525.Az

Ukrayna: geosiyasi seçim anı


 

Ukrayna: geosiyasi seçim anı<b style="color:red"></b>

Son aylar postsovet məkanının bir sıra dövlətlərinin Avropa İttifaqına assosiativ üzvlüklə bağlı hansı mövqeni tutacağı haqqında müxtəlif təhlillər aparılır. Ekspertlər müəyyən proqnozlar da verirlər. Ancaq hələlik bu məsələdə konkretliyin olmadığı duyulur. Ermənistanın qəfil Gömrük İttifaqına üzv olmağa üstünlük verməsi, həmin kontekstdə Qərb üçün "soyuq duş" təsiri bağışladı. Növbədə Ukrayna, Moldova və Gürcüstandır.

Təzyiqlər şəraitində geosiyasi seçim: Ukrayna təcrübəsi

Ukrayna uğrunda Avropa ilə Rusiyanın gərgin mübarizəsi davam edir. Məsələ o dərəcədə mürəkkəbləşib ki, yekunda hansı geosiyasi xəttin üstün gələcəyi qeyri-müəyyəndir. Noyabr ayının 21-nə qədər əksər ekspertlər Kiyevin Avropanı seçəcəyi qənaətində idilər. Lakin Ukrayna hökuməti və parlamenti Avropaya inteqrasiya prosesini dayandırdı. Əvvəlcə baş nazir N.Azarov D.Medvedevlə Peterburqda apardığı danışıqların yekunu olaraq, Rusiya ilə ticari-iqtisadi əlaqələrin fəallaşdırılması haqqında göstəriş verdi. Bundan sonra Ukrayna parlamenti Y.Timoşenkoya xaricdə müalicə olunmağa imkan verən qanun layihəsini rədd etdi (bax: Sara Miller Llana. Did Ukraine just pick Russia over the EU? / "Christian Science Monitor", 21 noyabr 2013).

Onu deyək ki, Kiyevdə hökumət və parlamentin bu istiqamətdə qərar qəbul etdiyi vaxtda prezident V.Yanukoviç Vyanada ölkənin Avropaya inteqrasiyasının perspektivlərindən danışırmış (bax: Татьяна Ивженко. Киев все еще не окончательно отказался от евроинтеграции / "Независимая газета", 22 noyabr 2013).

Lakin Avropa Ukrayna paytaxtından assosiativ üzvlüklə bağlı prosesin dayandırılması ilə bağlı məlumat alan kimi siyasi ritorika dəyişib. Qərb siyasi dairələri bir tərəfdən Kremli ittiham ediblər, digər tərəfdən isə rəsmi Kiyevə xəbərdarlıqlar göndəriblər. Avropa Parlamentinin missiyasının rəhbəri A.Kvasnevski daha kəskin formada Ukraynanın Avropaya inteqrasiyasının şübhə altına alındığını deyib.

Bəzi ekspertlər isə rəsmi Kiyevin arqumentlərinə diqqət yetirməyi məsləhət bilirlər. Məsələ ondan ibarətdir ki, Avropa İttifaqı assosiativ üzvlüklə bağlı Ukraynanın qarşısına çıxa biləcək iqtisadı problemləri həll etməyi boynuna götürmək istəmir. Bundan Kiyev 500 milyard ABŞ dolları həcmində ziyana düşə bilər. Ona görə də ölkə rəhbərliyi Rusiya bazarını itirməkdən ehtiyat edir (bax: əvvəlki mənbəyə).

Görünür, reallıqda Ukrayna mürəkkəb geosiyasi oyunun obyektinə çevrilib. Burada qəti söz demək çətindir. Rəsmi Kiyev dövlətin müstəqilliyini qorumaqda tam haqlıdır. Rusiyanın öz geosiyasi maraqları mövcuddur. Avropanı da "hər şeyin yaxşı olduğu cənnət" kimi təsəvvür etmək yanlışlıqdır. Bu səbəblərdən, Ukraynanın seçimi tarixi məzmun kəsb edir. Bir sıra ziddiyyətlərin özünü göstərməsi qeyri-müəyyənlik yaradır.

