525.Az

Əməkdar jurnalist Hidayət Zeynalov vəfat etdi


 

Əməkdar jurnalist Hidayət Zeynalov vəfat etdi<b style="color:red"></b>

Martın 1-də qocaman ziyalı, Əməkdar jurnalist Hidayət Zeynalov vəfat edib.

Hidayət Əkbər oğlu Zeynalov 1926-cı ildə Qazaxda doğulub. Bakı darülfünunun fars dili və ədəbiyyatı fakültəsini bitirsə də, jurnalist kimi fəaliyyət göstərib.

H.Zeynalov 40 ildən artıq "Kommunist" qəzetində çalışıb. Ştatdankənar müxbirlikdən başlayaraq şöbə müdiri vəzifəsinə qədər yüksəlib. Respublikanın əsas mətbu orqanında yüzlərlə problemin işıqlandırılmasında və həllində şəxsən iştirak edib. Onlarla gənc jurnalistin peşə bacarıqlarına yiyələnməsinə yardım göstərib. Müasirləri onu həm də Azərbaycanda çox az yazılan təbiət oçerklərinin müəllifi kimi tanıyıblar. Oçerkləri dəfələrlə kitab halında nəşr olunub. Yazdığı yazılar uzun illər örnək kimi, Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində tədris edilib.

O, dövrünün ən nüfuzlu jurnalist mükafatı sayılan "Qızıl qələm" laureatı, Əməkdar jurnalistdir.

H.Zeynalovun ailəsi bütünlükdə milli mətbuata xidmət etməkdədir. Ailənin bütün üzvləri o zaman keçmiş SSRİ-də bəlkə də yeganə ailə idi ki, burada hər kəs ixtisasca jurnalistdir. Həyat yoldaşı Məryəmxanım Həsənzadə, oğlanları Araz və Aqşin Zeynalovlar, gəlinləri Afaq Vasifqızı və Rəbiyə Şıxəliyeva çağdaş mətbuatda tanınan imzalardır. Bundan başqa, mərhm jurnaist yazıçı Elxan Qaraqanın və reper Orxan Zeynallının babasıdır.

 





01.03.2020    çap et  çap et