525.Az

Geosiyasət və münaqişələr - Telman Orucov yazır


 

Geosiyasət və münaqişələr - <b style="color:red">Telman Orucov yazır </b>

Beynəlxalq aləm: ziddiyyətlər, münaqişələr, müharibələr

(Əvvəli ötən şənbə saylarımızda)

Geosiyasət və münaqişələr 

Tarix boyu bütün insan yaşayan qitələrdə iri, böyük gücə malik olan dövlətlər, onların qonşuluğunda isə zəif, müdafiəsiz, qorxu içərisində yaşayan dövlətlər mövcud olmuşdur. Onların münasibətləri də güc nisbəti əsasında formalaşırdı. Qüdrətli dövlət daim əli çatdığı hər yerdə nəzarətə nail olmağa, başqalarını özünə tabe etməyə çalışır. Müxtəlif qruplar illər ərzində ağalıq edir və onların hökmranlıq etmək iddiası heç zaman ölçüsünə də məhəl qoymur. 

Orta əsrlərdə imperiyalar coğrafi cəhətdən məhdud ərazilərə malik idi, onları heç də XIX əsrdəki, üzərində günəşin batmadığı Viktoriya Böyük Britaniyası ilə müqayisə etmək olmazdı. Müasir dövrdə isə böyük dövlətlər təkcə Yer kürəsinin sərvətləri ilə kifayətlənməyib, hətta kosmik məkanda mümkün olan şəraitdə rast gəlinən resurslara nəzarət etmək iştahasına düşürlər.

Əlbəttə, geosiyasi strategiyalar əsrlər ərzində o qədər də dəyişikliyə məruz qalmır, onlar zamana yararlı olmaq naminə uyğunlaşma metodunu seçirlər. Qüdrətli dövlətlər zəiflərə öz iradələrini təlqin edir, zəiflər isə digərlərinin daha qorxulu təsirindən qaçmaq üçün onlardan istifadə etməyə çalışırlar. Bu strategiyalar qüdrətli olanlara dünyada ağalıq etmək imkanı kimi özlərinin güman etdikləri bir səlahiyyəti verir. Milli təhlükəsizlik adı altında, uzaq ölkələrdə buna aid olmayan silahlı əməliyyatlar keçirilir.

Heç də sirr deyildir ki, dünyada, qlobal səviyyədə ağalıq edən və ağalıq edilənlər kimi iki tip ölkə mövcuddur. Güclülər sərəncamında olan - bu, istər hərbi, iqtisadi, mədəni və ya texnoloji olsun, - bütün vasitələrlə zəiflərə nəzarət etməyə müvəffəq olurlar. Zəiflər isə müqavimət göstərmək imkanından məhrum olduqlarına görə güclülərin himayəsi altında özlərinə sığınacaq tapırlar. Elələri də vardır ki, asılılığı özünə şərəf sayır, güclü dövlətin forpostu adlanmağa sevinir. Axı onun suverenliyi də ximera kimidir, sərhədlərini də güclü dövlətin hərbçiləri qoruyur. Orta əsrlərdən qalmış vassallıq indi xüsusi "şərəfə" sahib olur. Çünki qüdrətli ağaya malik olmaqla, iyrənc şıltaqlığını davam etdirməyə, yaşayış məkanını genişləndirməyə çalışır, xeyli əvvəl etdiyi təcavüzün nəticələrini saxlamaqla ondan bəhrələnmək istəyir. Anlamaq istəmir ki, ağası öz fikrini, əvvəlki rəyini dəyişə bilər və bu, onun tam fəlakəti ilə nəticələnə bilər. Axı təcavüz davam edirsə, şiddətlənən intiqam hissi təcavüzkar üçün ağır səhnələrin meydana gəlməsinə səbəb ola bilər. Ağlını itirməmiş siyasətçilər bu qorxulu variantın baş verməsi ehtimalını heç vaxt yaddan çıxartmamalıdır.

Münaqişələr heç də boş yerə meydana gəlmir. Birinin iqtisadi və hərbi cəhətdən güclənməsi, başqalarına meydan oxuması qonşusunu qorxutmaya bilmir. İmkanlar arasındakı fərq təkcə qorxu yaratmır, qorxuya düşən özünün xilası kimi münaqişəyə əl atmaq variantını seçir. Bizim eradan əvvəl V əsrin ikinci yarısında gedən Peloponnes müharibəsində güclənən Afinaya qarşı Sparta məhz bu yolu seçmişdi.