Avropa İttifaqı Y.Timoşenko məsələsinin həll olunmasını assosiativ üzvlük üçün əsas şərtlərdən biri hesab edir. Maraqlıdır ki, Qərb buna mühüm əhəmiyyət verir. Yalnız Timoşenkoya görə Avropa Ukrayna kimi strateji əhəmiyyəti olan dövləti itirə bilərmi? Bəzi ekspertlərin fikrincə, bu mümkündür. Aİ rəsmiləri daim təkrar edirlər ki, Y.Timoşenko azadlığa buraxılmasa və ya onun Avropada müalicə olunmasına icazə verilməsə, Kiyevin assosiativ üzvlüyü məsələsi təxirə salınacaq (bax: The release of Yuliya Tymoshenko is essential to Ukrainian relations with the EU / "The Times", 18 noyabr 2013).

Brüsselin tələbləri sırasında seçki qanununa dəyişikliklər edilməsi və müxalifətə qarşı demokratik davranılması da vardır. "The Times" redaksiya məqaləsində "Ukrayna" sözünün "sərhəd əyaləti" mənası verdiyinə işarə edərək, bu 45 milyonluq ölkənin "qitənin kənarında, yaxud mərkəzində yer alacağını" Kiyevlə Brüsselin həll etməli olduqlarını göstərir. Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı heç bir vəd verilməsə də, "The Times"-a görə, bu ölkənin Qərbə meyl etməsi "Putin üçün alçaldıcı uğursuzluq olardı" (bax: əvvəlki mənbəyə).

Onu demək lazımdır ki, Rusiya məsələsini yalnız siyasi təzyiqlə məhdudlaşdırmaq doğru deyil. Burada Ukrayna üçün əhəmiyyətli olan və ciddi iqtisadi nəticələri üzərində düşünülməli problemlər az deyil. Məsələn, prezident V.Yanukoviç ölkə sahibkarları ilə apardığı müzakirələrdə onların bir çox iradlarını dinləməli olub. İş adamları Rusiya ilə əlaqələrin zəifləməsi halında çətin vəziyyətə düşəcəklərini bildiriblər. Baş nazir N.Azarov da buna reaksiya verərək, ölkənin geosiyasi seçiminin asan olmadığı haqqında fikir söyləyib. Bunların fonunda Moskvanın Kiyevə iqtisadi təzyiqlərini gücləndirdiyi haqqında informasiyalar yayılır (bax: Walter Russell Mead. Russia and Europe Vie to Win the Prize of Ukraine / "The Wall Street Journal", 15 noyabr 2013).

Nəticədə, Kiyev alternativ enerji qaynaqları axtarır. Artıq onun bəzi müqavilələr imzaladığı bildirilir. Əgər Ukrayna həmin istiqamətdə bütün problemlərini həll edib Avropa İttifaqı ilə assosiativ üzvlük haqqında sazişi imzalasa, bu, Rusiyanın beynəlxalq imicinə ciddi zərbə ola bilər (bax: əvvəlki mənbəyə). Bu səbəbdən, Kremlin asanlıqla geri çəkiləcəyini gözləmək sadəlövhlük olardı.

İnteqrasiya kursu: daha perspektivli variant axtarışı

Bütün bunların nəticəsi olaraq, analitiklərin Ukraynanın Avropaya inteqrasiyasını daha şanslı variant hesab etmələri çətinliyə düşüb. Onlar Kiyevlə Moskvanın tarixi yaxınlığına baxmayaraq, müasir dövrdə Qərblə əməkdaşlığın perspektivinin olduğu qənaətindədirlər (bax: Тимофей Бордачев, Екатерина Островская, Андрей Скриба. Выбор и вызов евразийской интеграции / "Россия в глобальной политике", 18 noyabr 2013). Lakin məsələ yalnız tarixlə məhdudlaşmır. Müasir geosiyasi şərtlər Rusiyanı aktiv olmağa məcbur edir. Bu, faktiki olaraq rəsmi Kiyevin Avropa İttifaqı ilə Rusiyanın arasında qalmasına səbəb olur (bax: Steven Pifer. Ukraine’s Yanukovych Caught Between Russia and the European Union / "World Politics Review", 23 oktyabr 2013).

Son hadisələr isə Moskvanın Ukraynaya təsiri imkanlarının daha çox olduğunu göstərdi. Bəzi qərbli ekspertlər artıq Rusiyanın Aİ-ni Ukrayna məsələsində udduğu qənaətindədirlər (bax: məs., Sara Miller Llana. Adıçəkilən məqaləsinə). Lakin reallıqda yaranmış vəziyyətin çox mürəkkəb olduğunu və Kiyevin qəti qərar vermədiyini də qəbul etmək gərəkdir (bax: Татьяна Ивженко. Göstərilən məqaləsinə).

