525.Az

"Ürəyimin divarında yara kimi qalıb adın..." - Adilə Nəzərin şeirləri


 

"Ürəyimin divarında yara kimi qalıb adın..." - <b style="color:red">Adilə Nəzərin şeirləri</b>

Sən də Bakıdasan,
mən də Bakıda.
Sən sol səkidəsən,
mən sağ səkidə.
Bəlkə dərdlərimiz eyni biçimdə,
Bəlkə hisslərimiz eyni çəkidə.
Axşam bəlli olur elə səhərdə,
Qəribə şəhərin qərib adamı.
Belə itirməzlər bu boz şəhərdə,
Gur yağış altına sərib, adamı.
Gəzdim - xəyalının tutub əlindən...
Yol-yol, döngə-döngə gözümə doldun.
Adın küçə-küçə keçdi dilimdən,
Dönüb gözlərimdə bir Bakı oldun.
Sən, ey ürəyimin zalım elçisi,
Quru nəfəsini izləməkdəyəm.
Mənəm məmləkətin tək dilənçisi,
Sən adlı şəhəri gözləməkdəyəm.
Bəlkə də bu anda yanımdan keçən
Adamlar halıma baxıb gülürlər.
Onlar nə bilir ki, eşqə susayan
Sevənlər qaydasız-qansız ölürlər.
Görüblər sevənin üzünə gülüş,
Əlinə sarmaşıq həvəsi hopar,
Hardan bilsinlər ki, dərdi görünməz,
Həsrətin qaysağı içindən qopar.
Bu ağrı çəkiyə, ölçüyə gəlməz,
Onun tərəzisi ancaq qəlb olar.
Təkcə sevgidir ki, uymaz hesaba,
İkidən bir çıxsan sıfırı qalar.
Gözlərim havalı baxır ətrafa,
Necə rahat olsun bu sərsəri can.
Sən də Bakıdasan,
mən də Bakıda.
Bəs niyə tapmıram səni, hardasan?

***

Şərab içirsən, sözüm yox,
Sərxoşsan,
həm aludəsən.
Qarışdırıb şeirləri qəzəllərə,
qarmaq atıb gözəllərə,
dəm tutursan ləpə-ləpə...
Hər gecə muğamdan girib,
Atdanırsan caza, repə...
Endiribsən başı önə,
Çarpazlanıb əl qoltuğa,
Fikir enib dağdan düzə -
qaranlığa,
cinsi itmiş bataqlığa...
Yaddan çıxıb düşmən, yağı,
Yadına salan da yoxdur
bəxti itən Qarabağı.
Sözüm yoxdu, bu merət nəfs
elə çəkici meyil ki...
Bir də axı
Bu ölkədə
Kim sənin kimi deyil ki...

***

Günəş doğmaz pəncərəmə
daha mənə olan oldu.
Yaşılyarpaq çəmən idim,
sağdan-sola, soldan-sağa
nəyim vardı alıb getdin,
məndən məndə nə qaldısa
solan oldu...
Kim vardı ki, məndən gözəl,
səndən dəli,
ruhum candan çıxıb getdi,
əl üzəli.
Bir çağlayan bulaq idim
gecə-gündüz zümzüməli.
o şərqilər, o nəğmələr
yalan oldu...
Qızınırsan qollarında
bilmirəm ki, hansı yadın,
ürəyimin divarında yara kimi qalıb adın...
Qəfil gəldin, qəfil getdin, yağmaladın -
qəfəsdə can
talan oldu...
Mən sənə yaradan demirəm -
günahdı,
yaşadan bir sənsən, bir də Allahdı,
alıb-verdiyim nəfəs deyil, quruca ahdı -
sən verdin, mən alan oldum...

***

Dünən gözəl bir haldaydım,
Bu gün o hala qar yağıb.
Həyat necə də acıymış,
Şəkərə, bala qar yağıb.

Bir nöqtədə cəm olmuşdum,
Elə şad-xürrəm olmuşdum,
Sevincimdən dəm olmuşdum,
Gör necə əla qar yağıb.

Verim bu dərdi neçəyə,
Ağrıdım üzü gecəyə,
Qaldığım evə, küçəyə,
Getdiyim yola qar yağıb.

Münəccimlər gətirdi bəd,
Titrədi diz, büküldü qədd.
Uçmaz dediyim o məbəd,
Uçdu o qala... qar yağıb.

Üz çevirib getdi hamı,
Tərk etmədim heç inamı,
Yuxuda gördüm anamı,
Söylədi: bala, qar yağıb...

Yazma, mənə bu günahı,
Bitir, dilimdəki ahı,
Dön bir mənə bax, İlahi,
Gör ki, bu qula qar yağıb.

***

İnsanlar hər oda sığdı,
Ocağa sığa bilmədi.
Qorxusu Kitaba sığdı,
Sevgisi sığa bilmədi.

Qəm göyərən çağdı yenə,
Qara saçlar ağdı yenə,
Bulud doldu, yağdı yenə,
Göz doldu, yağa bilmədi.

Şəri kim əkdi, kim doğdu,
Yerdən çıxdı, göydən yağdı?
Qardaş qardaşını boğdu,
Nəfsini boğa bilmədi.

Əli çirkli ruh həkimi...
Göy çəkimi, yer çəkimi...
Ay kimi batdı, Gün kimi
Bir adam doğa bilmədi.

Şöhrətli, həm şanlı oldu,
Ömrü kəhkəşanlı oldu.
Ölümə nişanlı oldu,
Qovuşdu ağa, bilmədi...

***

Hansı mahnıdan çıxıb gəldin,
hansı şeirin bəndindən qopdun, adam?!
Sükutu sinəmdən,
möhürü dilimdən qopardın.
Hara apardın
külək rəngli axşamları,
həsrət qoxulu,
kirpikləri yağışlı gecələri,
bir ucu yanıq şeirləri?!
Sən gələli göyqurşağı kimi
püxtə nəğmələr gəldi
bu xam dilimə.
Sevgi qoxulu təranələr axdı
muğam könlümə.
Bütün hüznləri atdım,
mən səndə
çoxdan itirdiyim özümü tapdım.
Sən sevirsən deyə,
şaqraq gülüşlərimə su küsdü...
Sən mənə üç sözdən ibarət bir cümlə,
mən sənə bir ömrün kitabını susdum...
Hansı mahnıdan çıxıb gəldin,
hansı şeirin bəndindən qopdun, adam?!
Hardan düşdün qəlbimə,
necə qaldın yadımda -
dünyanın dönən vaxtı...

 





04.03.2020    çap et  çap et