İnsanlar təbiətən heyvanlardan daha acgözdürlər, hər şeyi dadmaq istəyir, yeni gördüklərinə tamah salır. Pandalar yalnız bambuk yarpağı və çubuğu ilə qidalanır, barama qurdunun sürfəsi tut yarpağını yeməklə kifayətlənməklə, istehsal etdiyi ipək sapdan öz pupuna yuva düzəldir. İnsan isə iştahını susdurmaq üçün hər şeyə əl atır, lakin doymaq bilmir. Heç nəyi olmayan nəyəsə nail olmaq, bəziləri isə sərəncamında olanlarla kifayətlənməyib, daha çox şeyə sahib olmaq istəyir, varlılar isə iştahalarını heç də korlamamaqla, həm də malik olduğunu qoruyub saxlamağa çalışır.

Quşlar, vəhşi heyvanlar özlərinin düzəltdiyi, hördüyü, qurduğu sadə yuvalarda yaşamaqla kifayətlənirlər. Savannalarda və prerriyada yaşayanlar təbiətin çılpaq qoynunu ana ağuşu hesab edirlər. İnsanlar isə tələb olunan yaşayış sahəsi ilə kifayətlənməyib, özlərinə villalar, saraylar tikdirirlər.

Davranışın bu xüsusiyyətini dövlətlərdə də görmək mümkündür. Daha geniş əraziyə və resurslara malik olmaq istəyi öz ifadəsini həm də hərbi strategiyada tapır. Müharibəyə girmək üçün dövlətə şöhrət, mükafatla yanaşı, düşmənçiliyin olması, əks tərəfdə daxili iğtişaşı və aclığın müqavimətini oyatmaq kimi motivlərə malik olur.

Münaqişələrin yaranması üçün kütləvi informasiya vasitələrindən geniş istifadə olunur, dini müəssisələr, təhsil ocaqları və ya dezinformasiya əhalini psixoloji cəhətdən hazırlayır. Təbliğat hücumundan qorunmaq üçün yəhudilərin güman etdiyi kimi göylərdən gələn informasiya bolluğundan qorunmaq üçün onların başın mərkəzinə qoyduqları kipa kimi adamlar da özlərini bəlkə bu qaydada qorunsunlar.

Nikkolo Makiavelli bəyan edirdi ki, adamların məhəbbət bəsləməsindənsə, onların qorxması yaxşıdır. Bizim eranın I əsrində yaşamış Roma imperatoru Kaliqula ona nifrət edildiyindən agah olduğundan deyirdi ki, qoy nifrət etsinlər, ancaq qorxsunlar. Lakin onu da nəzərə almaq lazımdır ki, insanların qorxu hiss etməsi qısa müddət üçün səmərəli olur, tez bir zamanda nifrətə çevrilir və bu, əvvəlcədən nəzərdə tutulmayan nəticələrə səbəb olur. Qədimdən gələn belə bir fikir də vardır ki, bəzi adamlar məhəbbətə görə, digərləri qorxuya görə, qalanları isə öz əqidələrinə görə hərəkət edirlər. Əslində, adamlar bu üç şərtin kombinasiyasını daha çox istifadə edirlər. Həmin kombinasiyadan elə beynəlxalq əlaqələrdə də istifadə olunur.

Zorakılıq bəzən insanların və xalqların təbiətindən irəli gəlir. Axı sülhsevər xalqlar, tayfalar da mövcud olmuşdur. Qrenlandiya eskimosları müharibənin nə olduğunu bilmirdilər. Solomon adalarında adam əti ilə qidalananlar, kanniballar bir qayda olaraq, əsir götürdüyü düşmənlərini öldürüb yeyirdilər. Yeyilmiş əsirlərin kəllələrindən isə öz şücaətlərinin nümayişi kimi iri piramida düzəldirdilər. Cənubi Amerikada Amazonka selvasında yaşayan bəzi hindu tayfaları da insan əti ilə qidalanmağı heç də qüsur saymırlar. Onların Solomon adaları sakinlərindən bir mühüm fərqi vardır ki, çox sülhsevərdirlər, heç kəslə vuruşmur, dalaşmırlar. Onlar doğma təbiətin - meşələrin və çayın verdiyi nemətlərlə qidalanırlar. Adam ətini yeməyə gəldikdə, onlar vəfat edən babalarının və nənələrinin, atalarının və analarının cəsədini yeməklə qidalanırlar, bunu mərhumun ruhunun azad olması, həyatla ölüm arasında dolaşmalarına son qoymaq üçün etdikləri ilə izah edir və əsaslandırırlar. Deməli, hətta adam əti ilə qidalanan tayfalar da sülhsevərliyi, müharibələrdən uzaq olmaları ilə seçilə bilər.

