Bu günlərdə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında, tanınmış ictimai xadim və şair-publisist İnqilab Nadirlinin yaradıcılığına həsr olunmuş tədbir təşkil edilib. Qeyd edək ki, İnqilab Nadirli 25 aprel 1940-cı il tarixdə Ağcabədi rayonunun Hüsülü kəndində anadan olub. 1961-ci ildə indiki Gəncə Dövlət Pedaqoji Universitetinin Fizika və riyaziyyat fakultəsini, 1966-cı ildə Moskva Ali Komsomol, 1976-cı ildə isə Moskva Ali Partiya məktəblərinin əsas şöbələrini bitirib. İdarəçilik sahəsində mühüm vəzifələrdə çalışmış İ.Nadirli iki elmi monoqrafiyanın, on elmi məqalənin müəllifidir. Onun elmi əsərlərindən ali məktəblərdə dərs vəsaiti kimi istifadə olunur və onlar xarici dillərdə də çap edilib. Fəaliyyəti ilə əlaqədar üç sənədli film - "Binəqədi", "Böyük Şor" və "Canlanan torpaq" çəkilib. İ.Nadirli poeziya və dramaturgiyada, həmçinin publisistikada qələmini sınayıb. "Sınaq", "Yol ayrıcında" mənzum pyeslərinin, "Həyat bir sınaqdır", "Nəvələrə ərməğan", "Mugamlı dünyam" şeirlər kitablarının müəllifidir. Onun "Nəvələrə ərməğan (aforizmlər və nəsihətlər)" kitabı azərbaycanca, rus və ingilis dillərində nəşr olunub. "Sınaq" mənzum pyesi "Azərbaycan Dramaturgiyası Antologiyası"na daxil edilib. "Nəvələrə ərməğan" və "Sınaq" Türkiyədə çapdan çıxıb. O, "Tarixə qovuşan illərim" publisistik kitabına görə mükafatlara layiq görülüb. Bir çox şeirlərinə mahnılar bəstələnib.
Tədbirdə görkəmli həkim və ictimai xadim Ədilə Namazova, professor Nizami Cəfərov, Xalq artisti Əlibaba Məmmədov və başqaları iştirak ediblər. Mərasimin aparıcısı - ədəbiyyatşünas Asif Rüstəmli İnqilab Nadirlinin həyat və fəaliyyəti, əsərləri barədə danışıb. Çıxışlarda İ.Nadirlinin yüksək insani keyfiyyətlərə malik olduğu, sənətə, sözə bağlılığı xüsusi vurğulanıb.
Bədii hissədə xanəndələrdən Sevinc Sarıyeva, Ehtiram Hüseynov və digərləri çıxış ediblər.
Vəfa MƏMMƏDLİ