah ömür əta etsə, verilişin fatehəsi hələ ki, yaxında deyil. Mən olmayım, başqası olsun, bu mənəvi xidmət davam etdirilməlidir. Düşünürəm ki, məzmun tək profilli olmadığından həmişə maraqlıdır. Bir müdrikdən soruşurlar, ən çox pərəstiş etdiyiniz peşə sahibləri kimlərdir? Cavab verir ki, dərzilər. Soruşurlar niyə? Deyir, çünki onlar hər paltar tikəndə təzə ölçü götürürlər. Qiyməti bir dəfə verəndə sonra dəyişir. Bu mənada hər dəfə yeni fikir içərisində üzmək eynilik gətirmir.

- Əsasən, mövzunuz Azərbaycan ədəbiyyatı olur. Dünya ədəbiyyatına da yer verirsinizmi?

- Zaman-zaman dünya ədəbiyyatına da toxunuruq. Bununla bağlı xüsusi buraxılışlarımız olub. Çoxəhatəlilik prinsipindən uzaq deyiləm.

- Öz könül dünyanızı necə təsvir edərdiniz?

- Könül dünyamdan danışsam, təbiət etibarı ilə çox kövrək, həliməm, kinli deyiləm, səbrsiz, qara tüstüdən uzaq, yolagələn və tez də yolagətirənəm. Amma qəlizliyim və kürlüyüm də var. Bilirsiniz, tutduğun mövqenin içində bir ovqat adamı olaraq maraqlı görünə bilərsən. Bu, peşəndən irəli gəlir və insanlara məlum olan tərəfindir. Amma başqalarına görünməyən, özünə məlum olan bir iç dünyan, daxili mənin də var. Sevinirəm ki, bu dünyaya göndəriləndə Yaradanın qanıqara vaxtına düşməmişəm. Ruhum çılğındır. Ən çətin məqamda belə, könlümün öz güvəni var. Bu, çox vacib duyğudur mənə görə. Yəni qısacası, könlüm hərdən günəş, hərdən lampadır. Və hər ikisi də lazımdır, hər ikisi aydınladır. Könlün halı, yaşama dərəcəsi var. Həmişə düşünürəm ki, insan özündən başqasına nə qədər çox qaçırsa, o qədər də tez qocalır. Könül unudulanda ruh yaşamır, işığı sönür. Heç fikir vermisiniz üzdəki, çöhrədəki qaranlıqlara? Hamısı unudulan könüllərdən nişanədir.

- Sizcə, azadlıq nədir?

- Daxili azadlıq hər məqamdan üstündür mənim üçün. Əlbəttə, onu da bilirəm ki, bunun böyük məsuliyyət tələb edən tərəfi də var. Ruhumun azad olması məni xoşbəxt edir. Mühitin, ətraf aləmin, cəmiyyətin çoxlu müxtəlif məcburiyyətləri var. Gözümüzü açanda ilk növbədə əlimizdən azadlıq hissi alınır. Çox məsələlərdə adımızdan qərarlar verilir. Hə, deyəcəklər bəs mentalitet, dəyərlər və sair? Bu epitetləri mən də bilirəm. Hamının xoşuna gəlmək üçün istəklərini başıma tac etməliyəm? Onda nəticə nə olur? Ömrün, həyatın israfa gedir. Hədəfi müəyyənləşdirən insanın daxili mənidir. Çox demişəm, yenə deyirəm, insana öz qismətini tanıtdıran onun daxili azadlığıdır.

- Ədəbi yaradıcılıqla da məşğulsunuzmu? Eşitdiyimizə görə, kitab üzərində işləyirsiniz. Son olaraq bu haqda danışaq.

- Hərdən olur içimizin, qəlbimizin qarasını ağ vərəqə tökürük, özümüzü ağardıb, onu qaraldırıq. Esselər yazıram. Bəzən susanda, danışa bilməyəndə köməyə qələm çatır, belə anlarda yazıram. Könlümün evində bir dəlisov künc var. Özümü hərdən o küncə qoyuram. Hiss edəndə ki, yox olan kəs var olan kəsi, yəni məni yorur, onda yazıram.

Kitab məsələsi isə zamanı gələndə bilinəcək. Sağlıq olsun!

Şahanə MÜŞFİQ

 





29.02.2020    çap et  çap et