Alman filosofu İmmanuel Kant isə "insanların təbii vəziyyəti heç də sülh deyildir, müharibədir" fikrini irəli sürürdü və inanırdı ki, "müharibənin özü xüsusi motivə ehtiyac duyur". Böyük humanist Erazm Rotterdamlıya görə isə müharibə "o qədər quduz və qəddardır ki, insanlardan çox, vəhşi heyvanlara daha yararlıdır".

Müharibədə yalnız bir məqsəd vardır - istənilən haqqı vermək yolu ilə qalib gəlmək. Hitler, bütövlükdə natsistlər işğal naminə hər cür ağılsız ideyalardan istifadə edirdilər. Üçüncü Reyxin minillik ömrü arzulansa da, Hitlerin icadı olan bu Reyx 12 yaşında dünyadan köçdü, tarixdən silindi. Alman natsistləri üçün insan həyatının heç bir qiyməti yox idi, ölüm düşərgələri yaratmaqla onlar 6 milyon nəfər yəhudinin məhvinə səbəb olan Holokostu həyata keçirmişdilər. Heç bir vəhşi heyvan bu rəqəmin hətta yüz mində birinə bərabər saydakı qurbanlarına belə qəddarlıqla, amansızlıqla yanaşa bilməz. İnsan adlanan natsistlər isə əclaflığın, qatilliyin ən yüksək zirvəsini fəth etmələri ilə öyünürdülər, həm də onlar bu əməllərə görə cəzanın nə vaxtsa gələcəyini heç ağıllarına da gətirmirdilər.

Bəziləri güman edir ki, dünyada zorakılıq endemik xarakter daşıyır, yəni insan təbiətinin göstəricisidir. Doğrudan da, minillər keçsə də, dünya öz təbii vəziyyətində qalmaqda davam edir, qana susayan qədim assuriyalılara, babilistanlılara indi rast gəlinmirmi? Tomas Hobbs güman edirdi ki, adamların bir-birini Talyon qanunu əsasında, özünün bildiyi kimi cəzalandırmasının qarşısını kəsmək üçün dövlətin timsalında Leviafan yaranmışdır. Leviafan Bibliya mifologiyasında təsvir olunan nəhəng dəniz əjdahasıdır və öz gücü hesabına istənilən canlını cəzalandıra, məhv edə bilər. Lakin təcrübə göstərir ki, nadir istisnalar nəzərə alınmaqla heç bir Leviafan ədalətsizliyi cəzalandırmaqda elə bir uğur qazanmır. Çox sayda yaranan ittifaqların da kollektiv təhlükəsizliyə xidmət etməsi də şübhə altındadır. Onlar bunun əvəzinə, qəribə də olsa, daha çox kollektiv zorakılıqla məşğul olurlar. Geosiyasətdə də, dövlətlərin bir-birinə saxtakar münasibəti daha üstün rol oynayır. 

Orqanizm daim yaşamağa can atır 

Geosiyasi nəzəriyyəyə müvafiq olaraq, dövlət ömür sürən orqanizm kimi sağ qalmaq və böyümək üçün normal qidalanmağa ehtiyac duyur. Dövlətlərin tabe olduğu qanunlara əsaslanan prinsiplər xalqların hamısının bərabər olmamasına əsaslanır. Almanlar öz işğal siyasətlərini "Lebensraum"a və ya yaşayış məkanına nəzarət etmək və onları genişləndirməklə izah edirdilər. Millətlər də bu məqsəd naminə daim rəqabət vəziyyətində olur. Məhz "yaşayış məkanı" ideyası zəruri olaraq İkinci Dünya müharibəsinə gətirib çıxarmışdı.