Şübhə yoxdur ki, bütün bunlar Ukrayna iqtidarının Avropa İttifaqı ilə nəzərdə tutulan müqaviləni imzalamasını çətinə salır. V.Yanukoviç Moskvanın mümkün təzyiqlərini azaltmaq üçün müxtəlif gedişlər edir. Onun Türkiyəyə səfəri və Azərbaycan prezidentinin Kiyevə dəvət edilməsi həmin aspektdə maraqlı görünür. Ola bilsin ki, rəsmi Kiyev müxtəlif istiqamətlərdə vəziyyətini yüngülləşdirsin. Lakin Y.Timoşenko problemi nədənsə olduqca müəmmalı görünür.

Ekspertlər hesab edirlər ki, Ukrayna prezidenti öz əsas rəqibini azadlığa buraxmayacaq. Avropa isə bunda israr edəcək. Məsələ ondan ibarətdir ki, Qərb Ukraynada hansısa siyasətçinin özünü rəqibsiz hiss etməsini arzulamır. Avropaya alternativlər lazımdır. Demokratiyadan başqa həm də ona görə ki, məhz həmin arqumentdən istifadə edib, Ukraynadakı siyasi qüvvələrin hamısına təsir etmək imkanı yaransın. Buna görə də V.Yanukoviç Y.Timoşenkonun Almaniyaya müalicəyə getməsinə izin vermir.

Rəsmi Kiyev Avropaya etiraz edərək açıqca soruşur: Nəyə görə, Almaniya 250 avroya görə bir siyasətçinin karyerasına son qoyur, ancaq Ukraynaya 300 milyon avro zərər vermiş Y.Timoşenkonun siyasi reabilitasiyasına çalışır? Belə görünür ki, tərəflərin bir-birinə iradlarının kökləri dərindir. Buradan vəziyyətin ümumiyyətlə çıxılmaz olduğu nəticəsinə gəlmək tələsiklik olardı.

Məsələnin mahiyyəti onunla bağlıdır ki, Ukrayna vacib geosiyasi mövqeyə malikdir. Avropa bu ölkəni öz təsir dairəsinə tam cəlb edə bilsə, yalnız Rusiya istiqamətində uğur qazanmır. Qərbi daha çox Çin və Hindistan maraqlandırır. Ukrayna həmin ölkələrin getdikcə artan geosiyasi nüfuzuna qarşı durmağa xeyli yardım edə bilər.

Bununla, birincisi, Avropa İttifaqı və NATO birbaşa Rusiya sərhədinə çıxmış olur. Bütün mənalarda bunun əhəmiyyəti böyükdür. İkincisi, Qərb Çin tərəfdən gələn təsirləri Şərqi Avropada neytrallaşdıra bilir. Ukrayna müəyyən mənada Pekinin iqtisadi və mədəni "ekspansiyasının" qarşısının kəsildiyi məkana çevrilə bilər. Üçüncüsü, Ukraynanın Avropaya inteqrasiyası bütövlükdə postsovet məkanında alternativ inteqrasiya variantlarının üstündən xətt çəkir (bax: Михаил Троицкий, Самуэль Чарап. Дилемма интеграции на постсоветском пространстве / "Россия в глобальной политике", 7 noyabr 2013).

Bunlara görə, Avropa İttifaqının Ukraynadan vaz keçməyəcəyi haqqında proqnoz vermək olar. Digər tərəfdən, rəsmi Kiyev Rusiya faktoruna da barmaqarası baxmayacağını nümayiş etdirir. Gözləmək olar ki, bu proseslər Ukrayna rəhbərliyini daha ehtiyatlı davranmağa məcbur edəcəkdir. Bu baxımdan, ölkənin hansı geosiyasi məkana inteqrasiya edəcəyi daha çox rəsmi Kiyevin iradəsindən asılı olacaq.

Etiraf etmək lazımdır ki, bu yolda Ukraynanın qarşısına əlavə problemlər də çıxara bilərlər. Məsələnin bu tərəfi siyasi rəhbərliyin geosiyasi seçimini bir qədər təxirə sala bilər. Ancaq bu vəziyyətin uzun müddət qala biləcəyini düşünmək çətindir. Çünki artıq Avrasiya məkanında geosiyasi dinamika yüksəkdir və konkret mövqe seçmək zəruridir. Kiyevin yaxın 1-2 ildə öz geosiyasi seçimini edə biləcəyini demək mümkündür. Konkret olaraq, hansı istiqamətə üstünlük veriləcəyini isə zaman göstərəcək.

Newtimes.az

 





26.11.2013    çap et  çap et