Hitlerin hakimiyyətə gəlməsi heç də iri kapitalın iştirakı olmadan baş verməmişdi. Belələrindən biri dünyanın ən böyük neft şirkəti olan Royal Datç Şell qrupu idi və onun baş direktoru Almaniyada baş natsistin ölkə rəhbərliyinə gəlməsində alət rolunu oynamışdı. O, Rusiyanın hakim bolşevik rejiminə qatı düşmən olduğuna görə Hitleri müdafiə edirdi. Çünki Şell Azərbaycanda, Bakıda neft yataqlarının yüksək mənfəətli istismarına can atırdı. Bunun üçün isə SSRİ-dəki dövlət rejimi dəyişilməli idi. Bunu yalnız Hitler mümkün edə bilərdi. Bakı nefti dünya siyasətində heç də az rol oynamırdı, axı o vaxtlar nə Yaxın Şərqin olduqca zəngin neft yataqları, nə SSRİ-nin özündə Tatarıstan və Qərbi Sibirin bol neft istehsalı var idi. Avropada yalnız Rumıniya sənaye əhəmiyyəti səviyyəsində neft istehsal edirdi.

Böyük Britaniya hakim dairələri də Abşeron neftinin necə böyük əhəmiyyətə malik olduğunu bilirdi və belə nəticəyə gəlmişdi ki, 1939-cu ilin avqustunda bağlanan Molotov-Ribbentrop paktı Moskvanı Hitlerin müttəfiqi etmişdir. Həqiqətən də SSRİ Hitler Almaniyasına iri həcmdə neft və taxıl ixrac edirdi. İngiltərə və Fransa 1940-cı ildə Sovet sənayesini dağıtmağı nəzərdə tutan "Nizə" planı hazırlamışdı ki, Natsist Almaniyası onun resurslarını ala bilməsin. Buna Bakı neft yataqlarının bombalanması da daxil idi. Lakin onun icrası mühüm səbəblərə görə gecikmişdi. Həmin ilin iyununda Fransa da almanlara məğlub olmuşdu, həm də uzaq məsafələrə uçan bombardmançı təyyarələrə böyük ehtiyac var idi. Britaniya hərbi-hava qüvvələri Abşeronun neft mədənlərini 1941-ci ilin iyulunda bombalamağa hazırlaşırdı. Bir ay əvvəl almanların SSRİ-yə silahlı müdaxiləsi ilə Britaniya artıq onun müttəfiqinə çevrilmişdi, Sovetlər də Almaniya ilə müharibə apardığından, onunla əvvəlki əlaqələr bütünlüklə kəsilmişdi. 

Göründüyü kimi, neftlə zənginlik həm də ona sahib olan ölkəyə mürəkkəb problemlər də yaratmamış qalmır. Almanların bir il on ay ərzində fasiləsiz təchiz edildiyi Bakı nefti öz mənbəyi olan ərazini fəlakətlə üzləşdirə bilərdi. 

Bakı nefti SSRİ-yə hücum edəndən sonra da vuruşan almanlara çox lazım idi, Hitlerin ona sahib olmaq istəyi isə hədd tanımırdı. Ona görə də Qafqazın işğalına xüsusi əhəmiyyət verirdi və Şimali Qafqazda xeyli irəliləmişdi. Qafqaz dağlarını aşıb keçmək üçün alpinist döyüşçülərdən ibarət qrup yaradılmış, "Edelveys" əməliyyatı hazırlanmışdı. Lakin 1942-ci ilin payızında Sovet ordusu almanlrın hücumunu dayandırdı və 1943-ilin yanvarında əks-hücuma keçib, bütün ərazini azad etdi. Hitleri Qafqazdan daha çox Bakı nefti maraqlandırırdı, onu ələ keçirməyə can atırdı. Bakı neft yataqlarının işğalı niyyəti Hitlerin ximeralarından birinə çevrildi. O, başqa səbəblərlə yanaşı, Bakı nefti ilə cəbhədə vuruşan sovet ordusunun təchizini dayandırmaqdan ötəri Volqa çayı ilə onun nəqlini kəsmək üçün Stalinqradı tutmaq istəyirdi. Lakin burada almanların ağır məğlubiyyəti, əksinə, müharibədə straeji dönüşün yaranması ilə nəticələndi.

(Ardı var)

 





02.03.2020    çap et  çap et